Xəbər lenti

 

Müstəqillik referendumu Şimali İraq Kürd Muxtariyyətinə çox baha başa gəldi. Ən böyük zərbə isə muxtariyyətin iqtisadi potensialına dəydi.

Ovqat.com xəbər verir ki, təkcə Kərkükün Bağdad hakimiyyətinin əlinə keçməsiylə Ərbil, faktiki olaraq, əlindəki neft quyularının yarısını itirdi.

Bunu iraqlı mütəxəssislər də etiraf edirlər.

İraq Neft Nazirliyinin sözçüsü Asim Cihadın fikrincə, Ərbilin neft istehsalı və satışıyla əlaqədar şəffaf məlumat və ya statistikalar olmasa da gündə, təxminən, 800 min barrel neft ixrac etdiyi güman olunur: “Bunun 300 min bareldən çoxu isə Kərkükdəki Bəy Həsən və Avana neft sahəsindəndir".

Statistikalara inansaq, Kərkükdə, təxminən, 13 milyard barel neft ehtiyatı var. Bu isə İraqın neft ehtiyatının 12 faizini təşkil edir.

İraqlı enerji eksperti Həmzə Cəvahiri də Kərkük əməliyyatı ilə Bağdadın mübahisəli ərazilərdəki neft quyularının hamısına nəzarəti öz əlinə aldığını bildirib. Kərkük-Ceyhan neft boru xəttinin daha əvvəl bir neçə dəfə hücuma uğradığını xatırladan ekspert onu da əlavə edib ki, peşmərgələr Kərkükdəki neft yataqlarından çəkilincə, Bəy Həsən və Avana sahələrinin böyük hissəsini atəşə veriblər: “Boru kəmərinin yenidən təmiri ən azı 6 ay vaxt aparacaq."

 

 Şimali İraqın ən böyük neft kəməri sayılan Kərkük-Ceyhan boru xətti də Bağdad hakimiyyətinin nəzarətinə keçib.

Qeyd edək ki, böyük neft ehtiyatına sahib olan Şimali İraq Kürd Muxtariyyətinin idarəçiləri “qara qızıl”ın satışından xeyli pullar qazanır. Təxminlərə görə, muxtariyyətin “qara qızıl” gəlirlərindən qazandığı 600 milyard dollarlıq neft fondu var və bu pullar dünyanın müxtəlif banklarında qorunur. Onun 75 milyard dolları isə Türkiyədir. Rəsmi Ankaranın bu zamana qədər Şimali İraq Kürd Muxtariyyətini dəstəkləməsinin əsas səbəbi kimi bu amil göstərilir. Zira Bərzani hakimiyyəti devrilər və muxariyyət Bağdadın nəzarətinə keçərsə, Türkiyə həmin pulları İraqa qaytarmalıdır.

Görünən budur ki, Məsud Bərzani öz hakimiyyətini qorumaq üçün Şimali İraqın bütün varidatını müxtəlif ölkələrdə girov qoyub. 8 milyonluq Şimali İraq əhalisi isə kasıb vəziyyətdə sürünür, məmurlar aylarla maaşlarını ala bilmirlər. Muxtariyyətin bütün varidatına isə bir neçə ailə nəzarət edir. Kərkük əməliyyatı zamanı Şimali İraqın ən böyük əşirətlərinin, o cümlədən Təlabani və yezidilərin Bağdadın tərəfinə keçməsi bu ədalətsiz sərvət bölgüsündən qaynaqlandığı təxmin edilir.




Ana səhifəyə qayıt        Baxış: 1 840          Tarix: 22-10-2017, 08:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma