Xəbər lenti
Dünən, 19:25

  

Türkiyənin ən tanınmış beynəlxalq təhlükəsizlik üzrə mütəxəssisi Fatih Erbaşın Anadolu Agentliyi üçün qələmə aldığı “Jeopolitik teoriler temelinde Doğu Akdeniz ve Türkiye” adlı məqaləsi bu gün coğrafiyamızda baş verən gərginliklərə kifayət qədər aydınlıq gətirir. Biz də məcburən çəkildiyimiz bu geopolitik mübarizədə coğrafiyamızı, o cümlədən bizi gözləyən sürprizlərin əsl səbəbini anlamaq üçün həmin məqaləni Azərbaycan Türkçəsinə sadələşdirib “Hürriyyət” qəzeti və Ovqat.com oxucularına təqdim edirik.

 

 

Geopolitiklər dünya siyasətinə, dövlətlərə və təşkilatlara coğrafi məkan üzərindən baxırlar. Bu çərçivədə inkişaf etdirilmiş nəzəriyyələrə görə, birləşmə mərkəzində yer alan region Şərqi Aralıq dənizidir. Türkiyə də bu coğrafiyanın mühüm bir hissəsi kimi həmin nəzəriyyələrin təməlində yer alır. Digər tərəfdən, bu coğrafiyanı da maraqlandıran ancaq məsələyə mədəniyyət münaqişələri cəhətindən baxan görüşlər də birbaşa Türkiyənin də içində olduğu Şərqi Aralıq dənizini diqqət mərkəzinə almaq məcburiyyətindədir. Çünki dünyadan mədəniyyət qarşıdurmasının, ya da başqa bir prizmadan baxılarsa bir araya gəlməsinin ən çox baş verdiyi bölgə də Şərqi Aralıq dənizidir.

 

 Bu gün dünyanın taleyinə hökm etmək istəyən dövlətlər bu fikirlərin bir hissəsindən ilham almışlar: Alfred Thayer Mahan və onun “Dəniz Hakimiyyəti” nəzəriyyəsi, Nikolas Con Spikman və onun “Kənar Qurşaq” nəzəriyyəsi, Zbinqniev Brzesinski və onun “Böyük Şahmat Taxtası” nəzəriyyəsi, Samuel Hantinqton və onun “Sivilizasiyaların Toqquşması” nəzəriyyəsi, Frensis Fukuyama və onun “Tarixin Sonu” nəzəriyyəsi.

 

Amerikalı admiral Mahanın Dəniz Hakimiyyəti nəzəriyyəsinin mahiyyəti: Müharibəni sərhədlərindən uzaqda tutacaqsan. Dünyadakı (Baxınız 19.yy İngiltərə və 20 və 21-ci əsr ABŞ) münaqişələri istiqamətləndirib, idarə edəcəksən, dünya istehsalını və ticarətini, həmçinin, enerji qaynaqlarını nəzarət altında tutacaqsan. Bunu da dənizlərdə varlıq göstərərək və dənizləri nəzarət edərək həyata keçirəcəksən. Çünki dənizlər daha yaxşı hərəkət qabiliyyəti və nəqliyyat imkanı yaradır. Dənizlər dünya ehtiyatlarının böyük qismi ilə əlaqəlidir. Dəniz gücü, hərbi qüvvələr qədər, iqtisadi və siyasi fəaliyyətləri də asan və iqtisadi bir şəkildə paylaşdıra bilir. Bu güclə dünyanın önəmli keçid nöqtələrini, kanallarını və bilavasitə ticarətə nəzarəti əldə saxlamaq olar. Bunun üçün də dəniz gücünü, mülki və hərbi faktorları qüvvətli hala gətirəcək və mühafizə edəcəksən.

ABŞ da bunu həyata keçirir. Şərqi Aralıq dənizi başda olmaqla, dünya üzrə bütün münaqişələri istiqamətləndirir və idarə edir. Enerji qaynaqlarını nəzarət altında saxlayır. İngiltərə də 19-ci əsrdə bu anlayışı mənimsəmişdi.

 

 

 Nikolas Con Spikman və onun Kənar Nəsil nəzəriyyəsi: Spikman, təbii ehtiyatlar, əhali, coğrafi məkanlar və iqlim səbəbi ilə tarixin şimal yarımkürəsində, ekvator xəttindən uzaq mülayim iqlimlərdə yazıldığını, Avrasiyanın əsas güc potensialını isə yalnız “Ürək nahiyəsi” olaraq adlandırılan Avrasiya və Rusiya çöllüklərində deyil, eyni zamanda bunu əhatə edən ölkələr qurşağında, müəllifin təbirilə desək “Kənar qursaq”da (Rimland) olduğunu, bu qurşaqda Türkiyə, İraq, İran, Pakistan, Əfqanıstan, Hindistan, Çin və Koreya kimi ölkələrin yer aldığını ifadə edir. Ona görə bu ölkələri idarə edən, Avrasiyanı nəzarət altında saxlayacaq; Avrasiyanı nəzarət altında tutan isə bütün dünyanı idarə edəcək.

Spikmana görə, bir Avropa Federasiyası fikri, ABŞ-ın təşviq edəcəyi rasional bir ideya deyil. İnteqrasiya olunmuş bir güc deyil, tarazlıqda tutulan ayrı-ayrı qüvvələr, Amerikanın maraqlarına uyğundur. ABŞ Avropanın problemlərini həll etmək üçün problem çıxanda əsgərlə müdaxilə etməkdənsə, bu regionda daim hərbi qüvvə saxlamalıdır. Region ölkələri və ABŞ-ın da içində olduğu bir təşkilat (NATO) meydana gətirməlidir. Şərqi Aralıq dənizi və Türkiyə də bu nəzəriyyənin mərkəzində yer alırlar.

 

 Zbingniew Brzesinski və onun Böyük Şahmat Taxtası: Avrasiya üzərində qlobal liderlik uğrunda mübarizələrin davam etdiyi bir şahmat taxtasına bənzəyir. ABŞ-ın məqsədi Avroatlantik sistemi əngəlləyəcək bir Avrasiya imperiyasının yenidən ortaya çıxışını dayandırmaqdır. Bjezinski Çini ABŞ-a alternativ ola biləcək bir dövlət olaraq görür. Ona görə, Rusiya geri qalmış ölkədir və onun üçün yeganə geostrateji seçim Avropa ilə əməkdaşlıq olmalıdır. Yoxsa tək qalar.

 Bu şahmat taxtasında Türkiyənin rolları də məlumdur: Qara dəniz regionunda sabitliyi təmin etmək, Aralıq Dənizə keçidə nəzarət, Rusiyanı Qafqazda tarazlaşdırmaq, NATO-nun cənubdakı dayaq nöqtəsi olmaq. Qeyri-sabit bir Türkiyə, qeyri-sabit bir Balkanlar və Rusiyanın Qafqazı yenidən nəzarəti ələ alması anlamına gəlməkdədir.

 

 Rus nəzəriyyəçi Aleksandr Dugin isə Avrasiyaçılıq fikrini irəli sürür. Bu nəzəriyyəyə görə: ABŞ-ın dəniz mərkəzli Yeni Dünya nizamının qarşısına Rusiyanın rəhbərliyindəki Avrasiya İmperiyası çıxa bilər. Avrasiyanın öz içində potensial qüvvələr olmaqla yanaşı, bu qüvvələr Rusiya olmadan, Avrasiyanın geosiyasətini öz xeyirlərinə istifadə etmək qüvvəsinə malik deyillər. Rusiyanın missiyasını yerinə yetirə bilməsi üçün, Anglo-Saxon Atlantikçi qloballaşma çökməlidir. Rusiya ilə (Ürək nahiyyəsi) digər Avrasyacı sahil qüvvələrin (Rimland) əməkdaşlığına əsaslanan bir model yaratmaq lazımdır. Dugin, bu nəzəriyyədə Türkiyəni də görmək arzusundadır. Qərb dövlətlərinin və təşkilatlarınin Şərqi Aralıq dənizində və ümumiyyətlə, Avrasiyada olmasından narahatdır.

  

 Samuel Hantinqton isə məsələyə mədəni yöndən baxır və Mədəniyyətlər Toqquşması ideyasını irəli sürür: Yeni dünyada mübarizənin əsas qaynağı ideologiya və iqtisadiyyat deyil, mədəniyyətlər olacaqdır. Qərb ilə İslam arasında əsrlərdir var olan mübarizə gedəcək. Xristianlığın pravoslavlara və katoliklərə bölünməsi labüddür. Avropa və Şimali Amerika həmrəyliklərini inkişaf etdirməli, mədəniyyətləri yaxın olan Şərqi Avropa və Latın Amerika da Qərbə daxil edilməlidir. Beləliklə Çin və İslam ölkələri kənarda qalmalıdır.

Hantinqtona görə, mədəniyyətlər bu səbəblərdən toqquşacaqlar: Mədəniyyətlərin tarix, dil, mədəniyyət, adət-ənənə və din mövzusunda fərqli əməlləri, məcburi hala gələn köçlər və miqrasiya edənlərin yaratdığı kin, sosial və iqtisadi dəyişikliyin insanları milli mənsubiyyətlərindən ayrılması. Bu da milli dövlət anlayışını zəiflədəcək. Mədəniyyət mənsubluğu inkişaf edəcək; İslamlaşma, Ruslaşma, Asyalılaşma, Hindulaşma kimi. İqtisadi bölgəçilik artacaq. Regional iqtisadi bloklar, gələcəkdə daha əhəmiyyətli olacaq.

 

 Frensis Fukuyama da dünyaya “Tarixin Sonu” anlayışı ilə baxır: Liberal demokratiya bəşəriyyətin ideoloji təkamülünün yekun nöqtəsi və “yekun insani hökumət” formasını təmsil edir. Bu səbəbdən ondan yana olanlar yaxşı, olmayanlar pisdir (Buş Doktrinası). Başqa ölkələr də bu səviyyəyə gətirilməlidir (zorlama demokratikləşdirmə). Şərqi Aralıq dənizi hövzə olaraq bu mübarizə sahələrindən biridir.

 

 Bir də Halford Con Mackinderin “Quru Hakimiyyəti” nəzəriyyəsi var: Mərkəz region (“Ürək nahiyyəsi” adlandırılır): Volqa-Şərq Sibir, Şimali Buzlu Okean, İran, Əfqanıstanı əhatə edən regiondur. İç Aypara: Almaniya, Avstriya, Türkiyə, Hindistan və Çini içinə alır. Xarici Aypara: Britaniya, Cənubi Afrika, Avstraliya, Birləşmiş Ştatlar, Kanada və Yaponiyadan ibarətdir. Şərqi Avropaya hökm edən, “Ürək nahiyyəsi”nə hakim olur. “Ürək nahiyyəsinə  hakim olan isə Dünya adasına hakim olur. Dünya Adasına hökm edən dünyaya hakim olur. “Ürək nahiyyəsi”nə nəzarət altına almağın yolu isə Almaniya və Rusiya arasında hər hansı ittifaqın yaranmasını əngəlləmək, bunlardan birinin Şərqi Avropaya hökm etməsini qarşısını almaqdan keçir. Bunun üçün də, bu iki böyük güc arasında güclü bufer dövlətlər qurulmalıdır.

 

 Qısası, Türkiyə və Şərqi Aralıq dənizi əsrlər boyu mədəniyyətlərin yarandığı, böyük qarşıdurmaların yaşandığı və bu gün də davam etdiyi bu torpaqlar, demək olar ki, bütün geosiyasi, mədəni, iqtisadi nəzəriyyələrin mərkəzində qalmaqdadır.

 

 Şərqi Aralıq dənizi əhəmiyyətli bir keçid bölgəsi, mühüm enerji istehsal və paylama bölgəsi, bütün dinlərin bir arada yaşadığı və bilavasitə din və mədəniyyət döyüşlərinin yaşandığı, amma eyni zamanda din və mədəniyyət yaxınlaşmasının da olduğu bir sahədir. Əslində Şərqi Aralıq dənizi 19-ci əsrin əvvəllərinə qədər tək bir dövlətin (Osmanlı) nəzarətində olan əmin-amanlıq içində bir bölgə ikən, 19-ci əsr əvvəlindən etibarən xarici faktorların bölgəyə müdaxiləsilə rahatlığını itirmiş və bir daha tapa bilməmişdir. Fransa və İngiltərə 19-ci əsrdə, ABŞ isə 20 və 21-ci əsrdə Şərqi Aralıq Dənizinin balanslarını alt-üst etmişdir.

  

 Türkiyə regionun ən mühüm dövlətlərinin başında gəlir. Dünyanın 17-ci böyük iqtisadiyyatıdır. G-20 və E-7 üzvüdür. 2050-ci ilə aid proqnozlarda dünyanın ən böyük on ikinci iqtisadiyyatı olacağı təxmin edilir. Güclü silahlı qüvvələri var. Texnoloji sıçrayış içindədir. Bölgəsində və dünyanın dörd bir tərəfində hərbi, siyasi, iqtisadi və mədəni gücünü problemlərin həlli məqsədilə istifadə edir. Bütün nəzəriyyələrin mərkəzində yer alan Türkiyə yuxarıda da qeyd olunan problemlərlə üzləşir və buna baxmayaraq, böyüməyə və inkişaf etməyə davam edir.

Görünən odur ki, qarşıdakı dövrdə də Şərqi Aralıq dənizi və Türkiyə dünyanın başqa bölgələri kimi sakitliklə deyil, yeni təlatümlər və münaqişələrlə yaşamağa davam edəcək. Mövcud problemlərin müxtəlifliyi Türkiyənin yeni problemlərə və hadisələrə reflekslərini inkişaf etdirməsinə zəmin hazırlayır.

Sadələşdirdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 713          Tarix: 11-04-2018, 22:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma