Artıq bir həftədir Rusiya və Böyük Britaniya arasında sözün əsl mənasında “casus müharibəsi” gedir. Məlum olduğu kimi, Rusiyanın keçmiş hərbi kəşfiyyatçısı, ingilis casusu Sergey Skripal İngiltərənin Solsberi şəhərində hər kəsin gözü önündə bioloji hücuma məruz qalıb. Həmin vaxt Skripalla birlikdə olan qızı Yuliya da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Amma onlarla bərabər 22 nəfərin də zərər görməsi son zamanlar münasibətləri gərgin olan iki ölkə arasındakı vəziyyəti daha da kəskinləşdirib. Böyük Brityanın baş naziri Tereza Mey hücumun arxasında Rusiyanın olduğunu açıq şəkildə bəyan edib. Rusiya isə Mariya Zaxarovanın dili ilə bu ittihamları “sirk şousu” adlandırıb.
Hadisələrin sonrakı gedişatının necə olacağını proqnozlaşdırmaq çətindir. Böyük Britaniyada artıq indidən yayda Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot sədaları yüksəlməyə başlayıb.
Bəs, ölümüylə iki dövləti qarşı-qarşıya qoyan Sergey Skripal əslində kimdir?
Sergey Viktoroviç Skripal 1951-ci ilin 23 iyununda anadan olub. 1999-cu ilə qədər Rusiya Baş Qərargahının Baş kəşfiyyat idarəsində çalışıb və polkovnik rütbəsində olarkən istefa verib.
2003-cü ilə qədər Rusaiya Federasiyasının (RF) Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsində çalışıb, daha sonra bizneslə məşğul olub.
2004-cü ilin dekabrında S. Skripal Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfinbdən saxlanılıb. “QRU”-nun sabiq zabitinin Moskvadakı Britaniya diplomatları ilə əlaqələri araşdırılıb. Vətənə xəyanətdə ittiham olunan S. Skripal hələ 1995-ci ildən Brityaniya xüsusi xidmərt orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyini və onlara Avropada işləyən DKİ əməkdaşları ilə bağlı informasiya ötürdüyünü etiraf edib. Dövlət sirri olan bu məlumatlara görə, Skripal 100 min dollardan artıq pul alıbmış. O da məlum olub ki, DKİ-dən azad edildikdən sonra da Skripal Britaniya xüsusi xidmət orqanlarına xidmətini davam etdirib. FTX-nin bəyanatına görə, vurulan zərərin miqyasına görə Sergey Skripalı bir vaxtlar DKİ-də xidmət edən və Mİ 6 ilə əməkdaşlıq edən “superagent” Oleq Penkovla müqayisə etmək olar.
2006-cı ilin 9 avqustunda S. Skripal casusluğa görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə yüngülləşdirici hal kimi onun etiraflarını nəzərə alıb.
2010-cu ilin iyulunda 5 il yarım həbs cəzası çəkmiş Skripal prezident Dmitriy Medvedyevin sərəncamı ilə əvf edilib. Böyük Britaniya və ABŞ-a cəsusluqda ittiham edilən daha üç nəfər məhkumla birgə 2010-cu ilin iyununda ABŞ-da saxlanılan 10 Rusiya xüsusi agenti ilə dəyişdirilən Skripal Britaniyadan siyasi sığınacaq alıb.
“The Times” qəzetinin əməkdaşı Ben Makintayrın yazdığına görə, Sergey Skripal həqiqətən Mİ 6-nın (Böyük Britaniya xarici kəşfiyyatı-red.) olduqca dəyərli və yüksək ödənişli casusu olub. Skripal bu vaxta qədər Britaniya kəşfiyyatına dəyərli məlumatlar və hətta Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin telefon məlumat kitabçasını belə verib.
Yazıdan o da məlum olur ki, Sergey Skripal öncə İspaniyanın xarici kəşfiyyatının diqqətini cəlb edibmiş. Daha sonra onunla Böyük Britaniya kəşfiyyatı məşğul olub.
1995-ci ilin iyulunda Sergey Skripal Baş Kəşfiyyat İdarəsinin (BKİ) tapşırığı ilə İspaniyada ezamiyyətdə imiş. Burada o, özünü ticarət nümayəndəsi kimi təqdim edən Mİ-6-nın agenti ilə tanış olub. Əvvəlcə Skripal guya özünü həmin adamın kəşfiyyatçı olduğunu bilmirmiş kimi göstərib.
Həmin vaxt 44 yaşında olan Skripal birinci dəfə özünün Rusiya hərbi kəşfiyyatının zabiti (mayor) olduğunu söyləyib.
Daha sonra Sergey Skripalda şəkər xəstəliyi meydana gəlir. Bu səbəbdən Moskvaya qayıdan Sergey Skripal müalicə adı ilə tez-tez İspaniyaya səfər edir. Elə həmin vaxtdan o, Mİ-6 ilə əlaqələrini daha da genişləndirir. 2000-ci ildə BKİ-dən gedən S.Skripal tanışları vasitəsilə Moskva vilayəti hökumətində iş tapır və ingilislərə qiymətli məlumatlar ötürməkdə davam edir.
Kəşfiyyat mənbələrinin söylədiyinə görə, əvvəllər Skripalın satqınlığını maliyyə problemləri ilə izah edimiş. Daha sonra onun maraq dairəsi genişlənir və Böyük Britaniyaya gəlmək istədiyini bildirir.
Kəşfiyyat ona “Dərhal” (Forthwith) kod adı qoyur.
Məqalədə Böyük Britaniyanın SSRİ dağıldıqdan sonra S.Skripal kimi bir çox zabiti ələ almaq ehtimalı xüsusi vurğulanır. Hesab olunur ki, hazırda Böyük Britaniyada ingilislərə məlumat ötürən 10-a yaxın keçmiş rus kəşfiyyatçısı yaşayır.
Məlumatlara görə, S.Skripalın Rusiyanın Qərbdə gizli olaraq fəaliyyət göstərən casusları, rusların dili ilə deyilsə, qeyri-leqalları ələ verməsi mümkün deyil. Amma o, Rusiya hərbi kəşfiyyatının struktur və personalı haqqında dəqiq məlumatları, eləcə də yüzlərlə zabitin adlarını qarşı tərəfə ötürməyi bacarıb.
Onun verdiyi məlumatlar sayəsində Böyük Britaniyanın əks-kəşfiyyat xidməti Mİ-5 və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın Qərbdəki bir çox kəşfiyyat əməliyyatlarının qarşısını ala bilib.
Sergey Skripalı satan isə ispanlar olub. Belə ki, Sergey Skripalın ikili agent olduğunu öyrənən İspaniyanın bir kəşfiyyat zabiti (yəni rusların İspaniya kəşfiyyatının içinə yerləşdirdiyi casus-red.) 2004-cü ildə rusiyalı casusun fəaliyyəti barədə Moskvaya məlumat verib.
“The Times” həmin ispanın adını da öyrənib. Bu 52 yaşlı Roberto Flores Qarsiyadır.
Qarsiya Sergey Skripal haqqında Rusiyanın İspaniyadakı səfirliynə dərhal xəbər verir.
İspaniyanın Milli Kəşfiyyat Mərkəzində çalışan Roberto Flores Qarsiya səfirlikdə kəşfiyyatı kurasiya edən Pyotr Yakovleviç Melnikova S.Skripal barədə gizli məlumatlar verir. Yeri gəlmişkən, Flores özü də bu xidmətin müqabilndə ruslardan 200 min dollar pul alır.
Həmin ispan zabiti daha sonra ölkəsində həbs olunur və vətənə xəyanətə görə 12 il həbs cəzasına məhkum edilir.
Sergey Skripal casusluq fəaliyyəti barədə ailəsinə məlumat verməyibmiş. Onun həyat yoldaşı Lyudmila Londona zəng edərək vəd olunan pulları istəyib və bu məqsədlə İspaniyaya uçub. Xanım Skripal ərinin ticarətçi kimi fəaliyyət göstərdiyini düşünürmüş. (Sonradan Lyudmila Skripal özü qəfildən dünyasını dəyişib-red.)
Rusiya S.Skripalın özünün “yatan agentləri”, yəni Böyük Britaniyada fəaliyyət göstərən və ələ keçən kəşfiyyatçıları ilə dəyişdirilməsinə razı olduqdan sonra ingilslər onu hər ehtimala qarşı Vyana hava limanına gətirirlər. Daha sonra İngiltərəyə köçən rusiyalı casus Britaniya kəşfiyyatının agentləri ilə görüşərək onlara Rusiyanın casus əməliyyatlarının metodları və strukturu barəsində mütamadi məlumatlar verməkdə davam edib.
Rübabə Rzayeva
“Hürriyyət”
Paylaş: