Xəbər lenti

  

İlham Rəhimov Rusiyadakı biznesini böyük qızı Səbinənin həyat yoldaşı Araz Mehdiyevin adına rəsmiləşdirib.

“Hürriyyət” xəbər verir ki, bu məlumatı Rusiyadakı mənbələrimiz bildirib.

"Faktla bağlı məlumatı RBC agentliyinə istinad edən Virtualaz.org da yayıb. Məlumatda deyilir:

Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimov bu ölkədəki kommersiya daşınmaz əmlak biznesini tərk edib. Virtualaz.org RBC agentliyinə istinadən xəbər verir ki, Rəhimov “Kiyevskaya ploşad” şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. 500 milyon dollar həcmində qiymətləndirilən səhmlərin yeni sahibi Rəhimovun Azərbaycanda qeydiyyatdan keçmiş “Fina” hüquq şirkətindəki tərəfdaşı olub.

Belə məlum olur ki, İlham Rəhimovun Rusiyanın ən iri rantye şirkətlərindən birindəki səhmləri Azərbaycandakı partnyorunun adına keçirməsi ABŞ Maliyyə Nazirliyi tərəfindən yanvar ayında “Kreml siyahısı”nın açıqlanmasından dərhal sonra baş verib. “Kreml siyahısı” yanvarın 29-a açıqlanıb. Bu siyahıya Kremlə yaxın oliqarxların da adı daxil edilib. Siyahıda azərbaycanlı milyarderlər Vahid Ələkbərov, Qod Nisanov, Zarah İliyev, Fərhad Əhmədov və Araz Ağalarov da yer alırdı. Lakin maraqlıdır ki, “Kiyevskaya ploşad” şirkətlər qrupunda İliyev və Nisanovla ortaq olan İlham Rəhimovun adı “Kreml siyahısı”ında yer almırdı.

Buna baxmayaraq Rəhimov yanvarın 31-də şirkətlər qrupundakı payını tərəfdaşının adına keçirib. Rusiyanın hüquqi şəxslərin qeydiyyatı üzrə Vahid Reyestrində yer alan məlumatdan belə məlum olur.

“Forbes” jurnalı 2014-cü ildə Rəhimovun təkcə bu şirkətlər qrupundakı payını 500 milyon dollar qiymətləndirmişdi. 2017-ci ildə “Kiyevskaya ploşad” kommersiya daşınmaz əmlakın icarəsindən 1.3 milyard dollar gəlir əldə edib. Şirkətlər qrupunun aktivləri arasında “Ukrayna” oteli, “Sadovod” bazarı, “Kaşirka avtomobil bazarı”, “Grand” və “Grand 2” ticarət mərkəzləri və s. daxildir. Şirkətlər qrupuna daxil olan 6 şirkətdən 5-də Rəhimovun payı 15 faiz, 1-də 12 faiz olub.

Fevralın 2-dən etibarən isə “Kiyevskaya ploşad” şirkətlər qrupuna daxil olan “Vısotka” MMC, “Flora və Fauna” MMC, “Kaşirka Avtomobil Ticarət Mərkəzi” MMC, “Grandtitul” MMC, “Avers-3” ticarət-sənaye şirkəti, “Otel İnvest” MMC şirkətlərinin yeni səhmdarı Araz Mehdiyev olub. O, İlham Rəhimovun Bakıdakı “Fina LLP” hüquq firmasındakı tərəfdaşıdır. RBC bu məsələ ilə bağlı şirkətə və Araz Mehdiyevin elektron ünvanına sorğu göndərib, cavab ala bilməyib.

Virtualaz.org”

Qeyd edək ki, İlham Rəsimlinin varisliyi barədə müzakirələr bir neçə ildir ölkə mətbuatından düşmürdü. İş adamının vətəndaş nigahlı xanımı Ruhi Əliyevadan ekiz övladı dünyaya gəlmiş və bu da vərəsəlik üzərində mübahisələri daha da qızışdırmışdı. Daha sonra ikilinin ayrıldığı xəbərləri yayılmış və ziddiyyətlər qismən səngimişdi. Ötən il ikilinin ulduzlarının yenidən barışması xəbərləri mətbu orqanlarda dolaşmağa başlamışdı.

İddianı irəli sürən BakiPost.az-ın məlumatına görə, bu barışıq Ruhi və uşaqları üçün də düşərli olmuşdu: “Belə ki, İ.Rəhimovun övladlarına sahib çıxdığı, onları bahalı bağçaya qoyduğu, şəhərin mərkəzində hərəsinə bir mənzil aldığı xəbər verilir.

Bu mənzillərə təxminən 1 milyon pul xərcləyən milyarder professorun Ruhini də hədiyyəsiz qoymadığı, ona son model "Lexus” markalı avtomobil hədiyyə etdiyi bildirilir.

Tərəflərin barışmasına gəlincə, Ruhi BakiPost.az-a bununla bağlı açıqlama vermək istəməmişdi”.

Bu gün yayılan xəbərlər BakiPost.az-ın iddialarını təsdiqləyici mahiyyətdədir. Belə məlum olur ki, iş adamı mülkiyyətinin böyük hissəsini rəsmi nigahdan olan qızlarının adına keçirib, vətəndaş nigahlı Ruhi Əliyevanın könlünü almaq üçün isə ona bahalı ev və maşın hədiyyə etmişdir.

Xəbərin siyasi çaları olduğu barədə də bəzi ehtimallar irəli sürülür. Bu ehtimala görə, mülkiyyətin əl dəyişməsi daha əvvəl baş verib. Məqsəd Putinin öz dostunu Azərbaycanda keçiriləcək son prezident seçkilərində hakimiyyətə gətirmək istəyindən qaynaqlanırmış. Bunun üçün isə İlham Rəhimov iş adamlığından rəsmən imtina etməli, mülkiyyəti varisinin adına keçirilməli və varis də Rusiyada girov kimi qalmalıymış.

Mənbəmiz İlham Rəhimovun mülkiyyətindən öz kürəkəninin xeyrinə imtina etməsinin zəruriliyini Konstitusiyanın prezident seçkiləriylə bağlı müvafiq maddələri ilə əlaqələndirir. Onun sözlərinə görə, başqa dövlətlər qarşısında öhdəliyi olmayan vətəndaşların seçilmək hüququ olduğundan İlham Rəhimovun rusiyalı iş adamı statusu onun namizədliyini qanunən əngəlləyirdi. Ən azı ona görə ki, vergi də bir öhdəlikdir və Konstitusiya Məhkəməsi bunu əsas gətirib onun namizədliyinə xitam verə bilərdi. Sürprizlə qarşılaşmamaq üçün Moskva da öz adamını bu statusdan məhrum etmək məcburiyyətində qalıb.

Di gəl ki, çoxbilmiş davranan Moskva gözləmədiyi anda başqa bir sürprizlə üzləşib. Söhbət seçkilərin vaxtının önə çəkilməsi və başının özünə qarışan Rusiyanın hazırlıqsız yaxalanmasından gedir. Ehtimalı irəli sürən qaynağın bildirdiyinə görə, Azərbaycandakı son seçkilərin irəli çəkilməsi Rusiyanın bu planının qarşısını almaq məqsədi daşıya bilər: “Nəzərə alsaq ki, mətbu orqanlarda Ruhi Əliyeva və İlham Rəhimovun barışması ilə bağlı məlumat ötən ilin apelində yayınlanıb, bu versiya daha inandırıcı görünür. Mümkündür ki, Azərbaycan hökuməti Rusiyanın planından Ruhiyə alınmış bahalı ev və maşından şübhələnərək duyuq düşüb və bu addımı atıb”, -mənbəmiz belə deyir.




Ana səhifəyə qayıt        Baxış: 4 083          Tarix: 13-03-2018, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma