
Türkiyədə, Antalyanın Finike bölgəsində kirayələdiyi mənzildə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UBAD) tanınmış nümayəndələrindən olan 64 yaşlı Məcid Nuxiyevin müəmmalı ölümü araşdırılır. Məlumatlara görə, azərbaycanlı iş adamının asılmış meyiti yataq otağındakı şkafda aşkar olunub. Hazırda istintaq Məcid Nuxiyevin ölümü ilə bağlı bir neçə versiyanı nəzərdən keçirir. Məcid Nuxiyevin intihar etdiyi, yoxsa öldürülərək asıldığı araşdırılır.
Türkiyə mətbuatının yazdığına görə, Finike bölgəsində portağal ticarəti ilə məşğul olan 64 yaşlı azərbaycanlı Məcid Nuxiyevi şkafda elektrik naqili ilə boynundan asılı vəziyyətdə aşkar ediblər. Bölgəyə bağlı yeni məhəllədə fevral ayından bu günə qədər təkbaşına yaşayan azərbaycanlı Məcid Nuxiyevdən xəbər ala bilməyən ev sahibi ora gedib. Ev sahibi qapının açılmaması və evdən gələn ağır qoxudan narahat olaraq polisə xəbər verib. Evə gələn polislər usta çağıraraq qapını açdırıb, ardınca evə giriblər. Məcid Nuxiyev evin yataq otağındakı paltar şkafında, elektrik naqili ilə boynundan asılı vəziyyətdə tapılıb. Aparılan ilkin araşdırma nəticəsində onun 5-6 gün öncə öldüyü təxmin edilib. Mərhumun meyiti Antalyada tibbi ekspertizaya göndərilib. Prokurorluq hadisə ilə bağlı istintaqa başlayıb.
Musavat.com-un məlumatına görə, əslən Kürdəmir rayonundan olan Məcid Nuxiyev Ukraynanın Lvov şəhərində yaşayıb və Azərbaycan diasporunun rəhbəri olub. Ötən ilin mayında Ukraynanın Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilər təxribata əl atmışdı. Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olmuşdu. Bundan sonra 2 ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. Azərbaycanlı idmançılar ermənilərin əlindən qondarma rejimin “bayrağını” alaraq cırıb ayaq altına atıblar. Dava ermənilərin yarış keçirilən stadiondan qaçması ilə başa çatmışdı. Daha sonra ermənilər Lvovun mərkəzi küçələrində ticarətlə məşğul olan azərbaycanlılara dəstə halında hücum etmiş, həmyerlilərimiz arasında 6 nəfər xəsarət almışdı. Həmin vaxt Məcid Nuxiyev yaralı azərbaycanlıların xəstəxanaya yerləşdirilməsi və ermənilərin üzr istəməsinə nail olmuşdu. Lvov vilayəti polis idarəsinin rəis əvəzi general Dmitri Zagariyanın idarəçiliyi ilə brifinq keçirilmiş, UABD-ın nümayəndəsi Məcid Nuxiyev demişdi ki, erməni diasporunun sədri Nikolay Koçaryan rəsmi şəkildə azərbaycanlılardan üzr istəyib.
Bu olaydan 1 il sonra Məcid Nuxiyevin meyitinin asılmış vəziyyətdə aşkarlanması yenidən həmin olayı diqqət mərkəzinə gətirib.
E.HÜSEYNOV
“Yeni Müsavat”
Paylaş: