İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Osman Qənimi Türkiyəyə gəlib.
Ovqat.com-un türk mətbuatına istinadən bildirdiyinə görə, Qəniminin türkiyəli həmkarı Akarla görüşü gözlənilir.
İki Baş qərargah rəislərinin görüşünün Şimali İraqda keçiriləcək referendum ərəfəsinə düşməsi diqqətçəkicidir. Belə ki, hər iki ölkənin rəsmiləri Bərzani hökumətinə müstəqillik sevdasından vaz keçməyi tövsiyyə etsələr də, heç bir nəticə hasil olmamışdı. İki ayağını bir başmağa dirəyən Bərzani açıq şəkildə müstəqillik istiqamətində addım atacaqlarını, üstəlik, Kərkükü də ilhaq edəcəklərini bildirmişdi.
İraq neftinin 40%-ə qədərini özündə cəmləşdirən Kərkükün itirilməsi isə həm İraqın, həm də Türkiyənin (qədim türkmən diyarı oması səbəbindən) milli maraqlarına uyğun deyil. Kərküksüz Şimali İraqın müstəqilliyi isə fundamentsiz binaya oxşayar.
Region dövlətlərinin maraqlarının toqquşduğu Kərkük məsələsi, belə görünür ki, Yaxın Şərqdə növbəti böhranın əsasını qoya bilər. Referendumdan sonra şiddətlənməsi gözlənilən Şimali İraq böhranına İranın da müdaxilə etmək ehtimalı var.
Sözsüz ki, Bərzani hakimiyyətinin bütün region dövlətlərini qarşısına alacaq qədər cəsarət nümayiş etdirməsi təsadüfi deyil. Nə qədər sözdə İraqın torpaq bütünlüyünün qorunması ilə bağlı bəyanatlar versə də, həqiqətdə rəsmi Ərbilin arxasında ABŞ dayanır, kürd peşmərgələrini silahlandırır, maddi-mənəvi hər cür dəstək verir. Son vaxtlar İsrail də kürd kartını dövriyyə salınmasında marağını gizlətmək belə istəmir.
İraq Baş qərargah rəisinin bu “çiskinli havada” Türkiyəyə səfəri birgə hərəkət perspektivlərinin və detallarının müzakirəsi istəyindən doğa bilər. Bərzani rəhbərliyi altındakı Kürdüstan xəyalının puç olmasının isə dinc və ən asan yolu var və bu, rəsmi Ankaradan asılıdır. Söhbət Şimali İraqdan neft nəqlinin dayandırılmasından gedir.
Məsələ burasındadır ki, ümidini neft gəlirlərinə bağlayan Ərbilin Kərkük neftini dünya bazarına çıxarmaq üçün 4 mümkün marşrutu var: İraq üzərindən Fars körfəzinə, İran üzərindən Fars körfəzinə, Türkiyə üzərindən Aralıq dənizinə, Suriya üzərindən Aralıq dənizinə.
Hazırda Suriyanın şimalında qeyri-müəyyənlik hökm sürdüyündən və həmin vəziyyət uzun müddət səngiməyəcəyindən haqqından danışdığımız son marşrut real görünmür.
İraq da, sözsüz ki, öz torpağının sərvəti hesab etdiyi Kərkük neftini ərazisinin parçalanması nəfinə kürd separatçılarına hədiyyə etməz.
İrana gəlincə, Şimali İraqda Kürdüstan dövlətinin yaranması Terhanı həm ərazi bütövlüyünə qarşı yönələn, həm də Yaxın Şərqdə yürütdüyü “Şiə hilalı” strategiyasına cavab verməyən potensial təhlükə kimi narahat edir və o da sözügedən layihənin reallaşmasını qətiyyən istəməz.
Türkiyə isə bu gün faktiki olaraq Şimali İraq neftinin nəql olunduğu Kərkük-Ceyhan kəmərinin istifadəsinə icazə verib. Hərçənd Türkiyə rəsmi dairələrinə yaxın kanallar bir müddət əvvəl bəyanat verərək, Ərbilə təhlükəli oyuna girdiyi xatırlatmış və neft kəmərinin bağlana biləcəyinə eyham vurmuşdular. Referendum keçiriləcəyi təqdirdə Ankaranın həqiqətən bu addımı atacağı istisna edilmir.
Şimali İraqda müstəqillik referendumu 2 gündən sonra keçiriləcək. Böhranın sülh yolu ilə, yoxsa silah gücünəmi həll ediləcəyini yaxın zamanlarda görəcəyik.
Heydər Oğuz
Ovqat.com
Paylaş: