Xəbər lenti

 Saray qəsəbəsinin sakinləri neçə müddətdir nə qədər baş sındırsalar da, evlərinə verilən məişət qazının bəzi xüsusiyyətlərini anlaya bilmirlər. Məsələ heç də onun qoxusu və ya yanma şəkli ilə bağlı deyil. Dünyanın bütün yerlərində olduğu kimi, Sarayda da qaz fiziki göstəricilərinə görə elə həmin qazdır. Onu digər həmcinslərdən fərqləndirən yeganə xüsusiyyəti isə insanların qəzəbini hiss etdikdən sonra axım sürətini və təzyiqini artırmasındadır.

Dünyanın bəlkə də 8-ci möcuzəsi sayılacaq bu qeyri-adi təbiət hadisəsi barədə Ovqat.com-a Saray sakinlərinin özləri məlumat veriblər.

  Qəsəbənin Ziya Bünyadov küçəsində yaşayan sakinlərin bildirdiyinə görə, məişət qazı sarıdan xeyli əziyyət çəkirlər. Qışın bu oğlan çağında qəsəbəyə verilən qazın təzyiqi o qədər aşağı olur ki, onunla nəinki kombilərini işlədə bilmirlər, hətta yeməklərini vaxtında bişirməyə belə əziyyət çəkirlər.

   

Maraqlıdır ki, qəsəbəyə verilən qazın bu şıltaqlığı sakinlərin qəzəbləndirənə qədər davam edir. Elə ki sakinlər qəzəblənib qəsəbədəki yolu bağlayırlar və ya müvafiq orqanlara şikayət edirlər, qazın axın gücü də artır. Amma bu xoşbəxtlik də uzun sürmür. 3 gündən sonra məişət qazı yenə ənənəvi şıltaqlığına başlayır və bu, sakinlərin yenidən ayağa qalxıb şikayətlərini ortaya qoymasına qədər davam edir.

İndiyə qədər  dəfələrlə Saray Qaz İdarəsinə, qəsəbənin icra nümayəndəsinə, Abşeron Qaz İdarəsinə, Azəriqaza müraciət etmələrinə baxmayaraq, sakinlər bu problemi çözə bilməyiblər. Düzdür, hər şikayətdən sonra qazları əməlli başlı gəlib, sakinlər də evlərini isidiblər. Amma bu xoşbətlik hərarəti, yuxarıda da qeyd olunduğu kimi, uzağı 3-4 gün çəkib.

  Sakinlərin bildirdiyinə görə, məişət qazının istismarı üçün qaz idarələrinə borcları da yoxdur. Qəsəbədəki bütün evlərə smart-sayqac qoyulduğundan istifadə edəcəkləri qazın qiymətini əvvəlcədən ödəyirlər.

Qəsəbəni qazla təmin edən infrstruktur da yerindədir. Saraya neçə il bundan əvvəl yeraltı dairəvi qaz xətti çəkiblər. Bu xətt çəkiləndə qəsəbənin bütün sakinləri toy-bayram ediblər ki, bir daha qazları kəsilməyəcək. Di gəl ki, həmin xəttin çəkilişindən sonra “sən saydığını say, gör, qaz idarələri nə sayır” zərb-məsəli Saray əhlinin alın yazısına çevrilib.

Hazırda evlərində donan saraylıları ən çox incidən isə qış soyuğundan daha çox, dövlət qurumlarının onların taleyinə soyuq yanaşmalarıdır. Qəzəbsiz işləyən qaz təminatı üçün haraya müraciət edəcəklərini isə bilmirlər. Onu da bilmirlər ki, problem “Azərqaz”dadır, yoxsa elə qazdadır. Əgər doğrudan da bütün bunlarda “Azərqaz”-ın heç bir günahı yoxdursa, deməli, Saraya verilən qaz ya kəşf olunan yeni maddə kimi Mendeleyevin dövrü cədvəlinə,  ya da dünyanın 8-ci möcuzəsi kimi YUNESKO-nun siyahısına düşməlidir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 486          Tarix: 4-01-2018, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma