Yəməndə Husilər Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) paytaxtı Abu-Dabi yaxınlığındakı “əl-Beərəkə” atom elektrik stansiyasına raket atıb.
Ovqat.com xəbər verir ki, husilərə aid əl-Məsira televiziya kanalı bu xəbəri yayıb.
Məlumata görə, raket öz hədəfinə dəyib.
BƏƏ rəsmiləri indiyədək bu məlumatı nə təkzib, nə təsdiq edirlər. Əgər iddia öz təsdiqini taparsa, bu, assimertik müharibə tarixinə düşəcək ilk hadisə olacaq. Belə ki, indiyə qədər Yaxın Şərqdə qarşı tərəfin sərt basqılarıyla üzləşən tərəflər, adətən, Hömrüz boğazındakı neft tankerlərini hədəfə alır, “qara qızıl” böhranı yaradaraq, dünya sənaye mərkəzlərini müharibəni dayandırmaq üçün bütün qüvvələrini səfərbər etmək məcburiyyətində qoyurdular. Husilər isə daha sərt üsul seçərək, dünya ağalarını öz iradələrilə hesablaşmasalar, Yaxın Şərqi nüvə partlamaları ilə yaşanmaz hala gətirə biləcəklərini göstərirlər. Husilərin “sınaqdan çıxardığı” bu hücum taktikasında qarşı tərəfin əlindəkı hər AES terrorçuların strateji silahına çevrilir.
Qeyd edək ki, Husilərin bu taktikasının məntiqi nəticəsinə bənzər hadisəni dünya hələ ötən əsrin sonlarına doğru Çernobıl faciəsində görmüşdür. Bu faciədən yalnız region xalqı deyil, bütünlüklə Şərqi Avropa öz nəsibini almışdı. Onu da xatırlatmaq yerinə düşər ki, Çernobıl faciəsi qısa zaman ərzində nəzarət altına alınmış, üstəlik, reaktorlar partlamamış, sadəcə kiçik sızıntılara səbəb olacaq qədər çatlamışdı. Bərəkə atom elektrik stansiyası raket hücumuna məruz qalıbsa, reaktorların daha ciddi zərər görməsi və nəticələrin Çernobılla müqayisədə xeyli ağır ola biləcəyi istisna deyil.
Husilərin bu hücumunun ən çətin tərəfi ondan ibarətdir ki, dünyanın super güclərini iki ağır seçim qarşısında qoyulur: ya nüvə təhdidindən çəkinib geri addım atılmalı, ya da assimetrik savaşın bu qorxunc metodu, nəyin bahasına olursa olsun, dayandırılmalıdır. İlk seçim əlində bir neçə yüz km. mənzilli raketi olan hər hansı silahlı qüvvənin başı sıxışdığı an dinc məqsədli nüvə reaktorlarını hədəfə almasını tətikləyə bilər.
İkinci variant isə Husi və müttəfiqlərini Yaxın Şərqdəki digər nüvə obyektlərini vurmaq ehtimalını doğurur. Nəzərə alsaq ki, Husi tərəfdarlarından biri də Livan Hizbullahıdır və hər iki təşkilatın ortaq təhdid anlayışları var, o zaman Yəməndən edilən bu hücumun sərt şəkildə cəzalandırılması Beyrut-Tel-əviv xəttində arzuedilməz hadisələrin yaşanmasına yol aça bilər. Daha konkret desək, Hizbullahın eyni metoddan İsrailə qarşı istifadə etmək ehtimalı var. Dünyanın ən güclü nüvə bazalarına sahib İsrail isə özünün “Göy Qübbəsi” adlı havadan müdafiə sistemləri ilə orta yüksəkli hava hücumlarını zərərsizləşdirmək imkanına malik olsa da, qısaməsafəli və aşağıdan uçan Hizbullah raketlərini vurmaqda o qədər də uğur qazana bilməyib.
Zənnimizcə, Husilərin BƏƏ-dəki AES-na atdıqları raket bu baxımdan həm də İsrailə verilmiş mesajdır.
Paylaş: