Katoliklərin idini lideri Papa Franciskus da ABŞ-ın Qüds qərarına qarşıdır.
Ovqat.com xəbər verir ki, bu, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla Papa arasında telefon danışığında məlum olub.
Türkiyə Prezident Aparatından verilən məlumata görə, bu gün aparılan telefon danışığında hər iki lider Qüds məsələsini müzakirə ediblər:
"Liderlər bölgədəki sabitliyin əsası olan Qüdsün statusunun qorunmasının və bu məsələdə səhv addım atılmamasının son dərəcə əhəmiyyətli olduğu vurğulayıblar. Prezident Ərdoğan və Papa Franciscus ABŞ-ın atdığı səhv addıma qarşı hazırlanan layihənin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında 21 Dekabrda keçirilən səsvermədə 9-a qarşı 128 səslə qəbul edilməsinin sevindirici hal olduğunu bildiriblər. Üç səmavi dinə görə, müqəddəs olan Qüdsün statusunun qorunması üçün birgə səylərin əhəmiyyətinə toxunan Prezident Ərdoğan və Papa Franciskus ikitərəfli əlaqələri və beynəlxalq məsələləri üz-üzə görüşmək barədə razılığa gəliblər"- Türkiyə Prezident Aparatının yaydığı məlumatda belə deyilir.
Əslində Papanın bu mövqeyi gözlənilməz deyil. Əvvəla, ona görə ki, Qüdsün İsrailin paytaxtı elan edilməsi mənasına gələn məlum qərar xristianlığın da maraqlarına ziddir. Çünki xristianların ən müqəddəs məkanı Qüdsdə yerləşən Diriliş məbədidir. Bir növ onların həcci sayılan bu məkan İsa peyğəmbərin çarmıxa çəkildiyi və nəşinin 3 gün saxlandığı mağaranı əhatə edir. Son əsrə qədər xristianlar İsa peyğəmbərə edilmiş bu zülmün günahkarı kimi yəhudiləri görüblər və onlardan qisas almağa çalışıblar. İndi isə Trampın qərarıyla həmin məkan tamamilə yəhudilərin nəzarətinə verilir və istər-istəməz bir çox xristian çevrələri ciddi narahat edir.
Papanın indiyə qədər sərgilədiyi siyasi dünyagörüşü də Trampın bu qərarını qəbul etməyə imkan vermir. Franciscusun müxtəlif açıqlamalarında açıq-aşkar ABŞ imperializminə qarşı çıxışlarıyla yadda qalıb. Hətta bu çıxışlar bəziləri tərəfindən ona “sosialist Papa” ünvanının yapışdırılmasına səbəb olub. Sözsüz ki, “sosialist Papa” yəhudilərin və evangelistlərin dünya hegemonluğu iddialarından doğan qərarı qəbul edə bilməz.
Digər tərəfdən, Papa ABŞ-ın Yaxın Şərqdə müsəlmanlara qarşı mövqeyini həmişə III Dünya müharibəsinin əsas tərkib hissəsi kimi qiymətləndirib və ona qarşı çıxıb. Trampın Qüds qərarı isə bu savaşı qızışdırmağa xidmət edir.
Paylaş: