Eks-spiker Rəsul Quliyevin İrandakı siyasi təlatümlərlə bağlı Ovqat.com-a verdiyi müsahibəsini təqdim edirik:
-İranda nə baş verir? Üsyanlarda xarici amil nə dərəcədə rol oynayıb?
-İranda həyat səviyyəsi Azərbaycandan ən azı 2 dəfə (aylıq orta əmək haqqı 470 dollardır) yuxarıdır. Bu ölkədə sözün əsl mənasında vətəndaşlar üçün yüksək səviyyəli pulsuz tibbi xidməti var. İnstitutlarda rüşvət almırlar. Qiymətlər Azərbaycanla müqayisədə 30 faizdən tutmuş 2 dəfəyə qədər ucuzdur.
İranda seçkilər molla siyasi şurasının nəzarəti altında aparılır, ancaq saxtalaşdırılmır. Parlament üzvlərini və prezidenti xalq seçir. Son prezident seçkisində molla şurasının dəstəkləmədiyi Ruhani yenidən seçildi və Xamneyi seçimlə razılaşmalı oldu. İranda bütün türk əsillilər ümumi əhalinin təqribən 30 faizini təşkil edir. Sual ortaya çıxır: nə üçün maaşı 2 dəfə az, səhiyyə və təhsili rüşvət və korrupsiya içərisində olan, insan haqlarının tapdalandığı, həmişə bütün seçkilərin saxtalaşdırıldığı, kölə vəziyətində olan biz azərbaycanlılar səsimizi çıxarmırıq, İranlılar isə rejimə qarşı mübarizəyə qalxır? Bu suala cavab tapmaq üçün bir qədər tarixi araşdırmaq lazımdır.
Dünyanın ilk imperiyalarından (2500 il bundan öncə) biri olmuş İranın dövlətçilik ənənələri çox güclüdür. Faktiki İran, dövlətçiliyini çox qısa bir müddətə, Teymurləngin vaxtında itirib və yenidən bərpa edib. İran imperiyası Hindistandan tutmuş Aralıq dənizinə qədər böyük bir ərazini əhatə edib. Bizim ağılsız alimlərimiz Azərbaycanın tarixini İranın tarixindən ayırmaq istəyirlər. Belə bir siyasət Sovet imperiyasının yaratdığı yalançı siyasətdir. Və bu günə qədər “azərbaycanlılar türkdür, İran imperiyası isə farslarındır” kimi ideyalarından əl çəkməyən nadanlar öz əsassız düşüncələriylə azərbaycanlıların qədim xalq olduğunun üzərindən xətt çəkməyə çalışırlar. İranda (başıboşların iddia etməsinə baxmayaraq) azərbaycanlıların nə vaxtsa öz azadlıqları uğrunda mübarizə aparıb İranın tərkibindən çıxması tarixi faktı ilə rastlaşmaq mümkün deyildir. 1905-1911 –ci illəri Səttarxanın Azərbaycan uğrunda mübarizə apardığını iddia edənlər tarixi faktlardan xəbərsiz nadanlardır. 1908-ci ildə İranın yeni konstitusiyasını (demokratik yolla seçilmiş parlamenti) ləğv etmək istəyən şaha qarşı bir çox şəhərdə üsyana qalxdılar. Şah qoşunlarına (40 minlik orduya) ən güclü müqavimət Səttar xanın başçılığı ilə Təbrizdə göstərildi. Səttar xanın yaratdığı qoşuna İranın bütün əyalətlərindən konustitusiyaçı farslar, kürdlər və başqaları da toplaşmışdılar. Onların davası regional dava deyildi, konstitusiyanın bərpası davası idi.
İranda zaman-zaman xalq rejimə qarşı ayağa qalxıb. 1920-ci ildən bu günə qədər xalqın gücü ilə ən azı 5 dəfə rejim dəyişilib. Bu xalq hərəkatlarında Təbrizin həmişə aparıcı rol oynadığını iddia edənlər sadəcə olaraq yalan danışırlar. Ən azı Xomeyni inqilabını Tehran həyata keçirdi. 2009-cu il prezident seçkilərinin saxtalaşdırıldığını iddia edib mitinqlər keçirənlər əsasən Şiraz və Tehrandan olublar, Təbrizdən yox. İndi də Azərbaycanın yaşadığı regionlar ayağa qalxmadılar - nə üçün? Məgər onların vəziyyəti başqa şəhərlərdə yaşayanlardan daha yaxşıdırmı? – yox.
Azərbaycanlılar İranda passivlik göstərirlər. İrandan Ermənistana neft və qaz, ərzaq və başqa məhsullar daşınır və İran Ermənistanın iqtisadiyatında çox mühüm rol oynayır.Bütün bu məhsullar Ermənistanla sərhəd olan azərbaycanlıların yaşadığı regionlardan daşınır. Ancaq indiyə qədər bir dəfə olsun belə, azərbaycanlılar bizim torpaqları işğal etmiş ermənilərə məhsul göndərməyə etiraz etməyiblər. Kiçik bir təxribat belə etməyiblər.
İranda rejimə qarşı mübarizələr dalğası əsasən farslar tərəfindən təşkil edilir. Hər dəfə olduğu kimi, bu dəfədə Məşhəddə (İranın 2-ci ən böyük şəhəri) başlanan igtisadi tələb hərəkatı Rəşt, İsfahan, Tehran və başqa şəhərlərə keçdi, tələbələrin kütləvi şəkildə siyasi tələbləri ilə davam etdi. İranda inqilab yetişmək üzərədir. Gənclər islam fundamentalizmi rejimini qəbul etmək istəmir, sivil həyata can atır, rejimin əsas dayağı kimi yaradılmış elit zümrə sayılan jandarma və xəfiyyəni qəbul etmirlər. Molla siyasi bürosu və onun rəhbəri Xamneyinin heç kimə hesabat vermədən ölkəyə ixracatdan gələn valyutanın xərclənməsinə rəhbərlik etməsi etirazların əsas səbəblərindəndir. Jandarma, polis və digər silahlı qüvvələrin, xarici ticarət və siyasətin ancaq molların əlində toplanmasından, prezident və parlamentin heç bir rolunun olmamasından narazı olan İran xalqı partlamağa hazırdır. Xüsusilə son 2 ildə sanksiyalardan azad olmuş İrana daxil olmuş 100 milyard dollara yaxın vəsaitin Xamneyi tərəfindən Suriya rejiminin müdafiəsinə, Hizbullah və Həmasın möhkəmlənməsinə, Yəməndə vətəndaş müharibəsində Husilərə xərcləməsindən qəzəblənən iranlıların səbr kasası dolmaq üzərədir. Sanksiyalar aradan qaldırılandan sonra iranlıların həyat səviyyəsinin aşağı düşməsinin absurdluğunu dərk edən gənclər rejimlə mübarizədə daha da qətiyyət göstərəcəklər.
İrandakı hərəkatın vüsət almasında xarici faktorun, daha doğrusu, ABŞ-ın rolunu danmaq mümkün deyil, ancaq bu çox cuzidir. Əsas faktor iranlıların narazılığının yüksək olmasıdır. Xarici faktoru əsas faktor kimi qələmə vermək bütün diktatura rejimlərinə xasdır.
Məsələn RF rəhbərliyi ölkəsinin düşmən qüvvələr tərəfindən əhatə olunduğunu, ona qarşı aparılan mübarizəni rus xalqının pis yaşamasının səbəbi kimi göstərir və insanlarda xaricilərə nifrət, öz liderinə isə məhəbbət hissini gücləndirir.
Eynilə bizimkilər də Azərbaycan xalqın vəziyyətinin ağır olmasının səbəbinin ermənilərdən qaynaqlandığını bar bar bağırır, utanmadan öz əcaib siyasətini davam etdirirlər. Hərbə çox pul xərcləməyə məcbur olduğunu camaatın gözünə soxur. Yaratdığı rejimin yaramazlıqlarını aradan qaldırmaq barədə isə düşünmür, çünki buna intellektual imkanları çatmır. Halbuki, Avstriya ilə Çexiya, əhalisinə və sahəsinə görə Azərbaycana bənzər ölkələrdir və hər ikisi hərbə Azərbaycandan çox pul xərcləyir, vətəndaşları isə azərbaycanlılardan azı 5 dəfə yaxşı yaşayır. Tutaq ki, azərbaycanlılar bunu anlamır, kölə həyatlarından razıdır. Bəs, özlərini bu xalqın elitası hesab edən vəzifə sahibləri nə üçün bu elementar şeyləri görmək istəmirlər?
İran xalqı xarici faktorlar olmasa da indiki rejimi dəyişməyə cəhd edəcəklər. Xarici dəstək sadəcə onları öz mübarizələrinə həvəsəndirir.
-Maraqlı bir məqama toxundunuz. Bildirdiniz ki, İrandakı gərginliyin başlıca səbəbi molla siyasi şurasının Yaxın Şərqdə apardığı mübarizənin ölkə iqtisadiyyatına vurduğu zərbədir. Sizcə, bu böhrandan sonra İranın xarici siyasətində hansısa dəyişiklik olacaqmı?
-Xarici siyasətdə elə bir dəyişikliyin olacağını gözləmirəm. Ola bilər ki, Xamneyi yaramaz təşkilat və vətəndaş müharibələrini maliyələşdirməyi bir qədər azaltsın.
-Sözlərinizdən belə anladım ki, Cənubi Azərbaycan probleminin yenidən qabara biləcəyinə inanmırsınız?
-Cənubi Azərbaycan problemi nə vaxt qalxmışdı ki, yenidən qabarsın?
-Niyə elə deyirsiniz? Mahmud Cöhrəqanlı vaxtaşırı çıxışlarında, o cümlədən son vəziyyətlə bağlı açıqlamalarında Cənubi Azərbaycan məsələsini qaldırmışdı...
-Siz əgər Çöhrəqanlı kimi dünyadan xəbərsizlərin sözlərini əsas götürüb Cənubi Azərbaycan problemi olduğunu düşünürsünüzsə, səhv edirsiniz. Amerikada çoxlu iranlı yaşayır. Mən bir dəfə belə olsun, nə Nyu York, nə də Kaliforniyada yaşayan iranlıların ağzından “mən cənubi azərbaycanlıyam” sözünü eşitməmişəm. Hamısı özünü iranlı sayır və həmişə millətindən asılı olmayaraq iranlılar kimi toplaşırlar. Heç kim İranı farslarınkı hesab etmir.
-ABŞ İran məsələsini BMT TŞ-da qaldırmağa çalışır. İkinci İraq və ya Əfqanıstan ssenarisimi hazırlanır?
-İraq və Əfqanıstan ssenarisi olmayacaq. Maksimum, ABŞ İranın nüvə obyektlərini bombalayar, qalan işi (yəni rejimi yıxmağı) İran xalqının özünə həvalə edər.
-Bəs, Rusiya necə, bu durumda İranı qurban verə bilərmi? Moskvanın buna reaksiyası necə olar?
-Rusiya kimdi ki, İranı qurban versin və ya xilas etsin? İqtisadi vəziyyətinə görə özü ayaqüstə zorla dayanır. Həmişə özününkü hesab etdiyi Ukraynanı itirən Rusiya indiki vəziyyətində əbədi düşməni olan İranda heç bir şey edə bilməz.
-Xüsusilə Fransanın timsalında Avropa ölkələrinin İrana daha mülayim yanaşdığını görürük. Bu yanaşma Qüds məsələsində də müşahidə olundu. Daha əvvəl isə Liviyaya hərbi müdaxilə zamanı ABŞ da Fransa və İtaliyanın başlatdığı əməliyyatda kənardan izləmə mövqeyi tutmuşdu. Dünya yeni qübtləşməyəmi gedir?
-Liviya ilə əlaqədar Fransa ilə ABŞ arasında elə bir fikir ayrılığı olduğu ilə razılaşmaq olmaz. Çünki Beqazi və Tripol arasında hərəkət edən Qəddafi tanklarını Amerika təyyarələri vurdu və heyət tankları qoyub qaçdılar.
Prezident Makronun siyasətinə gəlincə, bu, Fransanı Avropanın aparıcı dövlətinə çevirməyə hesablanıb. Fransanın prezidentləri zaman zaman ölkələrini Avropanın super gücünə çevrilməsini arzu edirlər, ancaq bu, arzu olaraq da qalır. Məsələn, Makronun “İngiltərə Avropa İttifaqından çıxıb, ona görə də fransız dili avropanın dilinə çevrilməlidir” kimi yungül çəkili bəyanatları təəccüb doğurur. Qudrətli Almaniya və alman dilli, köklü avropalılar heç vaxt Fransanı birinci yerə buraxmazlar. Fransanın şirkəti “Total” İran neft kompaniyası ilə 5 milyard dollarlıq saziş bağlayıb. Makronun İranla əlaqədar tutduğu mövqe “Total”ın maraqlarını qorumağa xidmət edir. Ancaq Fransanın ixracatı ABŞ-dan asılıdır. İranın 5 milyard dollarlıq sazişinin fonunda Fransanın ABŞ-la bir neçə 100 milyardlıq ticarəti daha möhtəşəm görsənir. Ümumiyyətlə, Avropa dövlətləri ABŞ-dan çox asılıdırlar və sözsüz ki, heç bir ciddi qütbləşmə gedə bilməz.
-Azərbaycan hakimiyyətinin İrandakı proseslərlə bağlı təmkinli siyasəti nə dərəcədə doğrudur? Axı bizim liderlər vaxtaşırı 10 milyonun deyil, 50 milyonun adından danışırlar. İndiki laqeydliklə 50 milyonun lideri iddiası bir araya sığırmı?
-Azərbaycan hökümətinin hansı təmkinsiz siyasət apara biləcəyindən söhbət gedir, analaya bilmirəm. 50 milyonluq deyəndə İranda 40 milyon azərbaycanlının yaşadığı iddia olunursa, bu da göydən götürmə bir rəqəmdir. Çünki İranda maksimum 20 milyona yaxın türk əsilli (türkmənlər də bu qurupa aiddir) yaşayır. İranın ən böyük şəhərlərindən biri olan Təbrizdə 1.5 milyon Ərdəbildə isə 600 min əhali yaşayır.
Məsələ onda da deyil. İrandakı azərbaycanlılar nə vaxtdan onların adından danışmağı bizimkilərə həvalə ediblər? İrandakı azərbaycanlılar müstəqil ölkədə yaşayan azərbaycanlılara yuxarıdan aşağı baxır, nə vaxtsa yenidən İranın tərkibinə daxil olacağına və onda normal insanlara çevriləcəklərinə inanırlar. Ümumiyyətlə Azərbaycan RF-na, İrana, Türkiyəyə və Qərbə yaxınlığını can fəşanlıqla sübut etməyə çalışmaqdan və ya bu cür görsənməkdən başqa heç bir siyasət apara bilməz. Bizim XİN-də 50 nəfər işçi qalsa belə, ölkənin olmayan xarici siyasətini aparmağa kifayət edər.
Söhbətləşdi: Heydər Oğuz
Ovqat.com
Paylaş: