"Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya güclərinin Yəməndəki hava və dəniz limanlarını mühasirəsi aradan qaldırılmazsa, bu ölkədə qıtlıq yaşanacaq. Bu qıtlığın zərəri bir neçə il əvvəl Cənubi Sudanda on minlərlə adama təsir edən, yaxud Somalidə 2011-ci ildə 250 min adamın ölümünə yol açan, dünyada son illərdə görülmüş ən böyük insani fəlakətlərdən belə, daha ağır olacaq”.
Ovqat.com xəbər verir ki, bu dəhşətli proqnozu Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar işlər üzrə məsul katib müavini Mark Loukok verib.
Xatırladaq ki, Yəmən husilərinin 2014-cü ildə Səudiyyə Ərəbistanına bağlı hakimiyyəti devirməsi rəsmi Riyadın kəskin reaksiyasına səbəb olmuşdu. Körfəz ölkələrini ətrafına toplayan krallıq husilərə qarşı ağır hava hücumlarına keçmiş, ölkənin bir sıra şəhərləri yerlə yeksan olunmuşdu. Husilər isə əvvəl yüngül, indisə ballistik silahlarla ərəb koalisiyasına qarşı dirənir.
Görünən budur ki, son zamanlar husilərin ballistik raketlər əldə etməsi və onları Riyad yaxınlığındakı hərbi obyektlərə atması Səudiyyə Ərəbistanını daha da qəzəbləndirib. Son belə hücum bir neçə gün əvvəl Riyaddakı ən iri aeroporta hədəflənmişdi. Atılan raket havadan müdafiə sistemləriylə zərərsizləşdirilsə də, husilərin bu cür silahlar ələ keçirməsinə Riyad hakimiyyəti laqeyd qalmaq istəmir. Öz təhlükəsizliyini təhdid edən raketlərin İran tərəfindən husilərə verildiyini iddia edən Səudiyyə rəsmiləri Yəməni həm havadan, həm də dənizdən mühasirəyə alıblar. Ölkənin Oman və Səudiyyə Ərəbistanından başqa ölkəylə isə quru əlaqəsi yoxdur. Bu vəziyyət Yəməndəki humanitar vəziyyəti həqiqətən də ağır vəziyyətə salır.
Mütəxəssislər Səudiyyə Ərəbistanının Yəmən, Livan və Qətərə qarşı hərbi əməliyyatlara başlayacağını güman edirlər. Bu bir neçə istiqamətli hərbi əməliyyatlarda Riyadın tərəfində dayanan ciddi qüvvələr də var. Başlıca qüvvələr isə körfəz ölkələri, İsrail və ABŞ-dır. Ehtimallara görə, İsrail öz əzəli düşməni Hizbullahı məhv etmək üçün Livanda Riyada böyük dəstək verəcək. Bir zamanlar Riyadla eyni cərgədə dayanmasına baxmayaraq, sonradan İranla Səudiyyə Ərəbistanı arasında baş verməsi möhtəməl çarpaz atəşə məruz qalmamaq üçün geri çəkilən Qətərin zərərsizləşdirilməsi BƏƏ-nin öhdəsindədir. Husilərə qarşı mübarizəni isə Riyad təkbaşına aparmaq məcburiyyətindədir.
Səudiyyə Ərəbistanında son zamanlar 11 vəliəhin və 4 nazirin həbsi hadisəsi də Riyadın İranla ağır döyüşlərə hazırlaşması və bu məqsədlə “bəndi-bərəni” möhkəmləndirməsi kimi qiymətləndirilir.
Krallıqların hökm sürdüyü körfəz ölkələrinin bu ağır döyüşlərə hazırlaşmasının bir neçə səbəbləri var. Əsas səbəblərdən biri onların öz sülalə hakimiyyətlərini qoruması, ABŞ və İsrailin Yaxın Şərqdə maraqlarını təmin etmək məhkumiyyətləriylə izah edilir.
ABŞ Dövlət Departamentinin rəsmilərinin açıqlamaları da bu versiyanı qüvvətləndirir. Ağ ev bu yaxınlarda İranın Yaxın Şərq strategiyası olan “Şiə hilalı”nın dayandırılması üçün bütün qüvvələrini səfərbər edəcəyini açıq şəkildə dilə gətirmişdi. İrandan İsrail sərhədlərinə qədər uzanması planlaşdırılan “Şiə hilalı” isə ilk növbədə Tel-əvivi narahat edir.
Tehran da Yaxın Şərqdə baş verən bu hadisələrin özünə qarşı yönəldiyinin fərqindədir. Təsadüfi deyil ki, İran prezidenti Həsən Ruhani Yəmən böhranıyla bağlı verdiyi açıqlamada Səudiyyə Ərəbistanını İsrail və ABŞ-ın yanında dayanmaqla “strateji səhv”ə yol verdiyini bildirmişdi. Onun fikrincə, bundan əvvəl Səudiyyəylə müqayisə edilməyəcək qədər güclü rəqiblər, o cümlədən ABŞ və İsrail, İrana qarşı mübarizəyə can atmış və heç bir nəticə əldə edə bilməmişlər.
Yəmən xalqının əlindəki ballistik raketlərdən məcburiyyət qarşısında istifadə etdiyi iddia edən Ruhani Riyada bəzi “mühüm məsləhətlər” də vermişdi: “Sən öncə bombardımanlara son qoy, sonra Yəməndən atılan raketlərin dayanıb-dayanmayacağına bax”.
Hadisələrin inkişafı göstərir ki, Yaxın Şərq daha böyük miqyaslı müharibələrinə hazırlaşır. Bu müharibədə İranın tərəfində İraq, Suriya, Türkiyə (Qətər cəbhəsində), Rusiya dayandığı kimi, ABŞ, İsrail və bəzi körfəz ölkələri Səudiyyə Ərəbistanının yanında yer alacaqlar. Kimin bu mübarizədən salamat çıxacağı isə məlum deyil. Bununla belə, ən ciddi zərər görənin Səudiyyə Ərəbistanı olacağı indidən məlumdur. Hətta yeni layihəyə start verilməmişdən, bu ölkədə saray çevrilişləri və iqtisadi tənəzzüllər başlayıb.
Paylaş: