Xəbər lenti
Dünən, 19:25

  

“Qazaxıstan öz torpaqları üzərindən konteyner nəqliyyatını 1,8 dəfə artırıb və bu fəaliyyətdən ildə 5 milyard dollar pul qazanacaq”.

Ovqat.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib.

Qazaxıstan dövlət televiziyasına verdiyi müsahibəsində  prezident, ölkəsinin dəmir, quru və hava yolu vasitəsilə dünya ilə əlaqələrini inkişaf etdirməyin vacib olduğunu bildirib.

 Çinin İpək Yolu layihəsini dəstəklədiyinə toxunan Nazarbayev, layihəyə 65 ölkənin qatıldığını, özlərinin də bu layihəyə Nurlu Yol (Nurlu Jol) inkişaf proqramı ilə qoşulduqlarını etiraf edib.  

Prezident Çindən Xəzərə qədər dəmir yolu tikintisinin əhəmiyyətini vurğulayaraq, qeyd edib ki, Qazaxıstanda Qərbi Avropa-Qərbi Çin marşrutu üzrə 2 min 700 km dəmiryolu salınıb. Onun fikrincə, Qazaxıstan bununla da kifayətlənməyib, əsas diqqətini avtomobil yoluna yönəldib: “2010-ci ildən bu yana 5 min kilometr avtomobil yolu saldıq. Növbəti beşillikdə əlavə olaraq 4 min 400 kilometr yol inşa edəcəyik. Astanadan hər tərəfə avtomobil və dəmir yolları uzanacaq. Çin sərhədindən Xəzər dənizinə qədər dəmir yolunu inşa etdik. Nə üçün? Çünki işlətmək üçün Lyanyunqan limanını aldıq və onlar (Çin) konteynerlərlə Avropaya Qazaxıstan və Rusiya ərazisindən keçməklə bağlanmaq istəyirlər".

Prezident Nazarbayev müsahibəsində Çinin Sakit okeanından başlayaraq Qazaxıstan üzərindən Qərbi Avropaya, İran və Fars körfəzinə qədər quru və dəmir yoluya nəqliyyat dəhlizi yaratmaq istədiyini qeyd edib. Onun fikrincə, Bakı-Tbilisi-Qars dəmiryolu xətti də bu məqsədlə çəkilib və Qazaxıstan bu layihədə mühüm rol oynamaq istəyir. “Bu məqsədlə də Xəzər dənizində Kurık limanını inşa etdik və bu, Qazaxıstan üçün çox əhəmiyyətli layihədir.

İpək Yoluna bağlanmağımız iqtisadiyyatımızın inkişafi və böyüməsi, ölkəmizin gələcəyi üçün mühüm hadisədir".

 

Qazaxıstanın 2018-ci ildə təkcə konteyner nəqliyyatından Azərbaycanın dövlət büdcəsinin az qala yarısı qədər gəlirə iddia etməsi səbəbsiz deyil. Bu ölkə İpək yolu layihəsində ən mühüm keçiş nöqtələrindən biridir. İndiyə qədər təklif olunan İpək yolu layihələrinin, demək olar, hamısında Qazaxıstanın adı qırmızı xətlə keçir. Təklif olunan həmin marşrutlar bunlardır:

  1. Çin-Qazaxıstan-Rusiya dəhlizi;

 Bu dəhlizə ümumilikdə 13.600 km avtomobil yolu, 12.000 km dəmir yolu, 1 logistik mərkəz, 3 hava limanı daxildir.

 

  1. Çin-Qazaxıstan- Azərbaycan dəhlizi;

 Qırğıstan və Özbəkistanın da daxil olduğu bu dəhlizdə ümumilikdə 9.900 km avtomobil yolu, 9.700 km dəmir yolu, 6 logistik mərkəz nəzərdə tutulur.

 

  1. Əfqanıstan-Türkmənistan-Qazaxıstan dəhlizi;

 Tacikistan və Qırgızıstanın da yer alması planlaşdırılan bu dəhliz ümumilikdə 6.900 km avtomobil yolunu, 4.800 km dəmir yolunu, 1 logistik mərkəzi əhatə edir.

  1. Çin-Monqolustan dəhlizi;

 Ümumilikdə 2.400 km avtomobil yolu; 1.100 km dəmir yolu.

  1. Çin-Pakistan dəhlizi;

 Qırgızıstanın yer aldığı dəhliz. Ümumilikdə 3.700 km avtomobil yolu, 2.000 km dəmir yolu, 1 logistik mərkəz.

 

  1. İran-Əfqanıstan-Türkmənistan – Azərbaycan-Qazaxıstan-Türkiyə dəhlizi;

Ümumilikdə 10.600 km avtomobil yolu, 7.200 km dəmir yolu, 5 logistik mərkəz.

Göründüyü kimi, Çinin dünya iqtisadiyyatının mərkəzinə çevrilmək strategiyasının tərkib hissəsi olan bu dəhlizlərdə Qazaxıstanın üzərinə böyük missiyalar düşür. Bəlkə də bu səbəbdəndir ki, Qazaxıstan prezidenti İpək yolu projelərinə öz soyadına uyğunlaşdırılmış şəkildə  Nurlu Jol (Yol) adını verib.

 

Çinin iqtisadi sahədə dünya ağalığının əsasını təşkil edən bu layihələrə ciddi maliyyələr ayırdığı məlumdur. Bəzi mütəxəssislərə görə, qarşıya qoyulan hədəflərə çatmaq üçün İpək yolu layihəsinə, nə az nə çox, tam 26 trilyon dollar yatırılmalıdır. İnsafən, Pekin də projenin baş tutması üçün xəsislik etmir. Rəsmi statistikaya görə, indiyədək layihəyə 300 milyard dollardan artıq vəsait xərclənib. Bu vəsaitin, hardasa, 10%-i, yəni 30 milyardı Bakı-Tiflis-Qars xəttinin payına düşüb. Önümüzdəki ildə də Çinin İpək yoluna (öz təbirlərincə desək, “Bir qurşaq, bir yol”) daha 125 milyard dollar ayırdığı bildirilir. Projenin tamamlanması isə 2030-cu ildə baş tutacaq.

Bununla belə, İpək yolu layihəsinin qarşısında mühüm maneələr də mövcuddur. Başlıca maneə isə Çinin dünya gücünə çevrilməsindən çəkinən dairələrin siyasətləridir. Başda ABŞ olmaqla, Qərb imperializmi Şərqdə doğan yeni imperialist gücün bu qədər böyüməsini istəmir. Hətta qlobalizm düşüncəsinin əsas memarı olan ABŞ-ın bu siyasətin Çinin işinə yaradığını gördükdən sonra Tramp hakimiyyətiylə öz içinə qapandığını, “öncə Amerika” strategiyasını mənimsədiyini və xarici ölkələrdəki investorlarını evə qayıtmağa təşviq etdiyini düşünənlər var. ABŞ bununla yanaşı alternativ İpək yolu proyekti hazırlamaqdadır. Bu proyektin çıxış nöqtəsi Çindən yox, Hindistandan başlayacaq, İran və Türkiyə xəttilə Avropaya açılacaq. Di gəl ki, ABŞ-ın İranla müasibətlərindəki gərginlik bu layihəni indidən “ölü doğulmuş uşağa” çevirir.

 

Avropa İttifaqının da Çinin böyüməsindən xeyli narahat olduğu ortadadır. Təsadüfi deyil ki, bu il Pekində toplanan liderlər zirvəsinə G-7 ölkələrindən yalnız İtaliya qoşulmuşdu. Avropa nəhənglərinin əsas əndişələri isə Çinin öz bazarında xarici  investorlara tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərdir. Qərbin bütün israrlarına rəğmən, Çin bu məhdudiyyətləri ortadan qaldırmağa tələsmir.

Proyektə ümidlə baxan ölkələr də bir çox məsələlərdə Çinlə ortaq fikrə gələ bilmirlər. Bunlardan biri də Rusiyadır. Moskva İpək yolunun Cənubi Sibirdən keçərək Rusiya üzərindən Avropaya uzanmasını istəyir. Yəni İpək yolunun tam öz nəzarətində olmasını arzulayır. Bunun Rusiya iqtisadiyyatına çox böyük mənfəətlər gətirəcəyinə, xüsusilə, ölkənin cənub bölgələrinin iqtisadiyyatını çiçəkləndirəcəyinə inanır. Çin isə çoxvariantlılıqdan yanadır. Çünki öz iqtisadiyyatının kimdənsə asılı olmasından çəkinir. Üstəlik, çoxvariantlılığın yaradacağı rəqabətin tranzit xərclərini azaldacağını bilir.

 

Qazaxıstanla da Çin arasında İpək yolu strategiyasında fikir ayrılıqları var. Nursultan Nazarbayev bu xəttin yalnız quru yoluyla (avtomobil və dəmiryolu) çəkilməsini daha məqsədəuyğun hesab edir. Çünki belə olacağı təqdirdə, Avropa-Çin arasındakı bütün ticarət münasibətlərinin Qazaxıstan üzərindən keçmək perspektivi var. Okeanlara çıxışı olmayan Qazaxıstan bu təklifini dəniz yolunun uzaqlığı, dolayısyla yüklərin ünvana gec çatmasıyla ilə əsaslandırır. Çin isə dəniz yolu vasitələrinin daha çox yük tutduğunu və ucuzluğunu əsas götürüb “Bir qurşaq-bir yol” projesini bütün variantlara açıq elan edib.

Başlıca problemlərdən biri də İpək yolu marşrutu üzərindəki ölkələrin öz aralarında hələlik gizli aparılan, sabah isə böyük vüsət alacağı gözlənilən rəqabətləridir. Yenə bu rəqabətdə Rusiya ön plana çıxır. İpək yolu layihəsinin qısa müddətdən sonra Orta Asiya ölkələrini Çinin nəzarəti altına salacağından ehtiyatlanan Moskva tarixi Rus imperatorluğu coğrafiyasını əldən vermək istəmir. Üstəlik, onlarla qurulan əlaqələr Rusiyanın tranzit qazanclarını azaldır.

 Ən təhlükəlisi isə budur ki, Çin kredit verib borclandırdığı Orta Asiya ölkələrindən torpaq alaraq, öz sərhədlərinə qatmağa səy göstərir, bu da Rusiyanın hegemonluq dairəsini daraldır. Bunun bariz nümunəsini ötən illərdə Qazaxıstanın timsalında gördük. Qazaxıstanın bəzi əraziləri Çinə satdığı məlum olan kimi əsasən rusların yaşadıqları bölgələrdə qiyamlar baş verdi və rəsmi Astana imzaladığı müqavilələrdən geri çəkilmək məcburiyyətində qaldı. Maraqlıdır ki, olduqca geniş ərazilərə malik Rusiyanın özü də torpaqlarını Çinin uzunmüddətli istifadəsinə verməyə çalışır. Mütəxəssislərin fikrincə, Rusiya get-gedə zəiflədikcə bu ərazilərin Çin tərəfindən ilhaq olunması ehtimalı da istisna deyil. Pekinin öz imkanları sayəsində Rusiyanı ayaqda tutmağa çox meyl göstərməməsində bəlkə bu amil də mühüm rol oynayır.

 

Marşrut ölkələri arasında rəqabətdə, sözsüz ki, Çinlə ticari əlaqələrdə ön plana çıxmaq hissi də öz sözünü deyir. Xüsusilə Azərbaycanla Qazaxıstanın, Rusiya ilə Türkiyənin bu məsələdə eyni nöqtədə birləşməsi qeyri-mümkün görünür. Çin yetkililəri İpək yoluna daxil olan bütün dəhlizləri  üzrə nəqliyyat imkanlarının olduğunu bəyan etsə də, hər kəs bu piroqdan daha çox pay almağa çalışır. Xüsusilə, İran-Əfqanıstan-Türkmənistan – Azərbaycan-Qazaxıstan-Türkiyə dəhlizinin nə Qazaxıstanın, nə də Rusiyanın maraqlarına cavab verdiyi ortadadır. Düzdür, Azərbaycan Rusiyanı maraqlandırmaq üçün bu marşrutu iki yerə ayıraraq, Bakıdan Sankt-Peterburqa qədər Cənub-Şimal xəttini təklif edib. Bu yaxınlarda Putinin mətbuata açıqlamasından belə anlaşılır ki, Moskva da bu variantı nəzərdən keçirir:

“Biz Şimal dənizi yolu üzrə birgə işi fəal müzakirə edirik. Biz digər marşrutları da öyrənirik. Məsələn, “Şimal-Cənub” marşrutunu. Biz Hindistanın baş naziri ilə qeyd etmişik ki, konteynerlərin birinci partiyası İran və Azərbaycandan keçməklə artıq Sankt-Peterburqa çatıb və geri qayıdıb. Bütün bunlar praktik planda öyrənilir. Hansı daha effektiv olacaq? Test sınaqlarına baxacağıq və ən optimal qərarı seçəcəyik”, – deyən V. Putin elə həmin açıqlamasında Qazaxıstan üzərindən nəqiyyat dəhizinə daha isti baxdığını gizlətməyib: “Qazaxıstandan avtomobil yolu praktik olaraq çəkilib. Biz işimizin özümüzə aid hissəsini vaxtında yerinə yetirməliyik. Çindən də yol gedir. Dəmir yolu marşrutlarına gəldikdə, burada müxtəlif variantlar ola bilər: Qazaxıstandan keçməklə sonra bir qədər şərqə və cənuba, İrana doğru, ya da Rusiya ərazisindən keçməklə”.

 

Göründüyü kimi, Çini dünya hegemonluğuna aparan İpək yolu marşrut ölkələrində də ciddi şəkildə müzakirə olunur. Bu gün müttəfiq kimi görünən İran, Türkiyə, Rusiya, Qazaxıstan və Azərbaycan arasında zaman keçdikcə şiddətlənən rəbaqət isə Çinə yarayacaq. Çin həm bu rəqabətdən istifadə edərək, tranzit haqlarını xeyli aşağı endirə biləcək, həm də bu coğrafiyalarda öz gücünü möhkəmlədərək, bölgə iqtisadiyyatlarına tam hakim kəsiləcəkdir. Bunu Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi də etiraf edir və idxalat-ixracat sahəsində Çinin Türkiyəni üstələdiyindən danışaraq bildirir: "Çin ilə mövcud xarici ticarət əlaqələrimiz davam etdiriləcək kimi deyil. İxracatla idxalat  arasında 10 qat fərq var".

Rəsmi statistika da Nihat Zeybəkçinin fikirlərini təqdiqləyir. Məlumata görə, 2016-cı ildə Türkiyədən Çinə 2.3 milyard dollarlıq mal satılmış, əvəzində isə ondan 25 milyard dollarlıq mal alınmışdır. Bu isə həqiqətən 10 qatdan artıq fərq deməkdir.

Eyni problem post-sovet məkanı üçün də keçərlidir. Çin hələ ki, bu məkandan neft və qaz alır, bizə isə öz sənaye mallarını satır. Nəticədə enerji məhsullarının ucuzlaşdığı indiki zamanda post-sovet məkanı qeyri-neft sektorunu inkişaf etdirə bilmir. Sabah neft erası bitdikdən sonra coğrafiyamız Çinin satın almağa hazırlaşdığı ərazidən başqa heç bir anlam ifadə etməyəcək.

Azərbaycan hökuməti isə dünya bazarında neftin qiymətinin 60-65 dollar arasında dəyişilməsinə baxaraq, gah bayram edir, gah da qəmlənir.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 3 346          Tarix: 27-12-2017, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma