NATO 30 gün içində hərəkətə keçən 30 min əsgərdən ibarət hərbi birlik yaratmağı planlaşdırır.
Ovqat.com xəbər verir ki, məlumatı Almaniyada dərc olunan "Welt am Sonntag" qəzeti yayıb.
Qəzetin iddiasına görə, bu birlik Rusiyadan gələ biləcək hərbi müdaxilə təhlükəsinə qarşı yaradılır və Alyansın müqavimət qabiliyyətini yaxşılaşdırmağı nəzərdə tutur.
NATO diplomatlarına istinadən yayılan xəbərdə yeni birliyin yüzlərlə döyüş təyyarəsi və gəmilərlə təchiz olunacağı bildirilir və onun mövcud 20 min nəfərlik NATO Qarşıdurma Qüvvələrinə (NRF) əlavə ordu kimi qurulacağı iddia edilir.
NATO ölkələrinin müdafiə nazirlərinin iştirak ilə gələn həftə Brüsseldə keçiriləcək toplantıda bu məsələnin müzakirə ediləcəyi gözlənilir. Birliyin rəsmən elanı isə iyul ayının ortalarında keçiriləcək NATO dövlət və hökumət başçılarının toplantısında olacaq.
Yeni hərbi birlikdə Almaniyanın aparıcı rol oynayacağı gözlənilir.
Adı açıqlanmayan bir NATO diplomatı yeni operativ ordunun yaranma zərurətinə bu cür aydınlıq gətirib: "Çəkindirici və müdafiəyə hazır olduğumuzu göstərmək üçün daha sürətli olmalıyıq və çoxsaylı hərbi təchizatı daha sürətli daşıya bilməliyik".
Xəbərdə yeni müdaxilə gücünün yaradılması təşəbbüsünün ABŞ-dan gəldiyi yazılıb.
Ağır silah və təchizatı daha sürətli daşımaq niyyətilə alyansın "hərbi fəallığı"nı inkişaf etdirmək istədiyini vurğulayan NATO diplomatlarına görə, bunun üçün də infrastruktur yaxşılaşdırılmalı, inzibati maneələr azaldılmalı və siyasi qərarların alınması tezləşdirilməlidir. Yeni hərbi birlik də bu məqsədlə yaradılır.
Türklər demişkən, pək əla! Bəs, rus müdaxiləsinə 30 gün ərzində cavab verə biləcək bir ordu nə qədər operativdir? Ən əsası, bu ordunun formalaşdırılması niyə məhz Almaniyanın boynuna qoyulub?
30 günün operativliyi
Qeyd edək ki, Rusiya ilə NATO arasındakı əsas gərginlik xəttində yerləşən Baltikyanı dövlətlərin ən böyük qorxusu rus müdaxiləsinə qarşı Transatlantik alyansın geçikmiş reaksiyası ehtimalıdır. Alyansın şərq cinahı yetərli çəkindirici silahlarla təchiz olunmadığından Rusiyanın 2 gün ərzində Baltikyanı ölkələri alacağı, NATO-nun bu təcavüzə yetərli müdaxiləsinin isə ən tezi 2 ay sürəcəyi güman edilir. Bu isə NATO-nun yeni üzvləri üçün ölümdən sonra xilasetmə çalışmaları deməkdir və onları ciddi təşvişə salır. Görünür, bu qorxunc ehtimalı aradan qaldırmaq bəhanəsilə ABŞ Avropadakı güclü müttəfiqlərini daha çox silahlanmağa və Rusiyaya qarşı cəbhə almağa təşviq etmək istəyir.
Niyə məhz Almaniya?
Yeni hərbi birliyin formalaşdırılmasında xüsusilə alman ordusunun gücündən faydalanılmasının başqa siyasi məqsədləri də var. Məlum olduğu kimi, Qərbi Avropa ölkələri arasında Almaniya və Fransa Rusiya ilə birgə enerji layihələri həyata keçirməyə çalışırlar. Rusiya ilə Almaniyanın birbaşa dəniz sərhədləri olduğundan bu ölkə daha avantajlı durumdadır və İki dövlətin xüsusilə “Şimal axını-2” qaz kəməri layihəsi üzərində çalışması başda Ukrayna, Polşa, Macarıstan olmaqla bütün Şərqi Avropa ölkələrini və ABŞ-ı narahat edir. Bu narahatlığın isə müxtəlif səbəbləri var.
Şərqi Avropa niyə “Şimal axını” layihələrinə qarşıdır?
Şərqi Avropa ölkələrinin narazılığı Avropanın qazla təchizatı layihələrindən Ukraynanı uzaqlaşdırandan və onun ərazilərinin rus işğalına məruz qalandan sonra bir Qərbi Avropa dövlətinin öz mənfəətini düşünərək eyni layihəyə yönəlməsindən qaynaqlanır. Həqiqətən də Almaniyanın bu təşəbbüsü ukraynalıların fədakarlığını heçə endirir. Belə ki, Avropanın 3/2-ni qazla təchiz edəcək kəmərlər bir zamanlar Ukraynadan keçib Avropaya gedəcək və bu alış-verişdən Kiyev də, marşrutun keçəcəyi digər Şərqi Avropa ölkələri də xeyli mənfəət əldə edəcəkdi. Kiyevin Avropa Birliyinə daha güclü inteqrasiyaya can atması Rusiyanın bu proyektdən imtinasıyla və bir sıra Ukrayna ərazilərinin işğalı ilə nəticələndi. Sanki bunu fürsət bilən Almaniya şirkətləri “Şimal axını-2” qaz kəmərinin çəkilməsini sürətləndirdilər. “Şimal axını-2” qaz kəməri layihəsində Rusiyadan birbaşa Almaniyaya çəkilən həmin boru xətti Baltik dənizinin altından keçəcək və heç bir başqa dövlətin ərazisi bu imkandan faydalanmayacaq. Dolayısıyla Ukranya böhranına görə iqtisadi sanksiyalara məruz qalan Rusiya bu problemi böyük ölçüdə həll edəcək.
Maydanın Ukraynaya qazandırdıqları
Ən pisi isə odur ki, “turuncu inqilab”a qədər “Cənub axını” marşrutunun üzərində yerləşən Şərqi Avropa ölkələri, o cümlədən Ukrayna 2004-cü ildəki Maydan hərəkatından sonra ucuz qaz almaq imkanlarını da itirdi. Maydan hərəkatına qədər Rusiya Türkmənistandan və Qazaxıstandan xeyli ucuz aldığı qazı Ukraynaya maliyyə qiymətinə satırdı – hər kub metrini 50 dollara. Üstəlik, Rusiya tərəfdarı olan Ukrayna hökuməti bu ucuz qiyməti belə ödəməyə tələsmirdi. Maydan hərəkatından sonra isə eyni qaz dəfələrlə baha qiymətə Ukraynaya təklif olundu – hər kub metri 230 dollara. Özü də alınan qazın pulu dərhal ödənməli idi. Ukraynanın bunu ödəməyə imkanı çatmayanda isə qazı kəsildi. Ukrayna indi Rusiya qazını daha baha qiymətə, həm də beynəlxalq məhkəmələrdə sürünərək ala bilir. Eyni sözləri digər Şərqi Avropa ölkələri üçün də demək olar. Almaniyanın Rusiya ilə birləşib Şərqi Avropanı beynəlxalq enerji layihələrindən kənarda tutması bu ölkələrdə haqlı narazılıqlar doğurur. Ukrayna prezidenti Petro Poroşenkonun ötən il mətbuata verdiyi bir açıqlaması da bu narazılığın hayqırtısı təəssüratını yaradırdı. Poroşenka layihəni şərh edərkən demişdi: “Şimal axını-2” təbii qaz boru xəttinin inşası Rusiyanın Ukraynadan intiqamı və onu tranzit üçün aldığı 2 milyard dollardan məhrumetmə cəhdidir”.
ABŞ-ın yüz oyunu
Almaniyanın “Şimal axını-2” layihəsinə qoşulmasına ən çox qarşı çıxan ABŞ-a gəlincə, Vaşinqtonun bu mövqeyinin iki başlıca səbəbi var.
Bunlardan biri təbii ki, dünya ağalığı sahəsində ən böyük potensial rəqibini sıradan çıxartmaqdır.
Digəri isə ABŞ-ın sırf iqtisadi maraqlarından qaynaqlanır. Ekspertlərin bildirdiyinə görə, ABŞ-ın mayeləşdirilmiş qazının Avropa ölkələrinə nəqli Rusiya qazıyla müqayisədə 20% baha başa gəlir. Bu isə rəqabətdə Rusiyanı daha avantajlı vəziyyətə gətirir. İqtisadi cazibə baxımdan Rusiyayla ayaqlaşmayan ABŞ məcburən siyasi səbəblər yaradaraq, bu əlaqələri ortadan qaldırmağa çalışır. Əslində ABŞ tərəfindən maliyyələşdirilən Ukrayna böhranının da təməlində yatan əsas səbəb bu idi. Demokratiya, insan haqları, Qərbə inteqrasiya isə bu səbəbin eybəcər üzünü pərdələyən gözəl naxışlardı. İndisə Almaniya Rusiyanın qaz ehriraslarına şərik çıxmaqla faktiki bu planı alt-üst edir.
Ötən ayın ortalarında Almaniya baş naziri Angela Merkellə Rusiya prezidenti Vladimir Putinin Soçidə görüşməsi və “Şimal axını-2” layihəsi ilə bağlı mühüm danışıqlar aparması da ABŞ-ın bu niyyətinin işə yaramadığını təsdiqləyir. Deməli, başqa bir siyasi pərdəyə də ehtiyac var. NATO tərkibində Rusiyaya qarşı 30 minlik operativ ordu qurulması və bu ordu quruculuğunda əsas yükün Almaniyaya həvalə edilməsi Berlin-Moskva xəttində yeni gərginlik sahəsinin yaradılmasında mühüm rol oynaya bilər.
Görünən budur ki, ABŞ Almaniyanın da üzv olduğu hərbi alyansın imkanlarından faydalanaraq, “Şimal axını-2” layihəsiylə bir-birinə yaxınlaşan iki dövləti ayırmaq niyyətindədir. Vaşinqtonun bu niyyətinə nə qədər nail olub-olmamasını isə Berlinin və Moskvanın hadisələrə reaksiyası müəyyənləşdirəcək.
(Buna da baxın:
Almaniyanın “Şimal axını-2” strategiyası: Bir daşla iki quş vurmaq)
Heydər Oğuz
Ovqat.com
Paylaş: