Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
Yaxın Şərqin ən önəmi ölkələrindən olan Türkiyə və İranın xarici siyasətlərində bənzər və fərqli tərəflər mövcuddur. Türkiyənin, xüsusilə son illər ərzində müstəqil xarici siyasət həyata keçirməyə çalışması, onu regiondakı ABŞ dəstəkli rejimlərlə-Səudiyyə Ərəbistanı krallığı və Əmirliklərlə, eləcə də Misirlə qarşıdurmaya sövq etdi. Eyni zamanda, bu yeni siyasi xətt Qərb tərəfindən "öz oxundan çıxma", "Türkiyənin İranlaşması" kimi iddialarla xarakterizə edildi və nəticə etibarilə Türkiyənin xarici siyasətdə İran ilə bənzərliklərinin artmasına da səbəb oldu.
Dördlük ittifaqıyla mübarizə
Hazırda Türkiyə və İranın xarici siyasətlərində bənzər xüsusiyyətlərdən birincisi, hər iki ölkənin regionda Misir-Səudiyyə Ərəbistanı-Birləşmiş Ərəb Əmirliyi və İsrail dördlüyü ittifaqına qarşı siyasi manevrlər etməsidir. Məcburiyyətdən irəli gələn itiffaqın əsas xüsusiyyəti Türkiyə və İranda İslami profilə sahib hökumətlərin təhdid olaraq qəbul edilməsidir. Müəyyən zaman kəsiyində bu ittifaqa qarşı Türkiyə və İran bir-birinə yaxınlaşsalar da, Suriya böhranından qaynaqlanan anlaşmazlıqlara görə bu yaxınlaşma regional bir ittifaqa çevrilə bilmir. İran yuxarda adı çəkilən ölkələr arasından İsrail və Səudiyyə Ərəbistanına qarşı daha sərt və uzun müddətli mübarizə siyasəti həyata keçirdiyi halda, Türkiyə Misir və Əmirliklərə qarşı həmin siyasəti tətbiq edir. Prezident Ərdoğana yaxın qruplar 15 iyul 2016-cı ildə Türkiyədə planlaşdırılan uğursuz çevriliş cəhdinin arxa planında Əmirliklərin böyük rol oynadığını, hətta maliyyələşmənin adıçəkilən ölkə liderləri tərəfindən həyata keçrildiyini iddia etmişdilər. Məhz bu tarixdən etibarən Əmirliklər tərəfindən sistematik olaraq müxtəlif qəzet və televiziya kanalları (xüsusilə, "Al-Arabiya" kanalı) vasitəsilə İranla yanaşı, Türkiyə əleyhində də ciddi mənfi təbliğatlara başlandı. Bu təbliğatlarda həm Türkiyə, həm də İran ərəblərin daxili işlərinə qarışmaqla və "terrorçuluğu dəstəkləməklə" ittiham olunur. İnformasiya müharibəsinin şiddətlənməsi ilə, Türkiyə tərəfi "TRT World" və "TRT Al-Arabi" kanalını yenidən formalaşdıraraq ingilis və ərəb dillərində əks-təbliğat fəaliyyətləri ilə cavab verdi.
Eyni zamanda İran və Türkiyənin Misirlə də müsbət siyasi əlaqələri mövcud deyil. 2012-ci il Misir Prezident seçkilərində "Müsəlman Qardaşlar" təşkilatının namizədi olan Muhəmməd Mursinin qalib gələrək, Türkiyə ilə əlaqələrin daha da möhkəmləndirməsi, İranla əlaqələrdə yeni səhifə açması Səudiyyə Ərəbistanı və Əmirliklər tərəfindən təhdid olaraq qəbul edilmişdi. 2013-cü il Misir hərbi çevrilişinin isə bu iki ölkə tərəfindən maliyyələşdirildiyi artıq bir sirr deyil. Məhz bu mərhələdən sonra Misirin yeni lideri Əbdül Fəttah Sisi həm Türkiyə, həm də İrana qarşı Səudiyyə blokunda yer aldı.
Misirin ilk seçilmiş Prezidenti Mursiyə qarşı aparılan məhkəmə prosesində isə irəli sürülən iddialardan biri də "Mursinin Vətənə xəyanət edərək İran lehinə casusluq etməsi" idi. Sisinin təzyiqi ilə fəaliyyətləri qadağan olunan "Müsəlman Qardaşlar" üzvlərinə isə Türkiyə müxtəlif siyasi platformalarda dəstək verdi. İran isə öz növbəsində "Müsəlman Qardaşlar"ın üzvləri ilə əlaqələrini davam etdirdi. 2019-cu ildə ABŞ Prezidenti D.Trampın həm İran İnqilab keşikçilərini, həm də Müsəlman Qardaşlar təşkilatını terrorçu elan etməsi, heç şübhəsiz ki, təzyiqlərə məruz qalan "Müsəlman Qardaşlar" təşkilatını məzhəb fərqlərinə baxmayaraq, ortaq düşmənə qarşı İranla daha da yaxınlaşdıracaq.
Qeyd edək ki, "Müsəlman Qardaşlar" təşkilatı Misirdə meydana gəlsə də, hazırda Mərakeş, Tunis, İordaniya kimi ölkələrdə eyni və ya müxtəlif adlarda partiyalarla təmsil olunur və Yaxın Şərqdə ən geniş siyasi hərəkatdır.
Ölkə xaricində hərbi əməliyyalar
Türkiyə və İranın xarici siyasətlərinə xas olan digər bir bənzərlik milli maraqların qorunması məqsədilə ölkə xaricində hərbi əməliyyatlara başlamasıdır. İran Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinə qarşı Yəməndə "Ənsərullah" qrupunu (Husiləri) uzun müddətdir dəstəkləyir. Bundan əlavə, İranın Suriyadakı varlığı İsrail tərəfindən təhdid olaraq qəbul edilir. Məhz buna görə, İsrail Suriyada İranın gücünün qırılması məqsədilə İran dəstəkli qrupları tez-tez hədəfə alır. İsrail pilotlarının eyni zamanda Yəməndə Husi mövqelərini bombaladığı barədə Husi hökumət nümayəndələri iddialar səsləndirmişdi.
Digər tərəfdən, Səudiyyə Ərəbistanının Yəməndə istədiyi nəticəni əldə edə bilməməsi və müharibənin uzanması koalisiya daxilindəki narazılıqların artmasına, krallıq dəstəkli qrupların əmirlik dəstəkli qruplarla toqquşmasına yol açdı. Burada diqqət çəkən məqam əmirlik siyasətçilərinin Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman üzərində uzun müddətdir böyük təsirə sahib olmalarıdır. Yəni bu ittifaq çərçivəsində əsas yönləndirici qüvvə Səudiyyə Ərəbistanı deyil, Birləşmiş Ərəb Əmirliyi olmuşdur.
Məhəmməd ibn Salmanın Əmirlikdən ayrı siyasət tətbiq etməyə başlaması, Səudiyyə Ərəbistanını Əmirlik tərkibində olan Dubay və Əbu Dabidən daha cazibədar iqtisadi bir məkana çevirmək üçün islahatlar paketi hazırlaması və bir çox investoru ölkəyə cəlb edə bilməsi Əmirliklər tərəfindən xoş qarşılanmadı. İbn Salman bu siyasəti davam etdirəcəyi halda, növbəti illər ərzində bu iki ölkə arasında anlaşmazlığın daha da dərinləşmə ehtimalı böyükdür.
Türkiyə isə Aralıq dənizində milli maraqlarının qorunması üçün Liviyaya BMT tərəfindən tanınan Milli Razılıq Hökumətini Haftər qüvvələrinə qarşı dəstəkləmək məqsədilə hərbi texnika və hərbi nümayəndə heyəti göndərdi. Haftər qüvvələrini maliyyə baxımından dəstəkləyən Əmirliklərin, eyni zamanda Rusiyadan satın aldığı silahları da qarşılıqsız olaraq gəmilərlə çevrilişçi generala göndərdiyi məlum oldu. Bu da ölkələr arasındakı informasiya müharibəsinin regionda dolayı silahlı toqquşmalara çevrildiyini göstərir.
Digər tərəfdən, Haftər qüvvələrinə dəstək verən Misirlə də Türkiyənin mübarizə aparması vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olur. Hazırda da davam edən toqquşmalar həm Yəməndə, həm də Liviyada ciddi iqtisadi böhrana yol açdı. Hərbi əməliyyatların maliyyələşdirilməsi, yerli əhaliyə tibbi və qida yardımlarının edilməsi Türkiyə və İranı iqtisadi baxımdan zədələsə də, qarşı tərəfin də ağır maliyyə itkilərə məruz qalmasına səbəb oldu.
Qeyd edək ki, Qətər dövləti də davam edən bu rəqabət çərçivəsində Türkiyə və İrana daha yaxın mövqe sərgiləyir. Səudiyyə Ərəbistanı və Əmirliklərin Qətər əmiri Şeyx əs-Sənini İrana yaxın mövqe sərgilməklə ittiham edərək, 2017-ci ildə bu ölkə ilə bütün əlaqələrini kəsmiş, hava məkanlarını Qətərə bağlamışdılar. Bu qərara Misir və Bəhreyn də dəstək vermişdi. Günlük qida istehlakının 75%-ni Səudiyyə Ərəbistanından qarşılayan Qətərə isə qida dəstəyini Türkiyə və İran verdi. Eyni zamanda, Səudiyyənin Qətərə mümkün hərbi müdaxiləsinə qarşı Türkiyə Qətərə hərbçi göndərdi. Bu mərhələdən sonra Qətərin məşhur xəbər agenliyi olan "Əl-Cəzirə" telekanalı da özünün həm ingilis, həm də ərəb dilli yayımlarında Səudiyyə-Əmirlik blokuna qarşı informasiya müharibəsinə qoşuldu. Belə ki, Səudiyənin Yəməndəki fəaliyyətini cinayət, Əmirliklərin Liviyada Haftər qüvvələrinə dəstəyini isə qanunsuz olaraq qiymətləndirməyə başladı. Qətər böhranı ilə ilk dəfə olaraq Türkiyə və İran hökumətləri Səudiyyə Ərəbistanı-Əmirliklər ittifaqına qarşı ortaq mövqe sərgilədilər.
Nəticə etibarilə Türkiyə və İranın xarici siyasətlərində bənzər addımlara rast gəlmək mümkündür. Yuxarıda qeyd olunan nümunələrdən əlavə hazırda həm Türkiyə, həm də İran Qərb təzyiqinə qarşı Çin ilə əlaqələrini möhkəmləndirməkdə maraqlıdır. Qərbin İrana tətbiq etdiyi iqtisadi və enerji sanskiyaları qarşısında Çinin İranda yaranan enerji bazarındakı boşluğu doldurmağa başladığını görürük. Türkiyəyə də investisiyanı son illərdə daha da artıran Çin ölkə xaricindəki ən böyük "HUAWEI" istehsal mərkəzini İstanbulda inşa etdi.
Hafiz Məmmədov,
Eastnews.org
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar