Xəbər lenti

 “Türkiyə Soçi toplantısından əvvəl İdlibdə çox şey itirdi, bu itkilərini kompensasiya etmək üçün isə Afrinə hücum etdi".

Ovqat.com xəbər verir ki,  Suriya Kürd Milli Şurasının (ENKS) “Kürdüstan” bölgəsi üzrə nümayəndəsi Pılıng Məhəmməd Rüdaw TV-yə açıqlamasında belə deyib.

 Onun sözlərinə görə, Türkiyə Afrində öz mövqeyini gücləndirərək, Soçidə keçirilməsi planlaşdırılan Suriya Milli Dialoq Konqresinə “əli dolu” getmək niyyətindədir:

"ABŞ Fəratın şərqini aldı. Geriyə qaldı Fəratın qərbi. Rusiya və Suriya rejimi isə bütün terrorçu qrupları Fəratın qərbində - İdlibdə topladı. Nəticədə Rusiya, İran və Suriya ittifaqı İdlibin bölgüsündə də Türkiyəni zərərə uğratdılar və bundan sonra Afrin əməliyyatı gündəmə gəldi. Türkiyə tələsik Afrinə girib Fəratın qərbindəki nüfuzunu genişləndirmək və Soçiyə əlini güclü getmək istəyir".

 Kürd liderin fikrincə, Türkiyənin əsas məqsədi Suriyanın yeni Konstitusiyasına kürd muxtariyyəti maddəsinin salınmasını əngəlləməkdir: “Çünki Rusiyanın Soçidə təqdim etməyi düşündüyü yeni Konstitusiya layihəsində kürdlərin muxtariyyət hüququndan bəhs edilir. Türkiyə də bunu əngəlləmək üçün müəyyən addımlar atır”.

Pılıng Məhəmməd Türkiyənin Afrinin mərkəzinə girə biləcəyinə isə inanmır:

"Mənə görə, Türkiyə və ASO Afrinə girməyəcəkdir. Rusiya ilə Amerika əməliyyatın məhdud tutulmasını istədi. Amma Ankara ASO içərisindəki ərəblərdən istifadə edərək, kürdlərlə digər xalqlar arasında uzunmüddətli ədavət törədə bilər”.

 Qeyd edək ki, Suriya Milli Dialoq Konqresinin bu ayın son günlərində - 29-30 yanvarda Soçidə keçirilməsi nəzərdə tutulur. Zeytun budağı əməliyyatından əvvəl Rusiya və İran kürdlərin təmsilçisi kimi PKK/PYD-nin də toplantıya dəvət olunmasını tələb edirdilər. Türkiyə isə buna kəskin qarşı çıxır, kürdləri təmsil edən xeyli qrupların olduğunu bildirirdi. Zeytun budağı əməliyyatından bir həftə qabaq Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıq şəkildə bunu ifadə edərək deyirdi:

"Dialoq Konqresində kürdləri təmsil edəcək çox sayda müxtəlif qruplar, onların liderləri və müxtəlif tayfalar var. Bunların adlı siyahısını çıxardıq, də Rusiya ilə bölüşdük. Rusiya da onların bəziləri ilə təmas qurdu. Kürdləri kimin təmsil edə billəcəyini indi də araşdırır, İran və Rusiya ilə fikrimizi bölüşürük. YPG-nin burada iştirak etməsinə İran da qarşıdır. Rusiya fikrimizlə razı olmasa da, mövqeyimizə hörmət göstərir".

Pılıng Məhəmmədin dedikləri düzdürsə, belə çıxır ki, Türkiyə Zeytun budağı əməliyyatını bu ayın sonuna kimi bitirməlidir. Bu isə inandırıcı görünmür. Çünki daha əvvəlki Fərat qalxanı hərəkatını sona çatdırmaq üçün, təxminən, 7 ay lazım olmuşdu.  Qardaş ölkənin indi  “Zeytun budağı”na daha geniştərkibli hərbi birliklərlə qatılmasına baxmayaraq, hər halda bu əməliyyat da bir neçə ay sürə bilər. Tamamlanmayacaq əməliyyata girmək isə hərbi-strateji səhv olduğundan Ankaranın bu şərtlə razılaşdığına inanmaq çətindir.




Ana səhifəyə qayıt        Baxış: 1 553          Tarix: 24-01-2018, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma