Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Daxili Qoşunlar Komandanının birinci müavini - Qərargah rəisi general-mayor Xəlilov Şirin Heydər oğlu vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə kimin təyin olunması barədə isə heç bir məlumat verilmir.
Nəzərə alsaq ki, Şirin Xəlilov Daxili Qoşunların Qərargah rəisi idi, onun birdən-birə, yerinə başqasının təyin olunmadan istefaya göndərilməsi xeyli təəccüblü görünür. Belə təəssürat yaranır ki, generalla vidalaşmanın arxasında hansısa başqa səbəblər dayana bilər.
Bugünkü cəmiyyətimizdə bığ yeri yenicə tərləmiş iri məmur balalarının rahatlıqla generallıq rütbəsi alması və bir çox böyük korrupsiyaların altından generalların çıxması adi hala çevrildiyi bir dövrdə Şirin Xəlilov barədə eyni sözləri dilə gətirmək asan deyil. Generalın bioqrafiyasıyla tanış olanda onun 1973-cü ildən bəri daxili hərbi strukturların müxtəlif pillələrində yer aldığını görürük. Sıravi əsgərliyindən tutmuş zabitliyə qədər keşməkeşli yolları rus ordusunda addımlayan və sovet rejiminin ən yüksək hərbi ali məktəbi sayılan SSRİ DİN-in Orconikidze Ali Hərbi Komandanlıq Məktəbində 1975-79-cu illərdə təhsil alan Ş.Xəlilov 1991-ci ildə Azərbaycana qayıdıb və milli hərbi qurumların formalaşmasında rol oynayıb. Onun bir qədər sonra 1991-ci ildən başlayan bu xidməti vəzifəsi barədə tanış olacağımız rəsmi məlumatlarda da bu etiraf olunur.
Xidməti vəzifələrinin icrasında da Şirin Xəlilov ölkə rəhbərliyinin təqdirini qazana bilib. Məlumatlara görə, o, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun, 2008-ci il 11 mart və 2013-cü il 12 mart tarixli sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Görünür, məhz bu xidmətlərinin nəticəsində də həm 2003-cü ildə general-mayor hərbi rütbəsinə, ondan bir il əvvəl isə Daxili Qoşunların Qərargahının rəisi vəzifəsinə layiq görülüb.
Korrupsioner məmur və hərbçilərin sırasında da Şirin Xəlilovun adı indiyədək hallanmayıb. Ümumiyyətlə, ölkə mətbuatı səhifəsində onun adına rast gəlmək mümkün deyil. Görünür, generalın birdən-birə istefaya göndərilməsi məhz bu səbəbdən bir çoxlarımız üçün gözlənilməz oldu.
Fəqət bir neçə ilin mətbuat arxivini vərəqlədikdə gözlərdən uzaq qalmağı bacaran Şirin Xəlilovun əslində çoxdan qələminin qırıldığı aydın olur. Xatırlayırsınızsa, hələ 2013-cü il oktyabrın 22-də ölkə başçısı İlham Əliyev Daxili Qoşunların komandanı Zakir Həsənovu Müdafiə naziri postuna təyin etmişdi. Həmin vaxt Zakir Həsənovdan boşalan posta məhz Şirin Xəlilovun oturacağı güman olunurdu. Hətta Daxili Qoşunların mətbuat xidmətindən lent.az-a verilən məlumatda da buna eyham vurulur, “Z.Həsənovun vəzifəsini Daxili Qoşunların Qərargah rəisi, general-mayor Şirin Xəlilovun icra edəcəyi” bildirilirdi. Həqiqətən, Şirin Xəliliov bir müddət həmin vəzifəsini icra etdi də. Lakin generalın komandanlığı heç bir ay da çəkmədi: 22 oktyabr 2013-cü ildən – 15 noyabr 2013-cü ilə qədər.
Noyabrın 15-də isə Prezident Daxili qoşunların indiki komandanı general Məmmədov Şahin İsgəndər oğlunu bu posta təyin etdi. Baxmayaraq ki, general Xəlilov bu posta həm yaşca, həm də təcrübəcə general Məmmədovdan daha şanslı idi. Onun şansını artıran bir başqa amil isə 1991-ci ildə hərbi xidmətini Muxtar Respublikada keçməsi idi. Dolayısıyla, Heydər Əliyevlə təmasları olmuş, hətta onun hakimiyyətə gəlməsində müəyyən rollar da oynamışdı. Sözsüz ki, Heydər Əliyevin kadrını vəzifədən uzaqlaşdırmaq səbəbsiz ola bilməzdi.
Araşdırmalarımız zamanı gözümüzə dəyən bir məqam bəlkə də Ş.Xəlilovun işdən uzaqlaşdırılmasının əsl səbəbi kimi görünür. Generalın tərcümeyi-halına baxanda onun 1975-1979-cu illərdə SSRİ DİN-in Orconikidze Ali Hərbi Komandanlıq Məktəbində təhsil aldığı ortaya çıxır. Maraqlıdır ki, sabiq Müdafiə naziri də məhz həmin ali məktəbdən məzun olub. Özü də 1982-ci ildə. Məzuniyyət illəri arasında arasında 3-illik fərq olmasına baxmayaraq, ali hərbi məktəbdə təhsil müddətinin 4 illiyini nəzərə alsaq, hər iki hərbçinin hələ kursantlıq dövründən bir-biriylə yaxın əlaqələr qurması mümkündür.
Üstəlik, Səfər Əbiyevin də Müdafiə nazirinin müavini kimi 1991-ci ildə xüsusi missiya ilə Naxçıvana ezam olunduğu da məlumdur. O, özüylə yanaşı, Muxtar Respublikaya xüsusi təyinatlı dəstə də gətirmişdi. Şirin Xəlilovun həmin dəstədə yer alıb-almadığı barədə heç bir məlumat verilməsə də, tərcümeyi-halındakı bir məqam bu ehtimalı gücləndirir:
“1991-1995-ci illərdə Azərbaycan Respublikası DİN-in xüsusi təyinatlı milis dəstəsində bölük komandirinin müavini, Naxçıvan Muxtar Respublikası DİN-in qərargahının əməliyyat bölməsində baş inspektor, kadrlarla peşə hazırlığı üzrə inspektor, katibliyin rəisi vəzifələrində işləmişdir. 1995-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qоşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir.
1995-2003-cü illərdə DİN-in Daxili Qоşunlarında Baş İdarənin əməliyyat şöbəsində baş zabit, hərbi hissə (briqada) kоmandirinin müavini – qərargah rəisi, Baş İdarənin döyüş hazırlığı şöbəsində xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə baş zabit, hərbi hissə (alay) kоmandiri vəzifələrində xidmət etmişdir”.
Bir sözlə, Şirin Xəlilovun hərbi ulduz kimi parlaması 1995-ci illərdən sonraya təsadüf edir. Maraqlıdır ki, Səfər Əbiyev də məhz 1995-ci ildə Müdafiə naziri postuna təyin olunmuşdu.
Hər iki generalı SSRİ DİN-in Orconikidze Ali Hərbi Komandanlıq Məktəbindən başlayıb Naxçıvana, ordan isə Bakıya qədər uzanan karyerasında birləşdirən bu 3 nöqtə, yəqin razılaşarsınız ki, təsadüfdən çox, eyni komanda yoldaşlığına bənzəyir. Görünür, Prezident İlham Əliyevin sərəncamıyla bu gün işindən uzaqlaşdırılan Xəlilov məhz Əbiyevin oduna yanıb. Düz 4 ildən sonra.
Heydər Oğuz
Ovqat.com
Paylaş: