Xəbər lenti

  

II Hissə: Sərdar Cəlaloğlu “bir millət, bir dövlət” deyərkən, nəyi nəzərdə tutur

 

ADP sədri Sərdar Cəlaloğlu ilə bu dəfəki söhbətimizdə əsasən 3 məsələ üzərində dayandıq:

  1. O, niyə son prezident seçkilərində hakimiyyət namizədini sərt tənqid etmirdi?
  2. Yaxın Şərqdə yaşananlardan Azərbaycan hakimiyyəti hansı nəticələri çıxarmalıdır?
  3. Partiyanın irəli sürdüyü Türk Federasiyası təklifi nə qədər realdır və İran bu federasiyanın harasında yer almalıdır?

ADP sədrinin “Hürriyyət”ə müsahibəsini təqdim edirik:

 

 

-Söhbət Suriyadan düşmüşkən, özünüz də qeyd etdiyiniz kimi, son hadisələr zamanı Rusiyanın Bəşər Əsədi axıra qədər müdafiə etməyəcəyi həqiqəti ortaya çıxdı. ABŞ, Fransa və İngiltərə Suriyaya hücuma başlamamışdan bir gün əvvəl Rusiya gəmilərini Tartus limanından çıxardı. Hətta bunu təhlükəsizlik tədbiri kimi qələmə verdilər. Bu fakt göstərir ki, bərk ayaqda Rusiya öz müttəfiqlərini qurban verməyə hazırdır. Niyə Şərq ölkələri, o cümlədən bizimkilər bu hadisələrdən ibrət dərsi götürmürlər?

-Əvvəla, onu deyim ki, ABŞ və müttəfiqlərinin Suriyaya hücumundan sonra bir sıra məsələlərə aydınlıq gəldi. Hücumdan qabaq zahirən belə görünürdü ki, Suriyanın taleyini 3 dövlət həll edir: Rusiya, Türkiyə, İran. Digər tərəfdən belə bir təsəvvür də var idi ki, Rusiya ilə Türkiyə strateji müttəfiqdir. Başqa bir təsəvvür isə bundan ibarət idi ki, ABŞ və Qərb ölkələri Suriya məsələsindən kənarda qalıblar. Qeyd edim ki, ABŞ deyəndə mən həm də İsraili nəzərdə tuturam, çünki bu iki dövlətin yürütdüyü xarici siyasətlər eynidir. Amma məlum hücumdan ardınca bütün təsəvvürlər alt-üst oldu. İlk növbədə Türkiyə ABŞ-ın yanında yer aldı. Türkiyə sübut etdi ki, o, strateji olaraq, NATO və Amerika ilə müttəfiqdir. Baxmayaraq ki, taktiki olaraq Rusiya və İranla bir yerdədir. Hücumdan sonra o da məlum oldu ki, perspektiv maraqlar baxımından ABŞ-ın və Türkiyənin maraqları eynidir.

İkincisi, Türkiyə Suriya böhranında dünənə qədər iştirakçı dövlət idi. Hücumdan sonra iki nəhəng güc arasında vasitəçiyə çevrildi. ABŞ-la Rusiya arasında dialoq qurmağa çalışdı, hər iki ölkənin rəsmilərinin mesajlarını bir-birinə çatdırdı. Bu da Türkiyə diplomatiyasının nə qədər güclü olduğunu göstərir. Çünki münaqişələrdə iştirakçı dövlətlər uda və uduza bilərlər. Vasitəçilərin isə uduzmaq perspektivi yoxdur.

-Təbii, kim udsa, vasitəçi də udur.

-Bəli, bu, Türkiyənin ən böyük siyasi və diplomatik uğurudur. Türkiyənin münaqişədə iştirakçı dövlətdən vasitəçiyə çevrilməsinin nəticəsidir ki, Rusiya da təkləndiyini hiss edib geri çəkildi. Deməli, Türkiyənin mövqeyi Suriya məsələsinin indiki vəziyyətə gəlməsində həlledici rol oynadı.

-Ən böyük uğuru isə ondan ibarətdir ki, Kürdistan məsələsində ABŞ-ın geri çəkilməsini təmin etdi. ABŞ Türkiyənin rəğbətini qazanmaq üçün faktiki kürd separatçılarının arxasından çəkildi.

-Bəli, bu da var.

Bizim üçün ən önəmli uğur isə odur ki, Türkiyənin Rusiya və ABŞ arasında vasitəçi dövlətə çevrilməsi Azərbaycanın da xarici siyasətdə əlini gücləndirir. Dünənə qədər Türkiyə və Rusiyanın eyni ittifaqda hərəkət etməsi Ankaranın Moskva ilə bir çox məsələlərdə hesablaşmasını şərtləndirir, şimal qonşumuzun Azərbaycana basqılarında  Türkiyənin müqavimət gücünü azaldırdı. Çünki Türkiyə öz maraqlarını Rusiya ilə birləşdirirdisə,  Rusiyanın da bəzi tələbləri qarşısında güzəştə getməliydi. İndisə Rusiyanın özü Türkiyədən asılı vəziyyətə düşdü. Bundan sonra ABŞ və Avropanın yaxın coğrafıyamızda Türkiyə ilə eyni cərgədə dayanması bölgəmizdə demokratikləşmə prosesinə təkan verəcəkdir. Çünki bölgəmiz Rusiyanın təsir dairəsində qaldıqca, istər-istəməz Moskva öz xarakterinə uyğun siyasi sistemi regiona təlqin edirdi. Demokratiyanın sərhədləri Aralıq dənizində sona çatırdı. ABŞ Suriyada uzunmüddətli qalacağını elan etdikdən sonra isə demokratik dəyərlərin Türkiyə vasitəsilə bizim regiona yayılması perspektivləri doğur. Türkiyə yenə əvvəlki kimi Ukrayna və Azərbaycan məsələsində Rusiyaya basqılarını gücləndirə biləcək. Bu da Azərbaycanın demokratikləşməsi və Rusiyanın təsir dairəsindən çıxması, suverenliyimizin möhkəmlənməsi, Türkiyə-Azərbaycan əlaqələrinin yeni müstəviyə yüksəlməsi perspektivləri yaradır. Bu baxımdan ABŞ-ın Suriyaya müdaxiləsi Azərbaycanın gələcəyi ilə bağlı müəyyən uzağa gedən nəticələrin ortaya çıxmasına imkan verir.

Ötən əsrin əvvəllərində tamamilə bunun əks vəziyyəti yarandığından Türkiyə Rusiyaya güzəştə getmiş, Azərbaycan isə öz müstəqilliyini itirmişdi. Bilirsiniz ki, o zaman Antanta ölkələri Türkiyəyə hücum etmiş, Lozanna müqaviləsində Azərbaycanın müstəqilliyi tanınmamışdı. Türkiyə isə ölüm-qalım mübarizəsi apardığından Azərbaycan siyasətini tərk etməyə məcbur olmuşdu.

Tarix sübit edir ki, nə zaman Türkiyənin öz dövlət maraqları təhlükə altına düşür, daha dar çərçivəyə çəkilməyə məcbur olur.  Nə zaman ki Türkiyə öz maraqlarını daha geniş çərçivədə ifadə etməyə çalışır, güclü müttəfiqləri ilə bir yerdə aparıcı gücə çevrilir, onda Azərbaycanın da suverenliyi müsbət həll olunur.  

-Ümumiyyətlə Türkiyənin böyük dövlət maraqları ilə Rusiyanın imperialist maraqları həmişə toqquşur. Çünki hər iki dövlət eyni ərazilərə iddia edir. Türkiyə Orta Asiya və Qafqazlara öz milli kimliyinin vətəni kimi baxır, bu ərazilərin müstəqilliyini və öz təsir dairəsində olmasını arzulayır. Həmin ərazilər isə Moskvanın nəzərində tarix rus imperiyasının sərhədlərinə daxildir. Üstəlik, super güc olmağa can atan Rusiya Şərqi Aralıq dənizinə də hakim olmalıdır ki, bu da Türkiyənin ərazisinə, özü də ən strateji bölgəsinə iddia etmək deməkdir. Bu baxımdan Rusiya ilə Türkiyənin uzun müddət eyni ittifaqda yer alması mümkün deyildi...

-Gəl, sualı belə qoyaq: Strateji olaraq Türkiyənin hədəfləri nədən ibarət olmalıdır? Əgər Türkiyə istəyirsə ki, bölgəsəl güc olsun, ilk növbədə özü üçün bir ittifaq yaratmalıdır. Bu ittifaq da Avrasiya İttifaqı olmalıdır. Nəzəri olaraq iki cür Avrasiya İttifaqı modeli var: biri Rusiyanın nəzarəti altında; yəni Rusiyanın iştirakı ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan və s. Orta Asiya ölkələrinin birliyi. Bir də mənim son seçkilərdə irəli sürdüyüm Türk Konfederasiyası da adlandıra biləcəyimiz Avrasiya İttifaqı – Macarıstan, Türkiyə, Azərbaycan, İran və Orta Asiya respublikaları. Mənim irəli sürdüyüm Avrasiya İttifaqı yaranacağı gündən Türkiyə həm regional çərçivədə, həm də dünya siyasətində əsl söz sahibinə çevriləcək. Beləliklə, bütün Türk dünyasının da məsələləri də öz həllini tapacaq. Türkiyə bu ittifaqı qura bilməyənə qədər ABŞ-la, Avropa ilə, Rusiya ilə eyni mərtəbəyə yüksələn super güc ola bilməyəcək. Türkiyə prezidenti Ərdoğanın tez-tez təkrarladığı bir fikir var: “dünya beşdən böyükdür”. Dünyanın həqiqətən də “beşdən böyük” olması üçün Türkiyə özünün Avrasiya İttifaqını yaratmalıdır. Türkiyə təkbaşına bu gücə çevrilə bilməz. Çünki super güc olmaq üçün bir neçə şərt var. Həmin şərtlər bunlardır?

  1. Ərazi,
  2. Əhalinin sayı,
  3. İqtisadi və hərbi gücü,
  4. Geopolitik təsir dairəsi.

Türkiyə “beşdən böyük” olması üçün əhalisinin sayını artırmalı, təsir dairəsində saxladığı ərazilərini genişləndirməlidir. Bunun da yolu konfederasiyadır. Biri var, sənin arxanda 300 milyonluq türk dünyası dayana, ərazilərin dünyanın bu başından o başına uzana, bir də var, kiçik bir ərazidə, az insan gücüylə öz qınına çəkiləsən. Türkiyə özünün Avrasiya ittifaqını yaratmadan 80 milyonluq əhali, İrandan balaca torpaq sahəsilə nə qədər güclü iqtisadi siyasət aparırsa-aparsın, super gücə çevrilə bilməyəcək. Məsələn, Yaponiyanı götürək. Bu qədər iqtisadi inkişafına baxmayaraq, super güc deyil və olmayacaq da. Çünki ərazisi və əhalisi azdır.

-Əslində əhalisi az deyil, hardasa, Rusiyaya yaxın əhaliyə sahibdir. Amma ərazisi çox balacadır. Üstəlik, öz təsir dairəsinə sala biləcəyi yaxın dövlətlər də yoxdur. Türkiyənin isə həm türk dünyasını, həm də islam coğrafiyasını öz ətrafında birləşdirmək imkanları genişdir.

-Bəli,mənim də dediyim odur ki, super güc olmaq üçün lazım olan komponentlərdən heç biri Yaponiya üçün xarakterik deyil. Məsələn, o, Çin qədər çox əhaliyə sahib deyil. Rusiya kimi geniş əraziləri də yoxdur. Bilirsiniz ki, Çinin super gücə çevrilməsi əhalisinin sayı, Rusiyanın super güc olması ərazisinin böyüklüyü ilə əlaqədardır. ABŞ hegemoniyasının gücü isə iqtisadi və hərbi qüdrətindən qaynaqlanır. Almaniya da bu gün super güc olmağa iddia edir. Onun gücü isə geopolitik vəziyyəti ilə əlaqədardır: Almaniyanın dünya siyasətindəki rolu onun super güc olmağa iddiasının təminatçısıdır. Yaponiyada bu komponentlərdən heç biri yoxdur.  Türkiyənin isə bu avantajları var və öz potensialını real qüvvəyə çevirməlidir.

-Türkiyə tarixinə nəzər salanda həmişə bu məfkurədə olduğunu görürük. İstər Osmanlı dövründə türk generallarının Orta Asiyaya qədər gedib Rusiyaya qarşı partizan dəstələri yaratması, istərsə də SSRİ dağıldıqdan sonra Türkiyənin Orta Asiyaya və Qafqazlara açılmağa çalışması da bunu göstərir. Sadəcə zaman-zaman Türkiyənin buna gücü çatmayıb. Atatürkün məşhur bir sözü var, deyir ki, bu gün zəifik, Rusiya ilə dostuq. Sabah SSRİ zəifləyib və dağılacaq, biz yenidən o ərazilərə qayıtmağa hazır olmalıyıq. Necə hesab edirsiniz, o zaman artıq gəlibmi?

-Hər bir dövlət super gücə çevriləndə istər-istəməz maraqları digər iddiaçıalarla toqquşur. Amma bu o demək deyil ki, həmin dövlətlər mütləq vuruşurlar. Maraqlar toqquşanda super güclər əməkdaşlıq da edə bilərlər. Məsələn, Suriyada əməkdaşlıq edə bilmədiklərinə görə vuruşdular. Amma bir çox yerlərdə isə əməkdaşlığa can atırlar. Poliqona çevrilən yerlər darmadağın dağılır. Əməkdaşlıq etdikləri yerlər isə inkişaf edir, güclənirlər. Dağıdıcı gücə çevrilməmək üçün maraqlarının toqquşduğu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa getmək lazımdır. Bildiyimiz kimi, Rusiyanın özü də super güc olmaq imkanlarını itirir. Əslində Rusiyanın irəli sürdüyü Avrasiya İttifaqı da itirdiyi bu gücü bərpa etmək məqsədi daşıyır. Rus strateqi Aleksandr Dugin bu ideyanı ona görə ortaya atıb ki, III rus imperiyası yaransın, yeni dünyada Rusiyanın yenidən super gücə çevrilməsini təmin etsin. Odur ki, Rusiyanın təsir dairəsində Avrasiya İttifaqı yaranarsa, Türkiyə super gücə çevrilə bilməz. Türkiyə rus Avrasiya İttifaqına qarşı öz alternativ modelini ortaya qoymalı və bu istiqamətdə güclü işlər aparmalıdır. Bu ittifaqı kim yaradacaqsa, o da növbəti yüzillikdə super güc kimi çıxış edəcək. Azərbaycan olaraq biz də öz maraqlarımızı düzgün müəyyənləşdirməliyik: biz hansı ittifaqda yer alacağıq? Mənə elə gəlir ki, Azərbaycanın Rusiya ilə ittifaqda çox acı bir təcrübəsi var. Biz yalnız Türkiyənin quracağı Avrasiya İttifaqında yer almalıyıq. Türk xalqlarının gələcəyi və dünyanın sabitliyi bu ittfaqın yaradılmasından keçir. Türkiyənin yaradacağı Avrasiya İttifaqı həm Çinə, həm də Rusiyaya qarşı bir dəngə olacaq. Məhz bu xüsusiyyətinə görə də ABŞ və Qərb dünyasının dəstəyini ala biləcək.

-Bəli. ABŞ özünün iki böyük rəqibini zəiflətmək üçün bu ideyanı dəstəkləyə bilər və zaman-zaman dəstəkləyib də. Bill Klinton 1999-cu ildə ilk dəfə Türkiyəyə gələndə sensasion çıxışıyla yadda qalmışdı – “XXI əsr Türk əsri olacaq”. Bu sözlər ABŞ-ın Türk dövlətlərindən Rusiya ilə Çinə qarşı əngəlləyici güc yaratmağa çalışdığını göstərir.  Nəzərə alsaq ki, təklif etdiyiniz bu ittifaq həm də Rusiya və Çinin arasında yerləşəcək, iki nəhəng gücün birləşməsinin də qarşısını ala bilər. Üstəlik, Azərbayca qədər, bəlkə daha çox Orta Asiya ölkələrinin də bu ittifaqa ehtiyacları var. Əks halda Çinin yayılmaçı siyasəti tədricən Orta Asiya ölkələrini çinliləşdirə bilər. Türkiyə həm də bu ölkələr üçün açıq dənizlərə çıxışın qapısıdır. Ümumiyyətlə, Aralıq dənizinə birbaşa çıxışı olan Türkiyənin Avrasiya İttifaqı qurmaq şansı Rusiyadan daha artıqdır. Çünki Dəniz hegemoniyası nəzəriyyəsinə görə, açıq dənizlərə çıxışı olan dövlətlər yalnız super gücə çevrilə bilərlər. Türkiyənin geosiyasi üstünlüyü isə Aralıq dənizinə birbaşa çıxışındadır.

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 234          Tarix: 19-04-2018, 20:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma