Xəbər lenti

 

 Qlobal neft bazarlarda qiymətlər durmadan ucuzlaşır.

Ovqat.com xəbər verir ki, artıq neçə gündür başlayan sürətli ucuzlaşma bu gün də davam edib. Təkcə, son iki gündə bu ucuzlaşma 9-10% civarında olub.

London birjasında Brent markalı neftin bir barreli dünən 50.65 dollardan 48.17 dollara qədər enmişdi. Bu gün isə qiymətlər 46.40 dollara qədər geriləyib.

Dünənki statistik rəqəmlər ucuzlaşmanın 5% civarında olduğunu göstərirdi. Bu gün birjalar daha yeni açıqlmasına baxmayaraq, ucuzlaşma 3%-i keçib.

Texsas birjasında isə daha ucuzluqdur. Hazırda bu birjada bir barrel xam neft 44 dollar civarında öz alıcısını gözləyir. Günün ən aşağı səviyyəsi isə 43.77 dollar olub.

Beləcə, hər iki neft bazarında qiymətlər son 6 ayın ən aşağı səviyyəsinə enib.

Mütəxəssislər bu enişi təsadüfi saymırlar. Bildirildiyinə görə, son 5 ay ərzində neftin xeyli bahalaşması Rusiya və OPEC ölkələri arasında ötən noyabr ayında Vyanada əldə olunan razılaşmanın nəticəsi idi. Həmin sammitdə tərəflərin bu ilin I yarısına qədər hasilatı dondurmaq haqqında razılığa gəlməsi istər-istəməz neftin qiymətini də artırmışdı. Razılaşılan tarixi isə bu ay bitir.  Tərəflərin növbəti dəfə ortaq məxrəcdə birləşəcəyi isə bilinmir. Əksinə, neft hasilatçıları arasında rəqabət onları əllərindəki bazarları itirməməyə təşviq edir və tərəflərin yenidən razılığa gəlmək ehtimalını azaldır.

Üstəlik, neft bazarında rəqabət aparan tərəflər həm də Yaxın Şərqdə bir-birinin qanına susayan düşmənlərdir. Xüsusilə İran-körfəz ölkələri arasındakı ziddiyyətlər neft hasilatı rəqabətini də şiddətləndirir. Belə ki, İran neft hasilatını sanksiyalardan əvvəlki səviyyəyə gətirmədən hər hansı öhdəlik altına girməyəcəyini, dolayısıyla nəinki hasilatı azaltmayacağını, əskinə 100%-dən çox artıracağını bəyan etmişdi. İŞİD-lə mübarizədə neft dollarına ehtiyac duyan İraq da eyni arqumentlə hasilatı eynilə saxlamaq və ya azaltmaq öhdəliyini öz üzərinə götürmədi. Bu isə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin hasilatı azaldacaqları təqdirdə əllərindəki müştərilərini İran və İraqa “qapdırmaq” ehtimalını yaradırdı. Sözsüz ki, şiə İran təsirinə qarşı birləşən sünni ərəb ölkələri öz əlləriylə və öz fədakarlıqları sayəsində rəqiblərini gücləndirməyə həvəsli görünmürlər.

 

Neftin ucuzlaşmasının digər bir səbəbi ABŞ enerji şirkətlərinin yürütdükləri fürsətçil siyasətlə izah olunur. Belə ki, OPEC ölkələri və Rusiyanın hasılatı azaltmaq bahasına qiymətlərin yüksəlməsindən istifadə edən ABŞ şirkətləri əks mövqe tutdu. Onlar hasilatı artırmaqla qalmadılar, ölkələrindəki neft sahələrinə ciddi investisiyalar qoydular. Bu isə gələn ilə qədər ABŞ-ın hasilatı indiyədək görünməmiş səviyyədə artıra biləcəyinə işarədir.

ABŞ-ın öz neft ehtiyacının 3/2-ni xaricdən aldığını nəzərə alsaq, yeni quyulardan çıxarılacaq neftin daxili bazarda rahatlıqla müştəri tapacağı da istisna edilmir. Bu isə, təbii ki, ABŞ-a ən çox neft satan Səudiyyə Ərəbistanında böyük bir bazarı itirmək əndişəsinə yol açır. Odur ki, mütəxəssislər bu ayın 25-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək növbəti sammitdə tərəflərin yenidən razılaşacağına inanmırlar.

Əslində ABŞ-ın indidən neft hasilatını rəqiblərinin yuxusunu qaçırdacaq qədər artırdığı da müşahidə edilir.

ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, indiyədək dünyanın ən böyük üçüncü neft istehsalçısı mövqeyində olan ABŞ Rusiya və OPEC ölkələrinin noyabrdakı sammitindən sonra istehsal həcmini artıraraq dünya birinciliyinə can atır. Təsadüfi deyil ki, onun noyabra qədər hasilatı gündəlik 8.7 milyon barrel idisə, ötən həftə bu rəqəm 9.3 milyon barrelə qədər yüksəldi. Bununla da Rusiya və Səudiyyə Ərəbistanına xeyli yaxınlaşdı. Onun yaxın gələcəkdə hər iki rəqibini arxada buraxaraq, neft hasilatında dünya birincisi olacağı ehtimalı istisna edilmir.

Bu isə istər-istəməz digər neft hasilatçılarını qorxudur, onları bir-biriylə amansız rəqabətə sürükləyir. Neft bazarında yaranmış amansız rəqabətlər isə “qara qızıl” qiymətini “öldürür”.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 983          Tarix: 5-05-2017, 08:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma