İran əsilli iş adamı Rza Zarrabın Türkiyə hökuməti əleyhinə etirafçı olduğu ehtimalı yüksəldikcə, qardaş ölkədən bu dönəkliyə təpkilər də artır. İş adamına ən ciddi zərbə isə həyat yoldaşı Əbru Gündəşdən gəlib.
Ovqat.com türk mətbuatına istinadən xəbər verir ki, Əbru Gündəşin iş adamından ayrıldığı bildirilir.
Maraqlıdır ki, Zarrab yenicə həbs olunduğu zaman da Əbrunun ondan boşanmaq istədiyi barədə məlumatlar yayılsa da öz təsdiqini tapmamışdı. Bu dəfə isə rəsmən təsdiqlənməsə də, eyni xəbərin dəqiq olduğuna şübhə edilmir.
Əbru Gündəşin bu addımı atmaq qərarına gəlməsi əslində başa düşüləndir. Nədən ki, ötən il ABŞ-a gedərkən, hava limanında həbs olunan Zarrabın cinayətlərini etiraf etməsi barədə məlumatlar yayıldıqca, Türkiyədə onun bəzi addımlarına şübhə ilə yanaşılır. Bəziləri hətta Zarrabın öz ayağıyla ABŞ ədalətinə təslim olduğunu düşünürlər. Həmin şübhələrin də özünəməxsus əsasları mövcuddur.
Məsələ burasındadır ki, ABŞ-a getməmişdən əvvəl İranda Zarrab əleyhinə cinayət işi açıldığı, mühakimə olunacağı təqdirdə ölüm hökmüylə cəzalandırılacağı ehtimalı vardı. Necə ki, onun ortaqlarından birinin eyni ittihama məruz qaldığı qeyd olunur. İstisna edilmir ki, Zarrab hər an İrana təhvil verilmək ehtimalından sığortalanmaq üçün könüllü şəkildə ABŞ-a təslim olub. Amma ABŞ-da öz azadlığını təmin etməyin yollarını da əvvəlcədən razılaşdırıb və buna görə Türkiyə hökumətinin əleyhinə ifadə vermək öhdəliyini boynuna götürüb.
İlk baxışdan 90 il azadlıqdan mərhum olunmaq cəzasından bəraət almaq ehtimalı hüququn aliliyi prinsipini əldə rəhbər tutan dövlətdə mümkün görünməsə də, ABŞ-ın məhkəmə sistemindəki bəzi özəlliklər buna imkan verir. Həmin özəllik məhkəmədən öncə keçirilən juri sistemidir. Bu sistemdə iki ildən yuxarı cəza tələbiylə açılmış cinayət işlərinin mühakiməsi üçün mütləq 12 nəfərlik juri heyətinin razılığının olması nəzərdə tutulur. Jurilər isə müttəhimlərin əməlində yüngülləşdirici halları nəzərə alıb məhkəməyə icazə verməyə bilərlər. Qanunən müttəhimlərin hüququ daha çox qorumaq məsuliyyəti daşıyan jurilər bəzən elə ittihamları xətm edə bilirlər ki, bu, uzun illər ABŞ-da ciddi səs-küylərə yol açır. Bu yaxınlarda ağdərili bir polisin zənci vətəndaşı güllələyərək öldürməsiylə bağlı məhkəmə prosesinin keçirilməsinə jurilərin qadağa qoyması belə mübahisəli qərarlardan sayılır. Ciddi ictimai narazılığına yol açsa da, ABŞ məhkəməsi bu qərarı dəyişdirə bilməmişdi. Çünki bu ölkədə jurinin qərarı mühakimə olunmur, niyə bu qənaətə gəlməsi gizli saxlanılır, ondan heç bir hesabat sorulmur.
Mümkündür ki, ayın 27-də keçiriləcək jurili məhkəmə prosesi Zarrabın da etiraflarını nəzərə alsın və onun mühakimə olunmasına veto qoysun. Belə olacağı təqdirdə, Zarrab müttəhim kimi yox, şahid qismində məhkəməyə qatılacaq. Müttəhim tərəfi isə böyük ehtimalla Türkiyə hökuməti olacaq.
Hadisələrin bu cür inkişafı Zarrabın, həqiqətən də, ABŞ yetkililəriylə danışaraq bu ölkəyə getdiyi və iş adamının əvvəlcədən elə bu missiya üçün AKP hökumətiylə əlaqələr qurduğu ehtimalını gücləndirir.
Görünür, ərinin başqa dövlətlərə işləməsini həzm edə bilməyən Əbru Gündəş ondan imtina etməli olub.
Paylaş: