Xəbər lenti
Dünən, 19:25

 

Bu məsələ barədə fkir mübadiləsi aparsaq, necə olar? Əhalimizin hər gün əridiyi, azaldığını qəsd edirəm.

Ailələrdə övladların sayı sürətlə azalır. Ailələrdə 1-2 uşaqla kifayətlənmək artıq adi hal alıb, bunu normal qəbul edirlər. Hələ bir də boşananlar var. Bu ailələrdən geriyə də ən çox iki, çox vaxt bir uşaq qalır, bəzən isə heç bir uşaq qalmır.

Əhalimizin sayı sürətlə azalır. Sabit qalması üçün hər ailədə ən az üç, normal olaraq isə dörd üşaq olmalıdır. Əhalinin artması üçün isə böşanan ailələrin sayı ən çox 25% təşkil etməli, ailədə uşaqların sayı 5 və daha çox olmalıdır. Amma bu gün buna ailələri inandırmaq çox çətin, hətta qeyri-mümkün görünür. Bəhanə olaraq isə zəmanə - mücərrəd bir şey göstərilir. Zəmanə ağır imiş, yaşamaq çətin imiş və s.

Kim inanar buna? Əsl səbəb isə rahata düşgünlük, əyləncəpərəstlik, laqeydlik – özümüzə və ailəmizə laqeydlik. Çox qədim zamanlarda deyil, 40-50 il əvvəl vəziyyət başqa idi. Ailə gəlirinin bu günkündən dörd-beş qat az olduğu, tozsoranın, soyuducunun, paltaryuyan və paltarqurudanın, qabyuyanın, kondisionerin, televizorun, mobil telefonun, internetin, suqızdırıcının, pampersin, UZİ cihazının  olmadığı, insanların minik avtomaşınına həsrətlə baxdıqları, fantastik qəbul etdikləri, kənd təsərrüfatı işlərinin az qala köləlik qədər ağır olduğu o illərdə ailələrdə uşaqların sayı beş, altı, hətta daha çox olurdu. Yaxşı xatırlayıram, hər ay dərc olunan “SSRİ Ali Sovetinin vedomostları” məcmuəsində Naxçıvanın (Azərbaycanın hər hansı bir kəndini də bura daxil etmək olar) Nehrəm, Cəhri, Yaycı, Qarabağlar, Qıvraq, Sədərək, Xok kimi böyük kəndlərindən hər ay, digər yaşayış məntəqələrində isə saysız-hesabsız birinci və ikinci dərəcəli “Analıq şərəfi” ordeni ilə (5 və daha çox uşağa görə), bir neçə “Qəhrəman Ana” medalı ilə təltif olunanların siyahısı dərc edilirdi. Bu ada layiq görülə bilmək üçün isə ailədə uşaqların sayı 10-u keçməli idi.

Mən sizi quru statistika və keçmişin nostaljisi ilə darıxdırmaq, yormaq istəmirəm. Diqqəti bu statistikanın arxasında dayanan mənəvi-əxlaqi və sosial problemə yönəltmək istəyirəm. Problemin adını da qoyuram: ailədə övalarımızı yetimləşdirmək.

Yetim sözü valideynlərdən birini və ya hər ikisini itirən uşaqlar üçün işlədilir. Bəs əmi, dayı, xala, bibi anlayışlarından xəbərsiz böyüyən uşaqlara nə deyək?

Biz uşaqlıq illərimizi əmilərmizgildə, dayılarımızgildə, xalalrımızgildə, bibilərimizgildə keçirmirdikmi? Hər uşağın iki əmisi, iki dayısı, iki xalası, iki bibisi, onların da hərəsinin beş-altı uşağı olurdu. Bu nə deməkdir, təsəvvür edə bilirsinizmi? 8 x 5+40, 8 x 6 = 46 edir. Yəni bu ailədən olan uşaqların baba və nənələri nəzərə almasaq, orta hesabla 50-60, 70 qohumu olurdu. Baba və nənələri də əlavə etsək, hər ailənin yaxın qohumlarının sayı 100 nəfəri keçirdi. Uşaqlar bu insanlar arasında böyüyür, əmilər, xalalar, bibilər, dayılar bu uşaqlara qayğı göstərir, onlara nəzarət edir, onları tərbiyə edirdilər. İllər keçdikcə bu ailələr daha da şaxələnir, daha genişlənirdi. Ailədə bir nəfər “Başım ağrıyır,” desə, başına yüz adam toplanırdı; bir uşaq əsgər yola salınanda vağzalı bir neçə yüz adam doldururdu. Toylarda, yaslarda...

Təsəvvür edirsinizmi? Bu ailələrdəki hər bir uşaq yüzə qədər insanın (qonşuları, uzaq qohumları, müəlimləri nəzərdə tutmuram) nəzarəti altında böyüyürdü. Yardımlaşmalar, pay göndərib pay qəbul etmələr, təsərrüfat işlərində br-birlərinə əl uzatmalar, daha nələr, nələr... Bu uşaqlardan biri ədəbsiz hərəkət etdikdə bütün tayfa həyəcan siqnalı almış kimi ayağa qalxırdı. Birinin başına bir bəla gələndə hamı bir nəfər kimi hərəkət edirdi: kimi milis, kimi sürücü, kimi partiya işçisi, kimi müəllim, kimi ağsaqqal, hamı səfərbər olur, məsələni bir su içimi qədər zamanda həll edirdilər. Biri evlənəndə kənardan adam cəlb etmək ağıla belə gəlmirdi, çünki yer qohumları ancaq tuturdu.

Uşaqlar bir-birlərinin paltarlarını geyə-geyə böyüyürdü, böyük yaşlılar kiçik yaşlıları saxlaya-saxlaya, qayğı göstərə-göstərə, qoruya-qoruya böyüyürdülər. Buyurun, bu da sizə tərbiyənin, pedaqogikanın sahələri! Əxlaq burada aşılanır, tərbiyə burada edilir. Yoxsa dörd divar arasında, tək, eqosuna bağlı insanlar yetişdirməklə biz oturduğumuz budağı kəsdiyimizin fərqindəyikmi?

Heç olmazsa, bunu düşünək: bir gün biz də qocalacaq, təqaüdə çıxacaq, dörd divar arasına məhkum olacağıq. Bugünkü sağlamlığımızı xəstəliklər, zəifliklər əvəz edəcək. Bir zaman gələcək, valideynlərdən biri bu dünyanı tərk edəcək, təklik dövrü başlayacaq. O zaman uşaqların telefon zənginə, qapımızı açıb keyfimizi soruşmasına, bizə sahib çıxmasına ehtiyacımız olacaqdır. Bir uşaqdan bir, beş uşaq beş, on uşaq on telefon zəngi gələcəkdir. Beşi naxələf olsa, biri qədirbilən olacaq. Amma bu da bizdən asılı olan bir şeydir.

Bugünkü ailələr öz eqolarının müdafiəsində nələri itirdiyinin, özlərini və övladlarını necə yetimləşdirdiklərinin fərqində deyillər. Amma əldən heç nə gəlmir. “Dolandırmaq olmur,” deyib Allahın ruziləndirmə kimi feilinə şərik çıxır, özlərini Onun yerinə qoyurlar.

Bu gün Azərbaycan ailələrinin neçəsində avtomaşın, hətta bahalı cip var? Neçə ailənin villası, geniş sahəli mənzili, mənzilləri, iş yerləri, firma və müəssisəsi var? Ailədə neçə nəfərin qiyməti ən az 300 manat olan mobil telefonu var? Neçə ailədə qiyməti təqribən 600 manat olan kompyuter, tablet var? Neçə ailədə paltaryuyan, paltarqurudan, qabyuyan, tozsoran maşın yoxdur? Neçə ailə ayda toylara, ad günlərinə, qonaqlıqlara və s. tədirlərə neçə manat xərcləyir?

Bu siyahını yenə uzatmaq olarmı? Amma məsələ bunda deyildir, bu statistikanı düşünüb “İndi zəmanə ağırdır, uşağı saxlamaq, böyütmək olmur” kimi bəhanələrlə ailələrimizi çürütmək, yox etmək istəyindən vaz keçməmizi düşünməyə başlamaqdadır.

Bizim uşaqlar atalı-analı yetim böyümürlərmi?

Əslində, yetimləşdirilən əhalisi hər gün əriyən dövlətimizdir, xalqımızdır, millətimizdir.

Bəlkə səhv edirəm? Bu da ola bilər, amma...

Nazim Əkbərov




Ana səhifəyə qayıt        Baxış: 3 306          Tarix: 12-01-2018, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma