ABŞ liderliyindəki koalisiya qüvvələri Suriyaya aid bir döyüş təyyarəsini vurub.
Ovqat.com xəbər verir ki, koalisiya qüvvələrinin komandanlığı etiraf edib.
Komandanlığın rəsmi açıqlamasına görə, təyyarə PKK-nin Suriya qanadı PYD-nin rəhbərlik etdiyi Suriya Demokratik Güclərini bombaladığına görə vurulub.
Açıqlamada deyilir:
“Yerli saatla 16.30-da Suriya rejimi tərəfdarı qruplar Tabka mahalının cənubunda SDG-nin əlində olan Cədin kəndinə hava hücumu etdi və bir çox SDG mənsubunu yaraladı. Rejim tərəfdarı qüvvələrin hücumundan sonra koalisiya təzyiqi aşağı salmaq və atəşi dayandırmaq üçün Rusiya qüvvələrilə təmasa keçdi.
Saat 18.43-də yenidən bir Suriyaya aid SU-22 təyyarəsi Tabkanın cənubunda olan SDG qüvvələrinin çox yaxınına bomba atdı və koalisiya ortaqlarının kollektiv təhlükəsizliyi üçün ABŞ F / A 18E Super Hornet təyyarələri tərəfindən dərhal vuruldu".
Cedin kəndinin Suriya rejimi ilə SDG arasında şərq-qərb cəbhə xəttinin iki kilometr şimalında yerləşdiyi bildirilən açıqlamada koalisiyanın Suriya rejimi, Rusiya və onun tərəfdarı qüvvələrlə qarşı-qarşıya gəlmək istəmədiyi, ancaq ortaqlarını qorumaq məsələsində də tərəddüd etməyəcəyi vurğulanır:
“Koalisiya İŞİD ilə mübarizə etmək üzrə Suriyadadır. Rejimin və tərəfdarlarının Suriyada İŞİD-ə qarşı legitim mübarizə aparan qüvvələrə qarşı düşməncə niyyətlərinə güzəştli davranmayacaq”.
Rəsmi Dəməşq də məlumatı təsdiq edib. Suriya Müdafiə Nazirliyi təyyarənin İŞİD-ə qarşı mübarizə aparkən vurulduğunu bildirib. Nazirliyə görə, bu fakt ABŞ və beynəlxalq koalisiyanın İŞİD-i qorumağa çalışdığını təsdiqləyir, məqsəd isə Suriya və müttəfiqlərinin uğurlarını yarıda kəsməkdir.
Qeyd edək ki, Rusiya da Suriyada S-22 təyyarələrilə hava əməliyyatları keçirir. Görünür, ABŞ “qızım sənə deyirəm, gəlinim sən eşit” məntiqinə uyğun olaraq, Suriyaya aid olduğu iddia edilən təyyarəni vurmaqla həm də Rusiyaya mesaj verib. Bu məqam koalisiya komandanlığının açıqlamasından da aydın sezilir.
Paylaş: