Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Nail Əliyev
Şərqşünas,
Tarix üzrə fəlsəfə doktoru
Elə şəxsiyyətlər var ki, adları qoca tarixin özünə «çıraq tutur», əsrimizin uzun yollarını işıqlandırır, haçansa unudulmuş, təhrifə məruz qalmış, yaxası polemikanın əlinə verilmiş, çək-çevirə düşmüş məsələlər nəhayət bu işıqda öz yerini tapır. Onların adları ilə nəinki bir xalqın, hətta bəzən bütöv bəşərin tarixi şərəflənir. Biz onların adları qarşısında baş əyir, həqiqi qəhrəmanlığın rəmzi kimi bu adları ehtiramla yad edirik.
Plexanov çox gözəl demişdir: «Tarixi böyük kütlə yaradır». Bu «böyük kütlə» — xalq azadlığı uğrunda vuruşanların fəaliyyət və qəhrəmanlığı haqqında fikirləşmiş, ona əfsanəvi sifətlər vermişdir. Bu əfsanəviliyi isə qəhrəmanın özü qazanır. Belə əfsanəvi qəhrəmanlardan birisi də el bahadırı Abbasqulu bəy Şadlinskidir. Vedi, Şərur-Dərələyəz, Naxçıvan mahallarının sakinlərini kütləvi qırğından xilas etmiş bu əfsanəvi şəxsiyyətin adı sağlığında onlarla nəğmə və dastanlarda əbədiləşmişdir. Qaraxaçlı aşıq Cəlilin üzünü dağlara tutub onun barəsində oxuduğu nəğmə, Vedinin dağ-daşlarında indi də əks-səda verir:
Vedinin dağları batıbdı yasa.
Düşmənlər istəyir oranı basa.
Bir namə yazmışam o xan Abbasa.
Durmayıb, tez gəlsin bizim imdada.
Neçə-neçə belə nəğmə dillərdə, dodaqlarda üz tutub Azərbaycan obalarına. Şərur-Dərələyəz, Naxçıvan, Vedi mahallarının ən ağır günlərində Abbasqulu bəyin adı Xeyrin, Qardaşlığın, Həmrəyliyin rəmzi kimi səslənmişdir. Ən ağır günlərdə Abbasqulu bəyin arvadı Nazlı xanım, oğlu İsgəndər bəy Vedinin bütün döyüşlərində aslan kimi vuruşmuşlar.
Abbasqulu bəy Şadlinski tarixin çəkişmələrində bərkimiş, zaman keçdikcə daha geniş əraziyə yayılmış şadlı tayfasındandır. Bu tayfa kəngərlilər kimi yadelli işğalçılara qarşı mübarizədə böyük ad çıxarmışdırlar. Hər iki tayfa təqribən eyni dövrdə Naxçıvan ərazisində Vedi, Gərin çayları boyunca məskən salmış, əkinçilik və maldarlıqla məşğul olmuşlar. Kəngərli və şadlı tayfalarının torpaqları Araz hövzəsindən başlanmış Dərələyəz dağlarınadək uzanmışdı.
Böyük bir tayfanın başcısı olan Aslan Sultanın Bəşir bəy, Xanbaba bəy və Bala Sultan adlı üç oğlu olub. Şadlı tayfasının şəcərə cədvəlinə nəzər atdıqda görürük ki, bu tayfa böyük bir nəsil yetişdirib. 234 nəfər şadlı nəvə-nəticələri olub. Hazırda bu tayfanın nümayəndələri Qarabağda, Şəmkir rayonu ərazəsində, Gəncədə, Bakıda və başqa yerlərdə yaşayırlar. Bu şəcərə cədvəlində bizi maraqlandıran Vedi müdafiəsinin (1918-1921)-ci illər əfsanəvi xalq qəhrəmanı, Aslan Sultanın nəvəsi Abbasqulu bəy Şadlinskidir. Aslan Sultanın Bəşir bəy nəslindən olan Əməkdar müəllim Bilas Heydər oğlu Şadlinski, Abbasqulu bəy haqqında, onun uşaqlığı və gəncliyi haqqında ətraflı məlumat verir.
Bilas müəllimin dediyindən görünür ki, Xanbaba bəyin 1886-cı il fevralın 24-də dünyaya gələn oğlu Abbasqulu olduqca cəld olub. Yoldaşları arasında fərqlənib. Uşaqlardan dəstə düzəldib «çızığa girmə», «dava-dava» oynamağı çox sevərdi. «Çızığa girmə» elə bir oyundur ki, uşaqlar dəstəbaşının göstərişinə əməl etmədikdə çəza ücün «çızığa» salınarmış. Çızıqdan çıxan uşağı isə dəstəbaşı döydürərmiş. O, çevik uşaqlardan dəstə düzəldib başqa məhəllə uşaqların üstünə getməyi, sapand və ox atmağı da sevərmiş. Kiçik yaşlı olmağına baxmayaraq at sürməyi, taxtadan düzəltmə qılınc oynamağı xoşlayarmış.
Abbasqulu bəy başqa şadlinskilər kimi təhsil ala bilməmişdir. Atası Xanbaba vaxtsız vəfat etmişdir. Əmisi Teymur bəyin də elə imkanı olmur ki, qardaşı oğlu Abbasquluya istənələn təhsili verə bilsin. Abbasqulunun anası çox çətinliklə ailəyə başcılıq edir. Zor-bəla ilə ailəni saxlayan ana, oğlunu 1894-cü ildə Vedidə rus-tatar məktəbinə qəbul etdirir. Ailə qəhri Abbasquluya geniş təhsil almağa imkan vermir. 15 yaşlı Abbasqulu 1902-ci ildə məktəbi tərk etməyə məcbur olur. Çünki ikisinifli məktəbi qurtaran uşaqlar ya seminariyaya ya da gimnaziyaya daxil olmalı idilər. Həmin məktəblərdə təhsil almağa imkanı çatmayan Abbasqulu, məktəbi tərk edib atadanqalma torpaq sahəsini əkib-becərməklə məşğul olur.
Abbasqulu bəyin gəncliyi inqilablar, müharibələr dövrünə təsadüf edir. 1914-cü ildə Birinci dünya müharibəsi başlanır. İmperialist müharibəsi Qafqaz cəbhəsində (Zaqafqaziya) böyük miqyasda yayılır. Qars, Ərdahan və Ağrı ətrafında gedən döyüşlər İrəvan mahalına, Vedibasar, Zəngibasar əhalisinə o cümlədən bütün Arazbarı boyunda yaşayan camaat üçün ağır işgəncə idi. 1917-ci ilin fevralında çar mütləqiyyəti devrilir. Üsyan Rusiyanın ucqarlarını da bürüyür.
Kərbəlayi İsmayıl
Bu vaxt İrəvanda siyasi və ictimai hadisələr genişlənirdi. Müvəqqəti hökümət, o cümlədən Zaqafqaziya Komisarlığı işin öhdəsindən gələ bilmir. 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunur. İngilis-amerikan qoşunları İrəvana gəlir. Elə bu vaxtlar İrandan qulağıkəsik Andranikin quldur daşnak ordusu Naxçıvana soxulur. O, Naxçıvan kəndlərini viran qoyur və günahsız əhalini qılıncdan keçirir. Naxçıvanlılar öz torpaqlarının müdafiəsinə qalxırlar. Andranik 1918-ci ilin iyul ayında Sisiyana çəkilir. Bu ərəfədə Aydoğmaz kəndi ilə Dəvəli və Şəfəqli kəndləri arasında 17 nəfər mauzerçi daşnak öldürülür. Öldürülənlərin qanı Vedi əhalisindən tələb olunur. Daşnaklar vedililərə ultimatum verir ki, hər öldürülən mauzerçiyə 17 min manat bac və hər bir öldürülənin əvəzinə bir nəfər adam verilməlidir. Vedililər daşnak ultimatumunu rədd edirlər. Bundan hiddətlənən daşnak hakimlərindən Dro, Arampaşa və Dəli Kazonun başcılığı altında Bek Primovun polku Vediyə basqın edir. Qəflətən basqını görən Abbasqulu bəy yerli əhaliyə müraciət edərək belə deyir: «Hərgah biz qabağa çıxmasaq, bütün kənd məhv olacaq». Əhalinin hamısı ayağa qalxır.
Vedi ətrafında bütün gün döyüş gedir. Dəyanətli komandir kimi Abbasqulu bəy özünün cəsarəti ilə kəndin döyüşcülərini ruhlandırır. Gecə Şadlinski qəti döyüşə girir. Təzyiqə dəvam gətirə bilməyən daşnak mauzerçilər qaçır. Döyüş meydanınds bir neçə top, 8 pulemyot, xeyli miqdarda silah, patron və s. hərbi sürsat qalır.
Bu döyüşdə xeyli adam qırılır. Dəstə başçılarından bir neçəsi öldürülür. Bu vuruşlarla əlaqədar Vedi ətrafındakı kəndlərin-Çəmənkənd, Cığındərəsi, Vedibasarın bütün əhalisi buraya toplaşır. Abbasqulu bəy özünü rəşadətli sərkərdə kimi göstərir. Onun ətrafında Fərəməz Mahmudbəyov, Kərbəlayi İsmayıl, Əli Eyvazov, İbrahim Fərzəliyev, Ələsgər Kərimov, Yetim Əlioğlu, Xəlil və s. vətənpərvərlər toplaşmışdı. Onların hər biri xalq cəbhəsinin əsl cəngavəri idi.
Bala bəy Vəkilov
Vedi döyüşləri zamanı başqa yerlərdə də daşnaklar kəndlərə basqın edirdi. Bu vaxt Dərələyəzdə Çüvəkənd özünümüdafiə işinə Bala bəy Vəkilov başcılıq edirdi. O, özünün döş pulemyotu ilə Yaponun quldur daşnak dəstəsinə qan uddururdu. Yusif Seyidov aslan kimi vuruşurdu. Belə bir özünümüdafiə xətti Şərur mahalının Yaycı kəndinədək uzanırdı. Müdafiənin önündə rəşadətli döyüşcülərdən Kərim, Rəhim, Xırda Əli, Kalba Novruzun oğlu Əli, Suleyman, Fərəç Hüseyn oğlu, Məmmədhəsənin uşaqları dayanırdı.
1918-ci ilin payızında daşnak başkəsənləri Yaycı kəndinə basqın edib oranı mühasirəyə alır. Səhərdən axşama kimi Cənnət qayası adlanan səngərə 18 top mərmisi atılır, qızğın döyüşlər gedir. Şərurdan kəndə, Zeyvəli Məmmədrzanın və Fətula Hüseynovun silahlı dəstəsi gəlir. Daşnaklar tələsik Xacik kəndinə çəkilirlər. Yaycı məğlubiyyətindən qəzəblənən daşnaklar Əmovu kəndinə basqın edir, hiyləgərliklə kəndə girirlər. Əhaliyə vəd edirlər ki, təslim olub silahı yerə qoysunlar, onlara heç bir xəsarət dəyməyəcək. Daşnaklar öz vədlərini pozurlar və əhaliyə; qadınlara, qocalara və uşaqlara qanlı divan qurub qılıncdan keçirirlər. Qadınların namusuna toxunur, anaların gözü qabağında uşaqları tonqala tullayırlar. 200 nəfərdən çox adam öldürülüb quyulara atılır.
Daşnakların silahlı dəstələlərinin Vedi kəndlərinə aramsız hücumu ara vermirdi. İngilislərin ayrı-ayrı strateji məntəqələrdə; Dəvəlidə,Yaycıda, kəndin aşağısı və yuxarısında, Baş Noraşen stansiyasında, Şahtaxtıda hərbi düşərgələri var idi. Daşnaklar ingilis hiyləsinə əl atırlar. Dəvəlidə yerləşən ingilis komandanlığı Abbasqulu bəyi danışığa dəvət edir. Danışıqlar qatarın vaqonunda aparılmalı idi. Abbasqulu bəy vaqona daxil olan kimi qatar İrəvana tərəf yol alır. Abbasqulu bəy məsələni dərhal başa düşür. Lakin artıq gec olur. İngilis komandanlığı İrəvanda Abbasqulu bəyi daşnaklara təslim edir. Daşnak komandanlığı Abbasqulu bəyə belə bir ultimatum verir: ya Vedi əhalisi silahı yerə qoymalıdır, ya da onları ölüm gözləyir!
Ağır vəziyyətdə qalan Abbasqulu bəy daşnak komandanlığına bildirir ki, əvvəla, silah əhalinindir. Onu toplamaq zor tələb edir. İkinci tərəfdən, daşnak komandanlığlarına lazımi qədər taxıl, mal-qara və s.vermək olar.
«Qırmızı tabor"un Şərur komandiri
Abbasqulu bəyi İrəvanda 3 nüfuzlu adamın Əli Abbasovun, Hüseyn bəyin və Cavanşir bəyin zəmanətinə verirlər. Abbasqulu bəy üz-üzə daşnak komandanlığının tələbini «qəbul edir», o, Vediyə qayıdır və daşnak tələblərini dərhal rədd edir, yenidən müdafiənin başında dayanır. Onu zamına götürən Əli Abbasov və Cavanşir bəy tanış şəxslərin köməyi ilə Bakıya qaçırılırlar. Hüseyn bəy hərbi nazir Dronun əmri ilə həbs edilir. Hüseyn bəyi gözləyən ölüm puça çıxır. O, xaricə qaçır. Bundan sonra daşnakların Vediyə ikinci hücumu başlayır. Vedi hər tərəfdən mühasiriyə alınır. İngilislər Naxçıvandakı Araz-Türk Respublikasını ləğv edir, nümayəndələri Malta adasına sürgün edilir.
1919-cu ilin payızında Vedi döyüşlərinin qızğın vaxtında kəşfiyyat Abbasqulu bəyə xəbər gətirir ki, Andranikin nümayəndələri gəlib. Şadlinski nümayəndələri qəbul edir. Nümayəndələr «paşanın» adından tələb edirlər ki, Vedi təslim olub, silahı yerə qoymalıdır : " «Paşa» sizi əmin edir ki, təhlükəsizliyinizi təmin etsin və dövlət yardımı göstərsin «. Abbasqulu bəy Şadlinski cəsarətli bir sərkərdə kimi cavab verir ki, biz Andranik adında „paşa“ tanımırıq və təslim olub silahı yerə qoymaq fikrimiz də yoxdur.
Abbasqulu bəyin cavabını Andranikə çatdırdıqlarında o, qəzəblənərək Vediyə bir neçə rota göndərir. Vedi müdafiəçiləri andranikçilərə divan tutub onları geri oturdur və çoxlu qənimət əldə edirlər.
Mühasirədə olan Vedi əhalisini ingilis-amerikanların Şərur-Naxçıvanda neytral zona yaratması bərk qəzəbləndirir.
Vedinin xəritəsi
İngilis-amerikan nümayəndəliyi ilə danışıq aparmaq üçün Naxçıvandan Əli Səbri Qasımov və Ordubaddan M.Ələsgərov general Haskelin yanına gedərək, ona on maddədən ibarət tələbnamə verir və qeyd edirlər ki, bizim xalqımız nə müttəfiqlərə, nə də daşnak Ermənistanına tabe olmayacaqdır. Naxçıvanlılar öz müqəddəratlarını silahla qoruyacaqlardır.
Məhz belə də olur. İngilis-amerikan-daşnak hərbi hissələrinin yerləşdiyi Baş Noraşendə, Yaycı, Şaxtaxtı, Nehrəm, Naxçıvanda üsyanlar qalxır. Şərurda hərbi hissə əhali tərəfindən dağıdılır və cəbhəxana ələ keçirilir. Bundan sonra Şərur və Naxçıvanda özünümüdafiə qüvvələri xeyli möhkəmlənir.
Bu vaxt Vedi və Çüvə kəndləri hələ də daşnakların mühasirəsində idi. Mərkəzi daşnak höküməti Dro başda olmaqla Vediyə „Van“, „Sasun“ və başqa polklar göndərilir. Beləliklə,qızğın döyüşlər başlayır. Lakin Vedi müdafiəçilərinin qüvvəsi tükənmişdi. Buna görə Abbasqulu bəyin əmri ilə əhali döyüşə-döyüşə kəndi tərk edir. Daşnaklar basqın etdikləri kəndləri viran qoyurdular. Cəllad Qareqin Njde Azərbaycanlılara qarşı yandırılmış torpaq siyasəti aparırdı. 1918-1920-ci illərdə Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərurda 76 kənd dağıdılıb yandırılmışdı. Azərbaycan kəndlərində yarım milyondan çox əhali dərbədər düşmüşdü.
Ermənistan daşnaq hökümətinin başcısı Kacanzuni etiraf etmişdi ki, biz Ağbaba kimi maldarlıq rayonunu, Şərur kimi taxıl mənbəyini, Vedibasar kimi bağlı-bostanlı meyvəli kəndləri darmadağın etdik. Bundan sonra Vedi əhalisinin didərginlik dövrü başlayır. 1920-cı ilin iyul ayında döyüşə-döyüşə Vedi əhalisi Şərura gəlir. Görürlər ki, Şərur əhalisi kəndləri öz yurdlarını tərk edib Şaxtaxtıya tərəf çəkilib.
Şaxtaxtında Kalbalı xan Naxçıvanski qərargah düzəldib daşnakların qabağına çıxmağa çalışırdı. Yurdçu, Qabıllı, Qıvraq və Şaxtaxtı təpələrində mövqe tutmuşdu. Lakin cəbhə pozulmuş, əhali axın-axın Naxçıvana tərəf gedir və İrana keçirdi. Kalbalı xana xəbər verirlər ki, Naxçıvan demokratları həkim Əli Abbasov və Rüstəmov Əngəleyütdə bolşevikləri qarşılayıb Naxçıvana gətirirlər. İki cəbhədə vuruşmağın əhəmiyyətsiz olduğunu görən Kalbalı xan ailəsi və silahdaşları ilə İrana keçir və Makuya gəlir (bacısı Nazlı xanım Maku xanının həyat yoldaşı idi).
Bolşeviklər Naxçıvana girərkən Abbasqulu bəy Vedi və Şərur əhalisini Şaxtaxtından İrana keçirdir. Daşnak qoşunları Şaxtaxtı, Xok, Əznəbürd, Düzdaq sahəsində mövqe tuturlar. Azərbaycanda Sovet höküməti qurulurdu. Naxçıvana 11-ci Qızıl Ordu hissələri gəlməyə başlayır. Naxcıvanda 1920-ci ilin iyununda Sovet Hökuməti elan olunur.
Abbasqulu Şadlinskinin „Dəmir axını“ Cənubi Azərbaycanda düşərgə salır. Abbasqulu bəy tabora yeni-yeni adamlar toplayır. Mərənd valisi ona təklif edir ki, Mərənddə qalsın. Bununla da ona yüksək rütbə verilsin. A. Şadlinski imtina edir və deyir ki, siz elə hesab etməyin ki, biz həmişəlik gəlmişik. Bizim vətənimiz vardır. Gec-tez vətənə qayıtmalıyıq.
Naxçıvandakı Qızıl Ordu hissələrinin tezliklə daşnaklara qarşı çıxışı mümkün deyildi. Avqustun sonlarında Azərbaydan İnqilab Komitəsi, Bahadır Vəlibəyovu 300 atlı ilə Naxçıvana fövqəladə komissar göndərir. Ermənistanda daşnak hökümətini yıxmaq üçün Nəriman Nərimanovun tövsiyyəsi ilə fövqəladə komissar və Qızıl Ordu qərargahı məsləhət görürlər ki, Mərənd şəhərinə nümayəndə göndərib Şadlinskinin taborunu və bütün mühacirləri Naxçıvana dəvət etsinlər. Belə də olur. 1920-ci ilin sentyabrında bolşevik Əli Eyvazov, Seyfulla Suleymanov və demokrat Məmməd Rəhimov Arazın o tayına Abbasqulu bəyin düşərgəsinə göndərilir. Onlar A. Şadlinskiyə məktub çatdırırlar. Məktubda yazılır ki, siz bolşevik təşkilatının tapşırığı və fövqəladə komissar Bahadır Vəlibəyovun xahişi ilə Naxçıvana dəvət olursunuz.
Xalq düşmənlərinə qarşı mərd mübariz, Vətən təəssübünü hər şeydən üstün tutan A. Şadlinski dərhal nümayəndələrin təklifini qəbul edib 200 nəfərlik silahlı dəstə və mühacir kütləsi ilə sentyabr ayının 17-də Naxçıvana qayıdır. A.Şadlinskinin taboru Culfada hərbi nümayəndəlik tərəfindən hərarətlə qarşılanır.
Təntənə ilə hərbi qaydada Naxçıvana daxil olan Abbasqulu bəy Şadlinski orada fəaliyyət göstərən qırmızı qvardiya dəstələri ilə birləşərək „Qırmızı tabor"un komandiri olur. Daşnaklara qarşı yeni vüsətlə mübarizə başlayır. Naxçıvan sərhədlərinin qorunması A. Şadlinskinin taboruna tapşırılır.
1920-ci ilin noyabırın 29-da Ermənistan İnqilab komitəsinin bəyənnaməsi ilə Ermənistan Sovet Sosialist Respublikası elan olunur. Noyabrın soyuq günləri Naxçıvan İnqilab komitəsinin iradəsi ilə hərbi hissələr Şərura hərəkət edir. Abbasqulu bəyin taboru dağ cığırları, əhalidən toplanan xalq dəstələri şosse yolu, Qızıl Ordu hissələri isə dəmir yolu ilə hərəkət edir. Əznəbürd, Qarabağlar, Xok və Şaxtaxtı daşnaklardan azad edilir. Bu döyüşlər nəticəsində 1200 əsgər və zabit əsir alınır.
Zəngəzurda ağır vəziyyət yaranmışdı. A.Şadlinskinin taboru Zəngəzur istiqamətində daşnaklara qarşı hüçuma keçir. İrəvanın azad edilməsi uğrunda mübarizə genişlənir. Daşnaklar qoşunların hüçümunun qarşısını almaq məqsədi ilə Arpaçay körpüsünü partlatmaq istəmişdilər. A. Şadlinskinin dəstəsi dərhal sağ sahilə keçərək, fəlakətin qarşısını alır.
Taborcu Əli Abbasov öz xatirələrində yazır: «Birdən gördük ki, daşnaklar bizi Rind kəndində mühasirəyə alıblar. Bərk vuruşma oldu. Döyüşdə bizdən 18 nəfər vuruldu. Əsgərlər qaçırdı, çünki biz 200 daşnak suvarisinə qarşı dayana bilmirdik. Taborun komandiri A.Şadlinski əmr etdi,qaçanlar yerindəcə güllələnsin. Tabor nəzərdən kecirildikdə 70 nəfər yox idi. Bir də gördük ki, Naxçıvandan Cabbar Hüseynov və Əjdər oğlu Abbasın dəstəsi gəlir. Daşnaklar kəndən çıxır. Cabbar Hüseynov bir evin yanında durub qapını açır. Heç demə, 30 nəfəri tövləyə doldurub güllələmək istəyirmişlər. Cabbar Hüseynov keşişçini vurub məhbusları azad edir».
Zəngəzurda daşnak Njde 4000 süngü ilə müqavimət göstərirdi. Onun nəzarətində 50 pulemyot, 11 top var idi. Abbasqulu bəy Şadlinskinin komandanlığı altında «Qırmızı Tabor» və əhalidən ibarət olan dəstələr daşnakların hücümlarını dalbadal dəf edirdi. «Qırmızı Taborun» 4-cü rota komandiri İbrahim Fərzəliyev öz xatirələrində belə yazırdı: «Taborun hissələri Zeynə qəbiristanlığından hücüma keçib, Şəhriyar dəmir yol körpüsünü ələ keçirdəndən sonra irəliləyərək, Sədərək kəndinə çatdıqda daşnak qoşunları Qaratəpədən və Bağırsaq dərəsindən çıxıb Dərələyəzə qaçdılar. Abbasqulu bəy dedi ki, gərək düşməni təqib edib başını təmam əzək. Onun cəsarətli planları, şəxsi qəhrəmanlıq nümunəsi bu ağır döyüşlərdə dadımıza çatdı. Yaponun dəstəsi məhv edildi. Beləliklə, Ordubaddan başlamış Sədərəyədək bütün Naxçıvan ərazisi daşnaklardan təmizləndi».
1921-ci ilin may-iyun aylarında Dərələyəz uğrunda qızğın döyüşlər başlayır. Dərələyəz döyüşlərində əsas cəbhə A. Şadlinskinin taborunun tutduğu Danzik-Çüvə mövqeləri idi. İyul ayının sonlarında daşnaklara qarşı ümumi hücum başlanır. Düşmən Keşişkənddən çıxarılır və Kindovoz dağında toplanır. 1921-ci il iyul ayının əvvəllərində Dərələyəz bütünlüklə təmizlənəndən sonra qoşun hissələri düşməni izləyərək Zəngəzura qovur və orada Şuşadan gələn Birinci Qafqaz korpusu ilə birləşirlər.
Erməni cəlladı Qareqin Njde
Zəngəzur cəlladı Qareqin Njde Mehridən (Mığrı) öz qərargahı ilə İrana qaçır və oradan da Avropaya. Bütün Ermənistan ərazisində Sovet hoküməti qurulur. 1921-ci ilin axırları hərbi hissələr öz qərargahlarına qayıdır.
İnqilab Komitəsi bölgədə daşnaklara qarşı böyük rəşadət və fəaliyyət göstərənlərə dövlət mükafatları təqdim edir. Abbasqulu bəy Şadlinski başda olmaqla, taborculardan Kərbəlayi İsmayıl, İbrahim Fərzəliyev, Qasım Hüseynov, Nəcəf Əliyev, Fətulla Hüseynov, Ələkbər Sadıqov, Əli Qədimov (ölümündən sonra), ümumiyyətlə, 19 nəfərə «Qırmızı Bayraq» ordeni verilir.
Daşnak fitnəkarlığına son qoyulduqdan sonra Naxçıvanda olan hərbi hissələr başqa yerlərə çəkilir. Tabora gəldikdə isə o, Naxçıvanda saxlanılır, sərhədlərin mühafizəsi onlara tapşırılır. Abbasqulu Şadlinski 1922-ci ilin sonlarına kimi Naxçıvanda sərhəd mühafizəsi vəzifəsini aparır. Sərhəd mühafizəsi ixtisaslaşmış qoşun hissələrinə verildikdən sonra A. Şadlinski Naxçıvandan öz doğma kəndi Vediyə qayıdır. 1928-ci ilə kimi rəhbər təsərrüfat vəzifələrdə çalışır, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin edilir.
1930-cu illin əvvəllərində Vedibasar, Ağdərə, Sirik, Keçili, Milax, Ərəfsə, Yaycı,Teyvaz, Qazançı, Xanağa, Nəhəçir, Boyəhməd, Əbrəqunus, Ərəzin, Ordubadın dağ kəndlərində üsyanlar baş verir. Vəziyyəti gərginləşdirən səbəblər sırasında Moskvanın apardığı ruslaşma siyasəti və sovetlərin 1928-1929-cu illərdə keçirdiyi seçkilər idi. Xalqın 86%-i seçki hüququndan məhrum edilmişdi. Seçkilərdə yalnız fəhlə və yoxsul kəndlilər iştirak edə bilərdi. 1929-cu illin sonlarında bütün ortabab kəndlilərə məxsus torpaq, əmlak, heyvan və digər məhsul nə varsa, müsadirə edilib kollektivlərə verilməyə başladı. Həmin vaxt xüsusilə 1930-cu illin fevral, mart, aprel, aylarında geniş və qanlı qiyamlar oldu. Bu dövrdə tez-tez baş verən kəndli qiyamlarını partizan hərəkatı davam etdirdi.
Onu da qeyd etmək lazımdır ki, həmin dövrdə 40-dan çox xüsusi idarənin rəisi milliyətcə erməni idi. Azərbaycan xüsusi xidmət sahəsinin rəisi Xoren Qriqoryan, Naxçıvan xüsusi xidmət sahəsinin rəisi Orbelyan. Öz soyadlarını dəyişmiş Bağıryan-Bağırova, Qasumyan-Qasumova, Allahverdiyan-Allahverdiyevə çevrildi. Lakin onlar Azərbaycanlılara qarşı olan nifrətlərini dəyişmir və «Böyük Ermənistan» fantastik arzularını, xülyalarını unutmurdular. 20-30-cu illərdə istənilən adamı «banditə» çevirmək üçün tam şərait yaranmişdı. Hər hansı bir kəndli münaqişəsinə siyasi don geyindirərək kolxozlaşmaya qarşı pozuculuq işi kimi qiymətləndirilirdi.
Dindirilmə prosesində cekist Orbelyan tərəfindən bir tayfa digər tayfa üzərinə qaldırılırdı. Həbs olunmuş Milax üsyanının başcısının dindirilmə protokoluna yazmışdır ki, Abbasqulu bəy Şadlinski 200 atlı ilə Vedidən Milaxa üsyana köməyə gəlmişdir.
Ermənistan KP MK-nın Vedi rayon komitəsi əhali arasında çox böyük nüfuz sahibi olan Abbasqulu bəy Şadlinskini Qarabağlar (Ermənistan) əhalisini sakitləşdirmək üçün oraya göndərir. Yazıçı F.Kərimzadənin «Qarlı Aşırım» romanında göstərdiyi kimi, dəstənin başında onun keçmiş silahdaşları Kərbəlayi İsmayil, Məhərrəm və başqaları dururdular. Abbasqulu bəy özü ilə keçmiş silahdaşı taborcu Xəlil Pənahovu götürür. Cekistlərin hazırladığı bu əməliyyatda Abbasqulu bəy Şadlinski və Xəlil Pənahov öldürülür. Onların cənazələri köhnə taborcuların müşayiəti ilə Vedi kəndinə gətirilir və böyük xalq ehtiramı ilə kənd məktəbinin həyətində dəfn edilir.
PS. Məqalə tarixçi-alim Əli Əliyevin şəxsi arxiv materialları əsasında hazırlanmışdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar