Xəbər lenti


“Azərbaycan Xarici İşlər Nazirliyi nədən erməni təxribatını pisləyən bəyanat yayıb, dünya ictimaiyyətini məlumatlandırmır?”
“Atəşkəs bəyanatından sonra, dekabrın 27-də Xocavənd rayonu ərazisində erməni terrorçularının hücumu nəticəsində bir Azərbaycan hərbçisinin – əsgər Elmir Qənbərovun şəhid olması, digərinin – əsgər Emin Əliyevin yaralanması ilə bağlı cinayət hadisəsinə dövlət orqanları həm hərbi, həm hüquqi və həm də siyasi qiymət verməlidir”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetinin professoru Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi açıqlama versə də, Baş prokurorluq, Xarici İşlər Nazirliyi, Ombudsman İnstitutu 3 gündür ki, bu cinayət hadisəsinə münasibət bildirmir: “Baxmayaraq ki, Türkiyənin Xarici İşlər Nazirliyi Xocavənd rayonunda erməni qruplaşmalarının törətdiyi təxribatla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, “daha əvvəl 26 noyabr, 8 və 11 dekabr tarixlərində, son olaraq da 27 dekabr günü yaşanan erməni silahlı ünsürlərinin hücumları nəticəsində hərbi və mülkilər arasında ölən və yaralananlar olub. Üçtərəfli bəyanatın tərəfi olaraq, ərazidən erməni silahlı ünsürlərin geri çəkilməsinin və atəşkəs rejiminə əməl edilməsinin əsil məsuliyyəti Ermənistanın üzərindədir.

Azərbaycan tərəfi erməni silahlı ünsürlərinin təxribatlarına qarşı özünü müdafiə haqqından istifadə edərək layiqli cavabı verib. Bölgədə sülhün yaradılmasında paya sahib olmaq üçün Ermənistan gerçəkləri qəbul etməli və üçtərəfli bəyanatda qəbul etdiyi şərtləri yerinə yetirməlidir. Hücumlarda dünyasını dəyişən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa, Azərbaycan xalqına başsağlığı diləyirik”. Azərbaycan Xarici İşlər Nazirliyi nədən bu təxribatı pisləyən bəyanat yayıb, dünya ictimaiyyətini məlumatlandırmır? Məəttəl qalası işdir, bəyanat vermək üçün də Kremldən razılıq almalıyıq?”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Ana səhifəyə qayıt        Baxış: 2 699          Tarix: 29-12-2020, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma