Xəbər lenti


Oktyabrın 13-16-sı tarixlərində İran Azərbaycanında 6 nəfərin edamı həyata keçirilib.

Bu barədə İran İnsan Haqları Təşkilatı (İHR) və HRA xəbər agentliyi məlumat yayıb.

Oktyabrın 13-də Təbriz Mərkəzi Həbsxanasında iki məhbusun edam cəzası icra olunub. 35 yaşlı Əli Nəccari və Əliəsğər Kücüvari "narkotik qaçaqmalçılığı" ittihamı ilə ölüm cəzasına məhkum edilmişdilər. Hər iki məhbusun Zəncan vilayətindən olduğu və son üç il ərzində həbs edilərək edam cəzası aldığı bildirilib.

Bundan əlavə, oktyabrın 16-da Zəncan və Urmiyə şəhərlərində dörd məhbusun edam hökmü icra edilib. Zəncanda iki məhbus, Urmiyədə isə iki məhbus edam edilib.

Zəncan Mərkəzi Həbsxanasında edam edilən məhbuslardan biri, 37 yaşlı Yusif Şirvani, Qəzvin vilayətinin Takistan şəhərindən olub və "qəsdən adam öldürmə" ittihamı ilə qisas cəzasına məhkum edilmişdi. İkinci məhbus, Cəfər Samii isə Şərqi Azərbaycanın Həştrud (Sərəskənd) şəhərindən idi və "zorlama" ittihamı ilə edam hökmü almışdı.

Eyni gün, Qərbi Azərbaycanın Urmiyə şəhərində "adam öldürmə" ittihamı ilə məhkum edilmiş iki məhbusun da edam cəzası icra olunub. Onlardan birinin adı Əmir Süleymani olaraq qeyd edilib.

İran xəbər agentlikləri bu edamlarla bağlı rəsmi məlumat yaymayıb, xəbərlər insan haqları müdafiəçiləri vasitəsilə ictimailəşdirilib.

Beləliklə, son günlərdə İran Azərbaycanında ümumilikdə 6 nəfər edam edilib. Ölkədə artış göstərən edam sayları insan haqları təşkilatları və beynəlxalq qurumların narahatlığını daha da artırıb.

İHR-nin statistikalarına görə, cari ilin əvvəlindən etibarən İranda 20-si qadın, biri isə 18 yaşdan aşağı olmaqla ümumilikdə 582 nəfər edam edilib. Bu rəqəmlər ölkədə hər gün orta hesabla 2 nəfərin edam edildiyini göstərir.


"Amerikanın səsi"




Ana səhifəyə qayıt        Baxış: 2 951          Tarix: 20-10-2024, 09:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma