Könül Şamilqızı
Anadolu Agentliyi
Postsovet məkanının Rusiya ilə Avropa arasında sıxışıb qalan strateji ölkəsi Ukrayna yenə hərəkətli günlər yaşayır. 2014-ci ildə Rusiyanın Krımı işğalı və Donbass bölgəsində hibrid müharibəsinin başlaması kimi böyük bədəllər qarşılığında Avropaya inteqrasiya yolunu seçən Kiyev son həftələrdə daxili siyasətdə bitməyən mübahisələrlə yenidən dünyanın gündəminə gəldi.
Məsələnin maqazinləşdirən sabiq Gürcüstan Prezidenti və Odessanın eks-meri Mixail Saakaşvilinin Ukrayna rəhbərliyi ilə mübarizə üsulları ola bilər bəlkə, amma məsələnin mahiyyəti bu deyil. Kiyev öz seçimi olaraq açıqladığı və Qərbin tələb etdiyi islahatları həyata keçirmək zərurəti ilə bu islahatlara mane olan korrupsiya, oliqarxiya kimi xroniki problemlər arasında sıxışıb qalmış vəziyyətdədir
ABŞ və Avropanın 2014-ci ildə daha praktik bir tandem olaraq gördüyü Poroşenko-Yatsenyuk hakimiyyəti xalqın yeni lider axtarışı nəticəsində Ukraynanı Avropaya aparmaq və xroniki problemlərə həll tapmaq vədi ilə vəzifəyə gəldi. Yatsenyuk Baş nazir vəzifəsini iki il davam etdirdi, Poroşenkonun isə özündən gözlənənləri reallaşdırmaqda çətinlik çəkdiyi görünür.
XALQ YENİ BİR MEYDAN HƏRƏKATINA HAZIR DEYİL
Ukrayna inqilabdan sonrakı ilk iki ildə verdiyi böyük bədəllərə, müharibəyə və Rusiyanın fasiləsiz təzyiqlərinə baxmayaraq, Qərb ilə inteqrasiya istiqamətində ciddi addımlar atdı. Bu addımlardan biri də Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunun (NABU) yaradılmasıdır. Büro işlərə çox sürətli başladı, korrupsiyaya qarşı mübarizə çərçivəsində yüzlərlə cinayət işi açdı, lakin bu işlər Daxili İşlər Nazirinin oğlu da daxil, üst səviyyəyə uzananda daxili siyasətdə yeni bir müharibə başladı.
Prezident Poroşenko, açıq ifadə etməsə belə, bu müharibədə NABU-nun deyil, ona savaş açan Baş Prokuror Lutsenko-Daxili İşlər naziri Avakov ikisinin yanında yer alır. Bu, əlbəttə, Qərbliləri məmnun etmir, ancaq hələlik Ukraynanın Beynəlxalq Valyuta Fonduna borclarını ödəməyə başlaması, dövlət maliyyə sisteminin normallaşması, Yanukoviç dövründə içi tamamilə boşaldılmış ordunun yenidən qurulması, Kiyevin Rusiyaya qarşı barışmaz mövqeyi, ölkənin müharibədə olması Poroşenko rəhbərliyinin hakimiyyət limitini uzadır. Digər tərəfdən, son dörd ildə makroiqtisadiyyatdakı uğurları öz həyatlarında hiss etməyən, əksinə, iqtisadi vəziyyəti daha da çətinləşən ukraynalılar, hər nə qədər xəyal qırıqlığı yaşasalar da, yeni bir meydan hərəkatına başlamaq üçün hazır deyillər. Bu da Poroşenko rəhbərliyinin daxili siyasətdə hələlik daha rahat hərəkət etməsinə səbəb olur.
SAAKAŞVİLİ NECƏ ARZUOLUNMAZ ŞƏXSƏ ÇEVRİLDİ?
Poroşenkonun islahatçı olaraq Ukraynaya çağırdığı, vətəndaşlıq verdiyi, Odessa meri təyin etdiyi və böyük təriflər yağdırdığı keçmiş Gürcüstan Prezidenti Mixail Saakaşvili vətəndaşlıqdan çıxarılması da bu rahatlığın göstəricisidir.
Bəs, Saakaşvili baş verən bu prosesin harasındadır? "Ukraynanın böyük dostu" Saakaşvili nə üçün Kiyev üçün arzuolunmaz şəxsə çevrildi?
Pyotr Poroşenko sabiq Gürcüstan Prezidenti Mixail Saakaşvilini qeyri-rəsmi müşavir sifətilə 2015-ci ildə yaratdığı Beynəlxalq İslahat Məsləhət Şurası sədrliyinə gətirəndə və sonra da vətəndaşlıq verərək, Odessa kimi strateji bir vilayətə vali göndərəndə çoxları təəccüblənmişdi. Çünki Saakaşvili təcrübəli və çevik islahatçı olmasına baxmayaraq nəzarət edilməsi çətin, macəraçı və iddialı bir siyasətçidir. Beləcə, Ukrayna kimi çox dolaşıq problemləri olan bir ölkədə Saakaşvilinin yalnız reformist tərəfindən istifadə edib, siyasətçi kimliyinin arxa planda qalacağını düşünmək əvvəldən səhv idi.
Saakaşvili kimi enerjili, populist və sərt həmlələri sevən bir siyasətçi üçün isə Ukraynada siyasətin içində olmaq, ABŞ və ya Avropanın hər hansı ölkəsindəki bir araşdırma orqanında və ya institutunda işləməkdən daha cəlbedicidir. Çünki Gürcüstanda siyasət aparması əzəli düşməni Bidzina İvanişvilinin ölkəni pərdə arxasından idarə etdiyi müddətcə mümkün deyil. Ona görə də "Bir ölkəyə prezidentlik edən birinin başqa bir ölkədə mer olmağa üstünlük verməsi nə qədər doğrudur" sualına əhəmiyyət vermədən Odessada məmur olmağı qəbul etdi. Ukraynanın ən strateji şəhərlərindən sayılan Odessada həqiqətən də sürətli bir dəyişiklik prosesi başladı, bəzilərinin şou kimi də qiymətləndirdikləri özünəməxsus üsullarla korrupsiyaya qarşı mübarizəni bir neçə ay davam etdirdi. Ancaq qısa müddət sonra qaçınılmaz son baş verdi: Saakaşvili əvvəl Baş nazir Yatsenyuk və qrupu, sonra isə köhnə dostu Poroşenko ilə qarşı-qarşıya gəldi və gərginlik razılaşdırıla bilməz həddə çatanda 2016-cı ilin noyabrında Poroşenkonu Odessada iki oliqarx klanı dəstəkləməklə günahlandıraraq istefa verdi.
Əslində bu vəziyyəti yalnız Saakaşvilinin qeyri-konstruktiv mövqeyi ilə izah etmək haqsızlıq olar, çünki gürcü liderdən daha əvvəl Poroşenko rəhbərliyinin yenə islahatlar üçün gətirdiyi litvalı İqtisadiyyat naziri Ayvaras Abromaviçyus və ABŞ doğumlu Maliyyə naziri Natalya Yaresko istefa etmiş, Baş Prokuror müavini David Sakveralidze və Saakaşvili qrupundan bir çox adamlar vəzifədən kənarlaşdırılmışdı. Saakaşvilinin bu adamlardan fərqi texnokrat bir islahatçı deyil, inqilabları sevən iddialı bir siyasətçi olmasıydı. Gürcüstandakı son parlament seçkilərində partiyası Birləşmiş Milli Hərəkat yenə uğurlu qazanmayınca, Saakaşvili üçün yeganə siyasət ümidi Ukrayna idi və ondan Abromaviçyus və ya Yaresko kimi sakit istefa verib kənara çəkilməsini gözləmək sadəlövhlük olardı.
Saakaşvili Odessa icra hakimiyyətindən istefasının ardından mübarizəsini Kiyevə daşımaq qərarı aldı; Yeni Qüvvələr Hərəkatı Partiyasını qurdu və prezident Pyotr Poroşenko ilə dəstəsinə qarşı sərt tənqidlərini davam etdirdi. 2017-ci ilin iyulunda iki köhnə dost arasındakı gərginlik Poroşenkonun Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etməsi ilə nəticələndi. Qərarın səbəbi olaraq isə Saakaşvilinin Ukrayna vətəndaşlığına qəbul olunarkən, "şüurlu şəkildə yanlış məlumat və ya saxta sənəd təqdim etməsi" göstərildi, ancaq qərarın mətni açıqlanmadığı kimi, irəli sürülən arqument də o qədər inandırıcı olmadı. Qərarın siyasi olduğu çox açıq idi. Bəlli ki, Ukrayna Saakaşvilini vətəndaşlıqdan çıxardaraq bu böyük "başağrısı"ndan xilas olmağa çalışırdı. Ancaq bu mübarizə üsulu qarşıda Saakaşvili olduğu üçün heç uğurlu deyildi.
Vətəndaşlıqdan atıldığı zaman xaricdə olan Saakaşvili 10 sentyabrda Ukrayna sərhəddini tərəfdarlarının köməyi ilə keçərək, yenidən Kiyevə qayıtdı. Sığınma tələb etdi, ancaq rədd cavabı aldı. Daha əvvəl Gürcüstanın Saakaşvilini ekstradisiya tələbini iki dəfə rədd edən Ukrayna Baş Prokurorluğu isə keçmiş Gürcüstan Prezidentinin artıq vətəndaşı belə olmadığı keçmiş ölkəsinə ekstradisiya edilə biləcəyini gündəmə gətirdi.
KİYEV GƏRGİNLİYİ ARTIRMAQ İSTƏMİR
Saakaşvili isə Ukrayna Miqrasiya Xidmətindən 1 Mart 2018-ci ilə qədər oturum izni aldığını deyərək. Kiyevdə mübarizəsini davam etdirməkdə qərarlı olduğunu açıqladı. Gərginlik Saakaşvili rəhbərliyindəki Yeni Qüvvələr Hərəkatı Partiyasının 17 Noyabrda Kiyevdə müddətsiz etiraz aksiyaları başlamasını açıqlaması ilə yüksəlməyə başladı. Prezident Poroşenko bu şouların Ukraynada qeyri-sabitlik meydana gətirməyə çalışan qüvvələrin planı olduğunu söyləyərkən, Baş Prokuror Lutsenko Saakaşvilini çevriliş cəhdində günahlandırdı.
5 dekabrda Ukrayna Təhlükəsizlik Xidməti Saakaşvilinin Kiyevdə kirayədə yaşadığı evə əməliyyat təşkil etdi. Saakaşvili evin damına çıxaraq vaxtı uzada və tərəfdarlarını toplayaraq həbsdən xilas ola bildi. Həmin gün Baş Prokuror Lutsenko Saakaşvilinin keçmiş prezident Yanukoviçə yaxın oliqarxlardan Sergey Kurçenkodan 500 min dollar aldığını, bu pulla çevriliş etməyə çalışdığını, bu planın arxasında Rusiyanın olduğunu irəli sürdü. Lutsenko parlamentdə bəzi səs yazılarını səsləndirdi, ancaq "dəlillər" o qədər də inandırıcı deyildi ki, Baş Prokurorun gözlədiyi nəticəni doğurmadı.
Əlbəttə, Saakaşvili də mələk deyil, ancaq onu Rusiyanın idarə etdiyini iddia etmək, ən zəif ehtimal nəzəriyyələrindən biri olmalıdır. Çünki Rusiya Prezidenti Putin də keçdiyimiz günlərdə keçirdiyi mətbuat konfransında keçmiş Gürcüstan Prezidentinə nifrətini üzünün bütün cizgilərinə əks etdirərək "Saakaşvilinin etdikləri Ukrayna xalqının üzünə tüpürməkdir" deməklə Lutsenkonun fikrini alt-üst etmiş oldu.
Saakaşvili 5 dekabrdakı uğursuz cəhddən üç gün sonra saxlanıldı, ancaq üç gün sonra da məhkəmə tərəfindən həbssiz mühakimə olunmaq şərtiylə sərbəst buraxıldı. Bəlli ki, Kiyev gərginliyi daha çox artırmaq istəmirdi.
UKRAYNADADA SULAR YAXIN PERSPEKTİVDƏ DURULMAYACAQ
Saakaşvili sərbəst buraxıldıqdan sonra yenidən tərəfdarlarını mitinqə çağırıb, Kiyevin mərkəzində etirazları davam etdirdi. Amma 17 dekabrda Saakaşvili tərəfdarlarından bəzilərinin aksiya zamanı Oktyabr Sarayına hücumu və polislə toqquşması hadisələrin axarını dəyişdirdi. Bu dəfə Saakaşvili öz dozasını aşağı salmaq məcburiyyətində qaldı. Keçmiş Gürcüstan Prezidenti hər nə qədər davamlı mübarizə şəraitində özünü suda balıq kimi hiss etsə belə, tərəfdarlarının şiddətə baş vurmaları müharibə vəziyyətindəki ölkədə "qırmızı xətti keçmək" kimi dərk edildiyinin siqnalını almış olmalıdır ki, ritorikasını yumşaltdı, hətta Prezident Poroşenkoya məktub yazaraq siyasi böhranı həll etmək üçün əməkdaşlıq təklifində bulundu.
Çünki yuxarıda da toxunulduğu kimi, istər Qərb ölkələri, istərsə də Ukrayna xalqı gedişatdan hər nə qədər məmnun olmasalar da, yeni bir inqilabı, etiraz dalğasını, gərginliyi ölkə üçün məqbul variant olaraq görmürlər. Bundan başqa, Saakaşvilinin istər hüquqi statusu, istərsə də Qərb və Ukrayna xalqı arasındakı dəstək səviyyəsi onun gələcəkdə hansısa yeni prosesin lideri olmasına imkan vermir.
Ancaq həm Ukrayna xalqının keçmiş Sovet məkanının ən proqnozlaşdırılmayan xalqı olduğunu, həm Saakaşvilinin hərisliyinin pul və hakimiyyət deyil, daim hərəkət və uğur qazanmaq üzərində qurulduğunu, həm də Ukrayna rəhbərliyinin vəd etdiyi dəyişikliyi reallaşdırmaqda çətinlik çəkdiyini nəzərə alsaq ki, ölkədə suların durulduğundan əminliklə danışmağa dəyməz.
Sadələşdirdi: Ovqat.com
Paylaş: