Xəbər lenti
Dünən, 19:25

Xəbər verildiyi kimi, kumık əsilli məşhur türkoloq, coğrafiyaşünas, publisist və yazıçı Murad İsgəndəroviç Acıyev (Murad Acı) martın 7-də dünyasını dəyişib.

Ovqat.com xatırladır ki, Murad Acı 9 dekabr, 1944-cü ildə Moskvada anadan olmuşdu. 1969-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirmişdi. Murad Acı türklərin tarixindən, məişətindən bəhs edən bir sıra kitabların müəllifidir. Onun "Qıpçaq çölünün yovşanı" kitabında türk-qıpçaq Atillanın Altaydan Avropaya apardığı mədəniyyətin təşəkkülündən danışılır. Burada uzunluğu 8 aylıq at yolu olan əzəmətli Dəşti-Qıpçaq dövlətinin gizli saxlanan tarixinin səhifələri mühüm yer tutur. Avropa və rus tarixçilərinin bu tarixin üstünə çəkdikləri qara örtük açılır, saxtakarlıq damğaları pozulur. Qıpçaqların dini, adət-ənənələri aşkarlanır, obyektiv tarixi siması göstərilir.
Azərbaycanın sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və dostları məşhur türkoloqun ölümü ilə bağlı yerli KİV-də nekroloq yayıblar. Həmin nekroloqu təqdim edirik: “…Murad Acını itirdik. Bəli, yaranan bir gün gedəcək. Həyatın fəlsəfəsi, Allahın işi belədir. Ancaq sevimli dostumuzun və bizə görə yeri həmişə görünəcək böyük bir insanın ölümünü belə tez gözləmirdik. Ondakı nikbinlik, yaşamaq həvəsi, yazıb-yaratmaq hissi onu sevən dostlar arasında belə bir təəssürat yaratmışdı ki, xəstəlik Muradı əyə bilməyəcək.

Dogrudan, çox istərdik ki, o hələ yaşasın və qədim türk tarixinin üzərinə işıq salacaq yeni – yeni əsərlərlə bizləri sevindirsin. Onun elmi baxışları və tədqiqatları zəngin və tutarlı sübutlara əsaslanan elə bir xəzinə idi ki, onları özüylə əbədiyyətə aparması ilə barışmaq sadəcə çətindir.

Qədim türk tarixindən söhbət düşərkən, Murad Acını sanki Altaylardan tutmuş Balkanlara qədər türklüyün böyük ərazisinin yorulmaz yolçusu kimi görürdük. Yəqin ki, Murad Acının ardıcılları onun bu müqəddəs işini yarımçıq qoymayacaqlar. Muradın yoxluguna çox üzülürük. Onunla dostlugumuzun kökü 90-cı illərə gedib çıxır. Özümü çox xoşbəxt hiss edirəm ki, belə böyük və müdrik insanla aramızda qırılmaz bir körpü yaranmışdı.

Bu yaxınlıq, hər şeydən əvvəl, mənəvi bir baglılıga, əvəzsiz dostluga söykənirdi. Unudulmaz qələm və təfəkkür sahibinin maraqlı söhbətləri, qədim türk tarixinə dair yeni araşdırmaları bizim üçün unudulmaz bir həyat səhifəsidir.

Səhv etmirəmsə, 1995-ci il idi. Murad Acının türk tarixinə aid çox fundamental yeni bir əsəri çapdan çıxmışdı. Kitabın bir neçə nüsxəsini mənə və onu sevən dostlara göndərmişdi. Birlikdə oxuduq, belə qərara gəldik ki, əsərin Azərbaycanda yayılmasına ciddi ehtiyac var. Ona görə də, həmin kitabdan çoxlu sayda Bakıya gətizdirdik və elmi müəssisələrdə, ali məktəblərdə yayılmasına nail olduq.

Murad Acı böyük alim və türkçü oldugu qədər də, sözün əsl mənasında, böyük insan idi. Onunla keçirdiyimiz günləri, maraqlı söhbətləri unutmaq bizim üçün olduqca çətindir.

Əziz dost, çox tələsdin. Buna görə üzgünük. Bağışla ki, səni qoruya bilmədik. Allahdan sənə rəhmət diləyirik. Əziz ailənə səbr və dözüm arzulayırıq. Səni sevən dostların yaddaşından heç zaman çıxmayacaqsan.

Əlvida əziz dost, əlvida!
Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev
və Murad Acını sevən digər dostlar”.




Ana səhifəyə qayıt        Baxış: 780          Tarix: 10-03-2018, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma