Xəbər lenti
27-11-2024, 19:25

 

Dünyanın ən səmimi duyğusu ana məhəbbətidir. Bütün siyasətlərdən, cılız maraqlardan, hakimiyyət və mənsəb davalarından arınmış, büllur kimi saf, təmiz.

Öz övladı uğrunda bütün fədakarlıqlara hazır olan analar məhz bu səmiyyətlərinə görə dünyanın müqəddəs dəyərlərindən sayılırlar. Məhz bu saflıqlarına görə də biz ən müqəddəs bildiyimiz dəyərləri analarımızla eyniləşdiririk. Babalarımızın, özümüzün, övladlarımızın qanıyla yoğrulmuş Vətənə - Ana Vətən, bir millət kimi varlığımızın kimliyi olan dilimizə - Ana Dil deməyimiz də bu ülviyyətdən doğur.

Biz də 19 oktyabrda həbs olunmuş Rüfət Səfərovun anası  Tahirə Tahirqızının bu gün öz facebook səhifəsində paylaşdığı fəryad dolu statusunu ana duyğularının hər şeydən üstün gördüyümüz üçün Ovqat.com oxucuları ilə paylaşmaq qərarına gəldik.

Allah heç bir ananı gözü yaşlı qoymasın.

Amin!

 

Yazıram. Ancaq ürəyim ikiyə bölünüb. Yarısı Rüfətin yanında, yarı payı isə köksümdə fəryad qoparır. Necə yazım? Axı olmur, Allahım! Rüfət yenə girovluqdadır. Qaranlıq dünyanın əzabları altında!!! Bilirəm gecələr yata bilmirsən! Üç dəfə Məkkə ziyarətində olmuşam. Qoy bu müqəddəs torpaq, bir də sənə verdiyim halal südüm dadına çatsın. Başqa çarəm varmı?

 

Mən anayam, eşidin ahımı göylər!!! Yerdə eşidən yoxdur? Həbsindən sonra bir dəfə görmüşəm Rüfəti. Aramızda şüşədən bir sərhəd vardı. Üç dəqiqəlik bir görüş! Danışmadım. Yol çəkən gözlərinə baxırdım hey. Dəhlizdə istədim bağrıma basıb doyunca öpüm Rüfəti.Bu dəfə aramızdakı sərhəd polis oldu. Qoymadılar!!! Ürəklərmi daşa dönüb, ya insaf, mərhəmət birdəfəlik yox olub? Rəhmə, ülviyyətə gəlmək bu qədərmi çətin!

 

Ruhumu söndürmüşdü zindanın qara divarları! Həsrət çəkən bir ana orda mənə sanki pıçıltı ilə deyirdi: harayımızı yaxşı-yaxşı eşit. Bəlkə... Kömür peçinin içində külə dönmüş ədalət-qanun axtaran göynəyən yaralarımıza içəridən bir məlhəm gətirdin. Ana bilmirdi ki, poladəridən sobalarda qızardılmış şişlə sinəmə vurulmuş çalın-çarpaz dağa heç özüm ilac tapa bilmirəm. Rüfətim hələlik. Göylərdən salam gətirmişəm...Bir salam da gözlərini qapıdan çəkməyib ata-ata qışqıran oğlun Sabirdən var. Zindandan azadlığına qovuşduğun günün sabahı da onun iki yaşı tamam olur. Tanrım özün yardım et!!!

Ancaq qarşımda sanki tikanlı məftillərdən sərhəd çəkən polisin vahim baxışlarını unuda bilmirəm. Qorxumdan heç nə demədim...

Tahirə Tahirqızı

P.S: Tahirə ananın bu fəryadı insana sovet dövrünün məşhur musiqi parçalarından birini – “Ana səsi” mahnısını xatırladır. Novruz Gəncəlinin sözlərinə Ələkbər Tağıyevin bəstələdiyi mahnını Zeynəb Xanlarovanın ifasında təqdim edirik.

Bu da Ovqat.com-dan Tahirə anaya təskinlik hədiyyəsi olsun:




Ana səhifəyə qayıt        Baxış: 2 513          Tarix: 30-10-2019, 01:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma