Bir neçə gün öncə Soçidə keçirilən Ərdoğan-Putin görüşündən sonra tərəflərin açıqlamaları iki dövlət arasında münasibətlərin normallaşdığına dair ümidlər yaratmışdı. İlk nikbin açıqlama isə Putindən gəlmişdi. Rusiya prezidenti həmkarıyla masaya yatırdıqları bütün məsələlərdə ortaq məxrəcə gəldiklərini bildirmiş və onun bu fikirlərini Ərdoğan da təsdiqləmişdi.
Görüşdən qısa müddət sonra isə tərəflərin bütün məsələlərdə razılığa gəlmədikləri ortaya çıxmışdı. Məlum olmuşdu ki, Rusiya Türkiyənin bu ölkəyə ixrac etdiyi pomidorlar üzərində sanksiyaları götürməyib və Türkiyə vətəndaşlarının Rusiyaya vizasız səfərlərinə gətirilən məhdudiyyətlər hələ də qüvvədədir.
Dünən Putinin Türkiyə xalqına muştuluğunu təkzib edən növbəti xəbər də yayıldı. Türkiyənin turizm sektoru üçün əsl “qara xəbər” xarakteri daşıyan məlumat Rusiya Federal Mülki Aviasiya Təşkilatı (Rosaviasiya) tərəfindən yayıldı.
Təşkilat “təhlükəsilik səbəbiylə” Türkiyəyə çarter uçuşlarına qoyulan qadağanın ləğv olunmadığını açıqladı. “Rosaviasiya” bununla da kifayətlənməyib, hətta normal uçuşların belə, dayandırılacağını istisna etmədi.
Halbuki, prezidentlərin Soçi görüşündən sonra Putin mətbuat açıqlamasında razılığa gəldikləri məsələlərdən biri kimi çarter uçuşlarından xüsus vurğu ilə danışaraq demişdi:
"Artıq problem qalmadı. Türkiyəyə çarter uçuşları üçün təhlükəsizlik xəbərdarlığı ehtiva edən qərar da geri götürüləcək və onun hökmü dayandırılacaq”.
Putinin açıqlamasıyla “Rosaviasiya”nın qərarı arasındakı ziddiyyəti Rusiya mətbuatı qəribə məntiqlə izah edir. Qəzetlərin yazdığına görə, Putinin Ərdoğana verdiyi söz əslində yerinə yetirilib. Sadəcə Antalya bir istisna təşkil edir.
Turizm ekspertləri isə bu arqumentin səmimiyyətinə inanmırlar. Onların fikrincə, Antalya Rusiyadan Türkiyəyə gedən turistlərin 80%-ni “ağırlayır”. Odur ki, Antalyaya şamil edilməyən qadağanın ləğvi qərarı görüntüdən başqa heç bir anlam daşımır.
Qeyd edək ki, Antalyaya Türkiyədən hər il milyonlarla rus turisti gəlirdi. İki ölkə arasında təyyarə böhranı başlayandan sonra Rusiya öz vətəndaşlarına Antalyaya getməmək məhdudiyyəti qoydu və bu da Türkiyə turziminə ciddi zərərlər vurdu. Şirkətlərin bildirdiyinə görə, bu il də Antalyaya gəlmək üçün müraciət edən rus turistlərinin sayı 1 milyonu ötüb. “Rosaviasiya”nın bu açqılamasından sonra, təbii ki, həmin sifarişlərin böyük əksəriyyəti ləğv olunacaq.
Ərdoğan hakimiyyətinin son zamanlar yürütdüyü siyasət nəticəsində türk turizminin itirdiyi təkcə Rusiya bazarı da deyil. Son zamanlar Almaniya və digər Avropa ölkələriylə münasibətlərin pisləşməsi bu sektora Rusiya bazarından daha ciddi zərər vurub. Statistik məlumatlara görə, qardaş ölkənin turizm sektoruna ən çox pul qazandıranlar alman turistlərdir. Bahalı xidmətə yaxşı pul xərcləməkdən çəkinməyən almanlardan sonra sıralamada ikinci yerdə ruslar gəlirlər ki, Türkiyə turizmi hər iki xarici kapital mənbəyini itirmiş vəziyyətdədir. Odur ki, liderlərin Soçi görüşündən sonra xeyli ümidlənən Türkiyənin turizm sektoru “Rosaviasiya”nın bu qərarıyla yenidən xəyal qırıqlığına uğradı.
Ekspertlər Rusiyanın bu ikibaşlı siyasətini Kremlin Ərdoğana çox etibar etməməsiylə əsaslandırırlar. Bu zamana qədər Rusiya və Qərb arasında var-gəl edən Ankaranın rus faktorundan öz ənənəvi müttəfiqlərinə qarşı istifadə etdiyi düşünülür. Bu düşüncəyə görə, son referendumdan sonra öz legitimliyinə ciddi kölgə salan AKP hakimiyyəti ən çox Avropa ölkələrindən təzyiq gözləyir. Xüsusilə Avropa İnsan Haqları Məhkəməsi və Avropa Birliyinin müxtəlif komitələrindən Türkiyəyə qarşı ciddi tənqidi hesabatlar və qərarlar veriləcəyini bilən Ankara onlara “siz mənim yanımda deyilsinizsə, Rusiya və ABŞ kimi ölkələrlə daha effektli əməkdaşlıq imkanlarımız var” mesajı verir. Avropa üçün Qərb və Şərqin qovuşma nöqtəsində yerləşən Türkiyəni itirmək asan olmayacağından Ankaranın bu manevrləri “qoca qitə”nin mövqeyini xeyli yumşalda bilər. Bu zaman Türkiyənin yenidən Rusiyaya arxa çevirməsi istisna edilmir.
Üstəlik, Ərdoğanın Putinlə görüşdən sonra ABŞ-a yollanacağı bəllidir. Bu ayın 16-da gerçəkləşdirilməsi nəzərdə tutulan ABŞ səfəri öncəsi Türkiyə prezidenti özünün ən yaxın adamlarını-Türkiyə Baş qərargahının rəhbəri Hulusi Akarı, Prezident Adminsitrasiyası Baş katibinin müavini İbrahim Qalını və Milli Təhlükəsizlik Təşkilatının sədr əvəzi Hakan Fidanı artıq iki gündür ki ABŞ-a göndərib. Onlar Ərdoğan-Tramp görüşündə müzakirə ediləcək məsələləri əvvəlcədən razılaşdırmaq üçün səfərdədirlər.
Hər 3 dövlət adamının ABŞ-da ciddi dəstəyi olduğunu nəzərə alsaq, Kremlin əndişəsini anlamaq mümkündür. Görünür, Moskva Ankaranın yenidən Vaşinqtonla anlayacağını, legitimlik problemini yoluna qoyduqdan sonra əvvəlki mövqeyinə qayıdacağından çəkinir. Moskvanın Soçi sammitində əldə edilən razılıqdan bir-bir geri çəkilməsi bu mənada təəccüblü deyil.
Bütün bu amilləri nəzərə alanda ortaya bir həqiqət çıxır: Soçi görüşündə Rusiya və Moskva arasında əldə edilən və həyata keçirilən yeganə razılaşma Suriyada təhlükəsizlik bölgələri yaratmaqla bağlı olub. Rusiya faktiki olaraq Türkiyənin illərdən bəri təklif etdiyi bu prinsipi Astanada bütün tərəflərə bəlkə də ona görə qəbul etdirib ki, qardaş ölkəylə müttəfiqliyin əsasını qoya bilsin. Birgə əməkdaşlıqlar baş tutmayacaqsa, yəqin ki, bu prinsipdən də müxtəlif bəhanələrlə vaz keçiləcək.
Soçidə bir də Türkiyənin 500 milyon dollara rus S-400-lərini almaq məsələsində razılıq əldə olunub ki, bu razılaşma da Türkiyə ordusunun texniki özəlliklərinə cavab vermir (Növbəti yazımızda bu iddiamızın səbəbləri üzərində dayanacağıq).
Digər bütün məqamlarda isə Soçi sammiti nəticəsiz qalıb.
Heydər Oğuz
Paylaş: