Xəbər lenti
Bu gün, 19:25

  

 

Neftin dünya bazarında qiymətlərinin ucuzlaşmasıyla Azərbaycan hakimiyyəti qeyri-neft sektoruna keçəcəyini rəsmən elan edib. Şəxsən ölkə başçısı İlham Əliyevin bu barədə dəfələrlə bəyanları, çıxışları olub. Qeyri-neft sektorunun inkişafı rəsmilərimizin iqtisadi strategiyasının prioritetinə çevrildiyi bir zamanda hər kəs gözünü əsasən iki istiqamətə dikib – aqrar sənayenin inkişafı və turizm sahəsinə. Bu da səbəbsiz deyil. Həqiqətən də Azərbaycanın bu iki istiqamətdə öz iqtisadiyyatını qurmaq üçün böyük perspektivləri var. Allah bu ölkəyə bol günəş, əkinə yararlı ərazilər, dəniz, dağ, dədə-babalarımızın qərhəmanlığı üzərində inşa olunan böyük tarix verib. Xüsusilə turizmin inkişafı üçün bütün bunlar böyük sərvətdir.

Di gəl ki, ölkəmizə gələn turistlərin sayı o qədər də qənaət bəxş deyil. Bildirildiyinə görə, ötən ilin ilk yarısında bu göstərici 1 milyondan bir qədər artıq olub - 1 199 667 nəfər. Düzdür, rəsmilərimizin bildirdiyinə görə, bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə (966 497 nəfər) 24 faiz çoxdur. Amma hər şeyi yalnız öz arşınımızla ölçmək, müqayisə etmək bizi yalnış qənaətlərə apara və arxayınlaşdırıb inkişafdan saxlaya bilər. Çünki istənilən bir işi sıfırdan qurmağa başlayanda artım, sözsüz ki, yüksək olur. Bu isə işlərin yaxşı getdiyi anlamına gəlməz.

 

Məncə, ən yaxşı müqayisə, təxminən, yaxın ərazilərdə yerləşən dövlətlərlə aparılmalıdır. Məsələn, bizdən ən azı iki dəfə balaca olan qonşu Gürcüstanla. Gürcüstanın turizm statistikasına baxanda Azərbaycandan xeyli qabaqda olduğunu görə bilərik. Məlumata görə, hər il turistlərinin sayını bir neçə faiz artıran Gürcüstan 2016-cı ilin ilk 6 ayında  3.400.335 əcnəbini ağırlayıb. Yəni bizimlə müqayisədə hardasa 3.5 dəfə çox.

Halbuki, Gürcüstana axışan həmin turistlərin böyük hissəsini biz özümüzə cəlb edə bilərdik. İnsafən, Azərbaycan hakimiyyəti 10 ildən artıqdır ki, bunun üçün xeyli işlər görüb. Ölkəmizi dünyaya tanıtmaq naminə beynəlxalq tədbirlərə, idman və musiqi yarışlarına çəkmədiyimiz xərc qalmayıb. Bu tədbirlərin əsas hədəflərindən biri də rəsmi etiraflara görə, ölkəmizi turizm cənnətinə çevirmək olub. Amma turistlər bizə yox, Gürcüstana axışır.

Bu isə onu göstərir ki, özümüzü dünyaya tanıtmaq azdır. Ölkəmizin turizm sektorunu böyütmək üçün kompleks tədbirlər görülməlidir. Yalnız bu halda bizdən xeyli zəif potensiala malik qonşularımızı arxada qoya bilərik. Bunu Gürcüstana gedən turistlərin vətəndaşlıqları, ölkə mənsubiyyətləri də təsdiqləyir. Məlumata görə, təkcə 2016-ci ildə Azərbaycandan bu ölkəyə gedənlərin sayında 15, Türkiyədən 1.5, İrandan isə 80% artım olub. Nəzərə alsaq ki, İran və Türkiyə ilə bizim aramızda daha böyük tarixi əlaqələr var, istirahət üçün Gürüstana axışan bu ölkə vətəndaşları əslində Azərbaycan turizminin itirdikləridir. Bütün bu göstəricilər ölkəmizdə turizminin nə səviyyədə olduğunu bariz şəkildə ortaya qoyur.

Yəqin ki, bu sətirləri oxuyan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindəki başbilənlər yazı müəllifinə etiraz edəcəklər. Deyəcəklər ki, bu, yanlış müqayisədir. Ona qalsa, ötən il bizə İrandan təşrif buyuran turistlərin sayında faiz hesabıyla götürəndə Gürcüstandan daha ciddi irəliləyiş var. Onlarda İran turstlərinin sayında 80%, bizdə isə 89% artım olub.

 

Rəsmi statistikalara inansaq, haqlıdırlar. Amma bilirsinizmi, İrandan ötən ilik ilk yarısında bizim ölkəyə gələnlərin sayı nə qədər olub? – cəmi 180 103 nəfər. Yəni inişil 90 min imiş, bu il 89% artaraq 180 103 minə yüksəlib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi isə bu artıma sevinir. Nazirliyin öz sevincində nə dərəcədə haqlı olduğuna qiymət verməyi hörmətli oxucuların öhdəsinə buraxırıq.

Gəlin, indi eyni müqayisəni Türkiyə ilə aparaq. Bizdən 10 dəfə böyük olmasına baxmayaraq, Türkiyə ölkədə və sərhədlərində baş verən iğtişaşlar səbəbindən son illər turizm sahəsində böyük itkilər yaşayır. Buna baxmayaraq, Türkiyəyə təkcə ötən il iyun ayında 5 milyon 75 min 961 turist gedib. Bizim 6 ayımızdakı turistlərdən 5 dəfə çox.

Səhv anlaşılmasın, biz Azərbaycanın öz potensialından xeyli aşağı turist qəbul etməsinin tək günahını Mədəniyyət və Turizm Nazirliyində də görmürük. Turizm elə bir sahədir ki, burdakı artım və ya azalma ölkənin bir çox sektorlarıyla birbaşa əlaqəlidir. Ən çox əlaqədar olan qurumlardan biri də Azərbaycan Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və sair qurumlardır. Çünki turistlər ölkəmizə gələrkən ilk növbədə sərhədlərimizdən keçirlər. Dolayısıyla pasport qeydiyyatında yaşanan neqativliklər qonaqların ilk diqqətini cəlb edən hadisə olur. Sərhədlərimizdən başlayan rüşvətyığma əməliyyatı daha sonra hotellərdəki xidmət keyfiyyətsizliyi, bahalılıq, restoranlarda qarşılaşdıqları diqqətsizlik, aldatma halları ilə davam edir. Beləcə, bir dəfə Azərbaycana gələnlər bir daha bu ölkənin adını eşitmək istəmirlər.

 

Mümkündür ki, bu sətirləri oxuyan rəsmilərimiz bizi yenə məsələyə qərəzli yanaşmaqda ittiham edəcəklər. Xüsusilə, adı həmişə “təmiz adam” kimi hallanan və üz-gözündən də digər monopolist nazirlərə bənzəməyən Elmar Məmmədyarovun idarə etdiyi Xarici İşlər Nazirliyinin əleyhinə dediyimiz sözlərə görə bizi qınayacaqlar. Elədirsə, gəlin, Elmar müəllimə qərəzsizliyi şübhə doğurmayan rəsmi informasiya kanalı “AZƏRTAC”-ın iki gün öncə dərc etdiyi bir materialla tanış olaq:

“Azərbaycan Respublikasına gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması, qərəzli surətdə qanuni ödənişlərdən artıq məbləğlərin tutulması barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilib və çoxsaylı cinayət faktları qeydə alınıb.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin beynəlxalq hava limanındakı viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlanılıb.

Həmçinin dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin beynəlxalq hava limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlunun və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlunun qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıblar.

Həmin şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əsginasları aşkarlanaraq götürülüb. Xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər”.

 

Bəs, buna nə sözünüz? Axı, Azərbaycan reallığını yaxşı başa düşənlərə gün kimi aydındır ki, Xarici İşlər Nazirliyinin beynəlxalq hava limanındakı viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlu himayədarsız o posta əyləşə bilməzdi. İllər boyu bu vəzifədə eyni “əməliyyatlar” aparan bu şəxsin topladığı külli miqdarda vəsaiti təkbaşına həzmi rabesindən də keçirmək ehtimalı da yoxdur. Bəs, onun arxasında kimlər dayanır? Elton Xəliliyə bu rəvacı verənlər cəzalandırılıbmı? Nazir Elmar Məmmədyarov Prezidentin iqtisadi strategiyasının elə sərhəddəcə boğulmaması üçün nələr edib və bu qanunsuzluqları niyə görməyib? Ümumiyyətlə, o hara baxır?

Bu mövzunu diqqətdə saxlamağa çalışacağıq.

https://video.azertag.az/video/60223

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 451          Tarix: 29-01-2018, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma