Xəbər lenti

 

 Ramazan SİRACOĞLU

                                                                             

İran və Rusiya arasında baş vermiş ikiillik muharibə 1828-ci ilin 22 fevralında Türkmənçay sülh müqaviləsi ilə tamamlanmışdı. Bu müqavilə əsasında rus çarı I Nikolayın fərmanı ilə 21 mart 1828-ci ildə ələ keçirilmiş yeni ərazilərdə erməni bölgəsi- ermənilərin “Haykakan marz” - adlandırılmağa başladıqları  inzibati ərazi vahidi təşkil edildi.  İlk vaxtlarda “erməni bölgəsi”ndəki ermənilər etnik baxımdan ümumi əhalinin heç üçdə bir hissəsini də təşkil etmirdilər ( Bax: Richard G. Hovannisian. Armenia on the Road to Independence, 1918, p.  9-10 ). Lakin qısa  zaman içərisində Osmanlı və Qacar xanədanlığı ərazilərindən- İrandan  buraya ermənilərin kütləvi köçü başladı. Məsələn, 1838-ci ildə  Persiyadan ( İrandan) İrəvana 23 min 568, Naxçıvana- 10 min 652; Osmanlı dövləti ərazisindən isə İrəvana 21 min 639 nəfər erməni köçüb gəlmiş, ərazidə ermənilərin sayı bir neçə il ərzində 82 min 377 nəfərə çatmışdı ( Bax: Muriel Atkin. Russia and Iran, 1780-1828. University of Minnesota Press, 1980). Çar Rusiyasının havadarlığı və birbaşa dəstəyi ilə ermənilər köçüb gəldikləri ərazilərdəki yerliləri - türkləri sıxışdırması, özlərini yeni torpaqların dominantı kimi aparması, cəfəng “Böyük Ermənistan” xəyalını gerçəkləşdirmə cəhdləri bu ərazilərin daimi və əzəli sakinlərinin haqlı narazılığına səbəb olurdu. 2 oktyabr 1837-ci ildə Birinci Nikolay Eçmiadzinə ( Üç müəzzinə)   gələndə onun qarşısında diz çökmüş erməni arxiyepiskopu Karapetdən nə arzuladığını soruşanda Karapet belə  deyib: Великий Государь, Ты будь отцом и защитником Твоего нового верноподданного армянского народа, мой армянский народ Тебе поручаю и Тебя - Господу Богу. (Böyük Hökmdar, Sən yeni sadiq təbəələrin - erməni xalqının atası və hamisi ol, mən erməni xalqımı Sənə, Səni də Allaha tapşırıram. ( Bax: А.Д. Ерицов. Пребывание императора Николая I в Эчмиадзине и Эривани )).  

Təəssüf ki, XX əsrin başlanğıcında bizə real kömək edə biləcək siyasi -hərbi qüvvə Osmanlı xanədanlığı dünyanın siyasi səhnəsindən getməkdə idi. Ermənilərin isə bəxti gətirirdi. 1913-cü ildə Cənubi Qafqaza gəlmiş rus imperatoru II Nikolay onu ziyarətə gəlmiş nüfuzlu erməni nümayəndə həyətini bu sözlərlə xatircəm etmişdi: “Вы тогда можете стать счастливыми, когда Константинополь, т.е. Стамбул, станет нашей столицей, Босфор и Дарданеллы станут нашими. Тогда я даю слово о создании на Южном Кавказе, в Малой Азии «Большой Армении” (Konstantinopol- yəni, İstanbul-  paytaxtımız, İstanbul boğazı və Çanakkale bizim olanda siz xoşbəxt olacaqsınız. O zaman mən sizə Cənubi Qafqazda, Kiçik Asiyada “Böyük Ermənistan” yaratmaq sözü verərəm”.

XIX əsrin 70-ci illərində Bakıda neft sənayesi vüsət tapdığı bir dönəmdə Rusiya başda olmaqla ətraflarda yaşayan  ermənilər buraya axın etməyə başlamışdılar. İstənilən şəraitə asanlıqla uyğunlaşa bilən, mənsəb sahiblərinin qılığına girməyi bacaran, hamilərinin də dəstəyi sayəsində qısa zamanda Bakıda söz, nüfuz sahibi olmuş, vəzifələr tutmuş ermənilər lobbi fəaliyyətlərini genişlətmiş, bir-birilərini tərifləyə-tərifləyə vəzifə nomenkulaturasında çox irəliləmiş, şəhərin müəyyən hissəsində öz məhəllələrini yaratmışdılar. Onlar mütəşəkkil fəaliyyətin faydalı iş əmsalınının yüksək olduğuna çoxdan inanmışdılar. Gücləndikcə şəhər aborigeninə zaman-zaman diş də göstərirdilər. 1905-ci ilin fevralında sonra törədəcəkləri qanlı qətliamın baş məşqini də gerçəkləşdirmişdilər. Dişləri qana batmış ermənilər qazandıqları uğurlardan ruhlanmış, daha böyük hədəf müəyyənləşdirmişdilər: Bakıda bir nəfər də olsun müsəlmanın yaşamasına imkan verməmək. Bütün hazırlıqlarını bu məqsədin reallaşması naminə görmüş, intuitv olaraq fürsət anının gələcəyi günün uzaqda olmadığını anlamışdılar.

Birinci Dünya müharibəsinin başlaması çox yerdə hərbi-siyasi mənzərəni dəyişdirdi. Xüsusən, Peterburqda baş vermiş 25 oktyabr 1917-ci il inqilabı bərabərində böyük təlatümlər gətirdi. Bir anda hər şey, bütün dəyərlər, meyarlar yox olmuş, faktiki olaraq gün batmayan nəhəng ölkədə “Pompeyin son günü”nü xatırladan əsl xaos başlamışdı. Müəzzəm imperiya mərkəzdənqaçan güclərin sayəsində bir anda çökmüşdü. Yarandığı 1890-cı ildən bu anın həsrəti ilə yaşayan “Daşnaksutun”  (Birlik) partiyası liderlərinin əlinə böyük fürsət düşmüşdü. 1906-cı ildən rəsmi şəkildə  çarizm tərəfinə keçən daşnaklar 1916-1917-ci illərdə Qafqaz cəbhəsində  Osmanlılara mümkün qədər daha çox zərər vurmaqla məşğul olmuşdular. Onlar yaxşı bilirdilər ki, taleləri Rusiyanın qələbəsindən asılıdır. Siyasi fəaliyyətlərini qanlı terror əsasında qurmuş daşnaklar öz üzvlərinə  ruslara qarşı ən kiçik təxribatı belə  yasaqlamışdılar. Onların əzəli hədəfi türklər idi.  Daşnakların türk etnosuna qarşı qəddarlığı tanınmış ingilis tarixçisi Donald Blokshəmi də təəccübləndirmişdir ( Bax: Bloxham D. Genocide on trial : war crimes trials and the formation of Holocaust history and memory. — Oxford ; New York: Oxford University Press, 2001). Bolşevik cildinə girmiş daşnaklar 1917-ci ilin noyabrından Bakıda mühüm vəzifələr tutmuşdular. Bakıda iqtidarda olan 26-ların başçısı Stepan Şaumyan Azərbaycanı sovetləşdirmək bəhanəsi ilə Bakıda, Şamaxıda, Qubada, Lənkəranda törədilən hərbi cinayətləri son qələbəyədək davam etdirməyin zəruriliyini bildirirdi (Bax: Шаумян С. Г. Избранные произведения. Т. 2. (1915 - 1917). М., 1918, с. 254). Sovet hakimiyyəti rejimində yüksək vəzifə əldə etmiş daşnaklar  müxtəlif bəhanələrlə türkləri açıqdan açığa sıxışdırmağa başlamışdılar. 1917-ci ilin sonlarında Bakıda fəaliyyətə başlayan erməni milli şurası ( HAX- Hayastani azqayin xorhurdi ) ermənilərin fəaliyyətini koordinə etmək, daşnaklara müsəlmanlar haqqında lazımı məlumatlar ötürmək, müsəlman zənginlərinin ünvanlarını öyrənmək, ermənilərə antitürk təbliğatı yaymaq, rus və yəhudilərin gözündə məsum erməni obrazı yaratmaq, mətbuatı ermənilərin təşviqat maşınına çevirmək idi.  1918-ci ilin yanvarında cəbhədən Bakıya qayıdan müsəlman əsgərlər daşnaklar tərəfindən tərksilah edilərək həbs olunmuşdular. Etiraz edənlər dərhal cəzalandırılırdılar. İş o həddə çatmışdı ki, yerli sakinlər vağzal tərəfə çıxa bilmirdilər. Onlar qatara minmək istəyəndə Biləcər tərəfə gedirdilər. Müsəlmanlar dəfələrlə erməniləri dostluğa dəvət etsələr də, ermənilər öz ədavətlərini davam etdirirdilər. 1918-ci ilin mart ayının 17-də (  yeni stillə, 29 martda ) məşhur milyoner H.Z. Tağıyevin Lənkəranda hələk olmuş  zabit oğlu Məhəmmədin dəfnində iştirak etmək üçün gəlmiş  azsaylı zabit heyətinin daşnaklar tərəfindən Bakı limanında tərksilah edilməsinə yerli Bakı camaatının etiraz etməsi   Mart soyqırımının, türk genosidinin başlanmasına   bəhanə oldu. 19 (31) mart səhər erkəndən, şəhər yuxuda ikən əvvəlcədən hazırlıq görmüş, təpədən dırnağa silahlanmış daşnaklar böyük-kiçik demədən qarşılarına çıxan hər kəsi güllələləməyə, evləri, mağazaları yandırmağa, məscidləri dağıtmağa başladılar. Hiyləgər daşnaklar Xəzər dənizində reyddə duran rus matroslarını inandırmışdılar ki, müsəlmanlar İçərişəhərdə və Bayırşəhərdəki rusları girov götürmüşlər. Rus matroslar da bu hiyləyə inanıb şəhəri top atəşinə tuturdular. Müsəlmanlar mövcud durumu Krasnokrets (indiki Şeyx Şamil) küçəsində yerləşən İran konsulluğuna çatdırdılar, az sonra İran konsulu Muhəmməd Səidülvüzəra Marağai və kapitan-leytenant  M. A. Natanson İçərişəhərə gəldilər, oradakı 240 rusun heç birinin zərər görmədiğinin şahidi oldular, içərişəhərliləri qorumaq üçün 20 matros təyin edib getdilər (Bax: Mərkəzi Dövlət Arxivi, f.277, s.17    ).

 

Şəkildə:  ermənilərin yandırdığı Kaspi mətbəəsi

Daşnaklar bütün şəhər boyu hücuma keçmişdilər. Dəhşətli burasında idi ki, bakılılara qarşı qəddar davranan qaragüruha erməni ziyalıları liderlik edirdilər. Nkolayevsk ( indiki İstiqlaliyyət ) küçəsi ilə hücuma keçən daşnaklar İsmailiyyə binasına, indiki Sabir bağı tərəfdə yerləşən Kaspi mətbəsinə, Uroloji xəstəxana səmtindəki Dağıstan mehmanxanasına od vurdular, Sobornı (indiki Sabir) küçəsində doqquz müsəlman qadını diri-diri tonqala atdılar, neft milyoneri ( neftəxuda ) Baləhməd Muxtarovun Persidski (indiki Muruza Muxtarov ) küçəsindəki malikanəsini dağıtdılar, ailə üzvlərini doğradılar. Daşnaklar Kaspi mətbəsində nəşr olunmuş təxminən 5 min ədəd  Qurani-Kərimi də təhqir etdilər, Vorontsov ( indiki Kömürçü ) meydanında yüzlərcə adamı işgəncə ilə öldürmüşdülər. Kamenistaya ( indiki Bəşir  Səfəroğlu ) küçəsi ilə Persidski ( indiki Murtuza Muxtarov) küçələrinin kəsişdiyi tində Şamaxı məscidinə sığınmış müsəlmanları qanlarına qəltan etmişdilər. Hadisələri öz gözləri ilə görmüş A. N. Kvasnik familyalı bir şahid Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşkil olunmuş Fövqəladə İstintaq Komissiyyasına bildirmişdi ki, Bakı soyqırımında bütün yaş qrupundan və peşədən  olan ermənilər iştirak edirdilər, Serkovnı (indiki Vidadi) küçəsində törədilən qətliam iştirakçıları  arasında ikinci-üçüncü sinifdən olan erməni uşaqlar da vardı. Bütün ermənilər müsəlman bakılıları öldürməkdən, onlara ağlasığmaz işgəncə verməkdən zövq alır, bununla da sanki öz milli borclarını yerinə yetirirdilər ( Bax: Mərkəzi Dövlət Arxivi, f.277, q. 26, s.6).

 

Şəkildə: qətl edilənlərin Bakı küçələrindən daşınması

Ermənilər mart soyqırımından xeyli əvvəl gecələr şəhərin müxtəlif yerlərini sürəkli atəşə tutur, adamları daim qorxu altında saxlayır, onları öz yaşayış yerlərindən çıxıb getməyə məcbur edir, tez-tez müxtəlif məhəllələrdə qarət, oğurluq hadisələri törədir, gündüzlər də müsəlmanlara qarşı təhrikedici hərəkətlər törədir, onları əsəbiləşdirir, müsəlmanları yəhudi və rusların  nəzərində vəhşi, mədəniyyətsiz, cahil topluluq kimi təqdim etməyə nail olurdular. Zəngin müsəlmanları zorla öz evlərindən qovur, ən yaxşı halda onları həmin evin zirzəmisində yaşamağa vadar edirdilər. Müsəlman əhalinin şikayət edəcəyi yer yoxdu. Müsəlmanlarda hava qaralandan sonra küçəyə çıxmağa  cəsarət qalmamışdı. Qafqaz cəbhəsini tərk edən ruslar da öz silahlarını dəyər-dəyməzə ermənilərə satır, ya da bağışlayırdılar. Kolubakin ( indiki N.Rəfibəyli ) küçəsində,  Parapet ( indiki Fəvvarələr) meydanına yaxın yerdə yerləşən erməni kilsəsində də antimüsəlman, antitürk moizələri oxunur, ermənilər müsəlman soyqırımına təşviq edilirdi. Təsadüfi deyil ki, məhz həmin ünvanda yerləşən erməni kilsəsi mart soyqırımında ermənilər üçün əsl cəbbəxana rolu oynamış, onun zirzəmisində dinc müsəlman əhaliyə qarşı işlənmiş kütləvi qırğın silahları mühafizə olunmuşdu.

Nikolayevski (indiki İstiqlaliyyət) küçəsində Lalayanlara məxsus Metropol (indiki Nizami adına ədəbiyyat müzeyi) mehmanxanasının damından ermənilər pulemyotlarla  ətrafdakı müsəlman məhlələrinə atəş açırdılar.

Mart soyqırımı zamanında və sonrakı vaxtlarda İranın konsulu olmuş Muhəmməd Marağai “Siyasi xatirələr”ində Bakıda gördüyü vəhşəti ürək ağrısı ilə qeyd etmişdir: “Konsulluğun binasında 100 iranlı  bizə nicat gətirmişdi. 1918-ci ilin 2 aprelindən başlayaraq biz öz gücümüzlə təxminən 5 mindən çox cəsədi küçə və meydanlardan yığıb onları müsəlman qaydasına uyğun şəkildə dəfn etdik. Mart soyqırımından hövllənmiş, möhkəm qorxuya düşmüş müsəlmanları gəmilərlə Ənzəli, Rəşt, Bəndər Abbas və başqa yerlərə getməsinə şərait yaratdıq. Ermənilərin ciddi etirazlarına baxmayaraq, təqribən 10 min bakılının şəhərdən çıxmasına nail olduq”.

 

Şəkildə: İran konsulu Muhəmməd Səidülvüzəra Marağai və köməkçisi qətl edilmiş cəsədlərə baxır

Ermənilərin Bakı, Şamaxı, Quba, Kürdəmir, Göyçay, Lənkəran, Zəngəzur, Naxçıvan və sair yerlərdə genosid əməlləri Qafqaz islam ordusunun Bakını azad etməsinə qədər müəyyən fasilə və templə davam etmişdir. Bu müddət ərzində 30 min soydaşımız qətl edilmişdir.

Mart soyqırımının əsas təşkilatçıları və iştirakçıları Stepan Şaumyan, Stepan Lalayan, Samson Amiryan, Hamazasp Srvantsyan, Andranik Ozanyan, Tatevos Amiryan və başqalarının sonrakı aqibətləri haqqında qısa bilgi vermək  pis olmaz.

Baksoveti daşnaklarla doldurmuş quldurbaşı Stepan Şaumyan- haqqında guya çox sonralar ölməsi barədə şayiələr uydurulmasına baxmayaraq- 20 sentyabr 1918-ci ildə Ağcaqumda güllələndi.

Bakı və Şamaxıda çox sayda müsəlmanı qətlə yetirən Stepan Lalayan 30.11. 1919-cu ildə Gəncədə güllələndi.

Əlləri minlərcə günahsız müsəlman, türk qanına bulaşmış, əsirlərə və yaralılara xüsusi amansızlıqla işgəncələr verməkdən mənəvi həzz alan xunxar Hamazasp Srvantsyan 20.02.1921-ci ildə İrəvanda balta ilə doğram-doğram edildi. Öldürülərkən “adam da adamı belə öldürərmi?” deyə zarımışdır. Ayağındakı  çəkməsindən doğranmış cəsədin Amazasp olduğu müəyyənləşdirilmişdir. Ermənilərin iddialarına görə, onu Süleyman Nuri doğratmışdır.

Ömrü boyu türklərin əlinə  keçəcəyi təhlükəsindən səksəkə içində yaşamış, tez-tez yerini dəyişən, qatil tayqulaq Andranik Ozanyan 31.08. 1927-ci ildə müəmmalı şəkildə öldü. Son sözləri “işim yarımçıq qaldı” olub. Hələlik üç dəfə basdırılıb ( öncə Kaliforniyada, sonra Parisdə, indi də İrəvanda).

Bakı qarnizonun komemendantı maskası altında müsəlmanları xüsusi amansızlıqla qətlə yetirən Baqdasar Avakyan-20.09.1918-ci ildə güllələndi.

Bolşevik cildində bakılılara qarşı soyqırımda yaxından iştirak etmiş Tatevos Amiryan- 20.09.1918-ci ildə güllələndi.

Bolşaya Morskaya (indiki Bülbül) küçəsindəki malikanəsi daşnakların iqamətgahı olan, Zuğulba su kəmərinin sahibi, müsəlman qadınlarını şəxsən öldürən milyoner  Ambarsum Məlikyan- 01.10. 1918-ci ildə Astraxanda güllələndi.

       Mart soyqırımı ciddi cəhdlə uzun zaman bizə unutduruldu. Çəmbərəkənd məzarlığı bəlli bir dönəm Mərkəzi əyləncə və istirahət parkına çevrildi, qətlə yetirilənlərin üstündə “Drujba narodov-Xalqlar dostluğu” restoranı  inşa edildi. Şəhərə hakim yüksəklikdə isə daşnakların siyasi hamilərindən və havadarlarından birinin “doğma Mironıç”ın heykəli də ucaldıldı. Rüzgarlar şəhərinin dəli küləkləri bu heykəli devirməyə çox çalışsa da, gücü yetmədi. Bəzən sinirləndi, bəzən bezdi bu gücsüslüyündən. İqlim küləyinin bacarmadığını  zaman rüzgarı bacardı. Heykəl də, restoran da, əyləncə mərkəzi də sanki heç olmayıbmış kimi yoxa çıxdı: 

Göstərən saətdə dövrani-fələk bir inqilab,

Həm özü fani olur, həm ləşkəri, həm kişvəri…

Azərbaycanı, onun başkəndi Bakını erməni zülmündən qurtarmaq üçün Anadoludan qardaş harayına gəlib azğın düşmənlərlə döyüşdə şəhid olmuş türk əsgərləri də burada əbədiyyətə qovuşmuşlar. Şəhidlər xiyabanında uyuyanlar arasında o uzaq tarixin daha üç şəhidi də var. Sələflərlə xələflərin əbədi rahatlıq tapdığı bu məkanda indi  Bakı küləyi  qoşa ucalan Azərbaycan və Türkiyə bayraqlarını qürurla dalgalandırır. Şəhidlər xiyabanında uyuyan şəhidlərin nigaran ruhları isə bizdən Qarabağın azad olunması xəbərini gözləyir…




Ana səhifəyə qayıt        Baxış: 8 004          Tarix: 30-03-2018, 07:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma