“Salam, Eynulla!” – telefonun dəstəyində az qala tanımadığım insanın səsini eşidirəm. “Bu Telman İsmayılovdur. Sizinlə görüşüb nəşrinizə müsahibə verməyi çox istəyirəm. Mənə müxtəlif ölkələrdən onlarla jurnalist müraciət edir, amma bilirsiniz, işim barədə yalnız sizə müsahibə vermək istəyirəm”.
Düşünmədən çantamı toplayıb yola düzəlirəm və budur, mən artıq Podqoritsa hava limanındayam – möcüzəli Balkan Monteneqrosunun paytaxtında. Adama elə gəlir ki, burada yalnız parlayan dəniz dalğaları ilə çuğlaşan ucu-bucağı görünməyən qara dağların hansısa inanılmaz hakimiyyəti var və o, öz qüvvəsi və əzəməti ilə insanı valeh edir. Lakin Monteneqronun sayrışan sükutu çox şərtidir, xüsusilə yarım il bundan əvvəl burada baş verənləri – dövlət çevrilişinə cəhdi və əfsanəvi yuqoslav siyasətçi Milo Cukanoviçin qətlini xatırlayarkən...
Bir neçə dəqiqə sonra Telman İsmayılov Monteneqroya gəlməlidir. O, mənə Köhnə Dünyanın bu sakit və xudmani yerində görüş təyin edib. Telman Mərdanoviçin dostları ilə Podqoritsanın məşhur restoranlarımndan birində şam edirəm. Birdən hamı çevrilir – restorana hündür, cüssəli kişi daxil olur. T.İsmayılovun dostları onu təqdim edirlər: “Tanış olun, bu prezidentdir”. Nəyin prezidenti? Şirkətin, yoxsa bankın? Bu nədir – ilğım, yoxsa şüurun bir anlıq pozulması?.. Yox, hər şey qaydasındadır – qarşımda olan Milo Cukanoviçin özüdür. Ən məşhur avropalı və yuqoslaviyalı siyasətçilərdən biri. Beləcə sadə, Podqoritsanın bütün sakinləri kimi, prezident xanımı ilə birlikdə restorana şam etməyə gəlib, yaxın dostunu görüb və əlbəttə, onu salamlamaq üçün masasına yaxınlaşıb. Bir anlıq çaşqınlığı geridə qoyaraq, hakimiyyətin insaniliyi və sadəliyindən məəttəl qalaraq, fürsətdən istifadə edirəm və müasir Balkan regional təhlükəsizlik sisteminin memarlarından birinə hörmətimi bildirirəm. İntuisiyam məni aldatmadı: burada ucsuz-bucaqsız hakimiyyət yalnız əzəmətli dağlara məxsusdur...
Bəs nəyə görə müasir Rusiyanın ən qüdrətli iş adamlarından və mesenatlarından biri olan Telman İsmayılov özünə Avropada sığınacaq tapıb? Nə baş verib? Nəyə görə Rusiyadan gedib? Nəyə görə bu qədər çox sevdiyi Moskvanı tərk edib?
Artıq neçə ildir ki, Rusiya KİV-ləri, demək olar ki, bir ağızdan “Çerkizon”un yüksəlişi və süqutu, tarix boyunca ən dəbdəbəli otel sayılan “Mardan Palace”ın başına gələnlərdən, Telman İsmayılov barəsində yeni cinayət işlərindən ağılları və təsəvvür gücünü vəcdə gətirən əhvalatlardan yazırlar... Rusiya telekanallarından Lujkov Moskvasını orta əsrlərin qul ticarəti dövrlərinə qaytarmış və Çin istehsalı olan saxta məhsulların əsarətinə atmış zalım dahi barədə videoxronikanın ardı-arası kəsilmir. Rusiyada tez-tələsik bütün bəlaların və zillətlərin yeni günahkarını tapıblar – bu Telman İsmayılovdur...
Nə baş verir? Necə olub ki, hər zaman Rusiya hakimiyyətinə loyal münasibətdə olan oliqarxın Rusiyanın özündə bu qədər dəhşətli problemləri yaranıb? Telman İsmayılovu Moskvanı tərk etməyə nə vadar edib?
Nəhayət ki, zaman yetişdi. Mənə tərəf iti addımlarla T.İsmayılovun özü gəlir. Üzündə təbəssüm, dodağında zarafat. Həmişə olduğu kimi, İsmayılov qısa danışır: “Mənim siyasi problemim yoxdur. İlk gündən işimin siyasiləşdirilməsinin əleyhinə çıxmışam”.
Bəs oliqarxı niyə izləyirlər? Nəyə görə istintaq orqanları bu cür ciddi-cəhdlə yalan ittihamları bir-birinin ardınca sıralayırlar? Moskvada siyasi problemi olmayıbsa və yoxdursa, nə baş verə bilərdi?
“Bir çox ölkələr mənə siyasi sığınacaq təklif edirlər, lakin imtina edirəm, - oliqarx əmin edir. – Çox əminəm ki, aşkar məqsəd – quldurcasına ələ keçirmə məqsədi güdən bəzi şəxslər siyasi hakimiyyəti aldadıblar. Mən bu barədə səs-küy yaradacaq mətbuat konfransında danışacağam. Ən yaxın zamanda... Azərbaycanlı jurnalistlərin dəstəyinə çox ümid edirəm”.
Nəhayət, biz T.İsmayılovun dostlarının Podqoritsadakı ofisindəyik. Avropa İttifaqının Monteneqrodakı təmsilçiliyindən azca aralıda. Ən yaxşı vaxtlarında olduğu kimi, oliqarxı bir neçə zirehli avtomobil müşayiət edir, hər yerdə silahlı mühafizəçilər durub. Görünür, imperiyasının çiçəklənmə dövrü olan tufanlı 90-larda olduğu kimi, indi də İsmayılov həyatından narahatdır. Əvvəlki vaxtların təmtəraqlı Moskva barokkosundan əsər-əlamət olmayan binanın girişində özümdən asılı olmadan deyirəm: “Bəli, bu mənzil-qərargah hazırkı ciddi Avropa üslubundadır”.
Zorən əzablı yollarla addımlamalar oliqarxın xarakterinə qətiyyən təsir etməyib. O, əvvəlkitək emosional, qızğın, enerjili, əyilməz, ən əsası isə, güzəştə getməyəndir. Ona bənzər insanlar heç zaman təslim olmurlar və heç vaxt onlar üçün hazırlanmış taleyə boyun əymirlər.
Telman İsmayılov iddialı və rəngarəng şəkildə özünün yeni layihəsi – dəniz limanı tikintisi layihəsi barədə danışır. Lakin düşüncələri, nostalji və bəlkə də çarəsizlik onu tez-tez Rusiyaya, Moskvaya, ötən günlərə qaytarır. Onun dilindən öyrənirəm ki, Moskva jurnalistlərinin təbirincə desək, “Çerkizon kralı” beynəlxalq axtarışdadır. Axı nəyə görə?
“Moskvaya gedin, vəkilimlə görüşün, bütün cinayət işlərini qaldırın və əmin olun ki, onlar hamısı quramadır. Sonuncusu isə əsl sərsəmlikdir”, - İsmayılov acı-acı gülümsəyir.
Dağ yəhudisi olan İsmayılov həmişə bir çox azərbaycanlı milyonçu və oliqarxlardan daha çox azərbaycanlı olub. Çerkizovo bazarında 36 min həmyerlimiz çalışıb və o, həmin adamlara bacardığı qədər kömək edib. Anlayırsan ki, həmin bu 36 min azərbaycanlıdan heç birinin taleyin hökmünə buraxılmış, çətin vəziyyətə düşmüş Telmanı xatırlamaması fikri onun qəlbini necə ağrıdır. “Moskvada erməni iş adamlarından kimsə bu cür vəziyyətə düşsəydi, ermənilər nə edərdi? Onu atardılarmı? Bəlada təkbaşına buraxardılarmı?” – İsmayılov təəccübünü gizlətmir.
Sahibkarın ağır zamanında dostlarından, tərəfdaşlarından, həmyerlilərindən heç biri onun qapısını döyməyib, köməyə gəlməyib. O ki qaldı mənə, İsmayılovla lap bu yaxınlarda, 2015-ci ildə - Rusiyanın ən əsas milyarderlərindən biri Moskva Arbitraj Məhkəməsi tərəfindən müflis elan ediləndən sonra tanış olmuşam. Bəlalı milyarder bu cür münasibəti haqq edirmi? Görünür, onu incidən də budur. O, hələ də keçmişini xatırlayır, götür-qoy edir, bəzın ümidsizcəsinə əllərini yelləyir.
T.İsmayılovun dostlarının ofisinin eyvanından Moraça çayına gözəl mənzərə açılır, lakin Telman indi gözəl panorama hayında deyil. O, yenə tez-tez səfərlər edir, təyyarələrdən düşmür. Hələ də seçimini hər hansı Avropa ölkəsinin üzərində saxlamayıb. Hər yerdə onu şan-şöhrətlə və xoş sözlə qarşılayırlar.
O, çox siqaret çəkir və yorulmadan Rusiyanın siyasi elitasının həyatı barədə maraqlı əhvalatlar danışır, dünyanın ən güclü insanları ilə görüşlərini xatırlayır, tez-tez hörmətlə və hətta nəvazişlə Vladimir Putini və Heydər Əliyevi xatırlayır, Moskvada etibarlı və nüfuzlu Azərbaycan diasporunun yaradılması üçün səylərindən söz açır.
Yeri gəlmişkən, Telman İsmayılovu Vladimir Putin iki dəfə təltif edib, Yeltsin isə həmyerlimizi əsrin mesenatı elan edib. Rusiyanın tarixində İsmayılov kimi cəmi altı iş adamı mövcud olub! O, Rusiyanın ilk prezidentinin fəxri siyahısında özünə layiqli yer tapıb.
Telman İsmayılov və Yuri Lujkov
Bəlkə də bu yanlış təəssüratdır, amma mənə elə gəldi ki, hardasa qəlbinin dərinliklərində o bizim də dəstəyimizə ehtiyac duyur. “Mən bacardığım qədər kömək edirdim. Soruşun, sizə çox şey danışarlar. Mən insanlara etdiyim köməkdən danışmağı xoşlamıram”. Onun qısa, lakin çox mənalı replikalarında qəlbin harayı, amma eyni zamanda ciddi-cəhdlə gizlədilən ümid eşidilir. Bütün həyatı boyunca olduğu kimi, o, Azərbaycan musiqisi dinləyir, onun məclislərində yalnız Azərbaycan təamları verilir, onun kəlmələrində tarixi Vətəninin gələcəyinə inam duyulur... Onu bütün görüşlərində dəyişməz olaraq Telman İsmayılov adlı oğlan müşayiət edir. Bu onun nəvəsidir və böyük İsmayılov əmindir ki, oğulları yox, məhz nəvəsi babasının şərəfli yolunu təkrarlayacaq.
Birlikdə Titoqradın küçələrini gəzirik. Bu, hazırda Qərb sivilizasiyasının, Avropa İttifaqının və NATO-nun forpostuna çevrilmiş qədim İlliriya şəhərciyinin sovet mənşəli adıdır. Daxilimdə bir hiss var ki, İsmayılov üçün Avropa şəhərləri dar və narahatdır – miqyas o miqyas deyil, lakin hətta burada da Avropa şəhərlərində itib qalmış rusiyalı oliqarx yeni dünyanın sərhədsizliyində və qloballaşmasında təsəlli tapır.
Bu gün İsmayılov üçün alternativ varmı? Bəlkə Fransadakı qədim qraf malikanəsi? Lakin dahi rus şairinin yazdığı kimi, o, “üsyankardır, tufan istəyir!”
Ona qarşı irəli sürülmüş son ittiham müdhiş siyasi qərar kimi səslənir. Telmanın qardaşı Rafiq İsmayılov iki nəfərin ölümündə şübhəli bilinərək həbs olunub. Bu işdə ən qəribəsi odur ki, Rafiqlə Telmanın arası həmişə, yumşaq desək, soyuq olub. Lakin Rusiyanın İstintaq Komitəsi əyilməzdir, bundan savayı, ittiham tərəfi digər qardaşa – Vaqifə də acımayıb. O, həmin iş üzrə axtarışdadır. Telmandan isə sifarişçi düzəldirlər. İsmayılov bir əhvalat danışır. Bu daha çox ağlasığmaz sərsəmlikdir və buna, sadəcə olaraq, inanmaq mümkün deyil. Bu necə ola bilər axı?
2012-ci ildə Telman İsmayılov hələ də “Forbes”un reytinqinə görə ən varlı rusiyalıların siyahısına daxil idi, fəqət müstəntiqlərin versiyasına görə, hansısa tikinti malları dükanının sahibini vur-tut 2 milyon dollara görə öldürmək qərarına gəlib! “Nə bir sübut var, nə telefon danışığı, nə də şahid. Tamamilə boş yerdən məni vur-tut iki milyon dollara görə xırda sahibkarın qətlində ittiham edirlər. Məntiq hardadır?” – İsmayılov hiddətlənir. Doğrudan da, bu necə ola bilər? Axı “Forbes” onun varidatını 800 milyon dollar dəyərində qiymətləndirmişdi. Sual olunur – bu cür çox zəngin insan nəyə görə ortabab iş adamını hansısa iki milyona görə öldürtsün? Bəlkə şəxsi motiv var? “Mən bu adamın heç üzünü görməmişəm. Yollarımız heç vaxt kəsişməyib. Onu niyə öldürməliydim ki?” – İsmayılovun simasında qəzəb var, barmaqları həyəcanla siqaret qutusunu döyəcləyir.
Qəribə və məntiqsizdir!.. Yalnız “Xilaskar İsa Məsih Məbədi”nin bərpasına onlarla milyon dollar xərcləmiş, bundan da çox pulu saysız-hesabsız xeyriyyə aksiyalarına və tədbirlərinə sərf etmiş, Moskvanın əfsanəvi Lenkom teatrını, Rusiyanın tarixində ilk Yeniyetmələr arasında Olimpiya Oyunlarını maliyyələşdirmiş, uşaq evlərinə və sığınacaqlara sponsorluq etmiş oliqarx... birdən birə sıravi iş adamının iki milyonuna göz dikib?! İnanmıram!
Piçuginin işi və Xodorkovskinin adına çıxmaq istədikləri qətl hadisələrini xatırladır. “Yox, siyasi motiv axtarmayın. Bu başqa şeydir, sadəcə olaraq, bəzi nüfuzlu adamlar Kremli yalanlarla çaşdırıblar. Vəssalam. Mən həmişə siyasətdən kənarda olmuşam”, - yenidən İsmayılov məni əmin edir və bu işin əsl səbəbini açıqlayaraq, əlavə edir ki, bu barədə mütləq bütün dünyaya məlumat verəcək. “Tezliklə, çox tezliklə Avropa klubunda avropalı jurnalistləri toplayacağam və nüfuzlu rusiyalı siyasətçilərdən biri ilə qapalı danışıqlarımın mövzusunu açıqlayacağam. O, rəqabətə dözməyərək güc strukturlarının köməyi ilə biznesimi ələ keçirib, - T.İsmayılov anons verir. – Lakin indi, sizdən xahiş edirəm, bu işi araşdırın, jurnalist araşdırması aparın, özünüz əmin olun və mənim günahsızlığıma başqalarını əmin edin”.
İsmayılov özü şəxsən “yalan detektoru”ndan keçmək arzusunu bildirib. “Ekspertlər əmin oldular ki, hətta yalan detektorunda belə mən həqiqəti demişəm”, - T.İsmayılov iddia edir. “Mən günahkar olsaydım, nəyə görə dəfələrlə poliqraf ekspertizalarının keçirilməsini tələb edirdim?” – oliqarx sual verir.
Mən ona möhkəm söz verirəm ki, biz bu işi ictimai nəzarətə götürürük...
* * *
Beləliklə, 2016-cı ilin may ayının 16-da Moskva vilayətinin Novorijskoye şosesində avtomobilin salonunda iki nəfər qətlə yetirilir – “Stroymarket №1” ticarət mərkəzinin sahibi Vladimir Savkin və “Lüblino Motors”un təsisçisi Yuri Brilyov. İstintaq bu iki nəfərin qətlinin sifarişçisi kimi Telman İsmayılovu ittiham edir...
Podqoritsadan Moskvaya uçuram. Törədilmiş cinayətin və çox qarışıq istintaqın izi ilə.
Bu gündən etibarən virtualaz.org bu inanılmaz qətl və İsmayılov qardaşlarının əsassız ittihamı barədə sensasion jurnalist araşdırmasının dərcinə başlayır.
Savkini və Brilyovu kim öldürüb? Nəyə görə istintaq Telman İsmayılovu cinayətin sifarişçisi kimi seçib?..
(ardı var)
Paylaş: