"Ramiz Mehdiyevin işdən çıxarılması ilə paralel ordu rəhbərliyində də mütləq dəyişikliklər olmalıdır"
"Ölkədə kadr dəyişikliyi və struktur islahatları siyasi-iqtisadi və sosial problemlərin həllinə xidmət etməlidir. Bu yerdəyişmələr və kadr islahatı mütləq şəkildə Xarici İşlər Nazirliyində də aparılmalıdır. Çünki bugünkü nazirliyin fəaliyyəti qənaətbəxş deyil". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.
Onun fikrincə, ilk növbədə Elmar Məmmədyarov vəzifəsindən azad edilməlidir: "Həmçinin, xaricdə bir çox səfirlərimiz dəyişdirilməlidir. Xarici ölkələrdə səfirlərimizin çoxu yalnız şəxsi maraqları üçün çalışır. Yeni dünya düzəni formalaşır. Azərbaycanın köklü problemi olan Qarabağla bağlı səfirliklərimizin fəaliyyəti demək olar ki, müasir çağrışlara cavab vermir. ABŞ-da və Avropa Birliyində, həmçinin Rusiyadakı səfirlərimiz geri çağrılmalı və yeni diplomatlarla əvəz olunmalıdır. Artıq iqtidarda köhnə komanda vəzifədən uzaqlaşdırılır. Müəyyən dərəcədə yenilikdir. Ona görə də xarici siyasətdə prioritet istiqamətdə irəliləyişlər qaçılmazdır".
Politoloq hesab edir ki, səfirlik və konsulluqlara siyasi cəhətdən savadlı kadrlar gətirilməlidir: "Təəssüf ki, səfirlik və konsulluqlarda çalışan diplomatların çoxu qohumluq prinsiplərinə görə təyin olunub və siyasətdən tam kənar olan şəxslərdir. Odur ki, Xarici İşlər Nazirliyində mütləq kadr islahatları lazımdır. Ölkədə bu yerdəyişmələr və hakim komanda üzvlərinin yenilənməsi bundan sonra çevik siyasət aparılmasını diktə etməlidir. İlk növbədə, Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi bir strateji yanaşma ortaya qoyulmalıdır. Ermənistanla danışıqlarda imitasiyaya yol verilməməlidir. Azərbaycan xalqı on il əvvəlki düşüncəyə malik deyil. Yeni gənclik formalaşıb. Bu dinamik gənclik ölkədə siyasi və iqtisadi dəyişiliklərdə maraqlıdır. İlk növbədə, Qarabağ münaqişəsinin həllində daha həssasdır. İqtidar bu dəyişiklikləri ordu rəhbərliyində də aparmalıdır. Çünki 2016-cı il uğurlu aprel döyüşlərində müəyyən yanlışlar ortaya çıxdı. Hələ ki, bu, yanlışlıq düzəlməyib. Administrasiya rəhbəri Ramiz Mehdiyevin işdən çıxarılması ilə paralel ordu rəhbərliyində də mütləq dəyişikliklər olmalıdır. Bundan sonra orudumuz daha çevik, milli ideolji cəhətdən formalaşacaq. NATO standartlarına uyğun orduya keçəcək. Bu, xüsusi ilə şimal qonşumuzun müəyyən təsirlərini zəiflətmiş olar. Prezident İlham Əliyev bu dəyişikliklərlə Rusiya ilə qonşuluq əlaqələrinə üstünlük verməklə, Avropa İttifaqı və ABŞ-la əməkdaşlıqda maraqlı olduğunu göstərir".
Paylaş: