Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Ədalət Partiyasının (ƏP) sədri, sabiq millət vəkili, professor İlyas İsmayılovun "Sherg.az"a müsahibəsini təqdim edirik.
-Prezident seçkilərinə bir ildən də az vaxt qalır. Ədalət Partiyası öz namizədini seçibmi, təşkilatın prezident seçkilərində namizədi kim olacaq ?
-Seçki prosesini izləyəcəyik və proses demokartik tələblərə uyğun aparılsa, seçkilərə qatılacağıq. O zaman namizədimizi də müəyyənləşdirəcəyik, seçki platformamızı da. İndiki halda bu barədə danışmaq tezdir.
-Müxalifət düşərgəsi seçkidə iştirak üçün koalisiya yaratsa, təşkilatınız bu koalisiyanı dəstəkləyə bilərmi?
-Biz bir çox seçki prosesində müəyyən ittifaqlar yaradaraq seçkilərdə iştirak etmişik. Bu dəfə də elə bir təklif olsa, bunu qiymətləndirəcəyik.
-Seçkidən gözləntilərniz nədir?
-Demokratik cəmiyyətlərdə seçkilər siyasi idarəçiliyin təkmilləşdirilməsi, yeniləşməsi və xalq iradəsindən mandat alması fəlsəfəsinə söykənir. Ümumiyyətlə, bir toplumun demokratikliyi milli iradənin seçkilərdə nə dərəcədə inikasıyla müəyyənləşir. Azərbaycanda bu günə qədər bu prinsipin nə dərəcədə effektli olduğunu demək isə çətindir. Çünki seçkilərin ədalətli keçirilməsi barədə şübhələr olub. Arzu edərdim ki, Azərbaycan hakimiyyəti həm beynəlxalq qurumlar, həm də yerli seçicilər tərəfindən təqdirlə qarşılanan seçkilər keçirə bilsin. Bu, əlbəttə, bir arzudur. Gözləntilərimiz haqqında isə danışmaq istəmirəm. Ona görə ki, partiyalar qeybdən xəbər verən ekstrasenslər deyillər. Ədalət partiyası həmişə fakta qiymət verməyi xoşlayıb. Yenə də seçkilərin necə keçiriləcəyinə baxıb qiymət verəcəyik.
-Bir az da cəmiyyəti narahat edən məsələlər ətrafında danışaq. İlyas müəllim, bilirik ki, cəmiyyəti kifayət qədər yaxşı tanıyan şəxsiyyətlərdən birisiniz, ən müxtəlif dönəmlərdə ən müxtəlif vəzifələrdə çalışmısınız və insanlarla çox işləmisiniz.. Azərbaycan insanının psixologfiyasına, düşüncə tərzinə yaxşı bələdsiniz. Son zamanlar intihar hadisələri artıb. İnsanları intihardan çəkindirməli olan müəllimlər, psixoloq da intihar edirlər. Sizcə, bu, nə ilə bağlıdır? Kökündə nələr dayanır bu meylin?
-Keçmiş prokurorluq təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, intiharların bir çox səbəbləri olur. Başlıca səbəblərdən biri də intihar cəhdi göstərən insanların gələcəyə ümidlərinin yoxluğudur. Təəssüflər olsun ki, Azərbaycanda yeniləşməyən idarəçilər zümrəsi yetişib. Onillərlə eyni vəzifədə oturan bu insanların hərisliyi durğunluğa, ölkəni inkişafdan saxlayan mərəzə çevrilib. Bu da xüsusilə gənclərdə gələcəyə inamı azaldır. Digər başlıca səbəblərdən biri də insanların sosial vəziyyəti və çarəsizliyidir. Müəllimlər arasında intihar hallarının artması da bununla izah oluna bilər. Bilirsiniz ki, Azərbaycanda ən kasıb yaşayan təbəqələrdən biri də müəllimlərdir. Aldığı məvacibi çörək puluna yetməyən müəllimlərin daha gəlirli iş tapmaq problemləri də mövcuddur. Bu da azmış kimi, müəllimlərin çətin sosial durumlarına çarə tapmalı olan orqanlar onların etirazını nəinki dinləmir, əksinə bu müqəddəs peşə sahiblərinə rişxənd edir, zəhmət çəkib boş vaxtlarında bənnalıqla məşğul olmasını məsləhət görürlər. Bu cür etinasızlıqla üzləşən müəllimlərin özünəqəsd etməkdən başqa çarələri qalmır. Axı onlar indiki bir çox məmurlar kimi korrupsiya, dövlət əmlakını mənimsəmə, oğurluq və s. üzqızardıcı cinayətlər törədə bilmirlər. Müəlliminə bu cür barmaqarası baxan toplum inkişaf edə bilməz. İndiki dövr intellekt zəhmətinin rəvacda olduğu dövrdür. Özünüöldürmə həddinə çatdırılan müəllimlərdən isə kamil insan yetişmək kimi müqəddəs fəaliyyətlər gözləmək mümkün deyil.
-Televiziyalarla bağlı da çoxsaylı etirazlar giley-güzar var. Ziyalılar etiraz edirlər ki, televizyalar yalnız şou proqramnlardan ibarətdir, çox az hallarda ziyalıları dəvət edirlər. Ziyalılar efirlərdə görünmür və ya efirlərə ziyalıların üzünə bağlıdır. Axı ziyalı cəmiyyətin vicdanıdır. Azərbaycanda isə az qala insanların zövqünü ziyalılar deyil, yüngül əxlaqa malik şou nümayəndələri formalaşdırır ki, bu da... Sizcə, bu hal nə ilə nəticələnə bilər ?
-Təəssüf ki, haqlısınız. Günümüzün ən aparıcı kütləvi informasiya vasitəsinə çevrilən televiziyaların bu vəziyyəti ürək ağrıdır. Vaxtilə, deyilirdi ki, mətbuat təşviqat və təbliğat vasitəsidir. Düzdür, indi informasiya siyasəti tamamilə dəyişilib. Media sadəcə məlumatlandırıcı vasitəyə çevrilib. Bununla belə, ictimaiyyətə çatdırılan məlumatlar həm də ona yön göstərir. Xüsusilə gənclərimizi necə olmağa həvəsləndirir. Yüngül əxlaqlı insanların işğalına məruz qalan, ziyalılardan uzaq tutulan televiziyalar da bu baxımdan Azərbaycanın bu gününün, sabahının mənəvi xarakterini müəyyənləşdirir.
-Ölkənin tibb sahəsi ilə bağlı narazılıqlar çoxdur. İllərdir bu sahələrlə bağlı islahatların aparıldığı deyilir, amma effektiv nəticə müşahidə olunmur. Ən yüngül əməliyyatlar ölümlə nəticələnir...
-Təhsil və səhiyyə ilə bağlı partiyamızın incə detallarına qədər hazırladığı proqramları var. Bu barədə fikirlərimizi dəfələrlə həm mətbuat orqanlarında, həm də Milli Məclisin sessiyalarında ortaya qoymuşuq. Proqramlarımızda nəzərdə tutulan prinsiplər barədə danışsam, çox çəkər. Bu mövzu bir müsahibəyə sığmayacaq qədər əhatəlidir. Sadəcə onu demək isəyirəm ki, biz səhiyyəylə bağlı problemlərin əsas həllini tibbi sığortada görürük. Sağlam tibbi sığorta siyasəti aparılsa, həm insanlarımızın tibb müəssisələrində aldadılmasının qarşısı alınar, həm də hər kəs vaxtaşırı özlərini müayinə etdirə bilər.
-Azərbaycanın təhsil həyatında da çoxsaylı paradokslar mövcuddur. Təhsil məktəbdə deyil, ayrı-ayrı evlərdə verilir. təhsili, tədrisi ayrı-ayrı evlərdən məktəblərə qaytarmaq o qədərmi çətindir? Bu barədə qısa da olsa düşüncələriniz maraqlıdır.
Təhsil siyasətinə gəlincə, biz Konstitusiyanın vətəndaşlara verdiyi pulsuz təhsil siyasətinin həyata keçirilməsini tələb edirik. Bu istiqamətdə atıla biləcək konkret addımlar var. Məsələn, dünya ölkələrinin təcrübələrindən faydalanıb tələbələrə faizsiz təhsil kreditləri ayrılmalıdır. Bununla həm tələbələr ailələrindən asılı olmayaraq, oxuya, həm də ali məktəblər özlərini dolandıra bilərlər. Müəllimlərin uşaqların əlinə baxması da tarixə qovuşar, daha effektli təhsil mühiti yaranar.
-Son zamanlar Azərbaycanın tarixi və ədəbi şəxsiyyətləri ilə bağlı qarayaxma xarakterli kampaniyalar aparılır. Məsələn, ötənlərdə öz xalqına "oturmayan ermənidir, qalxmayan erməndir" deyən Nemət Pənahlı , daha sonra Sərdar Cəlaloğlu və Hikmət Hacızadə kimiləri xalq şairi Səməd Vurğunu anti-milli şair adlandırdılar və onu bu xalqa xəyanətdə günahlandırdılar. Təsəvvür edin ki, bizim tarixi və ədəbi şəxsiyyətlərimizi, böyük ədiblərimizi ermənilər də təkzib edirlər, öz azərbaycanlılarımız da. Sizcə, öz şəxsiyyətlərimizi ləkələməklə hara gedirik ?
-Səməd Vurğun haqqında mənfi fikir söylənəndə ona ilk cavabı verən mən olmuşam. Zaman-zaman müxtəlif tarixi şəxsiyyətlərimizə hücumlara da eyni həssasiyyətlə yanaşmışam. Hesab edirəm ki, tarix haqqında bu cür müzakirələr zərərlidir.
-Siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsaitin məbləğ haqqında fikirləriniz maraqlıdır ...
-Partiyalar, müxalifliyindən, iqtidarından asılı olmayaraq, dövlətin ən mühüm müəssisələridir. Çünki dövlətlərin siyasətlərini onlar müəyyənləşdirir. Hər bir dövlətdə isə bir-biriylə razılaşmayan, ölkənin daha yaxşı idarə olunmasını hədəfəyən qruplar olur. Onların başqa dövlətlərdən asılı olmaması hakimiyyətlərin bir nömrəli marağına, strategiyasına çevrilməlidir. Mən bu mənada ölkədəki bütün ciddi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinin tərəfdarıyam. Bizdə isə ancaq parlament partiyaları maliyyələşdirilir. Onların isə bəzən cəmiyyətdə real gücləri olmur. Fikrimcə, dövlət yetkililəri bu barədə də düşünməlidirlər. Partiyaları xarici sponsorların ümidinə qoyub ölkənin gələcəyini risk altına atmaq olmaz.
-2017-ci ölkənin ictimai-siyasi həyatı üçün nə ilə yadda qaldı və 2018-ci ildən məxsusi olaraq Dağlıq Qarabağ münaqişəsinə dair gözləntiləriniz nədir? Münaqişənin həlli nədən keçir və sizin partiyanın bu yöndə təklifləri varmı?
-Biz hesab edirik ki, Azərbaycan Minsk qrupu ilə müzakirələri dayandırıb Qarabağ problemini öz gücünə həll etməlidir. Hesab edirəm ki, bunu həll etmək üçün Azərbaycanın kifayət qədər gücü var. Söhbət təkcə münaqişənin hərbi yolla həllindən də getmir. Azərbaycan elə siyasət aparmalıdır ki, ölkəmizin ordusu qarşı tərəf üçün çəkindirici güc olduğu kimi, iqtisadiyyatı da Qarabağda yaşayan erməni vətəndaşlarımız üçün cazibədar olsun. Onlar öz xoşlarıyla Azərbaycanın tərkibinə yaşamağı arzlasınlar. Nə yazıq ki, Azərbaycan iqtisadi sarıdan get-gedə bu cazibəsini itirir. Bu yaxınlarda ölkə başçısı minimum əməkhaqqı barədə sərəncam imzaladı. Sərəncama görə, Azərbaycanda bu məbləğ 64 dollar civarında müəyyənləşdi. Biz ilk növbədə insanlarımızın yaşayış minimumlarını yüksəltməli, sonra isə Qarabağ məsələsi ilə bağlı konkret mövqeyimizi ortaya qoymalıyıq. Qarabağın erməni sakinləri Azərbaycanın tərkibində azərbaycanlılarla birgə yaşayışın onlara hər cəhətdən faydalı olduğunu düşünməlidirlər. Bu, təcavüzkar Ermənistanın Qarabağ əhalisi üzərində təzyiqini azaldar və onlar bizimlə döyüşməyə həvəssiz yanaşarlar. Azərbaycan ordusunun döyüşü isə Qarabağın geri qaytarılmasını təmin edər. Yəni, bu siyasət kompleks şəkildə həyata keçirilməlidir.
- Xalqımıza arzularınız...
-Mən ilk növbədə bütün Azərbaycan xalqını həm Həmrəylik günü, həm də Yeni il münasibətilə təbrik edirəm. Arzum budur ki, biz həqiqətən həmrəy olaq. Dünyanın ən böyük millətlərindən olmağımıza baxmayaraq, ovcumuzda kiçik torpaq sahəsi qalıb. Bunun əsas səbəbi isə həmrəyliyimizin yoxluğu, birbirimizin balağından çəkməyimizdir. Azərbaycanın indi hər zamandan daha çox birliyə, bərabərliyə ehtiyacı var. Biz bir-birimizi sevməsək də, dünyada çətiri altına toplana biləcəyimiz ikinci evimiz yoxdur. Azərbaycan bizim ortaq evimizdir. Bu evdə birgə və əmin-amanlıq içərisində yaşamağı öyrənməliyik.
Söhbətləşdi: Ayyət ƏHMƏD
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar