Xəbər lenti


Bakı Avrasiya Universitetinin dosenti, Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimlinin yeni kitabı nəşr olunub. “Yeni medianın əsasları” adlanan kitab müasir medianın formalaşması və onu yaydığı informasiyaların doğru-düzgün dərk edilməsi yollarından, media savadlılığının formalaşdırılmasından bəhs edir. 

Mövcud durumda idarəetmədə və təsir aktorlarında informasiyanın gücü alternativsizləşib, sürətli informasiya axını oxucu, dinləyici və tamaşaçıda müxtəlif və fərqli asosasiyalar yaradır, həqiqətin harada və kimdə olduğunu müəyyənləşdirmək olduqca çətinləşir. “Yeni medianın əsasları” belə bir durumda insanlara bələdçilik etmək ehtiyacından yaranıb. Kitabda informasiyanın Azərbaycanda düzgün dərk edilməsinə yönəlmiş və bu istiqamətdə isbata və hərtərəfli arqumentləşdirilməyə əsaslanan fikirlərə və mövzulara yer verilib.  



Kitab haqqında məlumat verən müəllif bildirib ki, günümüzdə internetin və kompüterlərin verdiyi imkanlarla kommunikasiya virtuallaşıb. Bu virtual məkan informasiya, kontent və media arasındakı əlaqəni daha da sıxlaşdırıb. İndi rəqəmsallıq, zaman məkan sərhədsizliyi, interaktivliyin olduğu bir virtual məkandan bəhs edilir. Bu üç element, əslində, elə yeni medianın bel sütunudur. Yeni media qavramı, əslində, yeni yaşamda individual, sosial, hüquqi, iqtisadi, etik və s. sahələri araşdıran, açıqlayan akademik anlayışlardır.

Kitabın ünvanladığı auditoriya barədə danışan M.Rəhimli deyib ki, yeni qlobal informasiya cəmiyyətində həyat hədəflərinin və layihələrin reallaşdırılması vətəndaşların informasiya məkanına nə dərəcədə cəlb olunmasından asılıdır. Bu cür şəraitdə təhsil sisteminin qarşısında insanların müasir həyat fəaliyyətinə uyğunlaşmasını təmin edən kompetensiyaların formalaşması ilə bağlı yeni vəzifələr yaranır. Ona görə də kitab ali məktəb tələbələri, müəllimlər, jurnalistlər və informasiyanı müstəqil olaraq  düzgün dərk etməyə çalışan şəxslər üçün nəzərdə tutulub. 


 


Ana səhifəyə qayıt        Baxış: 2 135          Tarix: 13-06-2022, 20:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma