Xəbər lenti


Le Point, Fransa
26.11.2020


Müəllif: Lük dö Baroşe
Azərbaycan diplomatiyasının rəhbəri Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qaytarılmasını prioritet hesab edir.
Dağlıq Qarabağda minlərlə insanın ölümünə səbəb olmuş altı həftəlik müharibə Azərbaycan və Ermənistan liderlərinin noyabrın 10-da Rusiya prezidenti Vladimir Putinin himayəsilə atəşkəs razılaşması imzalamaları ilə başa çatıb. Bu, Ermənistan tərəfinin hərbi məğlubiyyəti idi. Üçtərəfli bəyanat ermənilərin Dağlıq Qarabağa bitişik olan və 1990-cı illərin əvvəllərində işğal edilmiş ərazilərdən çəkilməsini, həmçinin Dağlıq Qarabağda ermənilərin qaldığı rayonlara Rusiya sülhməramlılarının yerləşdirilməsini nəzərdə tutur.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Le Point”ə müsahibəsində Bakının qarşıdakı mərhələlərlə bağlı tələblərini açıqlayıb.
 - Atəşkəsin ardınca Ermənistanla sülh müqaviləsi də imzalayacaqsınızmı?

- BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 10 noyabr bəyanatının icrası üçün vaxt lazım olacaq. Bəyanat yalnız atəşkəsi deyil, sülhə aparacaq bir sıra mühüm addımların atılmasını da nəzərdə tutur. Sənədin əsas elementi Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan 3 rayonun dekabrın 1-dək Azərbaycan tərəfinə təhvil verilməsidir. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq.

Ümumiyyətlə, onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın, bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Lakin bölgədə davamlı sülh və təhlükəsizlik yalnız BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycan ərazilərinin işğalına son qoyulması, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtması ilə bərqərar edilə bilər.
- Fikrinizcə, atəşkəsin ən yaxşı təminatçısı Rusiya hərbçiləridirmi?

- Azərbaycanın sentyabrın 27-dən başladığı əks-hücum əməliyyatlarının gedişində Ermənistanla 3 dəfə atəşkəs razılaşması əldə olunmuşdu. Lakin o, hər dəfə Ermənistan tərəfindən pozulurdu. Beləliklə, artıq atəşkəsə əməl edilməsi üçün hərbi qüvvələrə ehtiyac yaranmışdı. Rusiyanın sülhməramlı kontingenti suveren Azərbaycan ərazisinə Bakının dəvəti və üçtərəfli bəyanatın müddəalarına əsasən gətirilib. Rusiya ATƏT-in Minsk qrupunun Cənubi Qafqazla sərhədi olan yeganə həmsədridir. Odur ki, Moskva bölgədə sülh və sabitlikdə birbaşa maraqlıdır. Üstəlik, Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətləri var. Odur ki, Moskva Rusiya prezidentinin də imza atdığı razılaşmanın həyata keçirilməsində həlledici rol oynaya bilər.

- ATƏT-in Minsk qrupunun Qərbdən olan digər iki həmsədri – Fransa ilə ABŞ atəşkəs razılaşmasından kənarda qalıblar. Bu mənada artıq Minsk qrupunun faydasız hala gəldiyini deyə bilərikmi?
- Mən belə deməzdim. Fikrimizcə, effektiv olmayan məqam guya balanslı yanaşma adı altında Ermənistanla Azərbaycana eyni mesajların verilməsidir. Təcavüzkarla təcavüz qurbanı, işğalçı ilə əraziləri işğal edilmiş ölkə, qaçqınlarla onları ev-eşiyindən qovmuş işğalçı arasında balans tapmaq mümkün deyil.

Biz beynəlxalq vasitəçilərin diplomatik həll yolu tapmaq səylərinə hörmətlə yanaşırıq. Ancaq təcrübə göstərirdi ki, Ermənistana Azərbaycan ərazilərinin işğalına son qoyması ilə bağlı təzyiqlər göstərilməyəcəkdə, Yerevan bunu etməyəcək.
Vasitəçiliyin fundamental şərti neytrallıqdır. Təəssüf ki, Fransanın dövlət qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. Fransada erməni diasporunun mövcudluğunun nəzərə alınacaq vacib amil olduğunu anlaya bilərik. Amma söhbət bir dövlətin rəsmi mövqeyindən gedirsə, bu mövqe beynəlxalq hüququn norma və prinsiplərinə, dövlət məsuliyyətindən irəli gələn prinsiplərə əsaslanmalıdır. Xüsusilə bu, vasitəçi mandatına sahib dövlətdirsə.

- Fransa sülh müqaviləsinin təşviqi üçün nə edə bilər?
- Fransadan beynəlxalq hüquqa ciddi riayət etməsindən başqa heç nə gözləmirik. Bu isə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Fransanın da səs verməsilə qəbul etdiyi qətnamələrinə əməl edilməsi, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığının təmini, məcburi köçkünlərin fundamental hüquqlarının bərpasıdır.

- Son müharibədə Türkiyənin Azərbaycana istər pilotsuz təyyarələr, istər suriyalı muzdlular şəklində köməyi böyük rol oynadı. Münaqişənin beynəlmiləlləşdirilməsi davamlı həllin axtarışını çətinləşdirmirmi?
- Azərbaycan Ordusunun gücü Silahlı qüvvələrimizin səfərbər olmasında, dron texnologiyası və müasir yanaşmada idi. Ölkəmiz Türkiyə daxil olmaqla bir sıra ölkələrlə müdafiə sahəsində uğurlu əməkdaşlıq edir. Türkiyə hər zaman bizim haqlı mövqeyimizi dəstəkləyib. Əksinə, Azərbaycan hər zaman münaqişənin beynəlmiləlləşdirilməsinə, Ermənistanın müharibəyə üçüncü ölkələri cəlb etmək cəhdlərinə qarşı çıxıb.
Suriyalı muzdlularla bağlı nağıllara gəlincə, biz bu iddiaların əsassız olduğunu bir neçə dəfə təkrarlamışıq. Prezident İlham Əliyev də bu xəbərlərin müəyyən ölkələr tərəfindən yayılan aşkar dezinformasiya olduğunu söyləyib. Bu şayiələri yayanlar ortaya dediklərini sübut edəcək heç bir dəlil qoymayıblar.

İllər boyu silahlı qüvvələrin komplektləşdirilməsini çətinləşdirən ciddi demoqrafik böhranla üzləşmiş Ermənistandan fərqli olaraq, Azərbaycan yaxşı təchiz olunmuş, peşəkar, güclü orduya sahibdir. Ərazi bütövlüyümüzü qorumağımız üçün kənar silahlı qüvvələrə, qeyri-nizami qruplaşmalara ehtiyacımız yoxdur.
Hazırda sizin nəzarətinizdə olan xristian abidələri, xüsusən də Dədəvəng monastırı necə olacaq?

- Azad edilmiş ərazilərdəki bütün dini-tarixi abidələr dövlət tərəfindən qorunacaq. Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət edən, tolerantlıq ənənəsinə sahib çoxmillətli ölkədir. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin ayrılmaz hissəsidir. O, ölkənin həyatında fəal rol oynayır. Azərbaycandakı xristian icmasının kilsələri, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam qorunur. Təsadüfi deyil ki, Papa Fransisk Bakıya 2016-cı ildə etdiyi səfəri zamanı ölkəmizi dini tolerantlıq nümunəsi adlandırmışdı. Yeri gəlmişkən, Azərbaycan xristian irsini yalnız öz sərhədləri çərçivəsində deyil, həm də xaricdə qoruyur. Məsələn, Heydər Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edib.
- Son müharibədə xristianlarla müsəlmanlar arasındakı dini qarşıdurma epizodu olubmu?

- Ermənistanla Azərbaycan arasındakı münaqişə dini münaqişə deyil və heç vaxt olmayıb. Bu, ərazilərimizə qarşı erməni iddiaları ilə başlamış dövlətlərarası münaqişədir. Onu dini problem kimi qələmə vermək cəhdləri uğursuzluğa məhkumdur. Çünki Azərbaycan müxtəlif din nümayəndələrinin əsrlər boyu sülh şəraitində yaşadığı ölkədir.
- Bəs Azərbaycanın Silahlı Qüvvələri kilsələr də daxil olmaqla, mülki binaları, məktəbləri niyə bombalayırdı? Məsələn, Şuşada...
- Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun olaraq həyata keçirilib. Əhali, məktəb və ya xəstəxana kimi mülki infrastruktur hədəfə alınmayıb. Azərbaycan Ordusunun əməliyyatları legitim hərbi hədəflərə cavab verməklə məhdudlaşıb. Problem ondadır ki, erməni tərəfi mülki binalardan qalxan kimi istifadə edirdi. Xankəndidəki uşaq bağçasında məsləhətləşmələr aparan erməni zabitlərin fotosu sosial şəbəkələrdə çox müzakirə olunub.

Bəhs etdiyiniz kilsəyə gəlincə, Azərbaycan prezidenti bunun yanlışlıq və ya qəsdən həyata keçirilmiş erməni təxribatı olduğunu bildirib. Faktla bağlı araşdırma aparılır. Məqsədimiz kilsələri dağıtmaq olsaydı, Bakının mərkəzində minlərlə erməni kitabının saxlanıldığı erməni kilsəsini bərpa etməzdik.

- Azərbaycan gələcəkdə tarixən ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ üzərində Ermənistanın suverenliyini tanımağa hazırdırmı?
- Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Ermənilər bu ərazilərə 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələrindən sonra köçürülüblər. Bəli, Sovet dövründə ermənilərin orada çoxluq təşkil etdiyi faktdır. Amma unutmayaq ki, orada yaşayan azərbaycanlılar 1990-cı illərin əvvəllərindəki erməni işğalı zamanı Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı olublar. Bu, bölgəni əhatə edən 7 Azərbaycan rayonunda yaşamış insanlara da aiddir. Həmin insanların hüquqları illərdirt pozulur.

Bir sözlə, Ermənistan suverenliyini Azərbaycan torpağında deyil, öz ərazisində təmin edə bilər. 10 noyabr tarixli üçtərəfli bəyanatda da Dağlıq Qarabağın statusu haqda heç nə deyilmir. Azərbaycan dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın hər iki icması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər.

- Azərbaycan hökuməti Dağlıq Qarabağ erməniləri üçün dinc birgəyaşayışa necə zəmanət verə bilər?
- Azərbaycan Konstitusiyası etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşı bərabər hüquqlarla təmin edir, onların azadlıqlarını qoruyur. Azərbaycan beynəlxalq birliyin, müxtəlif beynəlxalq qurumların məsuliyyətli üzvüdür. O, əsas hüquq və azadlıqları təmin edir, mədəni və dini irsi qoruyan müqavilə və konvensiyalardan irəli gələn öhdəlikləri yerinə yetirir.

Dağlıq Qarabağın gələcəyi də onun iqtisadi, mədəni və insan resurslarının inkişafı ilə müəyyənləşdiriləcək. Azərbaycan prezidenti artıq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün proqramın hazırlanacağını açıqlayıb. Azərbaycan Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində birgəyaşayışını təmin etməyə hazırdır.

- Bəs prezident İlham Əliyev niyə atəşkəsin elan olunmasından sonra da ermənilərin “it kimi” qovulmasından danışır?
- Bu açıqlama erməni xalqına qarşı yönəlməyib. Prezident İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyindən, ərazilərimizi qanunsuz olaraq işğal edib mülki şəxslərə qarşı hərbi cinayətlər törədənlərdən, Gəncə, Bərdə və Azərbaycanın digər yaşayış yerlərdəki günahsız mülki şəxslərə qarşı hücum əmri verənlərdən danışdığını açıq şəkildə dilə gətirib. Şübhəsiz ki, müharibə cinayətləri törətmiş şəxslər əməllərinə görə cavab verməlidirlər.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Le Point


Ana səhifəyə qayıt        Baxış: 3 109          Tarix: 26-11-2020, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma