Dünya neft bazarında “qara qızıl”ın qiymətləri artmağa başlayıb.
Ovqat.com xəbər verir ki, ötən gün 73.80 dollardan 75.54 dollara qədər yüksələn Brend markalı neft bu gün də yüksəlişini davam etdirir. Hələ ki, 0.03% kimi cüzi yüksəliş qeydə alınsa da, günün axırında bu bahalaşmanın artacağı gözlənilir.
Mütəxəssislər qiymət artımını təsadüfi saymırlar. Bahalaşma iki əsas amillə izah edilir:
- Səudiyyə Ərəbistanının dünyanın əsas neft nəqli boğazlarından sayılan Babül-Mənbədi müvəqqəti bağlaması;
- ABŞ-da xam neft ehtiyatlarının 2015-ci ildən bəri ən aşağı səviyyəyə düşməsi.
Rəsmi Riyadın Qırmızı dənizdən Hind okeanına yeganə keçiş nöqtəsi olan Babül-Mənbəd boğazını bağlaması Yəmən husilərinin Səudiyyə Ərəbistanına məxsus iki gəmiyə hücumu ilə izah edilir. Bəzi informasiya vasitələrində həmin gəmilərin hərbi su nəqliyyat vasitələri olduğu bildirilsə də, rəsmi Riyad bu iddialarla razılaşmır. Krallığın bildirdiyinə görə, gəmilər neft tankerləri olublar.
Babül-Mənbəd boğazının bağlaması təkcə neftin qiymətlərində yox, dünya iqtisadiyyatında ciddi dalğalanmalar yarada bilər. Çünki Avropa ölkələrinin Hind okeanına ən qısa çıxışı bu boğaz vasitəsilə həyata keçirilir və Babül-Mənbəd dünyanın ən önəmli dəniz ticarəti marşrutu üzərində yerləşir. Boğazın əsas əhəmiyyəti də elə qitələr arası ticari əlaqələrdə oynadığı rolla bağlıdır. Nədən ki, 1975-ci ildə bənzər hadisələr səbəbindən Babül-Mənbəd neft nəqlinə bağlandıqdan sonra Qərb ölkələrinin enerji təhlükəsizliyini qarantiya altına almaq üçün SUMED boru xətti çəkildi. 2015-ci ildən etibarən denizyolu ilə daşınan ümumi neft və təbii qazın %9-u bu marşrut üzərindən həyata keçirilir. SUMED-in istismara verilməsindən sonra Səudiyyə Ərəbistanından Qərbə neft nəqli böyük ölçüdə Babül-Mənbəd asılılığından qurtulmaqla bərabər, həm də bu boru xətti Hörmüz keçid xəttinin də alternativinə çevrildi. Təsadüfi deyil ki, son zamanlar İranın Hörmüz boğazını bağlamaq təhdidinə cavab rəsmi Qahirədən gəlmişdi. Misir yetkilisi Hörmüz boğazı bağlanacağı təqdirdə, Qərbə neft nəqlinin SUMED boru xəttiylə davam edəcəyini bildirmişdi.
Bununla belə Babül-Mənbəd hələ də dünya neft nəqlində ən 4 ən mühüm keçid nöqtələrindən sayılır. Gündə 18.5 milyard barrel neft nəqli ilə Hörmüz, 15.2 milyard barrellə Malaqqa boğazlarından və 4 milyard barrellə Suveyş kanalından sonra ən çox yanancaq tankerlərinin keçdiyi su hövzəsiBabül-Mənbəddir. Bu boğazla gündə Avropa ölkələrinə 3.5 milyard barrel neft daşınır. Təbii ki, bu xəttin uzunmüddətliyə dəniz nəqliyyatında bağlı tutulması dünya bazarlarında neftin qiymətlərinin yüksəlişinə səbəb ola bilər. Ən ciddi zərbə isə yuxarıda da qeyd etdiyimiz kimi beynəlxalq ticarət əlaqələrinə dəyər.
Babül-Mənbəd boğazının bağlanmasına yol açan hadisənin Yəmən husiləri tərəfindən törədilməsi də təsadüfi sayılmır. Əvvəla, ona görə ki, Babül-Mənbədin açarı Yəmənin əlindədir. Boğazın ən dar məntəqəsində 3 km aralıda yerləşən Perim adası Yəmənə aiddir. Ərəb yarımadası ilə Perim adası arasındakı bu kiçik məsəfədə dəniz suyunun səviyyəsi də dərin deyil. Dolayısıyla bu ərazilər böyük gəmilərin keçməsi üçün yararsızdır. Perimlə Cibuti arasında cəmi 26 km-lik məsafə qalır ki, bu da həmin boğazdan keçən gəmiləri rahatlıqla husi nişangahına gətirir. Husilərin isə başı Səudiyyə Ərəbistanı ilə dərddədir. Zaman-zaman Səudiyyə Ərəbistanının bombardımanına məruz qalan husilər qlobal neft keçidi boğazını tıxamaqla qlobal gücləri hərəkətə gətirmək və onların rəsmi Riyada təzyiqlər göstərməsinə nail olmaq istəyir.
İkinci ən mühüm səbəb məzhəbi görüş etibarilə şiə olan husilərin İrana bağlı olmalarıdır. İran isə son zamanlar ABŞ-ın sanksiya təhdidləri ilə üzləşir. Rəsmi Tehran da eynilə husilər kimi sanksiyalara məruz qalacağı təqdirdə, Fars körfəzi neftinin daşındığı Hörmüz boğazını dünya nəhənglərinə dar edəcəyini bəyan edib. Görünür, özünün son strateji silahına əl atacağı təqdirdə sənaye ölkələrinin nələrlə qarşılaşa biləcəyini əyani şəkildə ortaya qoymaq üçün İrana da husilərin neft tankerlərinə hücumları lazım idi. Məqsəd Hörmüzün “kiçik qardaşı”nın gücünü göstərərək Qərbə daha böyük fəlakətlə üzləşə biləcəyi mesajını verməkdir. Bunun ən böyük dəlillərindən biri isə İran rəsmilərinin ABŞ-a Hind okeanında su hakimiyyətinin öz əllərində olduğunu xatırlatmalarıdır. Təbii ki, İranın su hegemoniyası deyərkən təkcə Hörmüz boğazı da nəzərdə tutulmur. Hörmüzdən Babül-Mənbədə qədər böyük coğrafiyadan bəhs olunur.
Bununla belə, etiraf etmək lazımdır ki, Tehranın Babül-Mənbəd boğazına bağlanan ümidlər çox da özünü doğrultmadı. Babül-Mənbədin bağlanması neft qiymətlərində bahalaşmaya yol açsa da, bu qiymət artımı çox cüzi oldu. Zənnimizcə, bu fakt İranın su hegemoniyasına qarşı Səudiyyə Ərəbistanı və Misirin, habelə onların himayədarları olan ABŞ və İsrailin SUMED boru xətti strategiyasının uğur qazanmasından xəbər verir. Başqa sözlə desək, yarışın “azyaşlılar arasındakı görüşündə” 1-0 ərəblərin xeyrinə. Amma hələlik. Körfəz savaşının taleyini isə “böyüklərin görüşü” müəyyənləşdirəcək. İrana qarşı qüvvələr SUMED boru xəttini arzuladıqları kimi işə sala biləcəklərmi? Hər şey, əlbəttə ki, bu sualın cavabından asılıdır.
Heydər Oğuz
Ovqat.com
Paylaş: