Xəbər lenti

  

Bu gün bəziləri Sərdar Cəlaloğlunun seçkidə iştirakını qınayırlar. Guya, ADP sədrinin bu addımı seçkilərə legitimlik qazandırırmış.

Demoqojik olaraq bu iradda haqlılıq payı var; seçkilərə qatılmaqla ona alternativlik görüntüsü verilir. Amma bu görüntünün legitimliklə heç bir əlaqəsi yoxdur. Ona görə ki, legitimliyin 3 forması var. Bunlardan biri hüquqi, digəri siyasi, bir başqası isə beynəlxalq ictimai rəydəki legitimlikdir.

Hüquqi legitimliyi keçirilən seçkilərin qanuna nə qədər uyğun olub-olmaması müəyyənləşdirir. Bəyənsək də, bəyənməsək də hazırda davam edən proses qanuna tam uyğundur: Konstitusiyaya görə, bu il seçki keçirilməli idi və hakimiyyət də bunu keçirir.

Bir çoxlarının öz boykot taktikasının yeganə əsası kimi ölkə başçısının seçkiləri əvvələ çəkməsini misal göstərməsi də hüquqilikdən xeyli uzaqdır. Çünki yenə Konstitusiyaya əsasən, prezidentin bu cür səlahiyyəti var və o da bundan istifadə edib. Heç bir arqumentlə bu qərarın qanuni olmadığını iddia etmək mümkün deyil. Necə ki, dünyanın bir çox yerlərində hökumətlər erkən seçki qərarı alırlar və iqtidarlı-müxalifətli hər kəs bu prosesdə iştirak edir. Heç biri də bunun hüquqi legitimliyini müzakirəyə çıxarmır.

Deyə bilərsiniz ki, bizdə dünyanın bir çox dövlətlərindən fərqli olaraq səsvermənin saxtalaşdırılması halları mövcuddur, bu da seçki prosesinin demokratikliyinə kölgə salır. Razıyam. Amma nə edəsən ki, daha yaşanmamış bir olay haqqında indidən qərar vermək məntiqən doğru görünsə də, hüquqən mübahisəlidir və bu iddianı ancaq seçkidən sonra irəli sürmək olar.

Açığını desəm, müxalifətin boykot taktikasından sonra YAP-ın seçkiləri saxtalaşdırmasına da ehtiyac qalmayacaq. Nədən ki, müxalifətin önəmli qisminin iştirak etmədiyi, narazı elektoratı yayındırdığı bir seçkidə İlham Əliyev alternativsiz kimi görünür və proses demokratik keçiriləcəyi təqdirdə belə, rahatlıqla yetərli səs ala bilər. Şəxsən mən onun yerinə olsam, seçkiləri tam demokratik keçirib həqiqətən qalib gəldiyimi bütün dünyaya elan edər, bununla da indiyədək mövcud olan mənfi imicimi müsbətə doğru dəyişdirərdim. Yəqin ki, İlham Əliyev də elə edəcək. Bu mənada seçkini boykot etmək də seçkidə iştirak qədər mübahisəlidir.

Siyasi legitimliyə gəlincə, bunu xalqın hakimiyyətə gələn qüvvəyə reaksiyası müəyyənləşdirir. Xalq əgər hakimiyyəti qanuni və ya qeyri-qanuni ələ keçirən qüvvəyə qarşı heç bir reaksiya ortaya qoymursa, yaxud qoya bilmirsə, deməli, nəticə ilə razılaşır. Əks halda, Türkiyədəki məşhur 15 iyul çevriliş cəhdində olduğu kimi orduya, polis gücünə rəğmən, ayağa qalxıb hakimiyyəti qeyri-qanuni (yuxarıda da qeyd etdiyimiz kimi, bu seçkiləri hələlik qanunsuz adlandırmaq da mümkün deyil) ələ keçirmək cəhdinin qarşısını alar. Azərbaycanda isə bir neçə həftədən sonra bu qiyamın baş tutacağı böyük şübhə altındadır. Belə bir vəziyyətdə siyasi legitimsizlikdən də bəhs etmək mümkün deyil.

Digər tərəfdən, xarici dövlətlərin indiyə qədərki proseslə bağlı konkret və kəskin mövqe ortaya qoymaması da seçkilərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacağına zəmanət vermir. Bizim kimi kiçik dövlətlərdə bu da legitimliyin bir başqa formasıdır və onu beynəlxalq legitimlik də adlandıra bilərik ki, böyük dövlətlərin prosesə indiyə qədərki münasibəti demokratik qüvvələrin əleyhinədir. Bu baxımdan seçkidə iştirakla boykot taktikası arasında da ciddi fərq yoxdur. Yanlışla doğrunun fərqinin sıfıra bərabər olduğu indiki şəraitdə kimisə öz davasına arxa çevirməkdə günahlandırmaq, yumşaq desək, ədalətsizlikdir.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 235          Tarix: 22-03-2018, 02:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma