Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
ABŞ-ın West Texas Intermediate (WTI) markalı neftinin bir barelinin qiyməti tarixdə ilk dəfə mənfi 37,63 dollara qədər enib.
İqtisadiyyatı neftdən asılı ölkələr, o cümlədən Azərbaycan koronovirus pandemiyası ucbatından oxşar vəziyyətə düşə bilərmi və bu vəziyyət ölkə iqtisadiyyatına necə təsir edəcək?
ABŞ neftinin qiymətinin kəskin enməsinin Azərbaycan neftinin qiymətinə təsiri olmayacaq, "onsuz da Azərbaycan öz neftini dünya bazarında maya dəyərindən bir neçə qat baha satır", bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sözçüsü İbrahim Əhmədov deyib.
İqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərliyə görə, həm karantin rejimi, həm də neftin qiymətinin düşməsi büdcəyə daxilolmalarda ciddi problemlər yaradacaq, bu isə Azərbaycan iqtisadiyyatında "əlavə gərginlik və problemlərə" səbəb olacaq.
Hazırda Avropanın və bütün dünyanın istifadə etdiyi Brent markalı xam neftin qiyməti də iyun üçün 8.9 faiz azalaraq bareli 26 dollardan aşağı düşüb.
"Azerilight" birjalarda satılan növlərdən deyil"
BBC News Azərbaycancaya danışan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sözçüsü İbrahim Əhmədov deyib ki, "Azerilight" birjalarda satılan növlərdən deyil, buna görə də birbaşa qiymət əsasında satılır."Bu halda qabaqcadan planlaşdırma olmur, konkret qiymətlər əsasında olur. Yəni, bu gün alıcı tapılır, bu gün alınır və ya satılır. Əgər elan edilən qiymət WTI markalı neftin may ayı üçün qiyməti idisə, Azerilight neftinin qiyməti isə bu günün olur. Buna görə də biz bu günü və qarşıdakı ayları nəzərdə tutaraq planlaşdırma aparırıq", o bildirib.
Azərbaycan neft hasilatını məhdudlaşdırıbmı?
Hazırda SOCAR-ın neft hasilatı eyni dərəcədədir və hər hansı dəyişiklik olmayıb, İbrahim Əhmədov bildirib.Onun sözlərinə görə, hasilatın azaldılması ancaq "dövlətin qərarından sonra" baş verə bilər.
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 9-cu iclasında əldə edilən razılığa görə, Azərbaycan mayın 1-dən gündəlik xam neft hasilatını 164 min barrel azaldacaq.
Azərbaycan neft hasilatını 2022-ci ilin aprelinə qədər müxtəlif həcmlərdə azaltmaq öhdəliyi götürüb.
İbrahim Əhmədov deyir ki, bu razılaşmadan irəli gələn tədbirlərin həyata keçirilməsi konkret şirkətlərin səlahiyyətində deyil və buna hökumət orqanları nəzarət edir.
"Hökumət neft hasilatının hansısa həcmdə və ya nisbətdə məhdudlaşdırılması barədə qərar verərsə, şirkətlər də ona uyğun tədbirlər həyata keçirəcək".
Şirkətin sözçüsü qeyd edir ki, neft hasilatının dayandırılması çox ucuz başa gəlmir, buna görə də qısamüddətli planlaşdırma üçün atılan addım deyil. Neft hasilatının dayandırılması ancaq neftin qiymətinin uzunmüddətli düşməsi planlaşdırıldığı zaman əhəmiyyət kəsb edir.
BP şirkətinin Azərbaycandakı nümayəndəliyinin sözçüsü Tamam Bayatlı deyir ki, şirkət Azərbaycanda neftin hasilatını davam etdirir.
"Bizim Azərbaycandakı layihələrimiz, yəni, Azəri-Çıraq-Günəşli (AÇG) neft layihəsi üzrə neft hasilatı plan üzrə davam edir. Biz neftin qiymətinin aşağı düşməsi ilə bağlı hasilatı azaltmırıq".
Tamam Bayatlı bildirir ki, Azərbaycan hökuməti neft hasilatının məhdudlaşdırılması barəsində qərar qəbul edərsə, bu zaman bu dəyişiklik tətbiq ediləcək.
Nefti satmaq, yoxsa saxlamaq?
Cənab Əhmədovun sözlərinə görə , SOCAR hazırda neft satışını həyata keçirir, lakin o əlavə edir ki, Azərbaycan müxtəlif alətlərdən istifadə edə bilər."Ölkələrin bəziləri nefti anbarlarda saxlayırlar, bəziləri tankerlərlə göndərirlər və o yolda olarkən ən əlverişli satıcı müəyyən olunur. Ticarətdə bütün taktikalardan istifadə edə bilərik. Əsas hədəf Azərbaycan üçün gəlirləri mümkün dərəcədə maksimum artırmaqdır".
Şirkət rəsmisi deyir ki, burada əsas əhəmiyyətli məsələ "dövlətin beynəlxalq konsorsiumlarda satışlarından əldə olunan ixrac gəlirləri məsələsidir".
İbrahim Əhmədov SOCAR-ın hasil etdiyi neftin böyük hissəsinin daxili tariflə daxili bazarda satıldığını söyləyir.
"Yəni, neft ölkə daxilində emal olunur, yanacaq məhsulları kimi satışa çıxarılır, çox cüzi hissəsi isə xaricə satılır. Beynəlxalq bazarlarda neftin qiymətindəki dəyişiklik daxili bazara çıxarılan məhsullara elə də təsir etmir, lakin xam neftin satışına təsir göstərir. Bunun da əsas ciddi hissəsi Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının işlənməsində iştirak edən beynəlxalq konsorsiumun idarə etdiyi hasilat həcmləridir. Burada dövlətin qərarı əsas əhəmiyyət kəsb edir. Lakin hazırki şəraitdə Azərbaycan bazarında olan vəzifələrimizi yerinə yetirmək üçün hazırki şərait kafidir".
"Büdcədə 5 milyard manat əlavə vəsaitə ehtiyac yaranacaq"
İqtisadçı Natiq Cəfərli deyir ki, neftin qiymətinin kəskin düşməsi neftdən asılı olan ölkələrin bütün makroiqtisadi göstəricilərinə ciddi təsir göstərir.
O hesab edir ki, Azərbaycan da bu təsirlərdən yan keçə bilməyəcək.
"Azərbaycanın xarici ticarətinin 90 faizi neftdən asılıdırsa, büdcəyə daxilolmaların 60 faizi birbaşa neftdən asılıdırsa, təbii ki, bütün bunlar Azərbaycana da mənfi təsir göstərəcək. Ticarət balansında mənfi saldonun yaranması aprel ayından sürətlənəcək, bu aydan başlayaraq ÜDM-də azalma baş verəcək".
Cənab Cəfərlinin proqnozuna görə, həm karantin rejimi, həm də neftin qiymətinin düşməsi büdcəyə daxilolmalarda ciddi problemlər yaradacaq, bu isə Azərbaycan iqtisadiyyatında "əlavə gərginlik və problemlərə" səbəb olacaq.
İqtisadçı hesab edir ki, Neft Fondundan büdcəyə transferlər nəzərdə tutulduğu kimi 11 milyard manat qalsa da, büdcənin neft şirkətlərindən alacağı vergi proqnozları özünü doğrultmayacaq.
"Bu il neft şirkətlərindən büdcəyə təqribən 2 milyard manata yaxın vergi şəklində pul daxil olmalıdır. Neftin qiymətinin kəskin düşməsi SOCAR-ın, BP-nin və digər neft şirkətlərinin gəlirlərinə mənfi təsir göstərəcək və onlardan büdcəyə daxilolmada təqribən 1 milyard manata yaxın azalma müşahidə olunacaq. Karantin rejiminin digər sahələri bağlamasını nəzərə alsaq, büdcəyə onlardan gələn proqnozlaşdırılmış vergilər də daxil olmayacaq. Ümumilikdə, Azərbaycan büdcəsində təxminən 2.5 milyard manata yaxın itki olması gözlənir".
Natiq Cəfərli söyləyir ki, bu itkilərə hökumətin pandemiyadan zərər çəkən iqtisadiyyata dəstək üçün əlavə 2.5 milyard manatlıq proqramı nəzərə alınarsa, büdcədə təqribən 5 milyard manata yaxın əlavə vəsaitə ehtiyac yaranacaq.
O, may ayında "büdcəyə yenidən baxılacağını" və Neft Fondundan daha çox vəsait götürülməsi ilə bağlı qərar verilə bilinəcəyini ehtimal edir.
"Hələ ki, Neft Fondunda olan vəsait bu ili başa vurmaq, problemlərin həlli üçün kifayət edir, amma heç kimdə əminlik yoxdur ki, dünya iqtisadiyyatının düzəlməsi, neftə olan tələbatın yenidən artması yaxın aylarda dərhal bərpa olunacaq. Hətta post-pandemiya dövründə belə, dünya iqtisadiyyatının yenidən işə düşməsi üçün ən yaxşı halda 6 ay, ən pis halda 2 ilə ehtiyacı var. Bu dövrdə Neft Fondunun vəsaitindən sürətli xərcləmələr baş verəcəksə, Azərbaycanın "təhlükəsizlik yastığı" rolunu oynayan Neft Fondunda vəsaitin tükənməsinə və ya azalmasına səbəb ola bilər. Bu da Azərbaycanın gələcəyi üçün heç də yaxşı məsələ deyil,"- cənab Cəfərli söyləyir.
Koronavirus və neft
Koronavirus pandemiyasının bütün dünyada yayılmasından sonra neftin qiyməti kəskin azalıb.
Bu ayın əvvəlində OPEC üzvləri və müttəfiqləri qiymətin daha da aşağı düşməsinin qarşısını almaq məqsədilə qlobal neft hasilatını 10 faiz azaltmaq barədə rekord razılaşma əldə ediblər. Bu, indiyədək neft hasilatında razılaşdırılan ən böyük azalma olub.
Koronavirus pandemiyası ABŞ neftinə də öz təsirini göstərib və bazar ertəsi günü o, tarixdə ilk dəfə "mənfi həddə" düşüb.
Bu o deməkdir ki, neft istehsalçıları neft depolarının saxlama qabiliyyətinin tükənə biləcəyi qorxusuna görə alıcılara nefti almaları üçün pul ödəyirlər.
ABŞ-ın bençmark markası olan West Texas Intermediate (WTI) markalı neftin bir barrelinin qiyməti mənfi 37,63 dollara qədər enib.
WTI markalı neftin iyun üçün qiyməti elə çox düşməsə də, 20 dollar civarında qalıb. Avropanın və bütün dünyanın istifadə etdiyi Brent markalı xam neftin qiyməti də iyun üçün 8.9 faiz azalaraq barreli 26 dollardan aşağı düşüb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar