Xəbər lenti

 

“Ötən Prezident seçkilərində Moskva Rusiyada yaşayan azərbaycanmənşəli milyarderlərin ittifaqını yaradaraq Bakıya təzyiq göstərdi. Bu məqsədlə daxildə də özünə bağlı qüvvələri aktivləşdirdi,  Milli Şuraya dəstək verdi, beləcə, həm daxildən, həm də xaricdən təzyiqlərə başladı. Azərbaycan hakimiyyəti bu təzyiqləri azaltmaq üçün Rusiyayla anlaşmaq məcburiyyətində qaldı və 20 milyard dollarlıq güzəştə getdi. Həmin güzəştin 10 milyardı Putinin şəxsi biznesinə, 10 milyard isə rus silah sənayesinə və ordusuna verildi”.

Bu fikirləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv olunmasını şərh edərkən deyib.

Ovqat.com-a açıqlamasında ADP lideri qeyd edib ki, Rusiya indi də sözügedən konqresi dağıtmaqla Azərbaycana təzyiq göstərir:
“ÜAK-nin ləğvinin iki başlıca səbəbi var. Səbəblərdən biri həmin təşkilatın hazırda rəsmi Bakıya qarşı yenidən istifadə edilmək imkanının olmamasıdır. Görünür, ötən dəfəki hadisələrdən lazımi dərslər çıxaran konqres üzvləri öz ölkələrinin əleyhinə mənasız yerə istifadə olunmaq istəmirlər. Rusiya da bunun qisasını onlardan alır.

Digər səbəb isə rəsmi Bakının ötən illər ərzində özünə qarşı istifadə olunacaq bu qüvvəni zərərsizləşdirməsilə bağlıdır. Bunu Rüstəm İbrahimbəyov da son bəyanatlarının birində açıq etriraf edərək demişdi ki, Azərbaycan hökuməti son vaxtlar konqressin işinə açıq şəkildə və intensiv müdaxilə edir. Onun bu etirafından da göründüyü kimi, Azərbaycan hakimiyyəti istər daxildə, istər xaricdə onların iradəsini özünə bağlamaqla indiki üstünlüyünə nail ola bilib. Rusiya isə Azərbaycana qarşı öz silahını itirdiyinə və hətta həmin silah Bakının əlinə keçdiyinə görə onu, bir növ, sıradan çıxarır”.

Sərdar Cəlaloğlu bu məntiqdən çıxış edərək, ÜAK-nin ləğvinin Rusiyanın Azərbaycandakı növbəti prezident seçkilərə hazırlığı kimi qiymətləndirir.

Bəs, iki ildən sonra keçiriləcək növbəti prezident seçkilərində öz əvvəlki silahını itirən Rusiya Azərbaycana qarşı hansı siyasətdən istifadə edə bilər?

ADP sədrinin fikrincə, Rusiyanın növbəti prezident seçkilərində əlindəki ən önəmli silahi yenə də hər zaman olduğu kimi, erməni kartı olacaq: “Böyük ehtimalla, Rusiya cəbhə xəttində ciddi qarşıdurmalar yaratmaq və Ermənistana müasir silahlar verməklə öz istəyinə nail olmağa çalışacaq.

Digər bir təzyiq vasitəsi isə yenə özünün  Azərbaycandakı 5-ci kolonu ola bilər: “Hətta mümkündür ki, Rusiyada yaşayan azərbaycanlılar sıxışdırılıb rəsmi Bakıya böyük köç prosesi ilə qarşı-qarşıya qala biləcəyi mesajı verilsin. Əlbəttə ki, onun Azərbaycan daxilindəki bəzi özünə yaxın yatmış hücrələri oyandırmaq ehtimalı da istisna edilməməlidir”.

Son zamanlar cəbhə xəttindəki gərginliklərə və Azərbaycan ordusundakı “xainləri təmizləmə” əməliyyatlarına da bu konteksdən baxan ADP lideri, xüsusilə dilə gətirdiyi son amili rəsmi Bakının Moskvaya qarşı dirənişi kimi qiymətləndirir.




Ana səhifəyə qayıt        Baxış: 1 951          Tarix: 18-05-2017, 14:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma