Vəzifəyə başlamasından bu yana xarici siyasət anlayışının və prioritetlərinin nələr olduğu barəsində hər kəsin həmfikir olduğu nöqtə Trampın xarici siyasətinin xarakteristik xüsusiyyətinin naməlum və proqnozlaşdırıla bilinməzliyidir. NATO-nu əvvəl gərəksiz olaraq görüb irəliləyən günlərdə Alyansın o qədər da əhəmiyyətsiz olmadığını söyləyən ABŞ prezidenti seçki dövründə Çinə qarşı mühafizəkar iqtisadi siyasət yürüdəcəyini vəd edərkən, Çin prezidentiylə keçirdiyi ikitərəfli görüşlərdən sonra bu dövləti tərif etməyə başlamış və Pekinin Tayvan məsələsində həssaslığını anladığını bildirmişdi. Bənzər şəkildə seçki kampaniyası dövründə Moskva ilə strateji əməkdaşlıq ölçülərini möhkəmləndirəcəyini iddia etdiyi halda, o, irəliləyən günlərdə ölkəsi ilə Rusiya arasındakı strateji rəqabətin və münaqişənin heç də az olmadığının fərqinə varmış, Rusiya ilə Suriya və Ukrayna böhranları kontekstində yaşanan böhranın Obamanın izlədiyi ənənəvi siyasətə yönəlməyə başlamışdı.
Ölkəsinin xarici siyasət maraqlarını “Öncə Amerika!” şüarıyla müəyyənləşdirəcəyini və mümkün qədər bahalı xarici hərbi müdaxilələrdən qaçacağı istiqamətində siqnallar verən ABŞ prezidenti Dəməşq rejiminin müxalif ünsürlərə qarşı kimyəvi silahdan istifadə etməsindən sonra rejimin nəzarətində olan hərbi müəssisələri vurmaqdan çəkinməmişdir.
Liberal dünya nizamı
Liberal dünya nizamının üzərinə oturduğu üç təməl prinsip var:
Birincisi, çoxtərəfli iqtisadi əlaqələrin sərbəst bazar iqtisadiyyatının ümumi məntiqi içində qarşılıqlı asılılıq şəraitində irəliləməsi və ticarətin qarşısında mümkünsə heç bir maneənin qalmaması. Sərbəst ticarətin yayılması, tək bir dünya bazarına hesablanmış məhsullar emal edən istehsalçılara bənzər istehlak vərdişlərinə sahib istehlakçıları birləşdirəcək, bu da iqtisadi ağılla davranan 'homo economicus'ların (iqtisadi mənfəətləriylə hərəkət edən insanların) meydana gətirdiyi bir dünya ortaya çıxaracaq. Şüurlu istehsal və istehlak vərdişləri formalaşan fərdlər isə daha az rəqabət aparıb daha çox sabitlik yaradacaqlar. 'Homo economicus'ların həyat sahələrini Dünya Ticarət Təşkilatı kimi təşkilati mexanizmlər zəmanət altına alacaq.
İkinci olaraq, liberal dünya nizamında təhlükəsizlik bölünməzlik və “qazan-qazan” (qarşılıqlı qazanc-red.) məntiqi əsasında müəyyən edilir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsiylə ərsəyə gələn, dövlətlərin suverenlik və daxili işlərinə qarışmamaq prinsipi, BMT Təhlükəsizlik Şurasının himayəsində tətbiq olunur. Qlobal təhlükəsizliyə təhdid meydana gətirən ünsürləri isə Təhlükəsizlik Şurası 'ortaq təhlükəsizlik' prinsipi işığında qiymətləndirir və lazımi tədbirləri görür. Liberal dünyagörüşünə görə, öz vətəndaşlarının rifahını və təhlükəsizliyini təmin edən dövlətlərin meydana gətirəcəkləri beynəlxalq sistem, təbii olaraq sülh və sabitlik yaradacaq. Bu məzmunda, qlobal təhlükəsizliyin ən əhəmiyyətli zəmanəti liberal demokratik dəyərlər ətrafında hərəkət edib vətəndaşlarını xoşbəxt edən rejimlərin sayının artmasıdır. Belə olacağı təqdirdə, xarici əlaqələrdə kobud gücdən istifadəyə daha az müraciət ediləcək və böyük dövlətlərin digərlərindən daha imtiyazlı olduqları və xüsusi təsir sahələrinə sahib olduqları istiqamətindəki görüş mənasını itirəcək. Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və NATO kimi ortaq qurumların varlığı liberal dünya nizamında təhlükəsizliyin təmin edilməsində əhəmiyyətlidir.
Liberal dünya nizamının üzərinə oturduğu üçüncü təməl prinsip isə universal insan hüquqları anlayışına olan inanc və insan hüquqlarının ən ideal şəkildə demokratik rejimlərdə yaranacağı fikridir. Liberal xarici siyasət bu məzmunda normativ və mənəvi qayğılar daşıyır, əlaqə qurulan və əməkdaşlıq edilən ölkələrin daxili işlərinə necə idarə olunduqlarına əhəmiyyət verir. Dar strateji mənfəətlər uğruna universal insan hüquqları pozuntularının görməməzlikdən gəlinməsi qəbul edilə bilməz. Liberal dövlətlər öz inandıqları dəyərlərin başqaları tərəfindən də qəbul edilməsinə istiqamətlənmiş məqsədyönlü xarici siyasət izləyərlər. Xarici siyasət, dar mənada, xarici aktyorların davranışları üzərində təsir yaratmaq şəklində təzahür edər. Əhəmiyyətli olan digər dövlətlərin xarakteristik dəyişmələrini mümkün edəcək xarici siyasət seçimləriniz izlənilməsidir.
Hər nə qədər liberalizm fəlsəfi mövqeyi etibarilə ölkənin daxilən necə idarə olunacaqlarının o ölkə vətəndaşlarının azad iradələri nəticəsində meydana gəlməsini dəstəkləsə də, son məqamda demokratik rejimlərin insan hüquqlarının təmin edilməsində daha müvəffəqiyyətli olacağını nəzərdə tutur. İnsan hüquqlarının zaman, məkan və tarixi proseslərin işığında dünyanın fərqli bölgələrində fərqli şəkildə təyin olunması lazım olduğu fikri liberalizmin insan hüquqlarının dünyəviliyi prinsipiylə ziddiyyət təşkil edir. Azadlıq, bərabərlik və qardaşlıq prinsiplərindən imtina və bu dəyərlərin universal olduğunu, insan hüquqlarının açıq və ultramədəni cəmiyyətlərdə daha yaxşı müdafiə olunduğunu iddia edir. Dünyaya açıq olmağı, ultramədəni cəmiyyət modelinə sahib olmağı, azlıqların əksəriyyət qədər müqəddəs olduğunu, gücün konstitusiya mexanizmlər içində məhdudlaşıb fərqli hakimiyyət qolları arasında paylaşdırılmasının lazım olduğuna inanan liberal düşüncə, son nəhayətində cəmiyyət və dövlət nəzdində daha imtiyazlı yer tutur. Liberal dünya nizamı qloballaşma prosesinin dünyanın müxtəlif yerlərində bu tərz dövlət-cəmiyyət strukturlarını ortaya çıxaracağı fikri üzərində inkişaf etmişdir.
Bu təməl prinsip qədər əhəmiyyətli olan, liberal dünya nizamının, ən azı, İkinci Dünya Müharibəsinin başa çatdıqdan bu yana ABŞ-ın qlobal liderliyi altında formalaşmasıdır. Yuxarıda bəhs edilən üç təməl ayağın kök salıb böyüməsində ABŞ-ın təqdim etdiyi qlobal liderlik təsirli rol oynamışdır.
Trump və liberal dünya nizamı
Bu aspektdən baxanda gəlmiş-keçmiş ABŞ prezidentləri arasında 1945-ci ildən sonra qlobal sistemə hakim olan liberal anlayışa ən uzaq duranın Trump olduğu iddia edilə bilər.
Demokratiyalarin dəstəklənməsinə, insan hüquqlarının beynəlmiləlləşməsinə və möhkəmlənməsinə şübhəylə yanaşan Tramp, xarici siyasətə dar çərçivədə təyin edilmiş maddi milli çıxarlar perspektivindən baxır. Seçki kampaniyası zamanı, ABŞ-ın digər dövlətlərə “ağıl öyrətməsinin” səhv olduğunu vurğulayan Tramp iqtidara gəldikdən sonra daxili məsələlərdə liberal demokratik dəyərləri mənimsəməyən dövlətlərlə yaxın strateji əlaqələr qurmaqdan çəkinmir. Misirdə avtoritar Sisi rejimini öyə-öyə yerə-göyə sığdıra bilməyənTramp ilk xarici səfərini də Səudiyyə Ərəbistanına edir. Mənfəətlər və dəyərlər arasındakı seçimdə maraqlara üstünlük verən Tramp rəhbərliyinin xarici işləri naziri Tillerson öz nazirlik işçilərinə xitab olaraq etdiyi çıxışında bunu mümkün olduğu qədər açıq şəkildə ifadə etdi.
Birləşmiş Krallığın Avropa Birliyindən ayrılmasını dəstəkləyən, Avropa Birliyi içindəki populist, qloballaşma əleyhdarı və ifrat milliyyətçi qrupları cəsarətləndirməkdən qaçınmayan Tramp eyni zamanda açıq cəmiyyət fikiriylə də ziddiyyət təşkil edəcək şəkildə Meksika sərhədinə divar hörməyi düşünür. Bəzi müsəlman ölkə vətəndaşlarının ABŞ-a səyahətlərinə məhdudiyyətlər gətirir, ABŞ içində ağlar, anqlosakslar, protestantların digər qruplar qarşısında gücləndirilməsini tələb edir.
Qlobal aktyorlarla ikitərəfli səviyyədə və al-ver məntiqi içində əlaqə qurmağı qayda-qanun və çoxtərəfli münasibətlərdən üstün tutan Tramp xarici siyasət sahəsində hərəkət sərbəstliyinin beynəlxalq təşkilati mexanizmlər tərəfindən məhdudlaşdırılmasını istəmir. Ölkəsinin iqtisadi maraqlarının ikitərəfli sərbəst ticarət sazişləriylə daha yaxşı şəkildə qorunacağına inan Trump çoxtərəfli iqtisadi əməkdaşlıqları əlinin tərsiylə geri itələyir. Prezident Obama tərəfindən infrastrukturu hazırlanan 'Atlantikötəsi (Trans Atlantik-red.) Ticarət və İnvestisiya Tərəfdaşlığı' ilə Sakit okeanötəsi (Trans Sakit okean) Tərəfdaşlıq' cəhdlərindən ölkəsinin imzasını çəkən Tramp çoxtərəflilik mexanizmi çərçivəsində verilən sərbəst ticarətin öz ölkəsindən çox digər ölkələrin maraqlarına xidmət etdiyinə inanır. İqtisadiyyatda mühafizəkarlığı önə çıxaran Trump xarici ticarətdə yüksək gömrük vergilərinin qoyulmasını müdafiə edir və yerli istehsalı təşviq etmək adına, xarici investisiyaya davam edən çoxmillətli Amerikan şirkətlərinə göz dağı verir.
Liberal dünya nizamının yayılmasında Avropalı müttəfiqlərinin əməkdaşlığı görməməzlikdən gələn Tramp ölkəsinin Avropa qitəsinin təhlükəsizliyinə etmiş olduğu töhfəni azaltmağı planlaşdırır və bu prosesdə Avropadakı liberal təhlükəsizlik nizamına ciddi meydan oxuyan Rusiya kimi bir ölkə ilə yaxın strateji əməkdaşlığı inkişaf etdirməkdən çəkinmir.
Trampın xarici siyasət yanaşması araşdırıldığında liberal dünya nizamının daha nə qədər ABŞ-ın müdafiə altında davam edəcəyi şübhəlidir. O, ABŞ-ın qlobal liberal dünya nizamının maliyyəçisi olmasına məsafəli yanaşır. Asiya və Avropadakı ənənəvi müttəfiqlərini təhlükəsizliyə daha çox maliyyə ayırmaları nöqtəsində sıxışdıran Tramp liberal dünya nizamının təməl fəlsəfəsinə ciddi qarşı çıxan digər qlobal aktyorlarla ikitərəfli mexanizmlər içində iş qurmaqdan çəkinmir. Son məqamda liberal olmayan alternativ dünya nizamı yanaşmalarının yaxın gələcəkdə daha görünən hala gələcəyini iddia etmək səhv olmaz...
Tarık Oğuzlu
Bilkent Universitetinin professoru
Sadələşdirmə Ovqat.com-a aiddir
Paylaş: