Xəbər lenti

 

Son günlər Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətində gərginlik nəzərəçarpacaq dərəcədə artıb. Ötən həftədən başlayaraq düşmən ölkə yenidən təxribatları intensivləşdirib. Azərbaycan isə bu təxribatların cavabını artıqlaması ilə verməkdədir. İyulun 27-də və 28-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin mövqeləri düşmən tərəfdən atəşə tutulub. Cavab atəşi ilə düşmən ordusunun iki əsgəri yaralanıb. Ermənistan XİN dərhal bu faktlarla əlaqədar ATƏT-in Minsk Qrupu ölkələrinə müraciət edib. Rəsmi Bakı isə bəyan edib ki, baş verənlərə görə cavabdehliyi məhz İrəvan daşıyır. 

Ermənistan ordusunun sərhəd boyunca hərəkətə keçməsinin səbəbləri barədə müxtəlif fikirlər var.

Deputat Rasim MusabÉyov ile ilgili görsel sonucu

Deputat Rasim Musabəyov modern.az-a açıqlamasında belə deyib: “Düşünürəm ki, onların bu aktivliyinin səbəbi Amerika Konqresindəki erməni lobbiçilərinin ABŞ-ın Azərbaycanın sərhəd qüvvələrinə genişmiqyaslı (təxminən 100 milyon dollar) yardımını dayandırması üçün bəhanə yaratmaqdır”. R.Musabəyov Ermənistanın bu cəhdlərinin puç olacağını qeyd edib: “Azərbaycanın quruda, dənizdə və hava sərhədlərində nəzarəti gücləndirməsi ABŞ-ın milli maraqlarına uyğundur. Ermənilərin intriqalarını oxumaq asandır və çətin ki, Amerika belə təxribatlara məhəl qoysun”.

Politoloq Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu hesab edir ki, düşmənin hansı məqsədlə cəbhə boyunca təxribatlara əl atmasına əhəmiyyət vermədən onun cavabını vermək lazımdır: “Ermənistan ordusunun yalnız Qarabağ istiqamətində deyil, bütün təmas xətti boyunca problemlərini artırmaq lazımdır. Bunun nəticəsidir ki, Ermənistan ordusunun baş qərargah rəisi Artak Davtyan sərhədin Qazax istiqamətinə baş çəkmək məcburiyyətində qalıb. İyulun 27-də və 28-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu istiqamətindən keçən hissəsində düşmən ordunun iki əsgəri yaralanıb. Erməni general sərhəddə əməliyyat şəraiti ilə tanış olub, mühəndis işlərinin görülməsi və mövqelərin möhkəmləndirilməsi barədə göstərişlər verib”. E.Şahinoğlu digər məqamı da qeyd etdi: “Bu arada, Ermənistanın müdafiə nazirinin müavini Qabriel Balayan sərhəddəki gərginliyi belə izah edib ki, hər iki tərəf yay aylarından istifadə edərək təmas xəttinə yaxın ərazilərdə mühəndis qurğularının gücləndirilməsinə çalışır və ona görə də ölümlə və yaralanmalarla nəticələnən toqquşmalar qeydə alınır. Bu yanaşmada həqiqət payı var. Ancaq məsələ yalnız mövqelərin gücləndirilməsiylə əlaqəli deyil. Ermənistan hakimiyyəti anlamalıdır ki, işğal davam etdikcə onların problemi yalnız Dağlıq Qarabağda olmayacaq, Qazax və Tovuzdan başlayaraq, Naxçıvana qədər sərhəddə onlara qarşı təzyiq artacaq. Bu, günün reallığıdır. Əgər Rusiya Azərbaycana müharibə yolu ilə torpaqları azad etməyə imkan vermirsə, başqa yol lokal təzyiq və harada mümkündürsə, irəliləmək imkanlarını hərəkətə gətirməkdir”.

Bəzi ehtimallara görə, əslində gərginliyi tətikləyən Ermənistanın himayədarı Rusiyadır. Belə ki, Moskva ABŞ-ın regiona hansısa formada girişini əngəlləməkdə israrlıdır və Cənubi Qafqazı özünün maraq dairəsinə daxil edib. Eyni zamanda Azərbaycana hərbi texnika, silah-sursat və digər ləvazimatlar satmaqda maraqlı olan Moskva istəmir ki, ABŞ milyonlarla dollar dəyərində yardımı Azərbaycana ötürsün. Bu mənada sərhədin möhkəmləndirilməsi layihəsini məhz sərhəddə gərginlik yaratmaqla pozmağa çalışır. Hər halda, Azərbaycana hərbi yardımları qadağan edən 1992-ci ilin 907-ci düzəlişi unudulmayıb. 

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a açıqlamasında digər məsələyə diqqət çəkdi: “Bir müsahibədə də demişdim ki, Ermənistana hər gün əsgər meyiti getməlidir. Onlar ölkələrində rahat nəfəs almamalıdırlar. Başqasının torpağını işğal edib onun üstündə oturmağın baha başa gələcəyini anlamalıdırlar. Gərginliyin davam etdirilməsi indiki halda siyasi cəhətdən də Azərbaycanın faydasınadır. Qoy elə bilsinlər ki, bu gərginlik Amerikanın ayırdığı vəsaitlə əlaqəlidir və daha çox təşviş keçirsinlər”. Q.Çaxmaqlı da hesab edir ki, bu gərginliyin həqiqətən Amerikanın sərhədlərin möhkəmləndirilməsi ilə bağlı atdığı addımla müəyyən qədər bağlılığı olmamış deyil: “Amerikanın İranla bağlı apardığı siyasətdə həm Ermənistanın, həm də Azərbaycanın rol alacağı şübhəsizdir. ABŞ bu addımla nəbzi yoxlayır. Sərhəddəki gərginlik buna reaksiyadır və Rusiya istəmir ki, bu məsələlərdə Azərbaycan vasitə olsun. Rusiyanın daha hansı sürprizləri olacaq - qarşıdakı günlərdə bunu görəcəyik. Bütün Ermənistan sərhədləri boyunca gərginliyin olması Ermənistanın özündə bir təşviş yaradırsa, biz bunu davam etdirməliyik”.

E.PAŞASOY,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 446          Tarix: 1-08-2019, 09:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma