Yəmən ordusu Səudiyyə Ərəbistan qüvvələrinə ağır zərbə vurub. Hökumət qüvvələri və hazırda hakimiyyətə nəzarət edən husilərin Ənsarullah Hərəkatının döyüşçüləri ölkənin şimalında Səudiyyə Ərəbistanı ordusu mövqelərinə hücum edib.
Yəmən Müdafiə Nazirliyi sentyabrın 29-da əməliyyatla bağlı rəsmi açıqlama yayıb. Müdafiə Nazirliyinin sözçüsü general Yəhya Sari bildirib ki, iki ölkə sərhədi boyunca genişmiqyaslı hücum nəticəsində 2000 nəfərə yaxın Səudiyyə əsgəri texnika ilə birgə əsir götürülüb.
Hücum bir gün əvvəl Səudiyyə Ərəbistanının cənubunda Nacran əyalətində baş verib. Y.Sari bildirib ki, əməliyyat 4 ay ərzində hazırlanıb. Yəmən ordusu Səudiyyə qüvvələrini aldadıcı fəndlə tələyə salıb və dağlıq ərazidə pusquya düşən Səudiyyə Ərəbistan ordusu və muzdlu qüvvələrdən ibarət 3 hərbi briqada məğlub edilib, 200-ə yaxın döyüşçü öldürülüb. Eyni zamanda Yəmən ordusu çoxlu sayda silah və hərbi texnika qənimət olaraq ələ keçirib. Əməliyyatın bəzi təfərrüatları və ələ keçirilən silah, hərbi texnika və əsirlər nümayiş olunub. Əməliyyat nəticəsində 350 kv.km ərazi nəzarətə götürülüb. Səudiyyə Ərəbistanı aviasiyası - qırıcılar və helikopterlər ərazini bombalayıb. Ancaq hava zərbələri əməliyyatın gedişinə təsir etməyib. Yəhya Sari isə Yəmən ordusunun dronlar vasitəsilə Ərəbistan ordusuna məxsus helikopterlərin qarşısını aldığını deyib.
Qeyd edək ki, Yəmənin əsasən dağlıq şimal bölgələrində yaşayan husilər 1990-cı illərin əvvəllərində Ənsarullah hərəkatı yaradıb. 2009-cu ilə qədər mərkəzi hökumətə qarşı 6 dəfə üsyan qaldıran husilər hökumət qüvvələri və Səudiyyə Ərəbistanına qarşı müqavimət göstərib. Husilərin əsas qərargahı ölkənin şimalında yerləşən Sada şəhəridir. 2012-ci ildə “Ərəb baharı” dalğasında Yəməndə inqilab qalib gəlir və ölkəni 30 il idarə etmiş Əli Abdullah Saleh istefa verir. Onu bu postda vitse-prezident Abdurabbu Mansur Hadi əvəz edir. Ancaq Hadi keçici prezident olsa da ölkədə inqilabdan sonra xalq və siyasi qüvvələr anlaşa bilmir və 2014-cü ilin yayında siyasi danışıqlar iflasa uğradıqdan sonra sentyabrın 22-də husilər hücum edərək paytaxt Səna şəhərini nəzarətə götürür. Bununla da Yəməndə inqilabın ikinci mərhələri başlayır. Manusr Hadi əvvəlcə Sanada olsa da, sonradan cənubi Ədənə qaçır, oradan isə Səudiyyə Ərəbistanına gedir. 2015-ci ilin 26 martında isə Səudiyyə Ərəbistanı başda olmaqla, 10 ölkədən ibarət koalisiya Yəmənə hərbi müdaxilə edir. Müdaxilənin əsas səbəbi Hadini yenidən hakimiyyətə qaytarmaq olsa da, husilər və eləcə də daha əvvəl devrilmiş Əli Abdullah Salehə sadiq qüvvələr müqavimət göstərir. Yeni Yəmən hökuməti Səudiyyə Ərəbistanı müdaxiləsinə qarşı müqavimətə başlayır. Bu müharibə hələ də davam edir. Yəməni havadan və dənizdən (Yəmənin qurudan yalnız Səudiyyə Ərəbistanı və Omanla quru sərhədi var - K.R.) blokadaya alan koalisiya qüvvələrinin hücumları nəticəsində ölkədə infrastruktur dağıdılıb, ölkədə aclıq və xəstəlik, eləcə də terror yayılıb.
Səudiyyə Ərəbistanı husilərin İran tərəfindən dəstəkləndiyini və məqsədin bu ölkəni zəiflətmək olduğunu bəyan edir. İran isə Yəmənə hərbi yardım etdiyini inkar edir. Ancaq müstəqil analitiklərə görə, Yəməndə baş verənlər Səudiyyə Ərəbistanı və İran arasında vəkalət (mandat - K.R.) müharibəsidir.
Yeri gəlmişkən, sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə dron və raketlərlə hücumun məsuliyyətini husilər öz üzərinə alsalar da, rəsmi Ər-Riyad, ABŞ, eləcə də İngiltərə, Fransa və Almaniya İranı ittiham edib.
Son hücumlar husilərin cəbhədə təşəbbüsü ələ alması kimi yozulur. Digər tərəfdən, artıq 5 ildən çoxdur Yəməndə aramsız müharibə aparan Səudiyyə Ərəbistanı yorulub. Baxmayaraq ki, Yəmənə qarşı müdaxilədə əsasən muzdlu qüvvələrdən istifadə olunur. Bir il əvvəl Qərb mənbələri Yəmənə qarşı əməliyyatının Səudiyyə Ərəbistanına 5-6 milyard dollara başa gəldiyi haqda xəbər yaydı.
Digər tərəfdən, Yəmən xüsusən də şimal bölgələrinin mürəkkəb dağlıq relyefi, husilərin dağlarda yaşayan, hər cür hava şəraitinə alışmış savaşçı insanlar olması bu müharibəni daha da ağırlaşdırır.
Hələlik Krallıq son hadisələrə münasibət bildirməyib. Lakin son məlumatlara görə Səudiyyə Ərəbistan ordusunun atəşkəs elan edib. Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman CBS kanalına verdiyi müsahibədə Yəməndə münaqişənin sülh yolu ilə həll olunmasını istədiyini deyib. Vəliəhd savaşı bitirmək üçün siyasi həll cəhdlərinə açıq olduğunu deyib. Vəliəhd müasir silahlara rəğmən Səudiyyə Ərəbistanının müdafiə oluna bilməməsini ölkə ərazisinin böyük olması, çoxlu sayda düşmənlərin olması ilə izah edib. Ancaq son hadisələr onu göstərir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti Yəməndə atəşkəs və sülh danışıqlarına hazırlaşır.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”
Paylaş: