“ABŞ-ın Dövlət katibi Reks Tillerson istefaya məcbur ediləcək və onun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sədri Mayk Pompoe gətiriləcək”.
Ovqat.com xəbər verir ki, iddianı “New York Times” qəzeti irəli sürüb.
Ağ evin adı çəkilməyən yüksək səviyyəli rəsmisinə istinadən verilən xəbərdə Pompeonun dövlət katibi təyin olduqdan sonra boşalan MKİ sədri vəzifəsinə isə İran əleyhdarlığı ilə tanınan respublikaçı Tom Kottonun gətiriləcəyi bildirilir. İddiaya görə, plan ABŞ prezidenti Donald Trampın Xüsusi işlər müdiri Cohn Kelli tərəfindən hazırlanıb.
Xəbərdə həmçinin Trampla indiki dövlət katibi Reks Tillersonun yola getmədiyi də öz əksini tapıb. Bununla belə, Trampın sözügedən planı həyata keçirib keçirməyəcəyinin də bilinmədiyi qeyd olunur. Əgər ABŞ prezidenti Tillersondan yaxa qurtarmaq qərarına gəlsə, Ağ evdə kadr dəyişikliyinin bu ilin sonuna qədər və ya gələn ilin başlarında həyata keçiriləcəyi gözlənilir.
Maraqlıdır ki, Tramp jurnalistlərin plan barədə suallarına konkret cavab verməyib, “Tillerson hələ yanımdadır” deyərək, sualdan yayınıb.
Zənnimizcə, Trampın gözlənilən kadr dəyişikliyinə bu qədər tərəddüdlə yanaşması təsadüfi deyil. Nədən ki, bəyənmədiyi Reks Tillersondan canını qutarmaq səyləri Tramp üçün “yağışdan qacıb yağmura tutulmaq”la nəticələnə bilər. Zira Tillersonu əvəz etməsi gözlənilən Pempoe də prezidentə münasibətdə sələfindən geri qalmır. Hətta indiki dövlət katibi bu zamana qədər Tramp barəsində mənfi düşüncələrini qəlbində boğmağı bacarsa da, eyni sözləri MKİ-nın hazırkı sədri barədə demək mümkün deyil. Mayk Pempoe zaman-zaman Tramp əleyhinə neqativ düşüncələrini gizlətməyə belə ehtiyac görmür. Onun vəzifəyə təyin olunarkən Senatdakı çıxışı zamanı Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ehtimalıyla bağlı suala “ola bilər” şəklində cavab verməsi, iddiaları, bir növ, istisna etməməsi, yəqin ki, Trampın keyfinə soğan doğrayan sözlərindən biridir. İngiltərənin “Guardian” qəzetinin yazdığına görə, Pempoe, Trampın qadınların razılığı olmadan onlara əl atmasını da “qorxunc, təzavüzkar və müdafiə edilə bilməz” hal kimi qiymətləndirib. Sözsüz ki, Tramp üçün ona ədəbsiz, məişət pozğunu kimi baxan biriylə yaxın iş yoldaşlığı etmək asan olmayacaq. Buna baxmayaraq, “New York Times” kimi ciddi qəzetin əsassız xəbər yaymayacağı həqiqəti Trampın çox da arzu etmədiyi bu addımı atacağı ehtimalını gücləndirir.
Nəzərə alsaq ki, həm ABŞ dövlət katibinin, həm də MKİ-nin fəaliyyət sahəsi xarici siyasətlə əlaqədardır, gözlənilən kadr dəyişikliyinin də məhz bu istiqamətdə müəyyən yeni islahatlara getmək məqsədi daşıdığından xəbər verir. Elədirsə, sual ortaya çıxır: Gözlənilən kadr islahatları ABŞ-ın xarici siyasətində hansı dəyişikliklərə yol aça bilər?
Fikrimizcə, bu sualın cavabı yeni vəzifələrə təyin olunacaq kadrların siyasi görüşlərində gizlidir. O zaman, gəlin, 2018-ci ildə ABŞ-da iş başına gətiriləcək həmin şəxslərin xarici siyasətlə bağlı düşüncələrinə qısaca da olsa nəzər salaq.
Yuxarıda da qeyd etdiyimiz kimi, Arkansas Senatoru Tom Kotton İran əleyhdarlığı ilə tanınır. Prinsipcə, Pempoe də bu sahədə senatordan geri qalmır. O da İran əleyhdarı olmaqla yanaşı, müsəlmanlara qarşı antipatik tutumuyla məşhurdur. 2013-cü ildəki çıxışlarının birində “islamçı terrorçuları sərt şəkildə qınamayan müsəlman din adamları da onlarla suç ortağıdır, terrorçudur” sözləriylə hətta ABŞ demokratlarının və islam lobbilərinin tənqidinə məruz qalan Pempoe düşmən kəsildiyi adamlara qarşı işgəncələri müdafiə edəcək qədər mərhəmətsizdir. 2013-cü ildə Obama hakimiyyətinin Guantanamo əsir düşərgəsini bağlamasına qarşı çıxan Pompeo sözügedən düşərgəyə getmiş, aclıq edən müsəlman əsirlərin vəziyyətini yoxlamış, daha sonra mətbuata verdiyi açıqlamasında demişdi: “Aclıq edən məhkumlar mənə çox kilo almış kimi gəldilər”. MKİ-nin indiki sədri bu məhkumları suda boğa-boğa ifadə almağı məqbul hesab edənlərdəndir.
Onun ən çox mübahisə yaradan fikirləri isə Türkiyəylə bağlı olmuşdur. Ötən ilin 15 İyul tarixində qardaş ölkədə baş verən hərbi çevriliş cəhdini müdafiə edən Pempoe öz twitter səhifəsində Tükiyəni İrana “qataraq” yazmışdı: “Türkiyədəki indiki rejim totalitar islamçı diktatorluqdur. Ərdoğan hökuməti ancaq İran qədər demokratik ola bilər”.
Düzdür, 15 iyul çevriliş cəhdi türk xalqının ciddi müqaviməti nəticəsində yatırıldıqdan sonra həmin statusunu tələm-tələsik silməsinə və öz profilini bağlamaq məcburiyyətində qalmasına baxmayaraq, Pempoenin bu fikirləri dövlət katibi təyin edilməsinin ardından tutacağı mövqeyə kifayət qədər aydınlıq gətirir.
Bir sözlə, 2018-ci ildə ABŞ-ın xarici siyasətini müəyyənləşdirən dövlət katibliyinə gətiriləcəyi gözlənilən Pempoenin başda İran, Türkiyəyə olmaqla bütün müsəlman dünyasına qarşı siyasət yürüdəcəyi bəllidir.
Bu təyinatın Rza Zarrab məhkəməsinin tam qızışdığı bir zamana düşməsi də təsadüfə oxşamır. Belə təsəvvür yaranır ki, hər iki hadisə eyni ssenarinin tərkib hissəsidir və ABŞ məhkəmə prosesində hədəfə çevrilən dövlətlərə qarşı hücumlara hazırlaşır. Böyük ehtimalla, bu hücumlar iqtisadi sanksiyalar şəklində olacaq.
Heydər Oğuz
Ovqat.com
Paylaş: