Fuad Əliyev: “Müxalifət birləşsə, ikinci tura nail ola bilərik”
“Mən hesab etmirəm ki, boykot düzgün bir addımdır...”
Bir neçə gün əvvəl Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev prezidenliyə namizəd üçün lazım olan 45 min imzanı toplmasına rəğmən, müxalifətin birliyi naminə namizədliyini geri götürdü və Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunu dəstəklədiyini ölkə ictimaiyyətinə bəyan etdi. Əslində, partiya sədrinin bu addımı müxalifətin birliyi naminə təqdirəlayiq bir haldır. Çünki müxalifətin seçkilərdə vahid namizəd ətrafında birləşməsi vacidbir.
ALDP sədri Fuad Əliyevlə söhbətimizdə ilk olaraq namizədliyini geri götürməsinin səbəblərinə aydınlıq gətirmək istədik:
- Biz keçən il aprel ayının 12-də 5-ci qurultayı keçirdəndə mənim namizədliyim irəli sürülmüşdü. Mən də həmin qurultayda öz çıxışımda bildirmişdim ki, biz partiya olaraq seçkilərdə iştirak etməliyik. Ümumiyyətlə, bizim partiyamız yaranan gündən biz seçkilərdə iştirak qərarı vermişik. Qurultayda mənim namizədliyim irəli sürülsə də, mən dedim ki, müxalifət seçkilərdə vahid namizədlə iştirak etsə, daha uğurlu olar. Ondan sonra, keçən aylarda biz belə bir təklif irəli sürmüşdük ki, iddialı olan müxalifət namizədlərinin, partiya sədrlərinin bir namizədlər klubu yaradılsın. Ondan sonra, mərhələ-mərhələ keçdikcə, biz orada danışıq aparıb, kiminsə xeyrinə namizədliyimizi geri götürməyə hazır olaq, həmin namizədlər klubuna daxil olan hansısa partiya sədrinin xeyrinə namizədliyimizi geri götürək. Təəssüf ki, bu imkan bizdə alınmadı. Çünki yanvarın 20-də Məzahir Pənahov qeyd etdi ki, biz artıq seçkilərə start veririk və Mərkəzi Seçki Komissiyası olaraq öz işlərimizi görürük. Fevralın 2-də və ondan sonra verilən bəyantlar ona gətirib çıxartdı ki, birdən-birə növbədənkənar seçkilər təyin olundu. Yəni biz partiya olaraq bu danışıqları digər namizədlərlə apara bilmədik. Və belə bir qısa zamanda biz öz işimizi görəndən sonra, bütün şanslarımızı götür-qoy etdik. Mən Əli bəyin (Əli Əliyev – red.), Sərdar bəyin (Sərdar Cəlaloğlu – red.), Tural bəyin (Tural Abbaslı – red.) namizdəliyinə hörmətlə yanaşıram. Amma biz özümüz partiya daxilində müzakirə etdik və belə bir qərar verdik ki, burada daha şanslı Sərdar bəy görsənir. Hesab etdik ki, onun xeyrinə namizədliyimiz geri götürsək, bu, daha uyğun olar. Bununla bağlı bizim bəyantımız və digər müxalif partiyalarına müraciətimiz oldu. Xahiş etdik ki, biz atdığımız addımı onlar da atsınlar.
- Verdiyiniz bəyanatda qeyd etmisiniz ki, prezident seçkilərində müxalif partiyalar vahid mövqedən çıxış etsələr, müxalifətin qələbəsinə nail olacaqsınız. İndiki parçalanmış müxalifətlə bu mümkündürmü?
- Belə başa düşürəm ki, parçalanmış müxalifət deyəndə boykot qərarı verən partiyaları nəzərdə tutursunuz. Boykot qərarı verən iki partiya var: AXCP, Müsavat. Milli Şura elə AXCP-dən təşkil olunub. Amma əsas müxalifət pariyaları seçkiləri boykot etmirlər, sadəcə seçkidə iştirak etmirlər. Bizim bəyantımızda o partiyaların hamısına, o cümlədən REAL Hərəkatına müraciət olunub ki, hamımız birləşib bir namizədi müdafiə edək. Mən bu gün də hesab edirəm ki, müxalifət birləşsə, biz ən azından ikinci tura nail ola bilərik. Yəni bizim namizədimiz ikinci tura keçə bilər.
- Müxalifətin birləşməyi üçün ortada real əsaslar yoxdur, axı. Müxalifət necə birləşə bilər?
- İnşallah, Sərdar bəy qeydiyyata alınandan sonra yəqin ki, öz platformasını, ideyalarını təqdim edəcək. Mən hesab edirəm ki, bizim plaformamız, ideyalarımız uyğundur. Digər pariyalar, hansı ki, iştirak etməyənlər, yəqin ki, ən uğurlu variant ortaq bir məxrəcə gəlib onu dəstəkləmək olardı. Niyə də dəstəkləməyək ki? Buna da heç kim nə qısqanclıqla, nə də başqa bir fikirlə yanaşmasın. Mən yenə də deyirəm ki, bu gün real olaraq vahid namizəd Sərdar bəy ola bilər. Biz artıq seçimimizi etmişik, digərləri üçün də ola bilər. ADP 20 ildən çox yaranmış bir partiyadır.Yəni ki, oturuşmuş, seçkilərdə iştirak edən bir partiyadır. Ötən dəfə də prezident seçkilərində iştirak edib. Rayon təşkilatları mövcud olan bir partiyadır. Biz seçkilərdə 4 nəfər namizəd idiksə, Sərdar bəyin yaşı da, təcrübəsi də bizdən daha çox üstündür. Mən bunu qəbul edirəm. Ona görə, biz bu addmı atırıq.
- Deyirsiniz ki, Sərdar bəy müxalifətin vahid namizədi ola bilər. Nəyə əsasən belə bir ehtimal olduğu qənaətindəsiniz?
- Bəli, mən fikirləşirəm ki, bu ehtimal var. Sərdar bəy qeydiyyata alınandan sonra komandası da, özü də və digərləri də görüşlər keçirib çalışmaq lazımdır ki, digər partiyalar da onu dəstəkləsinlər. Hər halda, mən buna inanıram ki, seçkidə iştirak etməyən partiyalar Sərdar bəyi dəstəkləsə, öz partiya üzvlərinə göstəriş versə ki, ona səs versin, onda müxalifətin birliyi alına bilər.
- Sizin kimi, Ümid Pariyasının sədri İqbal Ağazadə də Sərdar bəyi dəstəklədiyini açıqlayıb. Bunu gizli danışıqların nəticəsi hesab etmək olarmı? Şəxsən siz Sərdar bəyi dəstəklədiyinizi bəyan etməzdən öncə onunla danışıqlar aparmısınızmı?
- Burada heç bir gizli danışıqlar olmayıb. Qərardan qabaq mən onunla görüşmüşdüm. Bu təklifi ona çatdırmışdım ki, bizim iştirakmız bu formada olacaq. O da bunu çox yaxşı qarşıladı. Biz Sərdar bəyi dəstəkləyirik. Burada gizli heç nə yoxdur. Biz indi Sərdar bəyin rəsmi qeydiyyat məsələsini gözləyirik. Yəqin ki, ondan sonra müəyyən addımlar atılacaq, ona dəstəyimizi davam etdirəcəyik.
- Seçkidə iştirak edən və etməyən müxalif partiyalara müxalifətin vahid mövqeyindən çıxış etmək üçün müraciət etmisiniz. Hesab edirsinizmi ki, digər müxalif partiyalar vahid mövqedən çıxış edəcək?
- İlk öncə, mən seçkilərdə iştirak edən Ağ Partiyaya, VİP-ə də uğurlar arzu edirəm. İstənilən bir mərhələdə bu addımı atmaq olar. Hətta qeydiyyatdan sonra da bu addımı atsalar, müxalifət parçalanmaz. İkincisi, seçkidə iştirak etməyən partiyalar aprelin 11-nə qədər öz qərarlarını dəyişə bilərlər və seçki günü vahid namizədi dəstəkləyərlər. Hər halda, mən buna ümid edirəm.
- Özlərini əsas müxalifət partiyaları hesab edən AXCP, Müsavat Partiyası, eləcə də Milli Şura boykot qərarı verdiyi halda, digər müxalifət partiyalarının seçkidə iştirakını seçkinin legitimləşdirilməsinə xiddmət edən bir addım kimi dəyərləndirirlər. Bu barədə siz nə düşünürsünüz?
- Belə çıxır ki, onda 2013-cü ildə onlar seçkidə iştirak edib, bu gün tanımadıqları hakimiyyəti legitimləşdiriblər. 2013-cü ildən bu günə kimi nə Seçki Məcəlləsi, nə seçki komissiyası dəyişib, nə də demokratik bir mühit yaranıb ki, onlar desinlər, biz seçkidə iştirak edirik və kimisə legitimləşdiririk. Bu, səhv bir fikirdir. Seçkilər 2003, 2008, 2013-cü illərdə də saxtalaşdırılıb. Amma bunu sübut etmək lazımdır. Sən seçkidə iştirak etməyə-etməyə bunu necə sübut edəcəksən? Mənim Avropada, Amerikada Dövlət Departmentində keçirdiyim görüşlərdə də deyirlər ki, sən seçkidə iştirak etməyə-etməyə saxtakarlığı necə sübut edəcəksən? Ona görə, bütün beynəlxalq təşkilatlar seçkidə iştirakın vacibliyini qeyd edirlər ki, sabah bizim əlimizdə protokollar olsun ki, bizim namizədin səsi oğurlanıb, bizim səslərimiz hakimiyyətə tərəfindən tanınmayıb. Bunu sübut etmək üçün seçkidə iştirak etməlisən. Partiya olaraq 2008-ci ildə seçkilərdə müşhidəçilərimiz də olub. 2003-cü də isə biz AMİP-in namizdi Etibar Məmmədovu dəstəkləyəndə məntəqə üzvlərimiz, müşahidəçilərimiz də olub və əldə olunan protkollar əsasında biz dedik ki, bu seçkilər necə keçib. Protokolları əldə etmək lazımdır. Amma iştirak etməyə-etməyə sən necə deyə bilərsən ki, seçkilər saxta keçirilib və müxalifətin namizədi səs toplamayıb.
Seçkini boykot edən AXCP, Müsavat Partiyası 2013-cü ildə seçkidə iştirak ediblər, onlar hesab edirdilər ki, vahid namizədləri Cəmil Həsənli qalib gəlib. Amma bunu sübüt edə bilməyiblər, heç bir protokolu əldə edə bilməyiblər. Ona görə, mən hesab etmirəm ki, boykot düzgün bir addımdır.
- Ümumiyyətlə, sizcə, boykot qərarının arxasında hansı maraq dayanır?
- Növbədənkənar prezident seçkilərinin qəflətən təyin edilməsi artıq onları bu vəziyyətə salıb. Prezident seçkilərinin günü açıqlanan gün onlar elə axşam boykot qərarı verdilər. Digər müxalifət partiyaları ilə nə müzakirələr aparıblar, nə də görüşləri olub. Onlar tələsik boykot qərarı verməklə fikirləşdilər ki, digər partiyalar onlara dəstək verəcəklər. Amma əsas müxalifət qüvvələri boykota getmədilər, sadəcə iştirak etmirlər. Biz 4 partiya isə qərar verdik ki, iştirak edəcəyik. Ona görə, onların tələsik qərarı onları bu vəziyyətə saldı. Onların marağına gəlincə, seçkilər oktyabr ayında keçirilsə, yəqin ki, onlar bu gün bizim kimi vahid namizəd seçəcəkdilər. Ola bilər yenə də vahid namizəd Cəmil Həsənli olacaqdı və onun ətrafında digər partiyaları toplayacaqdılar. Bu alınmayandan sonra onlar bu addımı atdılar.
- Boykotçuların vahid namizdi müəyyən etməsi bu qısa müddətdə mümkün deyildi?
- Məncə, olardı. Misal üçün biz nəyə görə öz qərarımızı verdik? Sadəcə onlar tələsik boykot qərarını verdilər.
- Yeri gəlmişkən, referenduma edilən dəyişikliyə və söylənilən fikirilərə əsasən demək olar ki, payızda parlament seçkilərinin keçirilməsi ehtimalı var. AXCP, Müsavat Partiyası, eləcə də Milli Şuranın parlament seçkilərini də boykot edəcəyini güman edirsinzimi?
- Hər şey ola bilər. Məncə, daha yaxşı onlar bilərlər ki, iştirak edəcəklər yoxsa, yox.
- Ümumiyyətlə, boykot qərarı verən partiyaların parlament seçkilərində iştirak etməsi doğrudurmu?
- Təbii ki, doğru deyil. Əgər onlar bu prezident seçkilərini boykot edirlərsə, parlament seçkilərində nəyə görə iştirak edəcəklər? Bu məntiqsiz bir addımdır. Çünki komissiyalar dəyişməyib, hakimiyyət necə komissiyaları formalaşdırıb, eyni komissiyalardır. Ümumiyyətlə, referendumdan sonra biz 2017-ci ildə növbədənkənar prezident seçkilərini gözləyirdik. Sadəcə, bu addım onda atılmadı, 2018-ci ildə atıldı. Ola bilər ki, prezident seçkilərindən sonra ilin axırına parlament seçkiləri təyin olunsun. Biz partiya olaraq seçkiyə həmişə hazırıq. Elə keçən il qurultayda mən qeyd etmişdim ki, biz təkcə bu prezident seçiklərinə yox, bələdiyyə və parlament seçkilərinə hazır olmalıyıq. Ona görə, biz partiya olaraq bu seçkilərə hazırıq. Düzdür, növbədənkənar prezident seçkiləri təyin olunandan sonra bəzi məsələləri kənarda qoydu, amma ümumi olaraq biz seçkilərə hazır idik. Parlament seçkiləri də bu il təyin olunsa, biz komanda olaraq hazırıq. Amma yenə deyirəm onların prezident seçkilərini baykot taktikası məntiqsiz olacaq ki, onlar parlment seçkilərində iştirak etsinlər.
Şamo EMİN, Hurriyyet.org
Paylaş: