Xəbər lenti
Dünən, 19:25

 

Bu yaxınlarda Prezidentin köməkçisi Əli Həsənov ölkə əhalisini xeyli narahat edən fikirlər səsləndirdi. Onun sözlərinə görə, “bəzi dövlətlər Azərbaycanın milli sərvətlərindən əvəzsiz pay tələb edirlər!” Əli Həsənov "həmin dövlətlər"in diqqətinə Azərbaycanın rəsmi cavabını çatdırmağı da yaddan çıxartmadı: “Lakin biz, Azərbaycanın milli sərvətlərindən əvəzsiz heç kimə pay vermirik”.

Prezident köməkçisi adını çəkməsə də, həmin dövlətlərin kimliyi bəllidir. Hər prezident seçkilərində Rusiyanın Azərbaycana təzyiqlərini artırdığı, daha sonra Putinin Bakıya səfər edib milyardlarla dollarlıq layihələr bağladığı heç kimə sirri deyil. Ötən seçkilərdə hətta onun bu minvalla Azərbaycandan qopardığı “əvəzsiz pay”ın 20 milyard dollar olduğu güman edilir. Belə çıxır ki, bu il də Putinin tamahı xeyli qabarıb və yenə pay qoparmaq eşqinə düşüb. Hər halda Əli Həsənovun elə həmin çıxışında “Milyaderlər İttifaqını” xatırlatması bu ehtimalı qüvvətləndirir.

Bəs, görəsən, Putin Azərbaycandan “əvəzsiz pay umarkən” hansı arqumentə əsaslanır və niyə özünü haqlı hesab edir?

Sözsüz ki, Rusiya prezidentinin bu tələbi imperialist maraqlarından irəli gəlir. Moskva artıq 25 ildir ki, Azərbaycan hakimiyyətinin yürütdüyü bir çox müstəqil siyasətləri özünün imperial maraqlarına zidd hesab etdiyindən rəsmi Bakıya təzyiq göstərir. Görünür, ötən illərdən fərqli olaraq, Azərbaycan artıq bu tələbi yerinə yetirəcək gücdə olmadığından prezident öz sözçüsünün diliylə xalqı nə qədər kritik vəziyyətin yaranmasıyla bağlı xəbərdar edir.

İkinci sual ortaya çıxır: Azərbaycan nəyin bahasına olursa olsun, bu güzəştlərdən imtina edə biləcəkmi?

Əvvəla, ondan başlayaq ki, Əli Həsənovun da açıqlamasından göründüyü kimi, bizdən tələb olunan milli sərvətlərimizdən güzəştdir. Milli sərvətlərimiz deyiləndə isə neft və qaz layihələrinin nəzərdə tutulduğuna şübhə yoxdur. Bu layihələr isə Azərbaycanın suverenliyinin əsas ekvivalentidir. Ölkə başçısı İlham Əliyevin isə bu sərvətlərdən güzəştə getməsi mümkün deyil. Niyə?

 

Zənnimizcə, bu suala cavab vermək üçün məsələni daha geniş perspektivdə ələ almağa ehtiyac var. Gəlin, ən yaxşısı, müstəqillik tariximizdən indiyə qədər (xüsusilə İlham Əliyevin rəhbərlik etdiyi son 15 illik təcrübədən)  yürüdülən enerji siyasətlərindən bu  məsələyə qısaca nəzər salaq.

İnsafən, İlham Əliyevin 15 illik hakimiyyətinin təhlili iki fərqli lider profilini ortaya qoymaqdadır. Onun daxili siyasətdə sərgilədiyi sərt mövqe nə qədər mübahisəyə açıq olsa da, xarici siyasət, təhlükəsizlik və qlobal enerji layihələri sahəsindəki qərarlı tutumunun milli maraqlar çərçivəsindən kənara çıxmadığı, əksinə Azərbaycanın suverenliyini daha da möhkəmlətdiyi etiraf olunmalıdır.

Ümumiyyətlə, ölkəmiz müstəqillik qazandıqdan sonra hakimiyyətdə olan bütün qüvvələrin (istər 1 illik Elçibəy hakimiyyəti, istər Heydər Əliyev, istərsə də İlham Əliyev komandası) neft strategiyasının təməl hədəflərindən biri də Azərbaycanın suverenliyini möhkəmlətmək olmuşdur. Elçibəy zamanında ideya olaraq ortaya atılan, Heydər Əliyev hakimiyyəti dövründə (1994-cü il 20 sentyabr) imzalanan “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş də məhz buna xidmət etmişdir. Azərbaycan hakimiyyəti tərəfindən “Əsrin müqaviləsi” kimi adlandırılan həmin sazişin iki başlıca məqsədinin olduğu sirr deyil. Məqsədlərdən biri dünyanın ən qüdrətli neft kompaniyalarının maraqlarıyla Azərbaycanın müstəqillik hədəflərini birləşdirmək və ölkəmizi rus imperiyasının gözlənilən təcavüzlərindən qorumaq, ikinci böyük hədəf isə Azərbaycanın təbii sərvətlərindən əldə edəcəyi kapitalı iqtisadiyyatımızın şaxələndirilməsinə yatırmaq və neftsonrası dövrdə öz ayaqları üzərində dayana biləcək ölkə yaratmaqdır.

Heydər Əliyevin hakimiyyəti dövründə həm neft qiymətlərinin aşağı olması, həm də Azərbaycanın təbii sərvətlərinin dünya bazarına axışını təmin edəcək xətlərin çəkilməsinə sərf olunan zaman və kapital azlığı iqtisadiyyatımızın şaxələnməsi prosesini xeyli ləngitdiyindən, bütün bu strateji hədəflər oğul Əliyevin öhdəsinə düşdü. Hakimiyyətinin ilk illərində İlham Əliyevin bu çətin missiyanı həyata keçirməsi isə asan deyildi. Ən başlıca əngəl Azərbaycanın enerji strategiyasını öz iqtisadi maraqlarına zidd hesab edən Rusiyanın basqılarıydı. Məhz bu səbəbdən də məhrum Heydər Əliyev Moskvadan gözlənilən basqıları azaltmaq üçün hələ Rusiyanın ən zəif zamanında belə “Əsrin müqaviləsi”ndə “Lukoil”-ə 10%-lik pay vermək məcburiyyətində qalmışdı.

 

İlk hasilatına 1997-ci ildə başlanan bu layihə çərçivəsində Azəbaycan nefti ilk əvvəl Bakı-Novorossiysk kəməriylə nəql olunmuşdur ki, burda da Rusiyanın maraqları nəzərə alınmışdı. Daha sonra neftin qərb istiqamətilə nəqlini nəzərdə tutan Bakı-Supsa kəməri inşa olunmuş və 1999-cu ildə işə salınmışdır. Azərbaycanın neft strategiyasının əsas hədəfi olan Bakı-Tblisi-Ceyhan xətti isə əsası Heydər Əliyev tərəfindən qoyulsa da, inşaatının tamamlanması İlham Əliyevin zamanına düşmüşdür - 2006-ci ilə.

Sözsüz ki, Bakı neftinin Qərbə daşınmasında Rusiyanın maraqları diqqətə alındığından və bu layihələrin reallaşdırılması Putin hakimiyyətinin zəif dövrlərinə düşdüyündən Moskvanın imperialist niyyətləri özünü çox büruzə verməmişdi. Sonrakı dövrlərdə həyata keçirilən qaz layihələri və Qərblə Şərqi birləşirən kommunikasiya əlaqələrinin  qurulmasında rus əngəlləri daha çox özünü göstərəcək, bir çox layihələrin zamanında həyata keçirilməsini əngəlləyəcəkdi. Biz bu maneələrin xüsusilə 2008-ci ildə ortaya çıxdığını görürük. Tanınmış iş adamı və iqtisadçı Mürvət Həsənlinin bu yaxınlarda “Müsavat” qəzetində dərc olunan bir yazısına inansaq, hətta Rusiyanın həmin illərdə Gürcüstanın bəzi bölgələrini işğal etməsi də birbaşa Azərbaycan hakimiyyətinin yürütdüyü qlobalizasiya siyasətlərilə əlaqədardır. O, məqaləsində “İpək yolu” layihəsindən bəhs edərkən yazır: “Dünya birinciliyi uğrunda yarışdan geri çəkilmək istəməyən Rusiya bu yolun öz ərazisindən keçməsini arzulayır. Baxmayaraq ki, Çin hökuməti indiyədək tarixi İpək yolunun bərpası üçün nəzərdə tutulan bütün xətləri işlədəcək qədər mal ixrac olunacağını açıqlasa da, hər halda Moskvanı buna inandırmaq asan deyil.

Ekspertlərin fikrincə, 2008-ci ildə Rusiyanın Gürcüstanı işğal etməsinin də əsas səbəblərindən biri də məhz bu qısqanclıqdan qaynaqlanmışdı. Təsadüfi deyil ki, həmin vaxtlar Rusiya ordusu dəmir yolunun keçdiyi ərazilərə qədər yaxınlaşmışdı. Beləcə, 2009-cu ildə tamamlanması proqnozlaşdırılan layihə 8 il ləngimişdi”.

http://musavat.com/news/niye-mehz-ilham-eliyev-iv-hisse_514731.html

   

Biz eyni basqıları TANAP və TAP layihələrinə münasibətdə də görürük. Rusiya nə qədər TANAP-a və TAP-a öz enerji strategiyasının alternativi kimi baxmadığını iddia etsə də, Ukrayna böhranından sonra yaranmış vəziyyət Azərbaycanla Rusiyanı Avropa bazarı uğrunda çarpışan iki əsas rəqib halına gətirir. Ən azı ona görə ki, hər iki dövlətin Avropaya nəql edəcəyi qaz kəmərləri eyni marşrutdan keçir və həmin marşrut üzərində yerləşən əraziləri qazla təmin etməyi qarşıya məqsəd qoyur.

Azərbaycanla Rusiyanın çarpışan iqtisadi maraqları ABŞ-ın enerji strateqlərinin də nəzərdə qaçmır. Hələ 3 il bundan öncə Rusiyanın “Türk axımı” layihəsini şərh edən ABŞ Dövlət Depatamentinin enerji qaynaqları üzrə xüsusi nümayəndəsi Amos Hokşteyn “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə Rusiyanın şirin dilinə aldanıb köhnə müttəfiqlərinə arxa çevirməyə çalışan Yunanıstana ağlını başına yığıb Azərbaycan qazına yönəlməyi məsləhət görürdü:

 “Mən Yunanıstan hökumətinə Rusiya proyekti yerinə, Azərbaycan qazının Avropaya nəqlinə hədəflənən TANAP layihəsinə yönəlməyi təklif edirəm. Moskva tərəfindən ortaya atılan bu proyekt Yunanıstanın finansal ehtiyaclarını diqqətə almır və tamamilə siyasi məqsədlidir.”

Həmin müsahibədən bir neçə gün əvvəl isə Türkiyənin “Hürriyet” qəzetinə də eyni səpkili açıqlama verən Amos Hokşteyn “Türk Axımı” proyektinin iqtisadi yox, siyası layihə olduğunu bu sözləriylə sübut etməyə çalışmışdı: “”Cənub Axını” (Ukrayna böhranından sonra Bolqarıstan üzərindən keçərək Avropaya nəqli nəzərdə tutulan qaz kəməri.  Bu barədə Rusiya ilə Bolqarıstan arasında bağlanan saziş daha sonra Aİ-nın basqıları ilə rəsmi Sofiya tərəfindən pozulmuşdur – Ovqat.com) ilə “Türk Axını” proyekti eyni sahədən, fəqət fərqli marşrutlar üzərindən keçən kəmərlərdir. Hansının çəkiləcəyindən asılı olmayaraq, “Qazprom” Ukraynanı dövriyyədən çıxararaq eyni qazı eyni ünvana çatdırmaq və bunun üçün də on milyardlarla dollar xərcləmək istəyir. Bu isə onu göstərir ki, lahiyə iqtisadi yox, siyasi xarakterlidir”.

 

Amos Hokşteynin bu sözləri ABŞ-ın təkcə “Türk Axını”na deyil, həmçinin onun alternativi olan “Cənub Axını” layihəsinə də isti yanaşmadığını göstərir. Bunun səbəbi isə Rusiyanın qlobal qaz inhisarçısına çevrilməsinin önünü kəsməkdir. Maraqlıdır ki, amerikalı diplomat bu strategiyalarını gizlətməyə belə lüzum görmür: “Qərb dövlətlərinin tək bir ölkənin enerji ixracatından asılı vəziyyətə düşməsi və ya ona həddindən artıq möhtac olması əsla yaxşı bir əlamət deyil. Xüsusilə də həmin ölkənin enerjidən siyasi vasitə kimi istifadə etmək meyli varsa. Bu durumun qarşısını almaq üçün enerji ixrac edənlə təbii sərvətlərin keçdiyi marşrutları bir-birindən ayırmaq lazımdır. TANAP bu iki əsas kriteriyanı özündə birləşdirən layihədir.”

Bax:  http://strateq.az/Əsas/3844/azərbaycanin-enerji-strategiyasi-təhlukə-altinda.html

 

ABŞ enerji strateqinin bu sözləri bir daha sübut edir ki, Azərbaycan hakimiyyətlərinin yürütdükləri enerji siyasətləri özlərinin əsas hədəfinə çatıb. Azərbaycanın dövlət suverenliyi Avropanın rus asılılığından xilas etməyin vacib elementinə çevrilib. Enerji asılılığının da əslində bir suverenlik məsələsi olduğunu nəzərə alsaq, rahatlıqla Azərbaycanla Avropa qitəsinin suverenlik hədəflərinin birləşdiyini deyə bilərik.

Bununla belə, Rusiyanın Azərbaycana təzyiq imkanlarının tamamilə ortadan qalxdığını söyləmək də mümkün deyil. Rusiya özü birbaşa təcavüz etməsə belə, Ermənistan vasitəsilə ölkəmizə ciddi zərbələr vurmaq iqtidarındadır. Biz bu həfəfdən qaynaqlanan təcavüzlə iki il öncə yaşanan “4 günlük” aprel döyüşləri zamanı rastlaşdıq. Həmin vaxt "4-günlük" müharibəni şərh edən Strateq.az yazırdı:

“Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin ABŞ-ın əsas siyasi iradəsi sayılan Co Baydenlə görüşü aprelin 1-ə təsadüf edirdi. Qarabağda son gərginlik də məhz o zaman yaranmışdı. Co Bayden Azərbaycanın suverenliyini və torpaq bütünlüyünü dəstəklədiyini, “Cənubi Qaz Dəhlizi” layihəsində göstərdiyi səyləri yüksək qiymətləndirdiyi barədə sözlərini bitirən kimi, Qarabağda erməni silahları “danışmağa” başladı”.

Bax: http://strateq.az/manshet/51692/ucgunluk-muharibədən-gələn-qaz-qoxusu.html

  

 “Üçgünlük müharibədən gələn qaz qoxusu:“Cənubi Qaz Dəhlizi” baş tutacaqmı?” sərlövhəli yazıda da qeyd etdiyimiz kimi, bu, Rusiyanın Azərbaycana onun iradəsindən kənar girdiyi qlobal enerji layihələrinə verilmiş cavabı idi. Azərbaycan ordusunun dəyanəti və fədakarlığı sayəsində ermənilərin bu hücumu geri püskürdülüb  bəzi strateji mövqelər geri alınsa da, yenə Rusiyanın müdaxiləsilə irəliləyişimiz dayandırıldı. Buna baxmayaraq, Rusiya Azərbaycana, Azərbaycan isə Rusiyaya öz mesajını verdi. Rusiyanın mesajı “çox irəli getsən, erməni təcavüzü ilə qarşılaşacaqsan” idisə, Azərbaycanın cavabı isə “ölkəmizin suverenliyi naminə savaşa bilirik” idi.

Onu da etiraf etməliyik ki, İlham Əliyevin 15 illik siyasətində ən diqqət çəkən məqamlardan biri Qarabağ məsələsinə güzəştsiz yanaşmasıdır. Bu prinsipiallıq bir çox risklər ehtiva etsə də, hər halda ərazi bütövlüyümüz məsələsində Azərbaycan xalqının minillik tarixi şüurundan süzülüb gələn “torpaqdan pay olmaz” inancının ortaya qoyulması baxımından təqdirəlayiqdir. İlham Əliyevin Qarabağ məsələsində hətta atasından daha konkret mövqe ortaya qoyduğu diqqətdən yayınmır. Azərbaycanın ağır günlərində Lissabon sammitində ermənilərə bir sıra güzəştlərə (Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarə statusunun verilməsi) getməyə məcbur olan Heydər Əliyevdən fərqli olaraq, oğul Əliyev prinsipial mövqeyində dəfələrlə xarici təzyiqlərə məruz qalsa da, geri çəkilməyib, hakimiyyətinin ilk illərində belə, bəzi riskləri gözə alıb. Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundovanın ötən il Publika.az-a verdiyi müsahibəsində dilə gətirdiyi bu sözlər də fikrimizi təsdiqləyir:

 “Yadımdadır, 2009-cu ildə İstanbul sammitinə getmədi. Obama onunla görüşmək istəyirdi. Hillari Klinton belə zəng edərək, xahiş etmişdi. Həmin vaxt Obama yeni seçilmişdi, çoxları onunla görüşə can atırdı. İlham Əliyev isə getmədi. Milli maraqlarımızı heç nəyə qurban vermədi”.

Bütün bunlar Rusiyanın növbəti təzyiqinə də İlham Əliyevin eyni həssasiyyətlə cavab verəcəyini göstərir. Nəzərə alsaq ki, Rusiya hazırda dünyanın bütün güclü dövlətlərinin basqısı altındadır, bu amil də Azərbaycan prezidentinin əlini gücləndirir. Fəqət Rusiyanın müxtəlif təxribatlara əl atması da istisna deyil. Zənnimizcə, İlham Əliyev ilk növbədə özünü komandasındakı rusqafalılardan qorumalı, daha konkret və qərarlı addımlar atmalıdır və bunu da edəcək.

Əks halda özünü və ölkəsini gözləyən təhlükələrdən sığortalanmaq mümkün olmaya bilər.

Heydər Oğuz

Ovqat.com

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 717          Tarix: 3-04-2018, 12:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma