Xəbər lenti

 

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəlinin Trend informasiya agentliyinə müsahibəsini Ovqat.com oxucularına təqdim edirik:

- İskəndər müəllim, Kompleks Qazma İşləri Tresti yarandığı 2007-ci ildən indiyədək bu Trestə Siz rəhbərlik edirsiniz. Xahiş edirik, əmək fəaliyyətiniz barədə “Trend”in oxucularına məlumat verərdiniz.

- İlk olaraq onu qeyd edim ki, ali təhsilimi başa vurduqdan sonra əmək fəaliyyətinə neft-qaz sənayesində başlamışam, bu günə qədər də bu sahədə çalışıram. Bu yaxınlarda Trestin fəaliyyətə başlamasının 11-ci ili tamam olur. Trest əvvəlllər fəaliyyət göstərmiş 7 idarənin bazasında yaranıb. Bunların içində qazma idarələri də, tamponaj və nəqliyyat idarələri də vardı. Trest müdiri vəzifəsinə təyin edilənədək, mən “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində” qazmaçı köməkçisi kimi əmək fəaliyyətinə başlayaraq buruq ustası, rayon-mühəndis texnoloji xidmətin rəis müavini, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin baş mühəndisi və rəisi, nəhayət, “Abşeron Qazma İşləri” idarəsinin rəisi vəzifələrində çalışmışam. 2007-ci ilin mart ayında “Kompleks qazma işləri” tresti yaradıldı və SOCAR prezidenti yüksək etimad göstərərək, məni trestin müdiri vəzifəsinə təyin etdi. Ötən illərdə istehsalat sahəsində göstərdiyim fəaliyyətimdən ayrılmadan, namizədlik və doktorluq işini müdafiə etmişəm. Hazırda Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvüyəm. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı, 3-cü dərəcəli “Əmək ordeni” ilə təltif edilmiş, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşəm. Ölkəmizin neft-qaz sənayesinin inkişafındakı xidmətlərimə belə yüksək dəyər verdiyinə görə möhtərəm Prezident İlham Əliyev cənablarına və SOCAR rəhbərliyinə minnətdaram.

- SOCAR keçən il üzrə neft və qaz hasilatını stabilləşdirməyə nail olub. Şirkətin açıqlamalarında bu nailiyyət qazma işlərinin artırılması ilə əlaqələndirilir. Hətta bəzi köhnə yataqlarda hasilatın artımı qeydə alınıb. Ümumiyyətlə, neft və qaz hasilatında qazmanın rolu nədən ibarətdir?

- Kompleks Qazma İşləri Tresti SOCAR-ın “Azneft” İstehsalat Birliyinin sifarişi ilə axtarış-kəşfiyyat və istismar qazma işlərini həyata keçirir. Azərbaycan dünyanın ən qədim neft sənayesinə malikdir. Ölkəmizdə 100-150 ilə qədər yaşı olan yataqlar var ki, bunlar da məhz milli neft tariximizin varisi olan Dövlət Neft Şirkəti tərəfindən istismar olunur. Əlbəttə, hər bir yatağın yaşı artdıqca onun neftvermə əmsalı da, təbii olaraq, azalır. Beləliklə, Azərbaycan neftçilərinin əsas vəzifələrindən biri də köhnələn yataqlarda hasilatı stabil saxlamaqdır. Buna nail olmaq üçün əlavə quyuların qazılması labüddür. Qazmaçıların üzərinə düşən əsas vəzifə məhsuldar məntəqələrdə qazma prosesinin səmərəli idarə edilməsi, qazılan quyularda müvafiq şəraitə uyğun qazma üsulunun seçilməsi, bir sözlə minimum məsrəflə maksimum nəticənin əldə edilməsidir. Qazma – hasilatın müqəddiməsidir desək, yanılmarıq. Qazma işləri yalnız hasilat üçün deyil, müxtəlif məqsədlər üçün aparıla bilər. Düzgün qeyd etdiniz ki, ötən ildə aparılmış qazma işlərinin əsas hissəsi köhnə yataqlarda hasilatın stabil saxlanılmasına şərait yaradıb. Lakin qazma ilk növbədə yeni yataq və perspektivli sahələrin kəşfiyyatı, neft və qaz ehtiyatlarının dəqiqləşdirilməsi üçün aparılır. Bir sözlə, hasilat qazmadan başlayır.

Qazma prosesinin mühüm tərəflərindən biri quyu profilinin düzgün müəyyən edilməsidir. Profilə görə quyular şaquli, maili və üfüqi olmaqla, 3 növə bölünür. Şaquli quyu, adından da göründüyü kimi, şaquli istiqamətdə qazılır. Burada zenit bucağı olmur. Maili quyu müəyyən bucaq və inhirafla (quyunun başlanğıc nöqtəsi ilə son nöqtəsi arasındakı məsafə) qazılır. Üfüqi quyu isə daha böyük zenit bucağı və inhirafa malikdir. Azərbaycanda ilk dəfə üfüqi quyu Pirallahı yatağında bizim trestin qazmaçıları tərəfindən qazılmışdır. 2017-ci ildə trest “Qərbi Abşeron” yatağında məhz üfüqi profil üzrə 3600 metr civarında qazma işi yerinə yetirib.

Ötən il SOCAR-ın Qazma Tresti qazmanın ümumi həcmini əvvəlki ilə nisbətən 41,2 faiz artırmağa nail olub, il ərzində 115 min metr qazma işi yerinə yetirilib, 71 quyu qazılıb. Son 11 ildə ölkəmizin quru və dəniz sahələrində cəmi 1 milyon 400 min metrə yaxın qazma işi aparılıb və 900 – dən çox quyu qazılaraq “Azneft” İstehsalat Birliyinə istismar üçün təhvil verilib. Naxçıvan Muxtar Respublikasının qazla etibarlı təminatını yaxşılaşdırmaq məqsədi ilə Muxtar Respublika ərazisində dörd quyu qazılaraq təhvil verilib. “Bulla Dəniz” yatağnda qaz kondensatı hasil edən 123 saylı quyunun qazılması ilə bağlı əldə etdiyimiz uğurlu nəticəni ayrıca qeyd etmək istərdim. “MakKinzi konsalting” şirkəti bu quyunun qazılmasını 237 günə, bizim mütəxəssislər isə 240 günə proqnozlaşdırsa da, quyu rekord müddətdə - 227 günə qazılıb, təhvil verildi.

- Azərbaycanda KQİT-nin apardığı qazma işləri digər ölkələrdən hansı xüsusiyyətlərinə görə fərqlənir?

- Bizim trest Xəzər dənizində əsasən Bakı və Abşeron arxipelaqları istiqamətində işlər aparır ki, bu işlərin məxsusi özəllikləri vardır. Belə ki, qazma işləri zamanı qeyri-normal dərəcədə yüksək və aşağı quyu təzyiqi (anomal təzyiq) ilə rastlaşırıq. Bəzən qazma işləri aparılarkən layın yüksək təzyiqi ilə qarşılaşırıq və istismar zamanı məhsul fontan şəklində özü yuxarı qalxır. Bəzi hallarda isə təzyiq az olduğundan istismar zamanı başqa metodlardan istifadə olunur. Bizim işin özəlliyi də budur ki, bəzən bir sahədə həm yüksək, həm də aşağı anomal təzyiqli zonalara rast gəlinir. Belə yataqlarda qazma işləri zərgər dəqiqliyi ilə aparılmalıdır. Burada kiçik bir səhv buraxılsa, ağır fəsadlara gətirib çıxara bilər. Buna görə də qazma işlərinin düzgün planlaşdırılmasına böyük diqqət yetirilir. Bu işdə peşəkar mühəndislərin rəyi həlledicidir – mütəxəssis səriştəsi burada özünü daha bariz şəkildə göstərir.

- Qeyd etdiniz ki, qazma işləri müxtəlif məqsədlər üçün aparıla bilər. Hazırda SOCAR Azərbaycanda iki böyük qaz anbarına malikdir və onların genişləndirilməsini həyata keçirir. Bu işlər hazırda hansı mərhələdədir?

- Qaradağ və Qalmaz yeraltı qaz anbarlarının imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Hazırda Trest tərəfindən Qaradağ sahəsində yeni quyuların qazılması davam etdirilir. Yeni nəsil qazma qurğularının tətbiqi işimizi əhəmiyyətli dərəcədə sürətləndirir. Belə ki, Qaradağ sahəsində 2015-2017-ci illər ərzində 14 quyu qazılaraq təhvil verilib. 2018-ci ildə yataq üzrə qazma həcminin artırılması, ilin sonuna kimi 27 min metrdən çox qazma işi aparılması nəzərdə tutulur.

Qaz anbarlarında genişləndirmə işləri həm artan daxili tələbatın qarşılanması, həm də kommersiya məqsədli qaz ticarət əməliyyatları baxımından böyük əhəmiyyət kəsb edir. Hesab olunur ki, enerji təhlükəsizliyinin təmin olunması üçün qaz anbarlarının həcmi ümumi daxili istehlakın 20 faizindən az olmamalıdır. Hazırda Azərbaycanın Qaradağ və Qalmaz yerlatı qaz anbarları ölkədaxili tələbatın təxminən 35 faizinə bərabər ümumi həcmə malikdirlər. Azərbaycan öz qaz anbarlarının mövcud həcmini həm ölkənin daxili tələbatının təmin olunması, həm də əlavə kommersiya dəyərinin yaradılması üçün istifadə edə bilir. Daha əvvəl SOCAR prezidentinin də bildirdiyi kimi, şirkətimiz yay aylarında xaricdən nisbətən aşağı qiymətə təbii qaz alaraq, anbarlarda saxlayır və qazın daha baha olduğu qış aylarında həmin xarici qazı ixrac edir, bununla da dövlətə əlavə gəlir qazandırır.

- Rəhbərlik etdiyiniz trest ötən il əsasən hasilat səviyyəsinin stabil saxlanılması, həm də qaz anbarlarının genişləndirilməsi istiqamətlərində qazma işlərini icra edib. 2018-ci ildə Sizin əsas planlarınız nədən ibarətdir?

- Trest 2018-ci ildə 100 min metrdən çox qazma işinin aparılmasını və 60-a yaxın quyuda qazma işlərini başa çatdıraraq, sifarişçiyə təhvil verməyi planlaşdırır. Bu il ölkəmizin quru və dəniz əraziləri üzrə 9 yataqda yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, axtarış-kəşfiyyat və istismar qazma işlərini planlaşdırırıq. Qazma işləri Quba-Xəzəryanı, Abşeron rayonlarında, dəniz akvatoriyası üzrə isə Bakı və Abşeron arxipelaqlarında həyata keçiriləcəkdir.

- İskəndər müəllim, rəhbərlik etdiyiniz Trestin fəaliyyəti ilə bağlı oxucularımıza kifayət qədər məlumat verdiniz. Son aylarda sosial şəbəkələrdə və bəzi informasiya portallarında xoşagəlməz məlumatlar dərc olunub. Həmin məlumatları yayanlara nə demək istərdiniz?

- Əslində onlara çox əhəmiyyət vermirik, işimizi işləyirik. Qarşımıza qoyulmuş yüksək və şərəfli vəzifəmizi yerinə yetirməklə ölkəmizin qüdrətini daha da artırmağa çalışırıq. Bu ittihamlar saxtadır, trestdən incik düşən keçmiş bir işçi tərəfindən yayılır. Onun iş sahəsində qazma işləri yekunlaşdığından, həmin istehsalat bölümündə işləyənlər başqa sahələrə təyinat aldılar. Yüzlərlə digər işçilər bu təyinatı qəbul etdilər, amma o, quruda maaşların nisbətən aşağı olduğunu əsas gətirərək işdən imtina etdi. Sonra da, sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymaqla bizə təzyiq göstərə biləcəyini zənn edirdi.

Yaydığı ittihamların əksəriyyəti kadrların işə qəbulu ilə bağlı olub. Bu da tam məntiqsizdir. Çünki, işçilərin işə qəbulunu 2011-ci ildən SOCAR-ın İnsan Resursları departamenti həyata keçirir. SOCAR-da işə qəbulun isə necə şəffaf və ədalətli keçdiyi ictimaiyyətə məlumdur. Bizim o proseslərə müdaxilə etməyimiz qeyri-mümkündür.

Hələ bir oğlum Xəzərin şəkilini də mətbuatda yaydılar. Sərlövhə şəkillə heç uyğun gəlmirdi. Şəkildə heç bir qeyri-adilik də yoxdur. Oğlum universitet kafesində oturub kola içir. Xəzər hər zaman əla qiymətlərlə oxuyub, bu gün də Böyük Britaniyanın Aberdin Universitetində əla və yaxşı qiymətlərlə oxuyur. Mən inanıram ki, Xəzər təhsilini başa vurduqdan sonra ölkəmizin iqtisadi inkişafında fəal iştirak edəcək.

- Deyəsən, məhkəmə çəkişməsi də olub.

Bütün saxta ittihamlar effekt verməyəndən sonra iddia etdilər ki, guya Türkiyədə otel tikmişəm, otel biznesi ilə məşğulam. Dedim ki, otelin mənə məxsus olduğunu sübut etsələr, mən həmin oteli onlara hədiyyə edəcəyəm. Yox, edə bilməsələr, o adamı məhkəməyə verəcəyəm. Təbii ki, bu da sübut olunmadı. İşgüzar nüfuzuma ziyan vuran, mənə qarşı qərəzli məlumatlar yayan Arif Qəmbərovu məhkəməyə verdim. Məhkəmə mənə dəymiş mənəvi ziyana görə qərar çıxarıb ki, o adam kompensasiya ödəməlidir. Əslində kompensasiya şərti bir şeydir, Trestimizin imicinə vurulan mənəvi ziyanı heç nə ilə ödəmək olmaz. Amma biz bütün bu qarayaxanlara yalnız öz davamlı nailiyyətlərimizlə, ölkəmizin inkişafı naminə gördüyümüz işlərlə cavab verəcəyik.




Ana səhifəyə qayıt        Baxış: 3 955          Tarix: 20-02-2018, 19:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma