Türkiyə bütün gücüylə Afrin döyüşünə hazırlaşır. Bir tərəfdən Türk ordusunun müxtəlif bölgələrdəki hərbi texnikaları Afrinlə sərhəddə göndərilir, bir tərəfdən isə top atışlarıyla Afrindəki PKK/PYD qüvvələri vurulur. Bu baxımdan qardaş ölkənin Afrin əməliyyatına artıq başladığını da söyləmək mümkündür.
Türk mətbuatının yazdığına görə, təkcə dünən ön təmizləmə əməliyyatı nəticəsində ən azı onlarla hədəf vurulmuş, ən azı 30 terrorçu zərərsiz hala gətirilmişdir. Vurulan hədəflərdən ikisinin isə silah anbarı olduğu bildirilir.
PKK/PYD döyüşçülərinin ratsiyalarla tutulan danışıqlarından qarşı tərəfin xeyli itki verdiyi və bir-birindən kömək istədiyi təsbit olunmuşdur. ABŞ-ın yaratmağa çalışdığı separatçı ordunun canına düşən vəlvələdən bəzi terrorçu komandirlərin Türkiyəyə təslim olduğu barədə məlumatlar da informasiya kanallarında yer almaqdadır. Belə komandirlərdən biri də PYD-yə bağlı Ceyşül Süvvar batalyonunun rəhbəri Əbu Əli Baratdır. Məlumata görə, komandir Afrin sərhədlərinə gələrək, Türk ordusuna təslim olub.
Bununla belə, Türk ordusunu Afrində ağır imtahan gözləyir. Əməliyyatı çətinləşdirən amillərdən biri kürd separatçılarının üz-üzə döyüşməkdən çəkinib mülki vətəndaşların arasına qarışmasıdır. Bu isə istər-istəməz Türk ordusunun daha diqqətli döyüş aparmasını, bacardığı qədər sivil xalqa toxunmamağa etina göstərməsini tələb edir. Afrində isə sivil xalqla döyüşçünü ayırmaq müşkül məsələdir. Ən azı ona görə ki, döyüşçülər də mülki vətəndaş kamuflajına bürünüb və bölgə insanlarının önəmli qismi silahlandırılıb. Bir sözlə, kimin sivil, kimin silahlı olduğu belə məlum deyil.
Bildirilir ki, Afrində hal-hazırda 9 mindən artıq PKK/PYD silahlısı döyüşə hazır vəziyyətdədir. Səfərbərlik ediləcəyi təqdirdə isə yerli xalqdan 25 min nəfəri silah altına almaq olar. Türkiyə də Afrin əməliyyatına böyük qüvvə ilə qatılmağa hazırlaşır. Təkcə Azad Suriya Ordusundan 40 min döyüşçünün bu əməliyyata cəlb edildiyi vurğulanır. Türk ordusunun çoxsayda zirehli texnikası, o cümlədən tankları da əməliyyatda iştirak edəcək. Məlumata görə, Türkiyənin müdafiə sənayesinin ən son məhsulu olan “Hızır” zirehli texnikası da ilk dəfə bu döyüşlərdə sınaqdan çıxarılacaq.
Afrin əməliyyatını çətinləşdirən əsas faktorlardan biri də ABŞ-ın kürd separatçılarına verdiyi silahlardır. Təyyarə əleyhinə raketlərdən tutmuş anti-tank raketlərinə qədər bir çox silahlarla təhciz olunan PKK/PYD qoşunları havadan və qurudan edilən hücumları dəf etməyə çalışacaqlar. Məqsəd Türk ordusunun uzaqdan döyüş imkanlarını azaltmaq və Afrində küçə döyüşlərinə çəkməkdir. Bu isə ciddi canlı qüvvə itkisiylə nəticələnə bilər. Böyük ehtimalla, terrorla mübarizəyə qarşı mübarizədə yetkinləşən Türk komandoları qurulmuş bu tələni maksimum zərərsizləşdirən tədbirlərlə əməliyyatlarını davam etdirəcəklər.
Ən böyük təhlükələrdən biri isə dost xəyanəti ehtimalıdır. Bu gün Rusiya və İran nə qədər Türkiyənin yanında görünsələr də sabah onların hansı addımı atacaqlarına bel bağlamaq olmaz. Bölgədən gələn bəzi xəbərlər də bu etimadsızlığı gücləndirəcək mahiyyətdədir. Türkiyəyə təslim olan terrorçuların mətbuata sızdırılan ifadələrindən aydın olur ki, Afrində PKK-çılara ABŞ-la yanaşı Rusiya və başqa ölkələr də hərbi təlim keçirlər. Bu fakt Rusiyanın bölgədə “doşvana qaç, tazıya tut dediyindən” xəbər verir.
Sözsüz ki, regionda bugünkü müttəfiq olmasına baxmayaraq, potensial rəqibi kimi gördüyü Türkiyənin başını kürd separatçılarıyla qatmaq Moskvanın da işinə yarayır. Ən azı ona görə ki, “mehmetçiyin” Yaxın Şərqdə aktiv şəkidə yer aldığı münaqişə həm NATO-dakı iki müttəfiqi – ABŞ və Türkiyəni bir-birindən daha çox ayıra və qardaş ölkəni şimal qonşumuza daha çox yaxınlaşdıra, hətta ondan asılı vəziyyətə sala bilər.
Digər tərəfdən Türkiyə ilə Rusiyanın arasında uzun tarixdən gələn və geostrateji maraqların toqquşmasından yaranan həlli müşkül rəqabəti də var və Kreml bütün hallarda Aralıq dənizinə açılan qapısında mümkün olduğu qədər zəif bir önləyici qüvvə arzulayır.
Eyni sözləri Suriya və İran haqqında da demək mümkündür. Məlumatlara əsasən, Afrindəki kürdlərin ABŞ silahlarıyla qurşanmasında Bəşər Əsəd rejimin bu təchizata göz yummasının da rolu böyük olub. Ümumiyyətlə, Bəşər Əsəd rejimi öz məsələsi həll edilməyənə qədər ölkənin şimalındaki vəziyyətin stabilləşməsində maraqlı görünmür. Sabah onun öz baş bəlasına çevriləcək qüvvələrin bir-birini qırması yerli diktatorun dürməyinə yağ sürtür.
Onu da nəzərə alsaq ki, rəsmi Ankara bu gün də zaman-zaman Bəşər Əsədin əleyhinə bəyanatlar verməkdədir, öz taxtını qorumaq istəyən Suriya diktatorunun bu mövqeyini anlamaq çətin deyil. Dəməşq Türkiyənin dövriyyəyə girməsiylə həm də özünün ABŞ-ın hədəfındən yayınacağına ümid etdiyindən bu münaqişənin böyüməsində maraqlıdır.
İran da əslində kürd probleminin Türkiyə sərhədlərində həll edilməsi və ya qır saqqız kimi uzanmasını arzulayır. Əks halda, Şimali Suriyadan sonra sıra Şimali İraqa gələ və İranın baş ağrısına çevrilə bilər.
Bir sözlə, geopolitik maraqlar səbəbindən vaxtaşırı rəqibin müttəfiqə, müttəfiqin rəqibə çevrildiyi məkanda Türkiyə ciddi bir imtahana girir. Bu imtahandan necə çıxması isə Ankaranın təmkinli və dəqiq hesablanmış taktiki gedişlərindən asılı olacaq.
Heydər Oğuz
Ovqat.com
Paylaş: