Xəbər lenti

  

Son zamanlar İranda bəzi qadınların “məcburi hicab” hərəkatına başladıqlarını xəbər vermişdik. İki ay əvvəl bir qadının baş örtüyünü açmasıyla başlayan hərəkat daha sonra bəzi şəhərlərdə təkrarlanmış və qadın azadlığının simvoluna çevrilmişdir. Etiraz aksiyasını keçirən ilk qadının bir aya yaxın polis nəzarətində saxlanılması belə zərif cinsin nümayəndələrini öz inadlarından geri döndərməyib. Son məlumatlara görə, təkcə Tehranda hicabını açıb bayraq kimi dalğalandıran 29 qadın polis tərəfindən tutulub və  məhkəməyə verilib.

Bununla belə, İrandan gələn xəbərlər ölkə rəhbərliyinin “hicabsız qadın” hərəkatına kifayət qədər soyuqqanlı yanaşdığını göstərir.

Ovqat.com-un İran mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin Baş prokuroru Məhəmməd Cəfər Müntazəri bu cür fərdi aksiyalarla bağlı gözlənildiyindən daha yumşaq mövqe sərgiləyib, aksiyaya qoşulanların etirazını əhəmiyyətsiz və “uşaqsayağı” addım kimi qiymətləndirib.

Müntazəri hadisələrdə xarici barmağın ola biləcəyi ehtimalını istisna etməyib, ancaq etirazçı qadınların sərt cəzalandırılmamasına da qarşı çıxıb. Onun fikrincə, “uşaqsayağı” etirazlarını bildirən qadınlar xarici kəşfiyyatın əlində alətə çevrildiklərindən xəbərsiz ola bilərlər, bu səbəbdən də həmin"cinayəti" ilk dəfə törədənlərı cəzalandırılmaq əvəzinə, xəbərdarlıq etmək daha məqsədəuyğundur.

Maraqlıdır ki, “zərif inqilabçıların” bu aksiyasını anlayışla qarşılayan yalnız Baş prokuror olmayıb. Xanımlara islahatçılarla yanaşı mühafizəkar siyasilər də dəstək veriblər.

 İslahatçı İran Xalqları İslamı Birlik Partiyasının üzvü olan qadın yazıçı Azar Mənsuri paylaşdığı bir sıra tweetlərdə  qadınların öz geyimlərinə özlərinin nəzarət etmək təşəbbüsünün on illərdir sürdüyünü, amma uğur qazanmadığını bildirib.

İnsafən, Azar Mənsurinin iddialarına baxmayaraq, indiki prezident Həsən Ruhaninin hakimiyyəti dövründə İranda geyim qadağasının xeyli yumşaldığı da bir həqiqətdir.

“Zərif aksiyalar” İran parlamentində də mübahisələrə yol açıb. İslahatçı deputatlardan Süheyla Cəlodarzadə bu etirazların keçmişdə yürüdülən sərt siyasətlərin nəticəsi  olduğunu deyib. ILNA agentliyinə açıqlama verən deputat onu etiraf edib ki, bir zamanlar qadınlara lazımsız məhdudiyyətlər gətirilib və təzyiqlər edilib: “Qadınları küçədə başlarını açmağa qızışdıran da budur. Keçmiş səhvlərimizin nəticəsidir bu".

Mühafizəkar mövqeyi ilə tanınan və sosial şəbəkələrdə dolaşan “zərif inqilab” fotolarını sərt tənqid edən İran parlamentinin sədr müavini Əli Motahari də aksiyalara münasibət bildirib və onların əhəmiyyətli olmadığını vurğulayıb. O, ISNA xəbər agentliyinə açıqlamasında deyib:

"Ölkəmizdə faktiki olaraq baş örtüyü məcburiyyəti yoxdur, bir çox qadın küçəyə çıxarkən istədiyi kimi geyinir… Bir neçə qadının hicabını açmasını isə böyük hadisə adlandırmaq olmaz. Ölkəmizin problemi baş örtüyü deyil və qadınlar böyük ölçüdə hicab qanuna riayət edirlər".

İran siyasilərinin və hüquq adamlarının məsələyə xeyli mülayim yanaşmaları əslində ölkədə səssiz şəkildə qiyafət islahatlarının getdiyini göstərir.




Ana səhifəyə qayıt        Baxış: 1 458          Tarix: 3-02-2018, 11:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma