Xəbər lenti
Bu gün, 19:25

 

DTX-nın Bakı Beynəlxalq hava limanında keçirdiyi əməliyyatla bağlı çox önəmli məlumatlar almışıq.

Xatırladaq ki, yanvar ayının 26-da Dövlət Təhlükəsilik Xidməti Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin vizasının rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlayıb. Araşdırmalar zamanı Dövlət Sərhəd Xidmətinin zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlunun və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlunun da onunla əlbir olduğu ortaya çıxıb. Bu fakt sübut edir ki, hava limanındakı rüşvətxor dəstə öz fəaliyyətini mütəşəkkil şəkildə həyata keçirirmiş.

Maraqlıdır ki, cinayətkar məmur dəstəsinin ifşası bir gün sonra ictimailəşdirilib, özü də rəsmi informasıya kanalı olan “AZERTAC” tərəfindən.

Ovqat.com-a verilən məlumata görə, bu da təsadüfi deyilmiş. Sən demə, Xarici İşlər Nazirliyinin yüksək cinli şəxsləri hadisənin ictimailəşdirilməsini istəmirmişlər. Nəhayət, hadisə barədə ən yüksək dairələrə məruzə edilib və korrupsiya faktınin rəsmən ictimailəşdirilməsinə qərar verilib.

XİN-nin hadisəni ictimailəşdirməkdən xoşlanmamasını indiyə qədər nazirliyin bu barədə susması da təsdiqləyir. Ən adı hadisə barədə boş-boş məlumatlar, açıqlamalar verən Nazirliyin Mətbuat xidməti də nədənsə ölkə diplomatiyasının adına ləkə vuran korrupsiya faktından danışmağa səy göstərmir.

Bildirildiyinə görə, bunun səbəbi məlum viza skandalının diplomatiyamızın adına kölgə salmasıyla əlaqədardır. Çünki diplomatiya nadir sahələrdəndir ki, rüşvətxorluq və pula hərislikdən doğan korrupsiya bu sahədə ən böyük qəbahət hesab olunur. Hətta rüşvətxorluğun diplomat üçün “ölümə bərabər üzqızardıcı suç” olduğu bildirilir. Adi bir əcnəbi vətəndaşın bir neçə dollarına göz dikən Azərbaycan XİN-nin əməkdaşlarının pula hərisliyi barədə qənaətin formalaşdırılması ölkəmizi xaricdə təmsil edənləri də çətin vəziyyətdə qoyur və xarici xüsusi xidmət orqanlarını diplomatlarımızı satın almağa həvəsləndirir.  

Qeyd olunur ki, Azərbaycan siyasi iradəsi bu neqativ halın qarşısını almaqdan ötrü bir sıra mühüm addımlar atıb. Bunun üçün isə ilk növbədə vizaların rəsmiləşdirilməsində insan amilini ortadan qaldırmaq üçün “Asanviza”, “e-viza” sitemi yaradıb. Həqiqətən də həyata keçirilən bu tədbirlər öz nəticəsini verib də. Azərbaycana təşrif buyuran çox sayda əcnəbi sərhədlərdəki viza kontorlarına müraciət etmək məcburiyyətindən xilas olublar. Bununla belə, hələ də dədə-baba qaydasında ölkəmizə gələnlər olur və onlar yenə XİN-nin sərhədlərdəki nümayəndələri tərəfindən “ata-baba” qaydasında qarşılanırlar.

Görünən budur ki, Azərbaycanın dövlət imicini “beşparalıq” edən bu ənənənin kökünü kəsmək üçün sərt mübarizəyə qərar verilib və icrası DTX-ya tapşırılıb. DTX da öz xidməti vəzifəsini yerinə yetirmək üçün əməliyyata başlayıb.

Bu məntiqdən o da anlaşılır ki, yanvarın 26-da cinayət üstündə yaxalanan Xəlilli Elton Zakir oğlu əslində XİN-nin ən rüşvətxor məmuru deyilmiş. O sadəcə bir siyasətin qurbanı olub. Sərhəd viza kontorlarındakı rüşvətxor şəbəkə isə yalnız o və digər saxlanılanlarla tamamlanmır. Ümumiyyətlə, bütün viza rəsmiləşdirmə məntəqələrində eyni yığayığlar hökm sürürmüş. Sadəcə, əməliyyat zamanı Elton Xəlilinin xidməti vəzifədə olması çanağın onun başında çatlaması ilə nəticələnib.

Məlumata görə, viza mafiyasının kökləri nazir müavinlərinə qədər uzanır və əməliyyatın bütün strukturu əhatə etməsi gözlənilir. Qeyd edək ki, bu məqam DTX-nin “AZƏRTAC”-a verdiyi açıqlamada da öz əksini tapıb.

Açıqlamanın sonunda deyilir: “Azərbaycan Respublikasında qanunçuluğun möhkəmləndirilməsi və korrupsiyanın qarşısının alınması üzrə bundan sonra da qətiyyətli tədbirlər görüləcək”.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 731          Tarix: 29-01-2018, 19:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma