Qubad İbadoğlu
Bu günlərdə Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) Azərbaycan məktəbliləri informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar. Mükafat qazananların hər birini təbrik edir, eyni zamanda sizi beynəxalq olimpiadanın İnformatika fənni üzrə Qızıl medal mükafatçısı Abutalıb Şahvələd oğlu Namazovla yaxından tanış etmək istərdim. Onun atasını çoxlarınız tanıyırsınız. Abutalıb məşhur jurnalist Şahvələd Çobanoğlunun övladıdır. Şübhəsiz ki, Abutalıbın müvəffəqiyyətləri ilə tanış olduqca, onunla fəxr edib, qürur hissi keçirəcək və onu öz nailiyyətlərinə görə sevəcəksiniz.
Hazırda bir vaxtlar mənim də məzun olduğum Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinfində oxuyan Abutalıb TOEFL-dan 95, İELTS-dən 7.5, SAT-dən isə 1440 bal toplayıb. SAT testinin riyazıyyat bölməsinin 800 ballıq maksimumunun hamısını qazanan Abutalıbın 17 yaşı vardır. O ilk nailiyyətinə 13 yaşında imza atıb, 2016-cı ildə respublika üzrə informatika olimpiadasında bürünc medal qazanıb. 2017-ci respublika üzrə həm riyaziyyat və həm də informatika olimpiadasının qalibi olub, riyaziyyat olimpiadasından bürünc, informatika olimpiadasından isə qızıl medal qazanıb. Elə həmin il ilk dəfə beynəlxalq səviyyədə yarışa qatılıb və ordan da yüksək mükafatla qayıdıb. Belə ki, Abutalıb 2017-ci ildə Rusiya Ali İqtisad Məktəbinin (Higher School of Economics) Milli Tədqiqatlar Universitetinin təşkil etidyi gənc riyaziyyatçılar olimpiadasında 1-ci dərəcəli diplomla təltif olunub. 2018-ci ildə yenidən riyaziyyat və informatika üzrə respublika olimpiadasına qatılan Abutalıb yenə də hər iki yarışın qalıbi olub. O bu dəfə riyaziyyat olimpiadasının gümüş, informatika olimpiadasının təkrarən qızıl medalını qazanıb. 2018-ci ildə həmçinin Avropa Gənclərinin İnformatika Olimpiadasında (European Junior Olympiad in Informatics (EJOI)) bürünc, Balkan Gənclərinin riyaziyyat olimpiadasında (Junior Balkan Mathematical Olympiad-JBMO) gümüş medallarla mükafatlandırılan Abutalıb həmin il bunlardan əlavə Bütün Rusiya komandalarının proqramlarının şagirdlər üçün müsabiqəsində (All-Russian Team Programming Competition for Schoolchildren (ВКОШП in Russian) 3-cü dərəcəli sertifikata layiq görülüb.
Ötən il 3-cü dəfə informatika üzrə respublika olimpiadasının qızıl mükafatçısı olan Abutalıb bu günlərədə Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasından (IZhO) da vətənə qızıl medalla qayıdıb.
Həm ölkə, həm də beynəlxalq olimpiadalarda dəfələrlə ali mükafatlar qazanan Abutalıb Namazov fövqəlada fitri istedadı, xüsusi qabliyyəti ilə seçilən azsaylı azərbaycan gənclərindəndir. 2020-ci il onun üçün məsuliyyətli ildir, çünki bu il Abutalıb təhsilini Universitetdə davam etdirmək üçün seçim etməlidir. İnanıram ki, onun səsini tezliklə dünyanın nüfuzlu Universitetlərindən eşidəcəyik və heç şübhəsiz ki, Abutalıb bundan sonrakı nailiyyətləri ilə daha yüksək zirvələri fəth edəcək. Yolun açıq və uğurların davamlı olsun, Abutalıb!
Paylaş: